Məhkəmə qərarları › İş №2-1(103)-444/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-444/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-444/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın ayrılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8034/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 15 fevral 2022-ci ildən başlayaraq, həmin il üçün aztəminatlı ailə kimi dövlət məcburi sosial yardımın ayrılması vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2-1(112)-8034/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2-1(103)- 3052/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 6 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi təmin edilmiş, iddiaçıya 15 fevral 2022-ci ildən başlayaraq, həmin il üçün aztəminatlı ailə kimi dövlət məcburi sosial yardımın ayrılması vəzifəsi cavabdehə həvalə edilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-607/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarı ilə, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəyə mindikdən sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarının könüllü icrası üçün cavabdehə 15 gün vaxt təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron poçt ünvanına məktub göndərərək qərarın icra edilmədiyini, cavabdeh barəsində İPM-in 120-ci maddəsinə uyğun olaraq qərarın məcburi şəkildə icra edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. İddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında qərarın icra edilməsi üçün tədbirlər görülməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə qərarın qismən icra edilməsi barədə xx.xx.2023-cü il tarixli məktub təqdim etmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(103)-3052/2022 nömrəli qərarı icra edilərək İddiaçı xx.xx.2022-ci il tarixdən 212.48 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Qeyd olunan təyinat dövrü üzrə İddiaçı ödəniləcək 1699,84 manat məbləğində (212.48x8-1699.84 manat) ünvanlı dövlət sosial yardımın xx.xx.2023-cü il tarixdə sifariş edilmiş (Kapital Bank) 102648 nömrəli plastik kart hesabına köçürülməsi xx.xx.2023-cü il tarixdə təmin edilmişdir. Əlavə olaraq, idiaçının xx.xx.2022-ci il tarixli **********96002 nömrəli müraciəti zamanı “Ərizə-bəyannamə”də qeyd etdiyi əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.6-cı bəndinə əsasən əmək müqaviləsi barədə məlumatlarda dəyişiklik baş verdikdə sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ayın 1-dən dayandırılmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməsi təmin edilmişdir. Məhkəmə qərarının icra edildiyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8034/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8034/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti xx.xx.2023-cü il tarixli məktuba uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətini müdafiə etdiyini, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya qaydasında araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Belə ki, işin hazırkı apellyasiya icraatı zamanı cavabdeh ərizə təqdim edərək, iş üzzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022- ci il tarixli 2-1(103)- 3052/2022 nömrəli qərarı tam icra edilərək İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 849,92 manat (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr) məbləğində ünvanlı dövlət sosial yardım təyin edilərək müvafiq kart hesabına köçürülmüş, sözügedən məbləğ iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə naqdlaşdırılaraq əldə edilmişdir. Nəticə etibarilə, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbərinə əsasən işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası cavabdehin ərizəsi ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar olaraq cavabdeh inzibati orqanı cərimələmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 120.1-ci maddəsinə əsasən Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. - 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. - 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Hazırkı işin hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən iddiaçıya 2022-ci ilin fevral ayından həmin il üçün ünvanlı dövlət sosial yardımın ödənilməsi qərara alınmış, cavabdeh 2022-ci ilin fevral ayından oktyabr ayına qədər ödəniş etmiş, lakin həmin aydan sonrakı ödənişlərin edilməsindən imtina edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı cavabdeh təqdim etdiyi ərizə ilə də əsassız olaraq məhkəmə qərarını icra etmədiyini təsdiq etmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə iddiaçıya 2022-ci ilin fevral ayından həmin il üçün ünvanlı dövlət sosial yardımın ödənilməsi qərara alınsa da, cavabdeh məhkəmə qərarını icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. (“X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərar). Hazırkı işin hallarından müəyyən edilir ki, məhkəmə qərarı cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8034/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı qəbul edildikdən sonra icra edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-3052/2022 nömrəli qərarı cavabdeh əsaslı səbəb olmadan vaxtında icra edilmədiyinə görə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməli və cavabdeh 200 manat məbləğində cərimə edilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89 - 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8034/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar