Məhkəmə qərarları › İş №2-1(103)-444/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-444/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-444/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Elmira oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «ödənilməmiş müavinətin ödənilməsi tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5931/2021 saylı 05.08.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsə (Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı 02 iyul 1992-ci il tarixdən 20 may 2016-cı il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin iddiaçıya birdəfəlik ödənilməsindən imtina olması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin 13 saylı Regional Ərazi Filialının 05 aprel 2021-ci il tarixli məktubunun qeyri-qanuni hesab edilməsi və 02 iyul 1992-ci il tarixdən 20 may 2016-cı il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ərizəyə əlavə etdiyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş Azərbaycan Respublikasının müharibə veteranı vəsiqəsindən görünür ki, həmin vəsiqə iddiaçıya 20 may 2016-cı il tarixdə verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona 20 may 2016-cı il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş və əhmin tarixdən ona müharibə veteranlarına verilən müavinət təyin edilmişdir. O, DSMF-nin 13 saylı Regional Ərazi Filialına müraciət edərək, 02 iyul 1992-ci il tarixdən 20 may 2016-cı il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ona birdəfəlik ödənilməsində köməklik edilməsini xahiş etmiş, lakin sonuncu 05 aprel 2021-ci il tarixli məktubu ilə əsassız olaraq ödənişin verilməsindən imtina etmişdir. İşə əlavə olunmuş 05 aprel 2021-ci il tarixli məktubunda imtinanın əsası kimi göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli fərmanına əsasən “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” növü ləğv olunmuş və onun əvəzinə 01.04.2019.cu il tarixdən “ Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Fərmana uyğun olaraq sizə 01.04.2019-cu il tarixdən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin olunmuşdur. Əvvəlki dövrlər üçün sosial müavinətin ödənilməsi “Sosial Müavinətlər haqqında”Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsi ilə tənzimlənir (sosial müavinət hüququ yarandığı gündən ən çoxu 3 il müddətinə ödənilməmiş müavinətin ödənilməsi) və sosial müavinət növlərinə şamil olunur, Prezident təqaüdünə şamil oluna bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5931/2021 saylı 05.08.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək: - «09 avqust 2013-cü il tarixdən 20 may 2016-cı il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin İddiaçı birdəfəlik ödənilməsindən imtina olması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin 13 saylı Regional Ərazi Filialının 05 aprel 2021-ci il tarixli məktubunun qeyri-qanuni hesab edilmiş; - İddiaçı 09 avqust 2013-cü il tarixdən 20 may 2016-cı il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş; - qalan hissədə iddia rədd edilmişdir...» Cavabdeh (təmsilçisi Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı) apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə hüququn tətbiqində səhvə yol vermiş, iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, qanunvericiliklə güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir. Deməli, bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci, maddəsində nəzərədə tutulan müəvinətin almaq hüququnun yaranma anı «Veteranlar haqqında» Qanunun 7-ci və Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı verilməs qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndində müəyənləşdirilmişdir. Həmin normalara əsasən müharibə müharibə veteranı kimi, sosial müavinəti (güzəştləri) almağa hüququn yaranması anı veteran vəsiqəsinin təqdim olunması anı hesab olunur. Beləliklə iddiaçıya vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün müavinətin ödənilməsi tələbi qanuni və əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Şikarlı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə məhkəmə iclasına gəlmədiyi təqdirdə, onun iştirakı olmadan işə baxılacağı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki,“Sosial müavinətlər haqqında” 4.0.1.6-cı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir; Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin edilir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən Qanunun 4.0.1.6-cı, 4.0.1.8-ci, 7.0.5-ci, 7.0.6-cı, 7.0.7-ci (hər iki halda), 8-ci, 9.1.4-cü, 9.1.5-ci, 9.1.6-cı, 11.1.4-cü və 11.1.5-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir); Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına və həmin Fərmana (11.07.2005-ci il tarixli 257 saylı Fərmanla) edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyytlarında iştirak etdiyinə görə müharibə veteranı adını almış şəxslərə kommunal, nəqliyyat və digər xərclər üçün müavinət ödənilməsi nəzərdə tutulmuşdur «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinin imperativ tələbinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: Həmin Qanunun 9.1.5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. İş materiallarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməyə (1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi (Şəxsi Heyət Baş İdarəsi) tərəfindən iddiaçıya 20.05.2016-cı il tarixində müharibə veteranı vəsiqəsi verilmişdir. İddia ərizəsinə, cavabdehin iddiaçının müraciətinə verdiyi 05.04.2021-ci il tarixli cavab məktubuna, habelə, iddia ərizəsinə etiraızna və hazırkı apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, müharibə veteranı vəsiqəsi verildiyi 20.05.2016-cı il tarixdən iddiaçıya müavinət təyin edilərək ödənilməyə başlanıldığı, 01.04.2019-cu il tarixindən isə həmin müavinətin prezident təqaüdü ilə əvəz edildiyi işin mübahisələndirilməyən halıdır (Azərbaycan Respublikası Prezidentinin“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanına əsasən: 01 aprel 2019-cu il tarixdən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 (səksən) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir) Eyni zamanda, müharibə veteranı kimi 20.05.2016-cı il tarixində müavinət təyin edilsə də, həmin tarixdən əvvəlki üç il üçün iddiaçıya müavinət hesablanıb verilmədiyi də işin mübahisələndirilməyən halını təşkil edır Başqa sözlə, cavabdeh tərəfindən iddiaçının qanunla müəyyən edilən,əvvəlki üç ilə görə müavinət almaq hüququ açıq qalmışdır. Apellyasiya şikayətində cavabdeh «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə və Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməyə istinadən belə hesab etmişdir ki, müavinət almaq hüququ müharibə veteranı vəsiqəsi təqdin edildikdə yaranır. Başqa sözlə, cavabdehin gümanına görə vəsiqənin verildiyi tarix əsas götürülməlidir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh tərəfindən qanunvericiliyin qeyd olunan normaları düzgün təfsir olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, güzəştlərin veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilməsi anlamı heç də iddiaçının qeyd etdiyi anlamda tətbiq edilə bilməz. Çünki, konkret halda, qanunverici sadəcə onu nəzərdə tutur ki, müavinətin verilməsi üçün vətəndaşın veteran vəsiqəsinin mövcudluğu tələb olunur. «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinin qeyd olunan tələbi baxımından, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (1-ci Qaraağ müharibəsi) iştirakına görə müharibə veteranı adı və vəsiqəsi verilmiş iddiaçı, 20.05.2016-cı il tarixində «müharibə veteranı» vəsiqəsi verildiyi andan əvvəlki üç il üçün müavinət almaq hüququna malikdir. Lakin iş materiallarından görünür ki, iddiaçının qanunla müəyyən edilən hüququnu cavabdeh pozmuş, 20.05.2016-cı il tarixindən əvvəlki üç il üçün müavinətin hesablanıb ona ödənilməsindən imtina etmişdir. İPM-in 34.1-ci maddəsinin tələbindən də görünür ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyasyı cavabdehin apellyasiya şikayətinin müharibə veteranı vəsiqəsi verildiyi andan əvvəlki üçün iddiaçının müavinət almaq hüququnu olmadığını mübahisələndirən dəlillərini əsassız sayır. Onun apellyasiya şikayətinin, iddiaçıya verilən müavinətin 01.04.2019-cu il tarixindən prezident təqaüdü ilə əvəz edildiyini mübahisələndrilən dəlilləri gəldikdə isə bu məsələnin hazırkı iddia tələbinə heç bir aidiyyəti ola bilməz. Çünki, konkret halda, iddiaçı «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsi ilə müəyyən olunan hüququndan istifadə edərək ilkin olaraq,ona müavinət təyin edildiyi 20.052016-cı il tarixindən əvvəlki üç il üçün müavinətin hesablanıb ödənilməsini tələb edir. Beləliklə də qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin qismən təmin edilməsini və iddiaçıya 09 avqust 2013-cü il tarixdən 20 may 2016-cı il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin məhkəmənin hüququn tətbiqində səhvə yol verdiyini, həqiqətə nail olmaq üçün bütün halları araşdırmadan əsassız qərar qəbul etdiyini mübahisələndirən və bununla əlaqədar qərarın ləğv edilib iddianın rədd olunmasını tələb edən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5931/2021 saylı 05.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5931/2021 saylı 05.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar