Məhkəmə qərarları › İş №2-1(103)-4459/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4459/2025

03.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4459/2025 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair işi üzrə Açar sözlər: (yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı İddiaçı ##.##.1960-cı il təvəllüdlüdür. ##.##.1978-ci il tarixdən doldurulmağa başlamış ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ##.##.1977-ci ildən ##.##.1980-ci il tarixədək Bakı Tara-təmir müəssisəsində müxtəlif peşələrdə işləmiş, ##.##.1980-ci ildə hərbi xidmətə göndərildiyinə görə işdən azad edilmiş, ##.##.1980-ci ildən ##.##.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, ##.##.1983-cü ildən ##.##.1992-ci il tarixədək Dövlət Yanacaq Komitəsində müxtəlif peşələrdə, ##.##.1992-ci ildən ##.##.2007-ci il tarixədək “Azərağackağız” İdarəsində müxtəlif peşələrdə, ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək “xxxx” ASCdə mövsümi işçi olaraq ikinci dərəcəli əməliyyatçı işləmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, hüququ yarandığı ##.##.2025-ci il tarixdən (65 yaş) yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının pensiya təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) və pensiya kapitalı tələb olunan həddən (40320 manat) azdır. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı iddia tələbi ilə cavabdehin imtinasını mübahisələndirir Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1977-ci il tarixdən ##.##.1980-ci il tarixədək Bakı Tara-təmir müəssisəsində müxtəlif peşələrdə çalışmışdır. ##.##.1980-ci il tarixdən ##.##.1982-ci il tarixədək Sovet ordusunda hərbi xidmətdə olmuşdur. ##.##.1983- cü il tarixdən ##.##.1992-ci il tarixədək Dövlət Yanacaq Komitəsində müftəlif peşələrdə çalışmış, ##.##.1992ci il tarixdən ##.##.2007-ci il tarixədək “Azərağackağız” İdarəsində müxtəlif peşələrdə çalışmış, ##.##.2024-cü il tarixdən ##.##.2025-cü il tarixədək “xxxx” ASC-də çalışmışdır. Əmək fəaliyyətinə başladığı ##.##.1977-ci il tarixdən ##.##.2007-ci il tarixədək 30 il əmək stajı vardır. İşlədiyi bütün iş yerləri və hansı peşələrdə çalışdığı dəqiqliyi ilə əmək kitabçamda qeyd olunmuşdur. Yaşa görə əmək pensiyası almaq üçün tərəfindən Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin * saylı Bakı Dost Mərkəzinə müraciət olunmuşdur. Lakin Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ##.##.2025-ci il tarixli, *-**-*/*-**-*****/**** saylı məktubla iddiaçıya pensiya təyin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, adıçəkilən inzibati orqanın imtinası əsassızdır və formal xarakter daşıyır. Qeyd etdiyi kimi iddiaçının ##.##.2007-ci il tarixədək 30 il əmək stajı var və mövcud əmək stajı ona pensiya almaq hüququ verir. Lakin inzibati orqan müxtəlif bəhanələrlə onu pensiya almaq hüququndan məhrum etməyə çalışır. Arxiv məlumatlarında ##.##.1992-ci il tarixindan ##.##.2007-ci il tarixinədək ’’Azərağackağız" ATSC-də işləməsilə bağlı məlumatın tapılmaması iddiaçının günahı deyil. Əmək kitabçasında həmin müddətdə həmin ATSC-də işləməsilə bağlı qeydlər var. İnzibati orqan tərəfindən ona pensiya təyin olunması imtina olunduğundan iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçı İddiaçı Mərkəzi Filiala yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, onun ümumi sosial sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş məlumatlara və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.1980-ci il tarixindən ##.##.1982- ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla, cəmi sığorta stajı 14 il 1 ay 19 gün təşkil edir. Eyni zamanda, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixinədək 14 il 9 gün sığorta stajına uyğun olaraq 14132,25 manat, ##.##.2024cü il tarixindən ##.##.2024-cü il tarixinədək 119,40 manat olmaqla, ümumilikdə 14251,65 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ ##.##.2025-ci il tarixindən qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, ##.##.2025-ci il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalı 46080 manat, minimum əmək pensiyasının məbləği isə 320 manat müəyyən edilmişdir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bildirilir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1992- ci il tarixindən ##.##.2007-ci il tarixinədək “Azərağackağız” ATSC-də əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın müvafiq araşdırmasına əsasən “Azərağackağız” ATSC fəaliyyət göstərmədiyindən və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından iddiaçı İddiaçı həmin müəssisədə əməkhaqqı alıb-almamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1992-ci il tarixindən ##.##.2007-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (##.##.1995-ci il tarixli qeyd SSRİ dövrünə aid möhürlə təsdiqləndiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Eyni zamanda, ##.##.2006-cı il tarixindən ##.##.2007-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı öz əksini tapmadığından Nazirliyin tabeliyində DSMF-nin müvafiq sturuktur bölməsinə sorğu göndərilmişdir. Sorğunun nəticəsi olaraq bildirilir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedən “Azərağackağız” ATSC-nin (VÖEN: **********) 2006-cı il üçün “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatları (Forma B3) təqdim olunmamış, həmçinin 2007-ci il üzrə sığortaedənin məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilməmişdir. Bildirilir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili ##.##.2006-cı il tarixdən başlamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə (hakim Tural Məlikov) iddia tələbi təmin edilərək, İddiaçı 65 yaşının tamam olduğu ##.##.2025ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)- *****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini etirazın dəlillərinə uyğun əsaslandırmış, həmçinin əlavə olaraq qeyd etmişdir ki, iddiaçı İddiaçı əmək kitabçasında qeyd edilən ##.##.1992-ci il tarixindən ##.##.2007-ci il tarixinədək olan dövrlə bağlı ##.##.1995-ci il tarixli qeyd SSRİ dövrünə aid möhürlə təsdiqlənmişdir və beləliklə, əmək kitabçasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli, № *** Qərarının tələbləri pozulmuşdur. Belə ki, işçinin əmək fəaliyyəti və əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır və yuxarıda qeyd olunanlarla bağlı iddiaçının əmək kitabçasında qeyd olunan dövrlərin mötəbərliyinə əsaslı şübhələr olsa da, məhkəmə tərəfindən əlavə araşdırılma aparılmamış, əmək kitabçasının mötəbərliyini şübhə altına alan halların müəyyən edilmədiyi göstərilmişdir. Halbuki, Mərkəzi Filialın müvafiq araşdırmasına əsasən “Azərağackağız” ATSC fəaliyyət göstərmədiyindən və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından iddiaçı İddiaçı həmin müəssisədə əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. ##.##.2006-cı il tarixindən ##.##.2007-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı öz əksini tapmadığından Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq sturuktur bölməsinə sorğu göndərilmişdir. Sorğunun nəticəsi olaraq, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedən “Azərağackağız” ATSC-nin (VÖEN: **********) 2006-cı il üçün “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar”ı (Forma B3) təqdim olunmamış, həmçinin 2007-ci il üzrə sığortaedənin məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının MEİS-də qeydə alınmış fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlir, ona nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqına dair məlumat aşkar edilməmişdir. Bu isə iddiaçının ##.##.1992-ci il tarixindən ##.##.2007-ci il tarixinədək “Azərağackağız” ATSC-də işlədiyinə dair əmək kitabçasındakı qeydlərin mötəbərsizliyinə birbaşa sübutdur. Məhkəmə isə ##.##.2006-cı il tarixinədək iddiaçının 25 il iş stajının tamamlanmasını əsas gətirərək yerdə qalan hissədə təqdim etdiyimiz dəlillərə qiymət verməmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)- *****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #- dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, # #### 2023 - ## #### 2024-cü illər dövrü üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edilmişdir. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2-ci maddəsinə görə 1992-ci ilin ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il ## ######## tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;... Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il # ###### tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...

İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı yaşa görə əmək pensiyasının təyin olunmasından ibarətdir. İddiaçıya hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və pensiya təyinatı üçün qanunla tələb olunan pensiya kapitalını toplamaması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. İş materiallarından da iddiaçının ##.##.2025-ci il tarixdə (##.##.1960-cı il təvəllüdlü olduğundan) qanunla tələb olunan pensiya yaşına çatdığı görünür. Həmçinin iddiaçı fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının toplanmadığını qəbul edir. Cavabdeh tərəfindən mübahisləndirilən hal iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı pensiya hüququnun yarandığı tarixə tələb olunan 25 ildən də artıq (27 il 11 ay 1 gün) ümumi iş stajını toplamışdır. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh iddiaçının mübahisəli dövrdə işlədiyi müəssisənin varlığı ilə bağlı mübahisə açmamışdır. Məhkəmə araşdırması zamanı da, iddiaçının işlədiyi “Azərağackağız” ATSC-nin mövcudluğu təsdiqini tapmışdır. İddiaçının mübahisəli ##.##.1992-ci il tarixdən ##.##.2007-ci il tarixədək “Azərağackağız” ATSC-də işlədiyi barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmış, həmin qeydlər müəssisəsinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqlənmişdir. Məhkəmə cavabdehin imtina əsaslarına münasibətdə bildirir ki, müəssisənin mübahisəli dövrə aid arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil. Belə ki, müəssisənin arxiv sənədlərinin aşkar edilməməsi iddiaçının məsuliyyət sferasına aid edilməmişdir, ona görə də bu hal onun pensiya hüququnun məhdudlaşması ilə nəticələnə bilməz. O da nəzərə alınmalıdır ki, iddiaçının mübahisəli əmək fəaliyyətinin (##.##.1992-ci il tarixdən ##.##.2007-ci il tarixədək) bir hissəsi # ###### 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin bu hissəsinin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. İş fəaliyyətinin # ###### 2002-ci il tarixdən # ###### 2006-cı il tarixədək olan hissəsinə gəldikdə isə «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının ****-VQ nömrəli # #### 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Bu səbəbdən, məhkəmə iddiaçının “Azərağackağız” ATSC-dəki ##.##.1992-ci ildən ##.##.2006-cı ilədək əmək fəaliyyəti dövrünün onun stajına daxil edilməsinə mane olan hal müəyyən etmir. Belə olan halda iddiaçının qanunla tələb olunan 25 il iş stajı tamamlanır və onun həmin müəssisədə ##.##.2006-cı ildən sonrakı fəaliyyət dövrünün staja daxil edilməsinə zərurət qalmır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edildiyindən və bu məsələ iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Belə ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “...iddiaçı İddiaçı əmək kitabçasında qeyd edilən ##.##.1992-ci il tarixindən ##.##.2007-ci il tarixinədək olan dövrlə bağlı ##.##.1995-ci il tarixli qeyd SSRİ dövrünə aid möhürlə təsdiqlənmişdir və beləliklə, əmək kitabçasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli, № *** Qərarının tələbləri pozulmuşdur. Belə ki, işçinin əmək fəaliyyəti və əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır və yuxarıda qeyd olunanlarla bağlı iddiaçının əmək kitabçasında qeyd olunan dövrlərin mötəbərliyinə əsaslı şübhələr olsa da, məhkəmə tərəfindən əlavə araşdırılma aparılmamış, əmək kitabçasının mötəbərliyini şübhə altına alan halların müəyyən edilmədiyi göstərilmişdir. Halbuki, Mərkəzi Filialın müvafiq araşdırmasına əsasən “Azərağackağız” ATSC fəaliyyət göstərmədiyindən və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından iddiaçı İddiaçı həmin müəssisədə əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. ##.##.2006-cı il tarixindən ##.##.2007-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı öz əksini tapmadığından Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq sturuktur bölməsinə sorğu göndərilmişdir. Sorğunun nəticəsi olaraq, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedən “Azərağackağız” ATSC-nin (VÖEN: **********) 2006-cı il üçün “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar”ı (Forma B3) təqdim olunmamış, həmçinin 2007-ci il üzrə sığortaedənin məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının MEİS-də qeydə alınmış fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlir, ona nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqına dair məlumat aşkar edilməmişdir. Bu isə iddiaçının ##.##.1992-ci il tarixindən ##.##.2007-ci il tarixinədək “Azərağackağız” ATSC-də işlədiyinə dair əmək kitabçasındakı qeydlərin mötəbərsizliyinə birbaşa sübutdur. Məhkəmə isə ##.##.2006-cı il tarixinədək iddiaçının 25 il iş stajının tamamlanmasını əsas gətirərək yerdə qalan hissədə təqdim etdiyimiz dəlillərə qiymət verməmişdir”. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə tərkibi iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasını onun sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından əmək kitabçası, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin kitabçada nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Başqa sözlə, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar sübutun (iddiaçının əmək kitabçasının) qeyri-mötəbərliyi (saxtalığı), eyni zamanda iddianın əsassızlığı barədə nəticəyə gəlməyə əsas vermir. Məhkəmə tərkibinin qənaətinə görə, iddiaçının ##.##.1992-ci il tarixindən ##.##.2007-ci il tarixinədək “Azərağackağız” ATSC-də işlədiyi dövrə münasibətdə əmək kitabçasının doldurulması qaydasının pozulması və “Azərağackağız” ATSC-nin hazırda fəaliyyət göstərməməsi və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması iddiaçının təqsiri ucbatından baş vermiş hallar deyildir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, əmək kitabçasının doldurulması qaydasının pozulması, işdən çıxma barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Əmək kitabçasında olan məlumatlara görə isə məhz işəgötürənin özü cavabdehlik daşıyır. Başqa sözlə desək, bu hal iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil. İddiaçının əmək kitabçasında qeydiyyat aparılmış ##.##.1992-##.##.2006-cı illər üzrə nəzərə alınmayan 13 il, 10 ay, 23 gün və cavabdeh tərəfindən mübahisələndirilməyən 14 il 09 gün sosial sığorta stajına daxil edildikdə "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsi ilə tələb olunan 25 illik sığorta stajı (14 il 09 gün + 13 il 10 ay 23 gün= 27 il 11 ay 01 gün) şərti tam ödənilir. İddiaçının 65 yaşının tamam olması faktı isə mübahisəsizdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası qanuna zidd olmuş və bu hal iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar