Məhkəmə qərarları › İş №2-1(103)-4455/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4455/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4455/2025 17.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2-1(112)-2472/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2472/2025 saylı qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. N saylı hərbi hissə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmri ilə 44 günlük Vətən Müharibəsində döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissə hesab edilir. Vətən Müharibəsi dövründə o döyüş əməliyyatının döyüş təminatı ilə məşğul olmuşdur. Lakin ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. O, xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərimin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi barədə göstəriş verilməsini xahiş etdi. Lakin müraciəti bu günə qədər cavabsız və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmaması imtina kimi qiymətləndirir. İmtinanı isə əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci hissəsinin 11-ci abzasında göstərilən sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasım, hazırlanması və ya idarə edilməsini həyata keçirilmiş, habelə hərbi aviasiya, hava hücümundan müdafiə, radioelektron kəşfiyyat və mübarizə, pilotsuz uçan aparatlar, raket və artileriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilməsi göstərilir. Azərbaycan Respublikası Müdafiə Nazirin»n xx.xx.2021-ci il tarixli, N saylı əmri ilə verilməsi üçün meyarlar müəyyən edilmişdir. Həmin əmrin 3-cü bəndində 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Hərbi Aviasiya Hava Hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində (bu hissədə döyüş əməliyyatlarının aparıldığı ərazilərə daxil olmadan həmin əməliyyatlarda iştirak etmiş hərbi qulluqçular nəzərdə tutulur) həmin döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara müharibə adı verilməsi şərtləndirilir. O isə pilotsuz uçan aparatların döyüşdə istifadə edilməsi üçün hazırlanmasında iştirak etmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmiş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi və ya hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsidir. Döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmə dedikdə şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat üzrə tapşırıqları icra etməsi nəzərdə tutulur. Hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmə dedikdə şəxsin vəzifəsinə uyğun olaraq ixtisas bilik, bacarıqları və səlahiyyətləri çərçivəsində döyüş əməliyyatlarında iştirak edən bölmələrə döyüş təminatı ilə əlaqədar məlumatların ötürülməsi, əməliyyatların planlaşdırılması və idarə edilməsi nəzərdə tutulur. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi; Hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində digər ərazilərdə əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissənin tərtib etdiyi arayış-məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman Yevlax rayonunda xidmət etmiş (8-ci bənd), həmin dövrdə döyüş əməliyyatları ilə əlaqədar hər hansı fəaliyyət növü ilə məşğul olmamışdır (9-cu bənd). Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı barəsində təqdim edilmiş arayış-məlumatın 3-cü, 6-cı və 8-ci bəndlərində göstərilən hərbi hissə komandirinin döyüş əmrindən çıxarışının olmamasına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 saylı Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2-1(112)-2472/2025 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia təmin edilmiş, İddiaçı “Müharibə veteranı” statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2-1(112)-2472/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayəti iddiaya etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, onunla bir xidmət edən əsgər yoldaşına veteran adı verilib. Halbuki, iddiaçı pilotsuz uçan aparatların döyüşdə istifadə edilməsi üçün hazırlanmasında iştirak etmiş, digər adını çəkdiyi şəxs isə hamamçı idi. Hazırda cavabdeh qurum ona münasibətdə ərazi meyarını əsas tutaraq veteran adını verməkdən imtina etmişdir. Bu səbəbdən birinci instanasiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 44 günlük “Vətən müharibəsi” zamanı hərbi hissənin döyüş əməliyyatlarına cəlb olunmamışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatları zamanı hərbi hissə komandirinin müvafiq döyüş əmrlərində hərbi qulluqçu barədə qeyd yoxdur. 44 günlük “Vətən müharibəsi” zamanı əsgər İddiaçı Yevlax rayonunda yerləşən X7 taborunun qərargah və təchizat bölüyünün avtomobil-təmir tağımının aerodrom-istismar və təmir manqasının quraşdırıcı vəzifəsində günün nizam qaydasına uyğun olaraq taborun gündəlik fəaliyyəti üzrə xidmətini davam etdirib. Sorğusu verilən (şikayət edən) tərxis (ehtiyyata buraxılmış) olunmuş və hal-hazırda xidmət edən hərbi qulluqçular barədə arayış məlumat hazırlanıb “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi komissiyasına rəy verilməsi üçün təqdim oluna bilər. Veteranlığın və vəsiqənin verilməsi HHQ-nin və MN-nin veteranlıq komissiyasında Nazirlər Kabinetinin tələb etdiyi meyarlara uyğun olaraq arayış məlumat təsdiqlənir (və yaxud təsdiqlənmir). - Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin xx.xx.2020-ci il tarixli, 228 saylı əmrdən olan çıxarışda qeyd edilmişdir ki, İddiaçı müddətli həqiqi hərbi xidmət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumlarından gəldiyinə görə, 18 iyul 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi və bütün növ təminatlara qoyulması, “əsgər” hərbi rütbəsi verilməklə - qərargah və təchizat taqımının aerodrom-istismar və təmir manqasının quraşdırıcısı vəzifəsinə təyin olunması əmr edilmişdir. - Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin xx.xx.2021-ci il tarixli, 20 saylı əmrdən olan çıxarışda qeyd edilmişdir ki, qərargah və təchizat bölüyünün avtomobil-təmir taqımının aerodrom-istismar və təmir manqasının quraşdırıcısı olan əsgər İddiaçı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular qanunvericiliklə nəzərdə tutulmuş hərbi xidmət müddətlərini başa vurduqlarına görə 01 iyul 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, ərzaq və əşya təminatından, 31 iyul 2021-ci il tarixdən isə pul təminatından çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumlarına göndərilməsi əmr edilmişdir. - Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin birinci instansiyası məhkəməsinə ünvanlandığı xx.xx.2024-ci il tarixli, 1570 saylı məktubunda qeyd edilmişdir ki, N saylı hərbi hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 44 günlük “Vətən müharibəsi” zamanı hərbi hissənin döyüş əməliyyatlarına cəlb olunmamışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatları zamanı hərbi hissə komandirinin müvafiq döyüş əmrlərində hərbi qulluqçu barədə qeyd yoxdur. - Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin birinci instansiyası məhkəməsinə ünvanlandığı xx.xx.2024-ci il tarixli, 1745 saylı məktubunda qeyd edilmişdir ki, N saylı hərbi hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 44 günlük “Vətən müharibəsi” zamanı hərbi hissənin döyüş əməliyyatlarına cəlb olunmamışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatları zamanı hərbi hissə komandirinin müvafiq döyüş əmrlərində hərbi qulluqçu barədə qeyd yoxdur. - Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin birinci instansiyası məhkəməsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli, 3-25-236/2-177/2025 saylı məktubunda qeyd edilmişdir ki, N saylı hərbi hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 44 günlük “Vətən müharibəsi” zamanı hərbi hissənin döyüş əməliyyatlarına cəlb olunmamışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatları zamanı hərbi hissə komandirinin müvafiq döyüş əmrlərində hərbi qulluqçu barədə qeyd yoxdur. 44 günlük “Vətən müharibəsi” zamanı əsgər İddiaçı qərargah və təchizat tağımının aerodrom-istismar və təmir manqasının quraşdırıcı vəzifəsində günün nizam qaydasına uyğun olaraq gündəlik fəaliyyəti üzrə xidmətini davam etdirib. Qeyd: 44 günlük “Vətən müharibəsi”ndən sonra 2021-ci ildə xidməti zərurətlə əlaqədar olaraq hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən Şəmkir rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilib. - Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin birinci instansiyası məhkəməsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli, 3-25-236/2-378/2025 saylı məktubunda qeyd edilmişdir ki, N saylı hərbi hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 44 günlük “Vətən müharibəsi” zamanı hərbi hissənin döyüş əməliyyatlarına cəlb olunmamışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatları zamanı hərbi hissə komandirinin müvafiq döyüş əmrlərində hərbi qulluqçu barədə qeyd yoxdur. 44 günlük “Vətən müharibəsi” zamanı əsgər İddiaçı qərargah və təchizat tağımının aerodrom-istismar və təmir manqasının quraşdırıcı vəzifəsində günün nizam qaydasına uyğun olaraq gündəlik fəaliyyət üzrə xidmətini davam etdirib. Qeyd: 44 günlük “Vətən müharibəsi” zamanı Salyan rayonu Çuxanlı kəndi ərazisində yerləşən aerodromdan uçuş və qeyri uçuş əməliyyatları keçirilməmişdir və aerodromun fəaliyyəti olmayıb. - Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin xx.xx.2025-ci il tarixli, 3-25-236/2- 601/2025 saylı əmrdən olan çıxarışda qeyd edilmişdir ki, N saylı hərbi hissənin sabiq hərbi qulluqçuları X5.X3, X8, X4, X1 müharibə veteranı adının verilib-verilməməsi barədə hərbi hissədə qeydiyyat yoxdur. (Veteranlığın alınıb-alınmamsı e-Sosial.gov.az saytından Zəfər altsistemində yoxlamaq mümkündür). N nömrəli hərbi hissənin hərbi qulluqçuları X2 və X9 müharibə veteranı adı və vəsiqəsi ilə Nazirlər Kabineti tərəfindən təltif olunublar. N nömrəli hərbi hissənin hərbi qulluqçuları X2, X9 və sabiq hərbi qulluqçular X6, X5, X8 44 günlük vətən müharibəsində hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli №066 nömrəli məxfi əmrinə əsasən tam heyyətin tərkibində döyüş əməliyyatlarında iştirak ediblər. (Əmr məxfi olduğundan surəti çıxarılmadı). Qeyd: 44 günlük vətən müharibəsində İddiaçı tam heyətin tərkibində döyüş əməliyyatlarına cəlb olunmayıb. - Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 4/2-3686/25 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin 4 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N və N saylı hərbi hissələr N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. - Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-25-14/2-4400/2025 saylı məktubunda qeyd edilmişdir ki, vətəndaş X9 döyüş əməliyyatları zamanı baş çavuş rütbəsində N saylı hərbi hissənin ərzaq anbar rəisi vəzifəsində xidmət etmişdir və “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. Təqdim olunan siyahıya əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vətəndaşlara “Müharibə veteranı” adı verilmiş və tərəfimizdən “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq təqdim edilmişdir. “Müharibə veteranı” adının verilməsinə əsas olmuş sənədlər bizim ünvana geri qaytarılımır, Azərbaycan Respublikasının Nazirlər Kabinetində saxlanılır. Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” 22 sentyabr 1995-ci il tarixli, 216 saylı Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli, 420 saylı Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 10 və 11-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndinə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün məcburidir: şəxsin xidmət keçməsi; bunun müvafiq sənədlərdə - hərbi biletlə yanaşı hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışında əks olunması. İddiaçının döyüş əməliyyatlarında iştirakı iş materialları ilə öz təsdiqini tapmışdır. Hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Birinci instansiyası məhkəməsi tərəfindən iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat olmadığı müəyyən edilmişdir (bu hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir). İş materiallarında olan sənədlərdən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin xx.xx.2020-ci il tarixli 228 nömrəli əmrinə əsasən İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyulmuşdur. Vəzifəsi qərargah və təchizat taqımının aerodrom-istismar və təmir manqasının quraşdırıcısı. Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin xx.xx.2021-ci il tarixli 20 nömrəli əmrinə əsasən, qərargah və təchizat bölüyünün avtomobil-təmir taqımının aerodromistismar və təmir manqasının quraşdırıcısı əsgər İddiaçı 01 iyul 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, ərzaq və əşya təminatından, 31 iyul 2021-ci il tarixdən isə pul təminatından çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumlarına göndərilmişdir. N nömrəli Hərbi Hissə tərəfindən verilmiş Arayışda qeyd edilmişdir ki, İddiaçı “Vətən müharibəsi” zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə qərargah və təchizat taqımının aerodrom-istismar və təmir manqasının quraşdırıcısı vəzifəsində çalışmışdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası müdafiə nazirinin 4 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N və N nömrəli hərbi hissələr N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. Beləliklə, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissənin tərkibində qərargah və təchizat taqımının aerodrom-istismar və təmir manqasının quraşdırıcısı kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmiş, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla buraxılması haqqında məlumat mövcud olmaqla hərbi xidmət yerini özbaşına tərk etməmiş, həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilibedilməsi, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının faktiki vəziyyəti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndindəki dispozisiya şərtinə (2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər) uyğun gəlir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı məhkəmə iclasında istinad etdiyi X9 döyüş əməliyyatları zamanı baş çavuş rütbəsində N nömrəli hərbi hissənin ərzaq anbar rəisi vəzifəsində xidmət etmiş və ona Müdafiə Nazirliyi tərəfindən “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq təqdim edilmişdir. İddiaçıya münasibətdə isə cavabdeh orqanın mövqeyi - iddiaçı X7 taborunun qərargah və təchizat bölüyünün avtomobil-təmir tağımının aerodrom-istismar və təmir manqasının quraşdırıcı vəzifəsində günün nizam qaydasına uyğun olaraq taborun gündəlik fəaliyyəti üzrə xidmət etdiyindən ona “Müharibə veteranı” adı və vəsiqənin verilməsi mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər və bu səbəbdən yolverilən hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2-1(112)- 2472/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2-1(112)- 2472/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar