Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-445/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, 3-cü şəxslərin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X8, Abdiyeva Günel Lətif qızı) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3214/2021 saylı, 03 avqust 2021- ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X8, Abdiyeva Günel Lətif qızı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6, Abdiyeva Günel Lətif qızının ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 9 saylı evin 18 saylı mənzilini alqı-satqı müqaviləsinə əsasən X4 almışdır. O, həmin şəxsin ailə üzvləri ilə birlikdə sözügedən mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9878/2017 saylı 16.10.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, qətnamə icra edilərək cavabdeh əşyaları ilə birlikdə evdən çıxarılmışdır. X2, Abdiyeva Günel Lətif qızı hazırki vaxtadək həmin evdə pasport qeydiyyatındadırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4133/2020 saylı 23.07.2020-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda məhkəmənin həmin qərarında sözügedən şəxslərin mənzildən istifadə hüquqlarının olmaması qeyd edilmişdir. O, üçüncü şəxslər X8 və Abdiyeva Günel Lətif qızının ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılması barədə cavabdeh Nəsimi RPİ-yə müraciət etmiş, cavabdeh tərəfindən 12.11.2020-ci il tarixli məktubla Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanuna istinad edilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3214/2021 saylı, 03 avqust 2021- ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 saylı evin 18 saylı mənzilindən X6 və Abdiyeva Günel Lətif qızının qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs X8 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi işə düzgün hüquqi qiymət verməmiş, əsaslı sübutları tam tədqiq etməmişdir. Belə ki, qərarın təsviredici hissəsindəki məlumatlar formal xarakter daşımış və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 9 saylı evin 18 saylı mənzilini alqı-satqı müqaviləsinə əsasən X4 almışdır və həmin şəxsin ailə üzvləri ilə birlikdə sözügedən mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmışdılr, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9878/2017 saylı 16.10.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, qətnamə icra edilərək cavabdeh əşyaları ilə birlikdə evdən çıxarılmışdır. X2, Abdiyeva Günel Lətif qızı hazırki vaxtadək həmin evdə pasport qeydiyyatındadırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4133/2020 saylı 23.07.2020-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda məhkəmənin həmin qərarında sözügedən şəxslərin mənzildən istifadə hüquqlarının olmaması qeyd edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə nümayəndəsinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib iş materiallarını ətraflı araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməməli, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası hazırkı işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd edir: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 saylı evin 18 saylı mənzilinə xüsusi mülkiyyət hüququ İddiaçı adına 08.08.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 01.06.2021-ci il tarixli ******* saylı arayışından görünür ki, X8 (12.04.1982), Abdiyeva Günel Lətif qızı (05.11.1983) ünvan 1 ünvanında qeydiyyatdadır. - Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 12.11.2020ci il tarixli məktubda qeyd edilmişdir ki, onun Nəsimi RPİ-nə ünvanladığı ərizəsinə X1 baxılmışdır. X6, Abdiyeva Günel Lətif qızının ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması ilə əlaqədar bildirilmişdir ki, X6, Abdiyeva Günel Lətif qızının qeydiyyatda olduğu ünvandan çıxarılmalarına dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqdan, eləcə də həmin qətnamənin (qərarın) icra edilməsindən ötrü Nəsimi RPİ-nə yönəldiyindən sonra həmin məsələyə baxılması mümkün olacaqdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9878/2017 saylı 12.10.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilkin iddia tələbi təmin edilərək cavabdehlər X6, Abdiyeva Günel Lətif qızının ünvan 4 ünvanında olan mənzildən çıxarılaraq mənzilin boşaldılması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 01.06.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1568/2019 saylı 06.05.2019-cu il tarixli qərarı ilə cavabdehlər X8 və Abdiyeva Günel Lətif qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9878/2017 saylı 12.10.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9878/2017 saylı 12.10.2017-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası MPM-nin 419.4-cü maddəsinə əsasən 15.03.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4133/2020 saylı 23.07.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdehlər X8 və Abdiyeva Günel Lətif qızına qarşı mənzildən istifadə hüququna xitam verilməsi və əşyaların mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. - Reyestrdə 4Ə-72 nömrə ilə qeyd edilmiş notariat işində olan 22.07.2015-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı X8 ona məxsus olan ünvan 7 ünvanında yerləşən mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir. Müqavilənin 8-ci bəndinə əsasən Satıcı Alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 13-cü maddəsinə əsasən Satıcı 22.10.2015-ci il tarixinədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. -Həmin notariat işində olan Abdiyeva Günel Lətif qızı tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, qardaşı X7 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 9 ünvanında yerləşən 18 saylı mənzilin satılmasına etiraz etmir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən ona əsaslanmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 saylı evin 18 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı 22.07.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin mənzili X4 almışdır. Alqı-satqı müqaviləsi imzalanarkən üçüncü şəxs Abdiyeva Günel Lətif qızı mənzilin satılmasına etiraz etməmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9878/2017 saylı 12.10.2017-ci il tarixli qətnaməsinə əsasən X6 və Abdiyeva Günel Lətif qızının həmin mənzildən çıxarılaraq mənzilin boşaldılması qət edilmişdir və həmin qətnamə 15.03.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Mənzildə qeydiyyatda olan üçüncü şəxslər yaşayış yerini dəyişmələrinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışlar. Üçüncü şəxslər iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadırlar və faktiki olaraq həmin ünvanda yaşamırlar, daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. AR Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasənəgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İş materiallarından göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 saylı evin 18 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı 22.07.2015ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin mənzili hazırkı iş üzrə üçüncü şəxs qismində çıxış edən X4 almış, digər üçüncü şəxs Abdiyeva Günel Lətif qızı mənzilin satılmasına etiraz etməmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9878/2017 saylı 12.10.2017-ci il tarixli qətnaməsinə əsasən X6 və Abdiyeva Günel Lətif qızının həmin mənzildən çıxarılaraq mənzilin boşaldılması qət edilmişdir və həmin qətnamə 15.03.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Qeyd olunanlara baxmayaraq, üçüncü şəxslər bugünədək həmin mənzildə qeydiyyatdadırlar. Mənzildə qeydiyyatda olan üçüncü şəxslər yaşayış yerini dəyişmələrinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışlar. Üçüncü şəxslər iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadırlar, hazırda faktiki olaraq həmin ünvanda yaşamırlar, daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə hesab edir ki, hazırkı iş üzrə üçüncü şəxslər X8 və Abdiyeva Günel Lətif qızı iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmış və iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırmışlar. Bu səbəbdən cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası üçüncü şəxs X6 apellyasiya şikayətinin dəlili olan “birinci instansiya məhkəməsi tərəfindən sübutları tam tədqiq edilməməsi və qərarın təsvir edilmiş giriş hissəsindəki məlumatlar formal xarakter daşıması” ilə bağlı qeyd edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Əksinə üçüncü şəxsin apellyasiya şikayəti əsaslandırılmamış, formal xarakter daşıyaraq maddi hüquq normalarının sadalanmasından ibarət olmuşdur. Eyni zamanda işin apellyasiya icraatı zamanı da üçüncü şəxs tərəfindən apellyasiya şikayətini əsaslandıran hər hansı sənədsübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3214/2021 saylı, 03 avqust 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3214/2021 saylı, 03 avqust 2021ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-445/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-445/2022
10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver