Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-445/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh AzərbaycanRespublikasının Müdafiə Nazirliyinə qarşı “dəymiş maddi ziyanın məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Ramiz Vüqar oğlu Əsgərlinin katibliyi, Cavabdehin nümayəndəsi X3 iştrakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7211/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 7 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışa əsasən iddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə qiymələndirilərək xx.xx.2026-cı il tarixədək ona ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir.
2. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024- cü il tarixli 8/437 nömrəli məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirliyinə 23 yanvar.2024-cü il tarixdə ünvanladığı müraciətə N nömrəli hərbi hissədə baxılmışdır. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının (hərbi qulluqçularının) həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına, onların 5 illik pul təminatı məbləğində sığorta olunur. Lakin buna görə sığortaçıya ödənilməli olan sığorta haqqının miqdarı və ödəniş qaydası müəyyən edilmədiyi səbəbindən tələb etdiyiniz sığorta məbləğinin ödənilməsi mümkün deyildir. Göstərilən hər hansı bir nəticə ilə razı olmadıqda, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 4-cü hissəsinə əsasən, hər kəsin dövlət orqanının, siyasi partiyanın, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) inzibati qaydada məhkəməyə şikayət etmək hüququnun olması ona izah olunur.
3. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya ünvanlanmış 23 dekabr 2021-ci il tarixli xx-xx-1714 nömrləi məktuba əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dövlət Sığorta Kommersiya Şirkəti arasında bağlanmış müqavilədə yalnız hərbi qulluqçuların icbari sığortası nəzərdə tutulmuşdur. İstinad etdiyi Qanunun Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən aparılmadığı və bu növ sığorta müqavilədə olmadığında görə Dövlət Sığorta Kommersiya Şirkəti təminat daşımır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Kəşfiyyat və əks - kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 20.11 -ci maddəsinə əsasən kəşfiyyat və əks - kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçusu kimi həyatının və sağlamlığının sığortalanması ilə əlaqədar qanunla təsbit olunmuş 5 illik pul təminatı məbləğində sığorta edilmədiyinə görə 57.474 (əlli yeddi min dörd yüz yetmiş dörd) manat məbləğində dəymiş maddi ziyanın məbləğinin cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə öz tələbi ilə bağlı aşağıdakı məzmunda müraciət etmişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180 - 24 №-li 23 noyabr 2004 - cü il tarixli Qərarı ilə qüvvəyə minmiş Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks - kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən Xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. “Kəşfiyyat və əks - kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 20-ci maddəsi kəşfiyyat və əks - kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsini tənzimləyir. Həmin Qanunun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks - kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. “Kəşfiyyat və əks - kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 20.11-ci maddəsinin realizə olunması üçün kəşfiyyat və əks - kəşfiyyat fəaliyyəti subyektinin xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən sığortaçıya, yəni Şirkətə qanunvericiliyə uyğun olaraq sığorta haqqı ödənilməlidir. Lakin bununla bağlı Şirkətlə Nazirlik arasında müvafiq müqavilə bağlanmadığına və müvafıq sığorta haqqı ödənilmədiyinə görə ona bağlanmış müqaviləyə uyğun olaraq sığorta ödənişi həyata keçirilməlidir. Hazırda iddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən kəşfiyyat subyektinin hərbi qulluqçusu olaraq, 5 illik pul təminatı məbləğində sığorta olunmalı olduğu qanunvericiliyə uyğun olaraq 11000 manat məbləğində sığorta olunması nəticəsində cavabdeh inzibati orqan tərəfindən ona vurulmuş aylıq məvacibinin 1067,90 (aylıq məvacibi) x 60ay = 64074-6600 manat=57474 manat maddi ziyanın ona ödənilməsini tələb edir.
6. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, hazırki inzibati mübahisəni bilavasitə tənzimləyən maddi hüquq normalarının tələbi müvafiq sahəvi qanunvericilikdə aşağıdakı qaydada tənzim edilmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks- kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş, xəsarət almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2- ci maddəsi xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Bununla əlaqədar qeyd etmək istəyirlər ki, “Kompensasiyanın təyin edilməsi üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq komissiyasının” 392 nömrəli iclas protokoluna əsasən istefada olan kapitan X1 xidməti vəzifələrinin icrası zamanı partlayış travması nəticəsində hərbi xidmətdən istefaya buraxılması hadisəsinə görə verilmiş ərizəyə baxılmışdır. Komissiyanın qərarına əsasən kapitan İddiaçı aldığı xəsarət onun xidməti vəzifələrinin icrası ilə əlaqəli olması və ona kompensasiya ödənilməsi qərar alınmışdır. Digər tərəfdən iddiaçının müraciətinə N nömrəli hərbi hissədə baxılmış, “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının həyat və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına 5 illik sığorta təminatı məbləğində sığorta olunması qeyd edilsə də, buna görə sığortaçıya ödənilməli olan sığorta haqqının miqdarı və ödəniş qaydası müəyyən edilmədiyi üçün tələb olunan sığorta məbləğinin ödənilməsinin mümkün olmadığı bildirilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7211/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Müdafiə Nazirliyi ilə sığorta müqaviləsinin olmamasını əsas gətirərək, iddianı təmin etməmişdir. Halbuki, iddiaçının 5 illik pul təminatı məbləğində sığortalanmış olması qanunla təsbit edilmişdir. Odur ki, belə bir müqavilənin olmamasına görə iddiaçı məsuliyyət daşımır, cavabdeh isə sığorta ödənişini ödəmək məsuliyyətindən azad edilmir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
11. Məhkəmənin ötən iclasında iştrak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər.
12. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası iclasın iddiaçının iştirakı olmadan keçirilməsini mümükün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
14. ““Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. Maddə 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. Maddə 20.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. Maddə 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. Maddə 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Maddə 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.
18. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərar ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarətləri almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks - kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi" Qaydaları: Maddə 1.1. Bu Qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına (bundan sonra əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydasını müəyyən edir. Maddə 2.2. Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Maddə 2.4. Kompensasiya ödənilməsi üçün xidməti vəzifələrin icrası zamanı xəsarət alma (həlak olma) aşağıdakı halları nəzərdə tutur: a) döyüş əməliyyatlarında iştirak zamanı; b) hərbi nizamnamə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifə borclarının yerinə yetirilməsi zamanı; c) döyüş növbəsinin (döyüş xidmətinin) aparılması zamanı; ç) verilmiş əmir və tapşırıqların yerinə yetirilməsi zamanı; d) xidmət yerində olan zaman; e) xidməti ezamiyyətdə olan zaman; ǝ) xidmət yerinə, müalicəyə gediş-gəliş zamanı; f) hərbi toplanışlar keçən zaman: g) müvafiq qanunvericiliklə müəyyən edilmiş hallar istisna olunmaqla əsir düşmüş və girov götürülmüş zaman; h) vətəndaş həyatını, sağlamlığını, vicdanını və ləyaqətini müdafiə edən zaman; x) hüquq mühafizə orqanlarına kömək edən zaman. Maddə 2.5. kompensasiya ödənilməsi üçün xidməti vəzifələrinin icrası zamanı aşağıdakı hallarda alınan xəstəlik nəzərdə tutulur: a) döyüş şəraitində olan zaman; b) döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində olan dövürdə kəşfiyyat və əkskəşfiyyatla bağlı vəzifələri yerinə yetirən zaman; ç) müvafiq qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla əsir düşmüş, girov götrülmüş zaman. Maddə 3.1. kompensasiya kəşfiyyat və əks-kəşfiyyat subyekti rəhbəri tərəfindən tərkibinə kadr, maliyyə, tibb və hüquq struktur bölmələrinin nümayəndələri daxil olan və əmrlə yaradılmış kompensasiyanın təyin edilməsi üzrə komissiya tərəfindən qəbul edilmiş müvafiq qərar əsasında ödənilir. Komissiya kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti subyekti rəhbərinin müavinlərindən biri sədrlik edir 19.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
15. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
17. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
18. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Kəşfiyyat və əks - kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks - kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçusu kimi həyatının və sağlamlığının sığortalanması ilə əlaqədar qanunla təsbit olunmuş 5 illik pul təminatı məbləğində sığorta edilmədiyinə görə 57474 manat məbləğində dəymiş maddi ziyanın məbləğinin cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdeh orqan isə bildirir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının həyat və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına 5 illik sığorta təminatı məbləğində sığorta olunması qeyd edilsə də, buna görə sığortaçıya ödənilməli olan sığorta haqqının miqdarı və ödəniş qaydası müəyyən edilmədiyi üçün tələb olunan sığorta məbləğinin ödənilməsinin mümkün olmamışdır.
20. Birinci instansya məhkəməsi iddiaçının tələbini təmin etməyərək hesab etmişdir ki, “...iddiaçı qanunla ona verilən bu hüquqdan istifadə etməmiş, "xxxx" Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə “Sığortalı” Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında bağlanmış “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” 01 yanvar 2019-cu il tarixli müqavilə şərtlərinə əsasən Dövlət Sığorta Şirkəti tərəfindən yuxarıda qeyd olunan əsaslarla hərbi qulluqçu kimi ona ödənilən 6600 manat məbləğində sığorta haqqını qəbul etməklə, qeyd olunan müqavilə şərtləri ilə razı olduğunu göstərmişdir.”
21. Belə ki, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunun 20.11-ci maddəsində Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığının 5 illik pul təminatı məbləğində sığortalanmasını nəzərdə tutulur. Lakin bu Qanunun praktiki icrası üçün tələb olunan normativ hüquqi aktlar, metodiki göstərişlər və prosedur qaydaları qəbul edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünun, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2021-ci ildə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya əlillik təyin ediləndən sonra yəni, 03 dekabr 2021-ci ildə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa 2.1.3-cü maddə əlavə edilib və həmin maddəyə əsasən barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərsığortaolunanlar hesab edilib. Həmin Qanunun 5-ci maddəsində sığorta məbləğinin dəyəri və qaydası öz əksinin tapıb.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı artıq "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun tələbləri əsasında 6600 manat sığorta məbləği almışdır.
23. Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və bədən xəsarəti alımış kəşfiyyat subyekti əməkdaşlarına və onların ailəsinə kompensasiyanın verilməsi” Qaydalarının 1.1-ci maddəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona 3 illik pul təminatı məbləğində pul təminatı kompensasiyası ödənilir. Həmin Qaydalarda kəşfiyyat fəaliyyətinin subyektlərinə əlavə sığorta məbləğinin ödənilməsi barədə hər hansı bir müddəa mövcud deyil.
24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan Qaydalara əsasən Müdafiə Nazirliyi tərəfindən iddiaçıya 3 illik pul kompensasiyası da ödənilib. 25.Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi normativ-hüquqi aktları qəbul edən deyil, onları icra edən bir qurumdur. Sığorta ödənişləri üçün tələb olunan mexanizmlər Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir. Göründüyü kimi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsində nəzərədə tutulmuş 5 illik pul təminatı məbləğində sığorta olunması üçün əlavə qaydalar müəyyən edilməyib. Belə olduğu tədqirdə məhkəmə kollegiyası belə qanaətə gəlir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsində nəzərdə tutulmuş 5 illik pul təminatı barədə sığortanın əvəzi olaraq ödənilməli olan sığorta ödənişi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi əsasında həyata keçirilməlidir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, 5 illik pul təminatı barədə sığorta məbləği sığorta hadisəsi baş verdiyi tədqirdə həmin vəsaitin hamısının sığortalıya ödənilməsini özündə ehtiva etmir.
26. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin iddiaçıya ünvanladığı 23 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, Müdafiə Nazirliyi ilə Dövlət Sığorta Kommersiya Şirkəti arasında başqa sığorta (hərbi qulluqçuların dövlət icbari sığortası ilə bağlı müqavilənin olması ehtimal olunur) müqaviləsi bağlanmış və həmin müqavilədə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsində nəzərdə tutulmuş sığorta ilə bağlı hər hansı bir müddəa öz əksini tapmamışdır.
27. İddiaçıya 6.600 manat sığorta ödənişinin verilməsi onun hərbi qulluqçu, daha doğrusu Qanunun 2.1.3-cü maddəsində göstərilmiş kəşfiyyat və əks-kəşfiyyat subyekti kimi icbari qaydada sığortalanmasına dəlalət edir.
28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
29. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
30. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7211/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7211/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.