Məhkəmə qərarları › İş №2-1(103)-445/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-445/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-445/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmrin ləğv edilməsi və s. tələbi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5614/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2000-ci il tarixli Ə534-001-20 nömrəli və xx.xx.2020-ci il tarixli 2008 ş/h-001-20 nömrəli əmrlərinin ləğv edilməsi, iddiaçının əvvəlki işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün orta əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5614/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim E.Əliyev). Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, iddia ərizəsində və birinci instansiya məhkəməsinin iclasınd ada bildirmişdir ki, işdən azad olunması ilə bağlı mübahisələndirdiyi əmrlər bu günə qədər rəsmi qaydada təqdim edilməmişdir. 2020-ci ilin iyun ayının ortalarında iş yoldaşlarından biri iddiaçıya işdən azad edilməsi barədə bildirmiş və əmrin yekun hissəsinin şəklini ona göndərmişdir. Xidmətdən xaric edilməsi barədə iddiaçıya bu günə qədər heç bir rəsmi qərar, əmr və ya bu barədə özündə hər hansı bir məlumatı aks etdirən rəsmi bir sənənd təqdim edilməmişdir. cavabdeh də bunun əksini sübut edən hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. təqdim edilmiş şəkildən görünür ki, həmin əmr rəsmi blankda deyil ,əmri verən şəxsin adı və soyadı qeyd edilməyib, əmr imzalanmayıb, möhürlənməyib. Həmin şəkli görəndə bu barədə rəhbərlikdən xidmətdən xaric edilibedilməmsi barədə soruşmuş və ona bildirilmişdir ki, barəsində araşdırma davam edir, nəticəsi barədə ona məlumat veriləcək. İyul ayının 10-da iddiaçıya əməmk kitabçası təqdim edilib və əmək kitabçasında da hansı əmrlə, hansı tarixdən, hansı əsasla xidmətdən xaric edilməsi barədə heç bir qeyd yoxdur. Yalnız ona şifahi qaydada bildirlmişdir ki, DİN-nin xx.xx.2020-ci il tarixli Ə534-001-20 nömrəli və xx.xx.2020-ci il tarixli 2008 ş/h-001-20 nömrəli əmrləri ilə və Azərbaycan Respublikasının “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu və 10-cu bəndləri əsasında xidmətdən xaric edilmişdir. iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2000-ci il tarixli Ə534-001-20 nömrəli və xx.xx.2020-ci il tarixli 2008 ş/h001-20 nömrəli əmrlərini mübahisələndirir. İş materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2000-ci il tarixli Ə534-001-20 nömrəli və xx.xx.2020-ci il tarixli 2008 ş/h-001-20 nömrəli əmrlərinin məzmunundan həmin vaxt məlumatlı olmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinun xx.xx.2000-ci il tarixli Ə534-001-20 nömrəli və xx.xx.2020-ci il tarixli 2008 ş/h-001-20 nömrəli əmrlər İddiaçı xidmətdən xaric edilməsi ilə bağlı olduğundan, iddiaçının həmin əmrin məzmunundan qeyd edilən əmrin qəbul edildiyi gün məlumatlı olması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. İş materiallarından görünür ki, iddiaçı mübahisələndirilən əmrlərin məzmunundan xx.xx.2020-ci il tarixdə məlumatlı olsa da, həmin əmrin ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisələndirilən əmrlərin ləğv edilməsi tələbinə dair hazırkı iddia ilə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ xx xxxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “ mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır... Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər... T.İdrisov birinci instansiya məhkəməsinə ərizəsində və kassasiya şikayətində iddiaçı N.Quliyev tərəfindən iddia qaldırmaq üçün tələb edilən müddət şərtinə əməl olunmamasını qeyd etmişdir. Lakin işə baxan apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən bu hala lazımi hüquqi qiymət verilməmişdir. Həmin məhkəmələrin bu cür yanaşması da Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərinə cavab verən hesab edilə bilməz.” Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5614/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar