Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4444/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cxavabdeh Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerquruluşu planının verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1669/2025 nömrəli 01 avqust 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Abşeron rayon İcra Hakimiyyətinə, Cavabdehnə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu İcra Hakimiyyətinin 6 №li, xx.xx.2000-ci il tarixli əmri ilə Abşeron rayonu İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən İddiaçı ayrılmış - 0,1 ha torpaq sahəsinin yerləşməsinə dair texniki kadastr sənədinin (“Torpaq sahəsinin yerqurluşu planının) tərtib edilərək İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində icarə hüququnun qeydiyyata alınması, texniki pasportun tərtib edilməsi və çıxarış verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Abşeron rayon İcra Hakimiyyətinin 6 №li, xx.xx.2000-ci il tarixli əmri ilə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən iddiaçıya ayrılmış 0,1 ha torpaq sahəsinin yerləşməsinə dair yerquruluşu planının cizgisinin tərtib edilərək İddiaçı adına verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu İcra Hakimiyyətinin 6 №li, xx.xx.2000-ci il tarixli əmri ilə Abşeron rayonu İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən, sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. S.Əliyev adına müəssisə həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokolu və İcra Hakimiyyətinin sərəncamı nəzərə alınaraq İddiaçı 0,1 ha torpaq sahəsi ayrılmışdır.İddiaçı və nümayəndəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək Abşeron rayonu İcra Hakimiyyətinin 6 №-li, xx.xx.2000-ci il tarixli əmri ilə Abşeron rayonu İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən İddiaçı ayrılmış 0,1 ha torpaq sahəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində icarə hüququnun qeydiyyata alınması və çıxarış verilməsini xahiş edilmişdir. Bununla yanaşı xx.xx.2024-cü il tarixdə Abşeron və Sabunçu rayon İcra Hakimiyyətlərinə müraciət olunaraq qeyd olunan torpaq sahəsinin cizgi planının tərtib edilməsi xahiş edilmişdir.xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciətə cavab olaraq bildirilmişdir ki, hüquq sahibi əcnəbidir.Bundan əlavə, Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X6 X1 direktorunun əmrinin əsli və torpaq sahəsinin yerləşmə cizgisi təqdim olunmamışdır. Bununla yanaşı Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının məktubuna cavab olaraq bildirilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olan qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahəsinin baş planı və ayrılmış sahənin döngə nöqtələrinin koordinatları Cavabdehnə təhvil verilmədiyindən iddiaçıya ayrılmış torpaq sahəsinə cizginin verilməsi mümkün deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, hər hansı formada xəritəçəkmə, planaalma və mərz nöqtələrinin yerə köçürülməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmçinin torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və kordinatlar barədə məlumat Cavabdehndə yoxdur. İddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və kordinatlar olmadığından imtina əsaslı olmuşdur. Belə olan halda yalnız iddiaçının ifadəsinə əsasən iddia tələbinin təmin edilməsi yolverilməzdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1669/2025 nömrəli 01 avqust 2025-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsi 25 il bundan öncə, yəni 2000-ci ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran idarə tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi torpaq sahəsinin harada yerləşməsi barədə Cavabdehndə məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Ümumiyyətlə, iddia tələbində də torpaq sahəsinə dair yerləşmə sxeminin hansı ərazidə verilməli olduğu qeyd edilməmişdir. Qanunvericiliyin tələbindən də açıq aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməli idi. Həmçinin bildirirlər ki, Azərbaycan SSR Ali Sovetinin 1963-cü il 4 yanvar tarixli Fərmanı əsasında kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə Bakı şəhərinin inzibati ərazisinə aid torpaq sahələrindən, o cümlədən Sabunçu rayon inzibati ərazisindən kənd təsərrüfatına yararlı 8560 ha torpaq sahəsi Abşeron rayonunun idarəçiliyinə verilmiş və həmin ərazilərdə kənd təsərrüfatı müəssisələri-kolxoz və sovxozlar yaradılmışdır. Bu torpaq sahələrindən 1990-cı illərin əvvəllərinə qədər təyinatı üzrə səmərəli istifadə olunsa da, sonrakı illərdə həmin təsərrüfatların əksər hissəsi öz fəaliyyətini dayandırmış, istifadələrində olan torpaq sahələri isə Abşeron Rayon İcra Hakimiyyəti və bələdiyyələrinin qərarları əsasında ayrı-ayrı fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilmişdir. Ayrılan torpaq sahələrinin əksəriyyəti yaşayış məntəqələrindən kənarda kənd təsərrüfatına tam yararlı və ya gölməçələrin əraziləri, sututarlar və eyni zamanda bütün kommunikasiyalardan uzaqda yerləşən torpaq sahələri olmuşdur. Vətəndaşlar isə həmin torpaq sahələrində pərakəndə formada fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri inşa etmişlər. “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 iyun 2008-ci il tarixli, 2866 saylı Sərəncamı əsasında Sabunçu rayonunun inzibati ərazisində yerləşən 5 kənd təsərrüfatı müəssisəsi üzrə Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan 2502.81 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Bundan istifadə edən vətəndaşlar onlara ayrılmış torpaq sahələrinin sənədləşməsi məqsədilə Sabunçu RİH-nə müraciət edərək torpaq sahələrinin mövcud vəziyyətdə koordinatlarının müəyyən edilməsi və torpaq sahələrinə cizginin çəkilib verilməsini xahiş edirlər. Kənd təsərrüfatı müəssisələri tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin müəyyən hissəsi Cavabdeh idarəçiliyinə qaytarılan ərazilərdən kənarda olduğundan, eyni zamanda həmin ərazilərin vaxtı ilə sututarlar və ya gölməçələr olması, bu ərazilərdə vətəndaşlara torpaq sahələrinin ayrılmasının praktiki olaraq mümkün olmaması səbəbindən Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların xahişinin təmin edilməsində çətinliklər yaradır. Müraciət edən vətəndaşlar dövlət arxivindən torpaq sənədlərinə dair arayışlar təqdim etsələr də, həmin vətəndaşların vaxtı ilə qeyd edilən müəssisələrdə işləmələri müvafiq sənədlərlə təsdiq edilmir və şübhə doğurur. Həmin dövrdə qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə əsasən vətəndaşlara fərdi yaşayış evinin tikintisi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı əsasında yalnız yaşayış məntəqələrinin torpaq sahələrinə aid kateqoriyadan olan torpaq sahələri ayrıla bilərdi. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabeh inzibati orqan tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə təqdim edilmiş ərizə ilə məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi, apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) - 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. - 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. - 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. - 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. - 56-cı maddəsinin 5-ci hissəsinə əsasən, ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. - 57-ci maddəsinə görə yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-ci il № 138 fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin" (Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə qüvvədən düşmüş) 28-ci maddəsinə əsasən kənd təsərrüfatı, torpaqdan istifadə və təbiəti mühafizə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri sırasında müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil etmək; torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsinə kömək etmək; qanunla müəyyən edilmiş qaydada məhkəmədənkənar torpaq münasibətlərini həll etmək və digər səlahuyyətlər aid edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının ərizəsinə baxılmışdır, hüquq sahibi əcnəbidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilər. Bundan əlavə, Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X6 X1 direktorunun əmrinin əsli və torpaq sahəsinin yerləşmə cizgisi təqdim olunmamışdır. Odur ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Abşeron rayon Dövlət Arxivindən verilmiş Abşeron rayonu Ş.Əliyev adına südçülükmaldarlıq üzrə X6 X1 06 saylı, xx.xx.2000-ci il tarixli əmrinə əsasən Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən, sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. S.Əliyev adına müəssisənin həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokolu və İcra Hakimiyyətinin sərəncamını nəzərə alaraq, fərdi ev tikmək üçün İddiaçı 0,1 ha torpaq sahəsi ayrılmışdır. Cavabdehin iddiaçının nümayəndəsinə ayrılmış imtina məktubunda bildirilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahəsinin ayrıc aktları, baş planları və ayrılmış sahənin döngə nöqtələrinin koordinatları Cavabdehnə təhvil verilmədiyindən iddiaçıya ayrılmış torpaq sahəsinə cizginin verilməsi mümkün deyildir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşir, sənədə əsasən və faktiki sahəsi 1000 kv metr təşkil edir, mişar daşı ilə hasarlanmışdır, 1 ədəd fərdi yaşayış evi və həyət tikililəri mövcuddur, torpaq sahəsiin koordinatları müayinə aktına əlavə edilmişdir. Bundan əlavə məhkəməyə iddiaçının inşa etdiyi fərdi yaşayış evinin layihəsi təqdim edimişdir Beləliklə, işin hallarından müəyyən olunur ki, Abşeron rayonu İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən, sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. Abşeron rayonu İcra Hakimiyyətinin 6 №-li, xx.xx.2000-ci il tarixli əmri ilə S.Əliyev adına müəssisə həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokolu və İcra Hakimiyyətinin sərəncamı nəzərə alınaraq İddiaçı 0,1 ha torpaq sahəsi ayrılmış, lakin qərara cizgi əlavə olunmamışdır. Başqa sözlə, iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı məhz həmin sənədin tərtib edilərək verilməsini cavabdehdən tələb edir. İddiaçı torpaq sahəsinə cizgi-sxemin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Kollegiya cavabdeh inzibati orqanın və müvafiq olaraq apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir və aşağıdakıları diqqətə çatdırır: xx.xx.1995-ci ildə qüvvəyə minmiş “Sovxoz və kolxozların islahatı haqqında” Qanunun 2-ci maddəsinə əsasən islahatın vəzifələri sovxoz və kolxozların kəndli (fermer) təsərrüfatlarına bölünməsindən, birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli kəndtəsərrüfatı müəssisələrinə çevrilməsindən, sovxozların bazasında dövlət kənd təsərrüfatı müəssisələrinin yaradılmasından, şəxsi yardımçı təsərrüfatların inkişafından, yaradılmış təsərrüfatların kooperasiyası və xidmət sahələrinin təşkilindən ibarətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən kənd təsərrüfatında müxtəlif növlü müəssisələrin aşağıdakı təşkilati-hüquqi formaları nəzərdə tutulur: dövlət müəssisəsi formasında fəaliyyət göstərən dövlət kənd təsərrüfatı istehsalı müəssisələri; məhdud məsuliyyətli müəssisə formasında fəaliyyət göstərən birgə təsərrüfatlar, kooperativlər və təsərrüfatlararası müəssisələr; səhmdar cəmiyyətləri; fərdi müəssisə formasında fəaliyyət göstərən kəndli (fermer) təsərrüfatları; şərikli, payçı və şərikli müəssisə formasında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri; müəssisələr birliyi formasında fəaliyyət göstərən birliklər, assosiasiyalar və digərləri. Həmin Qanunun 14-cü maddəsinə əsasən dövlət kənd təsərrüfatı istehsalı müəssisələri sovxozların dövlət mülkiyyətində qalan hissəsi əsasında yaradılır. Dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin maddi-texniki təchizatına, maliyyə kredit resurslarına tələbatının ödənilməsinə, sosial inkişaf məsələlərinin həllinə dövlət himayəçilik göstərir. Dövlət həmin müəssisələrə yalnız onların əsas istehsal istiqamətinə aid məhsullara sifariş müəyyən edir. Qalan məhsullara müəssisə sərbəst sərəncam verir. Belə müəssisələr tam təsərrüfat hesabı əsasında işləyir və istehsal-təsərrüfat fəaliyyətini sərbəst həyata keçirirlər. Göründüyü kimi, 1995-ci ildə keçirilən islahatlar nəticəsində sovxozların dövlət mülkiyyətində qalan hissəsi əsasında dövlət kənd təsərrüfatı istehsalı müəssisələri yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 aprel tarixli 74 nömrəli qərarı ilə “Dövlət mülkiyyətində saxlanılan və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyinə verilən təsərrüfatların Siyahısı” təsdiq edilmiş, südlük maldarlıq damazlığı üzrə Abşeron rayonu S.Əliyev adına sovxozun adı həmin siyahıda mövcud olmuşdur. Nazirlər Kabinetinin həmin qərarının 2-ci hissəsinə əsasən həmin qərarın əlavəsində göstərilən mövcud təsərrüfatların (atçılıq zavodları və cıdır meydanı istisna olmaqla) adları dəyişdirilərək bundan sonra aşağıdakı müvafiq sahələr üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisələri adlandırılaraq "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998ci il 9 noyabr tarixli 221 nömrəli qərarının 1 nömrəli əlavəsinə uyğun təsdiq edilmiş "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturu"na daxil edilmişdir: südlük maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi. “Dövlət mülkiyyətində saxlanılan və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyinə verilən təsərrüfatların siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 aprel tarixli, 74 nömrəli Qərarına əsasən Abşeron rayonu S.Əliyev adına sovxozun adı dəyişdirilərək Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi adlandırılmışdır. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli Qərarının 7-ci hissəsinə əsasən Abşeron rayonundakı “Güzdək" qoyunçuluq üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, "S.Əliyev adına südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Meyvə tingliyi üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Qobu" dəvəçilik üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “X3 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 sentyabr tarixli 414 nömrəli Qərarının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan bəzi məhdud məsuliyyətli cəmiyyətlər, eləcə də “X3 İstehsalat Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X3 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.” Beləliklə, istinad olunanlardan görünür ki, iddiaçıya torpaq sahəsi ayıran S.Əliyev adına südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi 1999-cu ildən etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilmiş, həmin tarixdən etibarən onun tabeliyində fəaliyyət göstərmişdir, həmin müəssisə 2015-ci ildə “X3 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibinə birləşdirilmiş qurumlardan biri olmuş, 2018-ci ildə isə birləşdirildiyi “X3 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti digər qurumlarla birləşdirilərək “X3 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Lakin qanunverici MMC-yə torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi kimi bir səlahiyyət verməmişdir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı hazırki tələbi torpaq sahəsinin yerləşdiyi Bakı şəhəri Cavabdehnə yönəltməkdə haqlı olmuşdur. Yuxarıda sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayırma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. Kollegiya qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Əmr verilən zamanı qüvvədə olan və hazırda da qüvvədə olan "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə" də torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində həmçinin torpaq sahibliyi və torpaqdan istifadə məsələlərinə dair icra hakimiyyətinin başçısının səlahiyyətləri mövcud olmuş və haırda da mövcuddur. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırki mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, iş üzrə araşdırma zamanı oxşar işlər üzrə məhkəmə təcrübəsi əsas götürülmüşdür (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2246/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli; 2-1(102)-1755/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli, 2-1(102)-1595/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli, , 2-1(102)-1396/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli; 2-1(102)-1359/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarları). Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1669/2025 nömrəli 01 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-4444/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4444/2025
03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver