Məhkəmə qərarları › İş №2-1(103)-444/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-444/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-444/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi-Vəkil və X6, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6117/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********6625 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışlar ki, cavabdehin xx.xx.2020-ci il tarixli, **********2948 №li qərarına əsasən, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev 82Q ünvanında yerləşən obyektdə (restoran) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarəti zamanı xx.xx.2020-ci il tarixli, DVX № 002210 nömrəli akt tərtib edilmişdir. Aktda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14:25-də OVN tədbiri zamanı müştəri tərəfindən nahar üçün ödənilmiş 27,30 manat məbləğ nəzarət-kassa aparatından çek vurulmamış və müştəriyə təqdim edilməmiş, araşdırma zamanı obyektdə NKA-nın qeydiyyatda olmasına baxmayaraq NKA-nın obyektdə olmaması müəyyən edilmiş, NKA-nın obyektdə olmaması səbəbi ilə yayındırılmış məbləği NKA-ya bərpa etmək mümkün olmamışdır (qeyd olunan aktın surətini iddiaçı barəsində sanksiya tətbiq olunandan sonra əldə edə bilmişdir). Aktda qeyd olunanlarla bağlı mübahisələndirilən qərara əsasən, iddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə Vergi Məcəlləsinin 58.7.2-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir (qeyd olunan qərar iddiaçıya rəsmi qaydada göndərilməmiş, qərarın surəti elektron vergi kabinetindən əldə edilmişdir). İnzibati orqanın qərarı tamamilə qərəzli, əsassız və qanunsuzdur. İlk növbədə, xx.xx.2020-ci il tarixli, DVX № 002210 nömrəli aktda qeyd olunanların əksinə olaraq həmin tarixdə müştəri tərəfindən nahar üçün ödənilmiş 27,30 manat məbləğ iddiaçıya məxsus restoranda qeydiyyatda olan “Mercury-PK” markalı, 26637 seriya nömrəli nəzarət-kassa aparatına vurulmuş, bununla bağlı nəzarət-kassa aparatının xx.xx.2020-ci il tarixə olan hesabatı iddia ərizəsinə əlavə olunur. Bundan başqa, mübahisələndirilən qərarın qəbul edilmə müddətinə münasibətdə də vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Materiallardan da göründüyü kimi iddiaçının vergi məsuliyyətinə cəlb olunmasının əsası hesab olunan DVX № 002210 nömrəli akt xx.xx.2020-ci il tarixdə tərtib edilmiş, aktın 3-cü səhifəsində qeyd olunmuşdur ki, vergi ödəyicisi aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmiş, sonradan isə həmin aktın bir nüsxəsi hər-hansı bir formada vergi orqanı tərəfindən iddiaçıya göndərilmədiyindən aydın olur ki, vergi orqanı “vergi ödəyicisinin imtinasını” həmin aktın bir nüsxəsinin vergi ödəyicisinə çatdırılması kimi qiymətləndirmişdir. Operativ vergi nəzarəti tədbirləri xx.xx.2020-ci iİ tarixdə başa çatsa da, qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir ki, bu pozuntu da vergi orqanının qərarının ləğvi üçün əsasdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli **********2948 nömrəli qərarla əsasən İddiaçı MMC üzrə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev 82Q ünvanında keçirilən operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən nahar üçün ödənilmiş 27,30 manat məbləğ üzrə nəzarət-kassa aparatına çek vurulmamış və müştəriyə təqdim edilməmişdir. Araşdırma zamanı nəzarət-kassa aparatının obyektdə olmadığı müəyyən edilmiş və bu səbəbdən yayındırılmış məbləği nəzarət-kassa aparatına bərpa etmək mümkün olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Belə olan halda isə vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli akt tərtib olunaraq, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.9-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozduğuna görə müəssisəyə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 3000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********6625 saylı qərar qəbul edilmişdir. İddiaçı operativ vergi nəzarəti zamanı ona təqdim olunmuş aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixli əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akt xx.xx.2020-ci il tarixdə vergi ödəyicisinə göndərilmiş, xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi tərəfindən oxunmuş və münasibət bildirməsi üçün 30 gün müddət gözlənildikdən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni müddət ötürülmədən vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi operativ vergi nəzarət tədbiri prosessual pozuntularla həyata keçirilməmiş və qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6117/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə qərarı qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəzarət-kassa aparatlarının istismarı qaydaları"na əsasən: 1.3. NKA-nın istismarında, o cümlədən qeydiyyatı və servis texniki xidmətində iştirak edən subyektlərə aşağıdakılar aiddir: 1.3.1. NKA-nın operatorları (bundan sonra - Operator); 1.3.2. NKA-nın istifadəçiləri (bundan sonra - İstifadəçi); 2.1. Azərbaycan Respublikasının ərazisində yalnız dövlət reyestrinə daxil edilmiş NKA modellərinin tətbiqinə icazə verilir. 2.4. NKA ilə bağlı texniki tələblər Komissiya tərəfindən müəyyən edilir. 2.5. Vergilər Nazirliyi və ya onun tərəfindən müsabiqə əsasında seçilən hüquqi şəxs Operatoru nəzarət mexanizmi qurğusu ilə təmin edir. Nəzarət mexanizmi qurğusunun verilməsi bu Qaydalara əlavə olunmuş təhvil-təslim aktı (əlavə) ilə rəsmiləşdirilir. 4.1. Operator sertifikatlaşdırılmış və dövlət reyestrinə daxil edilmiş model üzrə mövcud NKA barədə məlumatları (model və zavod nömrəsi) portal üzərindən Nazirliyin informasiya sisteminə daxil edir. 4.2. Operator dövlət reyestrində artıq mövcud olan NKA modelinin yalnız sertifikatlaşdırılması və Nazirliyin informasiya sisteminə daxil edilməsi üçün portaldan ərizə ilə müraciət edir. 4.3. Dövlət reyestrində artıq mövcud olan NKA-nın sertifikatlaşdırılması bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 4.4. İstifadəçi tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilmiş NKA- nın Nazirliyin informasiya sisteminə və (və ya) Dövlət reyestrinə daxil edilməsi üçün Nazirlikdə qeydiyyatdan keçmiş hər hansı Operatorla müqavilə bağlamalıdır. 4.5. Operator Nazirliyin informasiya sisteminə daxil edilmiş və nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş NKA-nı yalnız vergi orqanında uçota alınmış təsərrüfat subyekti (obyekti) olan hüquqi şəxs və ya fərdi sahibkara təqdim edə bilər. 4.6. Nazirlik tərəfindən göndərilmiş sertifikatı operator nəzarət mexanizmi qurğusuna yüklədikdən sonra aktla birlikdə istifadəçiyə təqdim edir və nəzarət mexanizmi qurğusu İstifadəçi tərəfindən elektron kabinetdən aktivləşdirilir. 8.2. İstifadəçinin hüquqları: 8.2.1. vergi orqanları ilə müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün NKA-nın müəyyən olunmuş modelini sifariş vermək; 8.2.2. NKA-nın istismar hazırlığını, servis-texniki xidmətinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Komissiyaya təkliflər vermək; 8.2.3. vergi orqanlarının və Operatorun səlahiyyətli nümayəndəsinin qeyri-qanuni hərəkətləri barəsində qanunla müəyyən edilmiş qaydada şikayət etmək. Qaydaların 4.1-ci bəndinə əsasən istifadəçi tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilmiş NKA-nın Nazirliyin informasiya sisteminə və (və ya) Dövlət reyestrinə daxil edilməsi üçün Nazirlikdə qeydiyyatdan keçmiş hər hansı Operatorla müqavilə bağlamalıdır. Odur ki, "xxxx" MMC qanunvericiliyin qeyd olunan tələblərinə istinad edərək müvafiq nəzarət kassa aparatının alınması və onların nazirliyin informasiya sisteminə və (və ya) Dövlət reyestrinə daxil edilməsi üçün nazirlikdə qeydiyyatdan keçmiş operatorlardan biri olan "xxxx" MMC ilə 05 mart 2020-ci il tarixində müqavilə bağlamışdır. Bundan sonra 10 ədəd "xxxx" kassa aparatı alınıb, qeydiyyatdan keçirilmişdir. Lakin "xxxx" MMC-də istismar edilən "Andromeda" əməliyyat proqramı "xxxx" MMC-nin "xxxx" nəzarət kassa aparatları ilə inteqrasiya olunmadığı üçün problem yaranmışdır. Belə olan halda, MMC "xxxx" kassa aparatlarının tətbiqinin vacibliyini nəzərə alaraq, yeni alternativ "AİİKO" əməliyat proqramının tətbiqinə başlamış, "xxxx" MMC şirkətindən alınmış "xxxx" kassa aparatlarını "AİİKO" əməliyyat sistemi ilə inteqrasiyası üçün hərəkətə keçmişdir. Bütün bu proseslər isə vaxt tələb etdiyi üçün MMC tərəfindən vergi orqanına bir neçə dəfə müraciətlər edilmiş, "xxxx" kassa aparatının tətbiqi üçün vaxt verilməsi xahiş olunmuşdur. Bu müddətdə isə MMC-nin ictimai iaşə obyektlərində qeydiyyatda olan əvvəlki kassa aparatlarından istifadə edilmişdir. Həmin kassa aparatları da MMC-nin istismarında olan əməliyat proqram tətbiqinə inteqrasiya olunduğu üçün aparılan istənilən hesablaşma əməliyyatı dərhal həmin kassa aparatlarında da qeydə alınmışdır. Göstərilənlərdən məlum olur ki, yeni nəsil kassa aparatının tətbiqinin gecikməsində MMCnin hər hansı bir təqsiri olmamış, əksinə, MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq operatorla müqavilə bağlanılaraq NK aparatları alınmışdır. Lakin yeni nəsil kassa aparatları ilə MMC-nin istismarında olan "Andromeda” əməliyyat proqramının inteqrasiyasında problem yarandığı üçün həmin kassa aparatlarından istifadə bir müddət gecikmişdir. Belə olan halda da MMC tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrinə uyğun olaraq vergi orqanına məlumat verilmişdir. Digər tərəfdən də aparılmış bütün hesablaşma əməliyyatları MMC-nin yoxlama aparılan ictimai iaşə obyektində qeydiyyatda olan “Mercury-PK" markalı, 26637 seriya nömrəli nəzarət-kassa aparatına vurulmuşdur. Bütün bu hallar iş materialları ilə də təsdiq olunur. Lakin Məhkəmə qeyd olunan halları nəzərə almamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir...» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil və A.Əliyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Seyidov isə iddiaçıya məxsus mübahisələndirilən obyektdə aparılan operativ vergi nəzəarti zamanı, iddiaçıya məxsus təsərrüfat subyektində nəzarət-kassa aparatı olmadığını və işə əlavə olunmuş kassa mədaxil çeklərinin həmin vaxt qüvvdə olan qanunvericiliyin tələblərinə uyğun olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş emişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən: - « Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdehin, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********2948 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçının fəaliyyət göstərdiyi - Bakı, şəhəri Nərimanov rayonu, AK.Həsən Əliyev 82Q ünvanında yerləşən obyektdə (restoranda) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması ilə bağlı operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir (Dövlət reyestrində qeydiyyatına alınması barədə çıxarış işə əlavə edilmişdir.) Operativ vergi nəzarəti xx.xx.2020-ci il tarixdə (14:25) keçirilərkən iddiaçıya məxsus həmin təsərrüfat subyektində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın tələblərinin yerinə yetirilmədiyi aşkar olunmuşdur. Belə ki, müştərinin nahar üçün ödədiyi 27,30 manat nəzarət-kassa aparatına çek vurulmamış və müştəriyə təqdim edilməmiş, bundan əlavə, digər tərəfdən obyektin adına nəzarət-kassa aparatının qeydiyyatda olmasına baxmayaraq, nəzarət-kassa aparatı obyektdə aşkar olunmamış, bu səbəbdən vergi uçotundan yayındırılmış həmin məbləğin kassa aparatına bərpa edilməsi də mümkün olmamışdır. Aşkar olunan həmin faktlar barədə xx.xx.2020-ci il tarixli akt tərtib olunmuş və həmin akt əsasında da cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********6625 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmaqla, iddiaçı Vergi Məcəlləsinin 58.7-ci maddəsi ilə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur (Təqvim ili ərzində eyni pozuntuya görə iddiaçı ikinci dəfə vergi məsuliyyətinə cəlb olunmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixli qərarı işə əlavə olunur) Tədqiq olunan aktda təsbit olunan halların həqiqiliyi iş materialları ilə öz təsdiqini tapır. Belə ki, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarında bildirmişdir ki, uçot baza məlumatlarına əsasən İddiaçı MMC-yə aid (VÖEN: **********) Bakı şəhəri, Nərimanov rayonu, X5 82Q ünvanında qeydiyyatda olan Merkury-PK markalı 26637 seriya nömrəli onlayn kassa aparatı aşkar olunmamışdır Digər tərəfdən, hazırkı apellyasiya mərhələsində, 16 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin şahid qismində dindirilən, operativ vergi nəzarətini həyata keçirən əməkdaşı - X3 ifadəsində aşağıdakıları göstərmişdir: -«Tədbir, digər yoxlayıcı Ülvi Şərifli ilə birlikdə keçirilmişdir. Belə ki, onunla restoranda müştiri kimi alış etdilər, lakin kassa aparatından çek onlara təqdim edilmədi, öz daxili çeklərini təqdim etdilər. Bununla bağlı onlar çölə çıxıb rəhbərliyə məlumat verdilər, rəhbərlik isə tədbirin aparılması göstərişini verdi. Onlar da içəri keçib yoxlama qərarını təqdim edib, burada yoxlama açıldığını bildirdilər. Lakin dedilər ki, kassa aparatı yoxdur. Bunun əsasında da onlar akt tərtib etdilər.» Şahid N.Zərbəliyev ona verilən sualları cavablandırarkən bildirdi ki, təqdim edilən çek qaydalara uyğun kassa çeki deyil, daxili çekdir. Həmin çeki «skan (kserks) edilib iş materiallarına əlavə etmişlər. Onlara qaydalara uyğun fiskal çek verilməyib. Verilən çekdə obyektin kodu və QR (küarkod) yoxdur, belə kod olduqda yalnız bazaya yerləşdirilir. » Adıçəkilən, işə əlavə olunmuş - Bakı şəhəri Nərimanov rayonu AK.Həsən Əliyev 82Q ünvanında yerləşən iddiaçıya aid restoranda yerləşdirilmiş “Mercury-PK” markalı ******* nömrəli kassa aparatında çap edilmiş çeklərdən görünür ki, şahidin ifadəsində qeyd olunan göstəricilər həmin çeklərdə mövcud deyil. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş «Nəzarət-Kassa aparatının istismarı Qaydalar»ının 95-ci vərəqində olan çekdə həmin «Qaydalar»ın 1.4.10-cu bəndində qeydolunan «QR Code (X7) xüsusi qurğular vasitəsilə oxunan, hər hansı ictimai mənbəyə keçidi olan və Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş çekin bütün məlumatların keçid mənbədə əks etdirən optik ştrix-kod, malın sürətli məlumat kodu göstərilməlidir. İddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərində də onun tərəfindən qaydalara uyğun yeni nəsil kassa aparatının mübahisəli təsərrüfat subyektində tətbiq olunmadığı etiraf olunur və buna səbəb olaraq göstərilir ki, iddiaçı ilə operator "xxxx" MMC arasında bağlanmış müvafiq müqavilə şərtələrinə sonuncu tərəfindən əməl olunmağını lazımi xidmət göstərilmədiyindən yeni nəsil kassa aparatları ilə MMC-nin istismarında olan "Andromeda” əməliyyat proqramının inteqrasiyasında problem yarandığından, onun təqsiri olmadan, həmin kassa aparatlarından istifadə bir müddət gecikdirilmiş, bu barədə vergi orqanına məlumat verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd olunan dəlilləri onun vergi məsuliyyətindən kənarlaşması üçün əsas ola bilməz. Çünki, adıçəkilən «Nəzarət-Kassa aparatının istismarı Qaydalar»ının 8.3.3-cü bəndinə əsasən nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək məhz istifadəçinin vəzifəsidir. Hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş cavabdeh orqanın iddiaçıya ünvanlanmış məktubundan isə görünür ki, mübahisəli təsərrüfat subyektində quraşdırılmış «Merkuriy PK» markalı ******* nömrəli nəzarət kassa aparatı operativ vergi nəzarəti tədbiri keçirildikdən 7 ay sonra yalnız, xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən qeydiyyatdan çıxarılmışdır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçının 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması qanuni və əsaslıdır. Belə olan halda həmin qərarla iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 70.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin inzibati akt qanuna zidd iddiaçının hüquqlarını pozmuş olsun. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini düzgün nəticə kimi qiymətləndirir. Bu mənada, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinın qəbul etdiyi qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlillərinin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6117/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6117/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar