Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4451/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5506/2025 nömrəli 28 iyul 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 3 ünvanında yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıya məxsus olduğu üçün Bakı şəhəri Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə dair Qiymətləndirmə Hesabatı verilmiş və 14 oktyabr 2004-cü il tarixdə həmin qurumun rəhbəri olan A.X.Qaraşov tərəfindən təsdiq edilmişdir. Həmin qurum mülkiyyət hüquqlarının qeydiyyat idarəsi olduğu üçün hesab edir ki, əslində iddiaçının mülkiyyət hüquqlarının ilkin qeydiyyatı aparılmışdır. Belə olan halda hesab edir ki, həmin sənəd hüquqmüəyyənedici sənəd kimi tanınmalı və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində iddiaçının mülkiyyət hüquqları tanınaraq qeydiyyata alınmalıdır. Belə ki, eyni ərazidə və qonşu tikililərə mülkiyyət hüququ cavabdeh tərəfindən dövlət qeydiyyatına alınmışdır. İddiaçı göstərilənlərə əsasən cavabdehin imtinasını əsassız hesab edilməklə, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman fərdi yaşayış evinin ümumi sahəsinin 137,8 kv.m, torpaq sahəsinin 0,0281 ha olduğu müəyyən edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati 2-1(112)-5506/2025 nömrəli 28 iyul 2025-ci il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə hesab etmişdir ki, mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını arzulayan iddiaçı öz iddia ərizəsində cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində onun hüquqlarının pozulması hallarını göstərməmişdir. Həmçinin məhkəmə əsassız olaraq hesab etmişdir ki, guya cavabdeh tərəfindən iddiaçının hüquqları sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5506/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və iddia tələbi mümkün sayılaraq baxılmalıdır. Cavabdeh orqan hesab edir ki, guya iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Bildirir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıya məxsus olduğu üçün Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə dair qiymətləndirmə hesabatı verilmiş və 14 oktyabr 2004-cü il tarixdə həmin qurumun rəhbəri olan A.X.Qaraşov tərəfindən təsdiq edilmişdir. Həmin qurum mülkiyyət hüquqlarının qeydiyyat idarəsi olduğu üçün hesab edir ki, əslində iddiaçının mülkiyyət hüquqlarının ilkin qeydiyyatı aparılmışdır. Belə olan halda hesab edir ki, həmin sənəd hüquqmüəyyənedici sənəd kimi tanınmalı və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində iddiaçının mülkiyyət hüquqları tanınaraq qeydiyyata alınmalıdır. Həmçinin cavabdeh orqan qeyd edir ki, əlavə elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinə 7 metrlik məsafədən 277 mm-lik orta təzyiqli yeraltı qaz xətti keçməklə yanaşı ərazi qərb tərəfdən qəbiristanlıqla həmsərhəddir. Qeyd edilir ki, cavabdeh orqanın bu mövqeyi tam olaraq həqiqəti əks etdirmir və əsassızdır. Əgər belə bir hal qanunvericiliyə zidd olsa idi, o zaman eyni ərazidə və qonşu tikililərə mülkiyyət hüququ verən çıxarışlar verilməzdi. Cavabdeh orqan belə bir çıxarış verməklə, əslində öz imtinasının əsassız olduğunu təsdiq edir. Həmçinin cavabdeh orqan qeyd edir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman sahənin faktiki ölçüsünün 281 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Əslində bu fakt özlüyündə həqiqət olsa da, heç nəyi dəyişmir. Ən azından faktiki sahə üzərində iddiaçının müraciəti təmin edilə bilərdi. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5506/2025 nömrəli 28 iyul 2025-ci il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu əsasla məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbinin mümkün sayılması üçün ilk növbədə iddiaçının hüquqlarının həqiqətən pozulub-pozulmadığı müəyyən edilməlidir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin “Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsi”nə dair hesabatdan görünür ki, İddiaçı Maştağa qəsəbəsi, ünvan 3 ünvanında yerləşən tikilinin sahibidir. İddia ərizəsindən də aydındır ki, iddiaçının tələbi - “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 3 ünvanında yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi”ndən ibarətdir. Birinci instansiya məhkəməsi iddianın mümkünsüz hesab edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını arzulayan iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində onun hüquqlarının pozulması hallarını göstərməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin gəldiyi nəticəni əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş hərtərəfli araşdırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş (məsələn: kompensasiya işlərində və s.) və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin reallaşacağına dair “legitim gözləntisi” olduğunu iddia edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Hazırki işə münasibətdə qeyd edilməlidir ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 3 ünvanında yerləşən evə mülkiyyət hüququnun əldə edilməsi baxımından “legitim gözləntisi” açıq aşkar bəlli olmasa da, sözügedən evdə yaşaması və həmin evdən təyinatı üzrə istifadəsi mübahisəsiz haldır. Şəxsin həmin yaşayış evində yaşaması və onun sahibliyində olması ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş , həmçinin cavabdeh inzibati orqanın arxivində saxlanılan “Maştağa bələdiyyəsinin 139 nömrəli 12 oktyabr 2004-cü il tarixli məktubu əsasında tərtib edilmiş Bakı şəhəri Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin “Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsi”nə dair hesabat”dan görünür ki, İddiaçı həmin ünvanda tikilmiş yaşayış evinin sahibidir. İddiaçının da iddiasının əsasında o durur ki, ona təqdim olunmuş Bakı şəhəri Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin “Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsi”nə dair hesabat vardır və ona əsasən hazırki ərizə ilə məhkəməyə müraciət edərək və hüquqlarının pozulduğunu iddia edərək onun bərpasını məhkəmədən tələb etməkdədir. Birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlsə də, iddiaçının sözügedən fərdi yaşayış evində yaşaması və ondan istifadəsi iş materialları ilə təsdiqini tapır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş hesabatla yanaşı, birinci instansiya məhkəməsində araşdırma zamanı məhkəməyə təqdim edilmiş 28 fevral 2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, fərdi yaşayış evinin ümumi sahəsi hüquqmüəyyənedici sənəd əsasında 26.0 m2, faktiki ümumi sahəsi isə 137.8 m2, torpaq sahəsi arxiv texniki pasportu ilə 0.02041 ha olsa da, faktiki sahəsi 0.0281 ha müəyyən edilmişdir. Aktda qeyd olunmuşdur ki, ərazidə bir ədəd bir mərtəbəli fərdi yaşayış evi mövcuddur, fərdi yaşayış evi kimi istifadə olunur. Mövcud fərdi yaşayış evinin otqalarından birinin (7saylı otaq) ölçüləri təqdim edilmiş arxiv sənədlərindəki otaqla uyğunluq təşkil etməsinə baxmayaraq, torpaq üzərində yerləşməsi fərqli olduğu üçün fərdi yaşayış evinin sökülməsi istisna deyildir. Ərazinin mövcud vəziyyətə uyğun baş planı, koordinatları və fərdi yaşayış evinin eskizi tərtib edilərək müayinə aktına əlavə olunmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikas Qanununda, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında iddiaçının təqdim etdiyi Bakı şəhəri Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin “Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsi”nə dair hesabat hüquqmüəyyənedici sənəd kimi qeyd edilməsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin sənəd əsasında iddianın mümkünlüyünün yoxlanılaraq iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlinməsi və bu cür qiymətləndirməsi doğru deyildir. İddiaçının sözügedən ünvanda yerləşən fərdi yaşayış evində yaşaması və hesabatda da qeyd edildiyi kimi həmin tikilinin sahibi olması onun subyektiv hüququnun olması anlamına gəlir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərə, mümkünlüyün elementlərinə düzgün qiymət verilmədən iddiaçının subyektiv hüququ yoxdur qeyd edilməklə işə mahiyyəti üzrə baxılmasından imtina əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-i maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: ....... ; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, qərardadda əks olunan hüquqi mövqelər nəzərə alınaraq iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5506/2025 nömrəli 28 iyul 2025-ci il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-4451/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4451/2025
03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver