Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4450/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 Üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə1 Ucar oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin ödəyiciyə qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi və s. tələbinə dair Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, e-2-1(112)- 12738/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, **********786200 saylı, xx.xx.2025-ci il tarixli, **********786200 saylı və xx.xx.2025-ci il tarixli, **********309200 saylı “Yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında Qərar”larının ləğv edilməsi və xx.xx.2022-ci il tarixli, 0224 saylı, xx.xx.2022-ci il tarixli, 0225 saylı və xx.xx.2022-ci il tarixli, 0226 saylı müqavilələr üzrə ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin ödəyiciyə qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-dan xx.xx.2022-ci il tarixli, 0224 saylı müqaviləyə əsasən ƏDV daxil olmaqla 77 483,00 manat ödəməklə ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Kompleksinin 6-cı binasında, 6-cı blok, 7ci mərtəbə, 1 saylı 1 otaqlı mənzili, xx.xx.2022-ci il tarixli, 0225 saylı müqaviləyə əsasən ƏDV daxil olmaqla 77 483,00 manat ödəməklə ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Kompleksinin 6-cı binasında, 6-cı blok, 8-ci mərtəbə, 6 saylı 1 otaqlı mənzili və xx.xx.2022-ci il tarixli, 0226 saylı müqaviləyə əsasən ƏDV daxil olmaqla 76 012,00 manat ödəməklə ünvan 2 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Kompleksinin 11-ci binasında, 11-ci blok, 7-ci mərtəbə, 6 saylı 1 otaqlı mənzili almışdır. Qeyd olunan mənzillərin alğı-satqısına görə tərəfindən müvafiq olaraq xx.xx.2022-ci il tarixli, 0224 saylı müqavilə üzrə 11 819.44 manat ƏDV məbləği, xx.xx.2022-ci il tarixli, 0225 saylı müqavilə üzrə 11 819.44 manat ƏDV məbləği və xx.xx.2022-ci il tarixli, 0226 saylı müqavilə üzrə isə 11 595.05 manat ƏDV məbləği ödənilmişdir. Tərəfindən mənzillərə görə ödənişlər tam edildikdən və satıcıdan maliyyə arayışı əldə edildikdən sonra tələb edilən sənədlərlə “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na uyğun olaraq DVX-nə müvafiq ƏDV məbləğlərinin qaytarılması ilə bağlı müraciət edildi. ƏDV məbləğlərinin qaytarılması ilə bağlı müraciətlərə cavab olaraq cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, **********786200 saylı, xx.xx.2025-ci il tarixli, **********786200 saylı və xx.xx.2025-ci il tarixli, **********309200 saylı Qərarlara əsasən ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir. İmtina qərarlarında eyni əsasa, tərəfindən ƏDV daxil ödənişlərin satıcının bank hesabına ödənildiyi və bunun Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənilməli və Qaydanın 5.2-ci bəndinə əsasən bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməlidir kimi tələblərinə uyğun olmadığı qeyd edilmişdir. Bütün ödənişlər satıcının müvafiq bank hesabına nağdsız qaydada, təyinatda alıcının ad-soyadı və müqavilə məlumatları qeyd edilməklə ödənilmişdir. Bundan başqa satıcı "xxxx" MTK tərəfindən təqdim edilmiş arayışlarda “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçirilən dövrdə eqaimə göndərilməsi tələbi olmadığından e-qaimə təqdim edilmədiyi, buna baxmayaraq MTK-ya tərəfindən ödənilmiş ƏDV daxil məbləğlərin ƏDV məbləğləri müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edildiyi və yaranmış vergi öhdəliyinin ödənildiyi qeyd edilmişdir. Göründüyü kimi, alıcı olaraq tərəfindən əsas məbləğlər və ƏDV məbləğləri satıcının bank hesabına nağdsız qaydada ödənilmiş və satıcı tərəfindən ƏDV üzrə vergi öhdəliyi cavabdeh qurum qarşısında tam olaraq icra edilmişdir. Bu səbəbdən cavabdehin imtina barədə qərarları tam qanunsuz və əsassız olduğundan ləğv edilməli və ƏDV məbləğlərinin qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, e-2-1(112)-12738/2025 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia ərizəsi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, artıq bu tip işlər üzrə ödənişlərin qaydası müzakirə obyekti olmalı deyil, çünki müvafiq tələbləri konkret müəyyən edən Qaydalar mövcuddur. Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-ödəyicisi olmalıdırlar. ƏDV ödəyicisi o deməkdir, yəni konkret ƏDV hesabı olmalıdr. Ali Məhkəmənin bu tip işlər üzrə iki formalaşmış mövqeyi mövcuddur: 1 - əgər portal fəaliyyət başlayanədək bütün məbləğlər bir hesab ödənilmişdirsə onda ƏDV qaytarılmalıdır. 2 - əgər ödənişlər davamlı xarakter daşıyırsa onda Qaydalar əsas götürülür. Hazırda da ödənişlər iddiaçı tərəfindən davamlı olaraq ödənilmiş və ƏDV depotizinə köçülmə edilməmişdir. Qanuni bilməmək şəxsi məsuliyyətdən azad etmir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə1 Ucar oğlu izahatında məhkəməyə bildirdi ki, şəxs ödənişləri edərkən yeni Qaydalardan xəbərsiz olub, ona görə tam məbləğdə "xxxx" Mənzil Tikinti Kooperativinin hesabına etmişdir. Qaydaları nəzərə almayan birinci instansiya məhkəməsinin qərarı ilə vətəndaşın mülkiyyət hüquqlarını və bərabərlik prinsipini pozur. Hissəvi ödənişlər Qaydaların tələblərində öz əksini tapmışdır. Hazırda bu işlər üzrə məhkəmə praktikasında formal-şablon bir mövqe formalaşıb, cavabdeh tərəf də bundan sui istifadə edir. Eyni zamanda qismən ödənişlərlə bağlı isə formalaşmış bir mövqe hələki yoxdur. Sadəcə bir neçə Ali Məhkəmənin qərarlarına əsaslanılır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar görünür: - 07 may 2022-ci il tarixli 0224 saylı payçı müqaviləsində qeyd edilmişdir ki, İddiaçı ilə "xxxx" MTK arasında ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 6-cı binasında, 6-cı blok, 7-ci mərtəbə, 1 saylı, 1 otaqlı mənzili tikib və “Payçı”-nın mülkiyyətinə verilməsinə dair müqavilə bağlanılmış, müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 77483 manat təşkil edir. - 07 may 2022-ci il tarixli 0225 saylı payçı müqaviləsində qeyd edilmişdir ki, İddiaçı ilə "xxxx" MTK arasında ünvan 3 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Kompleksinin 6-cı binasında, 6-cı blok, 8-ci mərtəbə, 6 saylı, 1 otaqlı mənzili tikib və “Payçı”-nın mülkiyyətinə verilməsinə dair müqavilə bağlanılmış, müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 77483 manat təşkil edir. - 07 may 2022-ci il tarixli 0226 saylı payçı müqaviləsində qeyd edilmişdir ki, İddiaçı ilə "xxxx" MTK arasında ünvan 3 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Kompleksinin 11-ci binasında, 11-ci blok, 7-ci mərtəbə, 6 saylı, 1 otaqlı mənzili tikib və “Payçı”-nın mülkiyyətinə verilməsinə dair müqavilə bağlanılmış, müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 76012 manat təşkil edir. - 06 may 2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən “Avant Park” layihəsinin 6-cı binasında, 6-cı blok, 8-ci mərtəbə, 6 saylı, 1 otaqlı, 49.04 kv.m. mənzil "xxxx" MTK- ya məxsusdur. 07 may 2022 tarixli, 0225 saylı Payçı müqaviləsinə əsasən 6-cı bina, 6-cı blok, 8-ci mərtəbə, 6 saylı, 1 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. - 06 may 2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən “Avant Park” layihəsinin 6-cı binasında, 6-cı blok, 7-ci mərtəbə, 1 saylı, 1 otaqlı, 49.04 kv.m. mənzil "xxxx" MTK- ya məxsusdur. 07 may 2022 tarixli, 0224 saylı Payçı müqaviləsinə əsasən 6-cı bina, 6-cı blok, 7-ci mərtəbə, 1 saylı, 1 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. - 06 may 2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən “Avant Park” layihəsinin 11-ci binasında, 11-ci blok, 7-ci mərtəbə, 6 saylı, 1 otaqlı, 49.04 kv.m. mənzil "xxxx" MTK-ya məxsusdur. 07 may 2022 tarixli, 0226 saylı Payçı müqaviləsinə əsasən 11-ci bina, 11-ci blok, 7-ci mərtəbə, 6 saylı, 1 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. - “Avant Group" MTK-nin xx.xx.2025-ci il tarixli 141 və 140 saylı arayışlarında qeyd edilmişdir ki, “ ... “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə tərəfinizdən ödənilən ƏDV daxil 77 483 manat məbləğin 11819.44 ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişinizə uyğun tərəfimizdən təkrar elektron qaimə-fakturanın doldurularaq, təsdiq edilməsi mümkün deyildir. X1 Xidmətinə təqdim etmək üçün təqdim edilir..” - “Avant Group" MTK-nin xx.xx.2025-ci il tarixli, 142 saylı arayışında qeyd edilmişdir ki, “ ... “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə tərəfinizdən ödənilən ƏDV daxil 76012 manat məbləğin 11595.05 manat ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişinizə uyğun tərəfimizdən təkrar elektron qaiməfakturanın doldurularaq, təsdiq edilməsi mümkün deyildir.” - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ 05 iyun 2025-ci il tarixli, **********786200 saylı qərarında qeyd edilmişdir ki, “İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Alıcı İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli elektron ərizəyə 0225 nömrəli alqı-satqı müqaviləsi və ödəniş sənədləri əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənilməli və Qaydanın 5.2-ci bəndinə əsasən, bank sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın-tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli elektron ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməməsi qərara alınmışdır.” - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ 05 iyun 2025-ci il tarixli, **********786200 saylı qərarında qeyd edilmişdir ki, “İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Alıcı İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli elektron ərizəyə 0226 nömrəli alqı-satqı müqaviləsi və ödəniş sənədləri əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənilməli və Qaydanın 5.2- ci bəndinə əsasən, bank sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın-tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli elektron ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməməsi qərara alınmışdır.” - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ 20 iyun 2025-ci il tarixli, **********309200 saylı qərarında qeyd edilmişdir ki, “İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Alıcı İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli elektron ərizəyə 0224 nömrəli alqı-satqı müqaviləsi və ödəniş sənədləri əlavə edilmişdir. Lakin təqdim edilmiş sənədlərin araşdırılması zamani müqavilə üzrə mənzilin tam dəyərinin (cəmi 77483.0 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin tam şəkildə təqdim edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli **********529400 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göbdərilmişdir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli elektron ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməməsi qərara alınmışdır.” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 saylı Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”: “ ... 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir.”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən yaşayış sahələrinin dəyərinin tam ödənilməsi işin mübahisələndirilməyən hallarındandır. Lakin iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, ödənişlərin icrası müqavilələrin bağlandığı tarixdən başlanmış, 2025-ci ilin may ayınadək hissə-hissə davam etmiş və iddiaçı tərəfindən mənzillərin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, satıcının hesabına ödənilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində olan məlumatdan, eləcə də iş materiallarında əlavə edilmiş Dövlət Vergi Xidmətinin məktubundan müəyyən edilir ki, ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsini tənzimləyən elektron portal xx.xx.2022-ci il tarixdə istifadəyə verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mənzillərin dəyəri ilə bağlı ödənişlərin əsas hissəsi portal istifadəyə verildikdən sonra həyata keçirilmiş, lakin ödənişlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması Şərtləri və Qaydası”na uyğun olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Qaydaların tələbinə əsasən iddiaçı tərəfindən digər sənədlərlə yanaşı xx.xx.2022-ci ildən başlayaraq alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəmək imkanı olmuş, lakin həmin məbləğlərin ödənişi Qaydaya uyğun aparılmamış, məbləğlərin tam hissəsi nəticə etibarilə alıcının bank hesabına ödənilmişdir. İddiaçı tərəfindən ödəniş Qaydalara uyğun aparılmadığından onun iddiası əsaslı iddia hesab edilərək təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, e-2-1(112)-12738/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-4450/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4450/2025
18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver