Məhkəmə qərarları › İş №2-1(103)-445/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-445/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-445/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X34 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6158/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarından üçüncü şəxslər X17 və X30 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Bİnəqədi rayonu Bİnəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 108, ev 125 İddiaçı xüsusi mülkiyyətindədir. Belə ki. 5 yanvar 2022ci il tarixdə ona xüsusi mülkiyyətə dair müvafiq olaraq ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Keçmiş sakinlər 5 yanvar 2022-ci il tarixdən iddiaçıya məxsus mənzildə yaşamasalar da, orada qeydiyyatda qalmışlar. Onlar həmin mənzildən qeydiyyatdan çıxmaq barədə öz üzərlərinə öhdəlik götürsələr də, həmin öhdəliyi yerinə yetirməmişlər. Onların həmin mənzildə qeydiyyatda qalması, iddiaçının sahiblik, istifadə və sərəncam vermək hüquqlarını tam olaraq həyala keçirilməsinə mane olur. Dəfələrlə xəbərdarlıq edilsə də, həmin şəxslər könüllü olaraq mənzildən pasport qeydiyyatından çıxmaqdan boyun qaçırmışlar. Ona görə də onlar məlikəmə qaydasında mənzildən qeydiyyatından çıxarılmalıdırlar. Ona məxsus daşınmaz əmlak üzərində əmlak hüququ olmayan şəxsin əlavə yüklülüyündən iddiaçı olaraq tələbi əsasında yüklülükdən qanunvericiliyin tələbinə uyğun olaraq azad edilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respubikası Mülki Məcəlləsinin 152.1, 152.5, 385.1-ci maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, İPM-in 45, 46-cı maddələrinə əsaslanaraq, iddiaçının mülkiyyətində olan ünvan 3 (yeni qaydada: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Dərələyəz, 1- ci döngə, döngə 9) ünvanından X23, X14, X6, X4, X1, X18, X19, X20, X12, X2, X15, X16, X3 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə X38, X30, X17, X13, X7, X35, X36, X37, X24, X8, X31, X32, X9 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6158/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir. Qərardan narazı qalan iş üzrə üçüncü şəxslər X30 və X17 tərəfindən birgə apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli evi onlar (ailə üzvləri ilə X13 və mərhum atası X7 ilə) birlikdə həmin mənzilə daimi qeydiyyata düşməklə əldə etmişlər, sonradan həmin mənzili onlara satan şəxs evdən qeydiyyatdan çıxmışdır, bundan sonra apellyasiya şikayəti verən üçüncü şəxs X30, X17, üçüncü şəxs X13 və mərhum atası X10 (xx.xx.2021-ci ildə iddia verilməmişdən əvvəl vəfat edib) daimi qeydiyyatda olmaqla yaşamışlar. Sonradan qeyd etdiyi kimi atası vəfat etmişdir və qalan ailə üzvləri həmin evdə bu günə kimi yaşayırlar. Yaşadıqları zaman həmişə komunal ödənişlər (işıq, qaz, su və digər komunal ödənişlər ) ödəmişlər. İddiaçı heç vaxt həmin evdə yaşamamışdır. Yalnız sonradan məlumatları olmadan həmin evə daimi qeydiyyata düşmüşdür. Qeyd etmək istəyir ki, iddiaçı kimi bəzi üçüncü şəxslər də həmin mübahisəli evdə yaşamasalar da, formal olaraq kimlər tərəfindənsə həmin evə qanunsuz olaraq daimi qeydiyyata alınmışlar və heç vaxt iddiaçı kimi həmin evdə yaşamamışlar. Məhkəmənin nəzərinə çatdırır ki, fotosu təqdim olunan ev 2003-cü ildən onların istifadəsində və sahibliyində olmuşdur və hazırda da istifadələrində və sahibliklərindədir. İddiaçı onların evinə saxta yolla qanunsuz olaraq daimi qeydiyyata alındıqdan sonra Binəqədi qəsəbəsi ərazisində digər yerdə (sonradan öyrəndiklərinə görə - Binəqədi qəsəbə nümayədəsinin məlumatı əsasında) torpaq sahəsi alaraq ev inşa etmişdir. Həmin evi onların ünvanı üzrə, daimi qeydiyyatda olduğu yer üzrə rəsmiləşdirmiş, xx.xx.2022-ci ildə həmin evə onların ünvanı üzrə çıxarış almışdır. İddiaçı öz hərəkətlərinin qanunsuz olduğunu bildiyindən xx.xx.2022-ci ildə çıxarış aldıqdan sonra təcili məhkəməyə onların daimi qeydiyyatdan çıxarılmaqları barədə Binəqədi rayon Polis İdarəsinə qarşı iddia qaldırmış və qanunsuz qərar almasına nail olmuşdur. İddiaçı hərəkətlərinin cinayət xarakterli olduğunu bildiyində məhkəmə Qərarının onlara verilməsinə imkan verməmiş, qərar qüvvəsini aldıqdan sonra dərhal yeni inşa etdiyi və onların ünvanla qeydiyyatdan keçirtdiyi evini digər şəxsə satmışdır ki, qanunsuz əməllərinin izini itirsin. Nəticədə isə onlar daimi qeydiyyatda olub yaşadıqları evdən, həmin evdə yaşadıqları halda qeydiyyatdan çıxarılmışlar və 2003-cü ildən qeydiyyatda olub yaşadıqları evdə hazırda qeydiyyatsız olaraq yaşayırlar. İddiaçı iddia edir ki, xx.xx.2022-ci il tarixində mübahisəli mülkə dair ona çıxarış verilmişdir və üçüncü şəxslər guya evdən qeydiyyatdan çıxmaları barədə öhdəlik götürmüşlər və həmin evdən çıxmışlar. Lakin sonradan evdən qeydiyyatdan çıxmaqdan guya boyun qaçırmışlar. Məhkəmə qərarında iddiaçının bu arqumentinə istinad edərək qərar qəbul etmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, üçüncü şəxslər belə bir öhdəlik öz üzərlərinə götürməmişlər və iş materiallarında belə bir sübut xxxxxxx. Şəxsən onlar həmin evdə 2003-cü ildən daimi qeydiyyatda olmaqla bu günə kimi yaşayırlar, kommunal (işiq, su, qaz və sair ödənişlər) ödənişlər etməklə həmin evdə yaşayırlar. İddiaçı vəfat etmiş insan barəsində Bakı İnzibati Məhkəməsində iddia qaldırmış. Məhkəmə heç bir araşdırma aparmadan mərhum X5 üçüncü şəxs kimi işə cəlb etmiş və onun mübahisəli evdən qeydiyyatdan çıxarılması barədə qərar qəbul etmişdir. Məhkəmə məhkəmə texniki ekspertizası təyin etməmiş, iddiaçının yeni tikiliyə 2004-cü ildə necə daimi qeydiyyata alınmasını müəyyənləşdirməmişdir. Məhkəmə yerli baxış keçirtmədən, iddiaçının saxta yolla onların ünvanına aldığı çıxarışa əsaslanmaqla qərar qəbul etmişdir. Halbuki, onların yaşadıqları həmin bina köhnə tikilidir, onlar köhnə tikilidə qeydiyyatda olmaqla yaşamışlar. İddiaçı qeydiyyatda olduğu ünvanda yaşamamışdır. Həmin ünvanda yaşasaydı məlumatı olardı ki, üçüncü şəxs kimi barəsində iddia qaldırdığı mərhum X11 2021-ci ildə vəfat edib. Bu səbəbdən də onu iddiasında üçüncü şəxs kimi qeyd etməzdi və barəsində iddia qaldırmaz idi. Bu fakt da sübut edir ki, iddiaçı həmin ünvanda yaşamamış, qeydiyyatı formal olmuşdur. Hazırda ünvan 2 ünvanındakı yaşadıqları ev və iddiaçının saxta ünvanla çıxarış alıb satdığı evlər mövcuddur. Onlar qeydiyyatda olduqları, yaşadıqları evdə hazırda da yaşayırlar. Heçkəs onlardan evdən çıxmalarını tələb etmir, yeni iddiaçını, iddiaçının evini satdığı şəxsi tanımırlar. Hərkəs öz evinə yaşayır. Məhkəmə icraatında tərəflərin iştirakı: Əvvəlki məhkəmə iclaslarında iştirak edən üçüncü şəxslər X17 və X30 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsi tərəfindən məhkəmə dəftərxanası vasitəsilə təqdim edilmiş ərizə ilə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar xxxxxxx. İrəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşdən göründüyü kimi, iddia tam təmin olunsa da, qərardan üçüncü şəxslərdən yalnız X17 və X30 tərəfindən apellyasiya şikayəti verildiyindən, məhkəmə kollegiyası yalnız üçüncü şəxslərdən X17 və X14 verdiyi apellyasiya şikayəti həddində qərarı yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə ləğv edilməli, iddia tələbi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilini əsaslı hesab edir və qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibət. İş materiallarında olan “ASAN 5” Xidmət Mərkəzinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” ******* nömrəli 19 yanvar 2022-ci il tarixli arayışından görünür ki, X38, X30, X17, X13, X7, X35, X36, X37, X24, X8, X31, X32, X9 ünvan 3 ünvanında qeydiyyatdadırlar. İşin hallarından müəyyən edilir ki, iddiaçı hazırki tələbində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin onun xüsusi mülkiyyətində olmasına və üçüncü şəxslərin həmin mənzildə qeydiyyatda qalmalarının onun sahiblik, istifadə və sərəncam vermək hüquqlarının tam olaraq həyala keçirilməsinə mane olmasına istinad edərək, üçüncü şəxslərin, o cümlədən X17 və X14 həmin ünvandan qeydiyyatdan çıxarılmalarını xahiş edir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 5 yanvar 2022-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 3 (yeni qaydada: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Dərələyəz, 1-ci döngə, döngə 9) daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üçüncü şəxslər X38 və digərlərinin iddiaçının mülkiyyətində olan ünvan 4 saylı evə hüquqlarının olmasına dair nə cavabdeh, nə də üçüncü şəxslər tərəfindən hər hansı sübut, dəlil təqdim edilmədiyindən, onların belə hüququnun mövcudluğu müəyyən edilmir. Odur ki, iddiaçının mülkiyyətində olan ünvan 4 saylı evdə üçüncü şəxslər X38, X30, X17, X13, X7, X35, X36, X37, X24, X8, X31, X32 və X9 yaşamadıqlarından (bu hal cavabdeh tərəfindən təkzib olunmur), cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən həmin evin mülkiyyətçisi kimi hazırkı iddiaçının müraciəti əsasında adıçəkilən şəxsin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina olunması qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Üçüncü şəxslər X17 və X14 apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onların faktiki yaşadıqları fərdi yaşayış evi ilə iddiaçının adına ünvan 4 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evi əslində tamamilə fərqli ünvanlarda yerləşir və iddiaçının mülkiyyətində olan evə onların faktiki olaraq yaşadıqları fərdi yaşayış evinin ünvanı verilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin və apellyasiya şikayətinin dəlillərinin obyektiv araşdırılması məqsədilə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə Nümayəndəliyinə sorğu ünvanlanaraq ünvan 4 saylı evə dair X14 adına açılmış ev kitabçasının əslinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs X17 tərəfindən məhkəməyə təqdim edilmiş ev kitabçasının təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 saylı evə dair ev kitabçası X6 atası, X14 mərhum əri X1 adına açılmış və X17, X7 və X30 2003-cü ildən həmin ünvana qeydiyyata düşüblər. İşdə olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022) surətindən görünür ki, İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış fərdi yaşayış evinə yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Dərələyəz, 1-ci döngə, döngə 9 ünvanı verilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə, AR DİN Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə sorğu ünvanlanaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Dərələyəz, 1-ci döngə, 9 ünvanında halhazırda qeydiyyatda olan şəxslər və həmin şəxslərin qeydiyyata düşmə tarixi barədə məlumatın və qeydiyyata düşməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, Binəqədi Rayon Polis İdarəsi sorğuya cavab məktubunda qeyd etmişdir ki, ünvan 8 ünvanında qeydiyyatda X21 və İddiaçı aşkarlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-6158/2022 nömrəli xx.xx.2022-ci il tarixli məhkəmə qərarı xx.xx.2022-ci il tarixində icra edilmişdir. Həmçinin sorğuda qeyd olunan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Dərələyəz, 1-ci döngə, 9 ünvanı Binəqədi ərazisində mövcud deyildir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı dərhal icra edilərək, 3-cü şəxslərin ünvan üzrə qeydiyyatdan çıxarıldığını nəzərə alaraq araşdırma zamanı iddiaçının məhkəmədə iddia qaldırdığı vaxtdan məhkəmə qərarı çıxarılan vaxtadək olan müddət nəzərə alınmalıdır. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyya və Miqrasiya İdarəsinə sorğu ünvanlanaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Dərələyəz, 1-ci döngə, döngə 9 ünvanında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qeydiyyatda olan şəxslər, həmin şəxslərin qeydiyyata düşmə tarixi barədə məlumatın və qeydiyyata düşməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Dərələyəz, 1-ci döngə, döngə 9 ünvanında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər hansı bir şəxsin yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir. Beləliklə, işin araşdırılması nəticəsində müəyyən olundu ki, İddiaçı mülkiyyətində olan və qeydiyyatdan çıxarılmasını tələb etdiyi mübahisəli ünvan (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Dərələyəz, 1-ci döngə, döngə 9) ilə hazırda üçüncü şəxslərin faktiki olaraq yaşadıqları və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6158/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarı icra olunmadan öncə qeydiyyatda olduqları evin ünvanı (ünvan 8) fərqlidir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə yeni qaydalarla ünvan verilmişdir. Həmin ünvanda da hazırki apellyasiya şikayəti verən şəxslərin qeydiyyatı mövcud olmamışdır. Məhkəmə kollegiyası da diqqətə çatdırır ki, Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarının 3.2ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Sözügedən Qaydalara edilmiş dəyişikliyə əsasən daşınmaz əmlaklara yeni qaydalarla ünvan verilməsinə başlanılmışdır. Binalara yeni və dəqiq ünvanların verilməsi, vahid ünvan reyestrinin aparılması, küçə və prospektlərdə binalara müasir dizaynlı lövhələrin vurulması dövlət tərəfindən həyata keçirilən sosial əhəmiyyətli layihədir. Bu layihənin nəticələri vətəndaşlara, dövlət qurumlarına, bələdiyyələrə və təşkilatlara ünvan məlumatlarına çevik, vahid və etibarlı çıxış əldə etmək imkanı yaradır, həm də şəhərlərdə ünvanların tapılması, sosial və idarəetmə məsələlərinin həlli zamanı vaxt itkisi problemi aradan qaldırmağa xidmət edir. Məhkəmə kollegiyası diqqət çatdırır ki, hər bir mülkiyyətçi kimi hazırki iş üzrə iddiaçı da mülkiyyətində olduğu ünvan üzrə digər şəxslərin pasport qeydiyyatından çıxarılmasını tələb etməkdə haqlı olsa da, işin ətraflı araşdırılmış hallarından bəlli olur ki, hazırda apellyasiya şikayəti ilə müraciət edən şəxslərin yaşadıqları evlə iddiaçının mülkiyyətində olan ev fərqlidir, həmçinin yeni qaydalara əsasən iddiaçının mülkiyyətində olan evin artıq ünvanı dəyişdirilmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət qismən təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6158/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarı onlara münasibətdə ləğv edilərək, iddia tələbi onlara aid hissədə təmin edilməməlidir. Belə ki, onlar digər 3-cü şəxslərə münasibətdə şikayət vermək hüququna malik olmamışlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxslər X17 və X30 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6158/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarı üçüncü şəxslər X17 və X22 münasibətdə ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üçüncü şəxslər X17 və X22 aid hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar