Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-446/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 qızının, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7521/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək 28.11.1992-ci ildən 05.12.2008-ci ildə kimi Azərbaycan Respublikası FHN-nin X3 Xidmətində işlədiyi illərin onun sosial sığorta stajıma daxil edilməklə yaşa görə əmək təqaüdünün təyin edilməsi vəzifəsini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Tovuz rayonunda anadan olmuşdur. Bakı şəh., Xətai ray., Nobel PR., ev-74 Yataqxanda da öz ailəsi ilə birlikdə yaşayır. O, 28.11.1992-ci ildə Azərbaycan Respublikası DİN-in Yanğından Mühafizə orqanlarında xidmətə qəbul edilib. 31.05.2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1182 nömrəli Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Fövqəlada hallar Nazirliyinin sərəncamına qəbul edilmişdir. 05.12.2008-ci ildə Azərbaycan Respublikası FHN-nin X3 Xidmətindən “Azərbaycan Respublikası DİN-dan xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq səhhətində yaranmış narahatlıqla əlaqədar azad edilmişdir. O, İİ qrup əlildir, 2008-ci ildən bu günədək ürəyin işemik xəstəsidir, əlillik səbəbi ümumi xəstəlik olaraq işemik xəstəliyi, gərginlik stenokardiya ilə əlaqədardır. 2012-ci ildə ürəyi ilə bağlı koronar angioplastika əməliyyatı olunmuşdur. 29.01.2014-cü ildə ürəyində yenidən narahatlıq hiss elədiyindən həkimə müraciət etmiş və KAQ müayinəsi olunmuşdur. Müayinə nəticəsinə əsasən ona AKŞ əməliyyatı məsləhət görülmüş və o stasionar müalicəyə qəbul olunub təkrar əməliyyat olunmuşdur. Ardıcıl olaraq hər il xəstəliyi ilə əlaqədar xəstəxanada yataraq davamlı müalicələr almışdır. O, hər 5 ildən bir xəstəliyi ilə bağlı əlilliyə görə əmək pensiyasının alınması üçün müayinələrdən keçmişdir. Lakin ona məlum olmayan səbəblərə görə 31.03.2021-ci il tarixdən ona verilən əlilliyə görə pensiya ödənişi dayandırılmışdır. 07.04.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək təkrar əlilliyin təmin olunmasını xahiş etmişdir. Lakin müxtəlif bəhanələr gətirilərək ona imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətinə əsasən aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 29 dekabr 2008-ci il tarixli 12/12xr -12 nömrəli məlumat vərəqəsinə uyğun olaraq ona Mərkəzi Filial tərəfindən 6 dekabr 2008-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.16.2-ci maddəsinə uyğun olaraq “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyimin 55 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Əlilliyinin müddətinin 13 mart 2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona əlilliyə görə pensiya ödənişi 31 mart 2021-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 29 dekabr 2008-ci il tarixli 12/12xr-12 nömrəli məlumat vərəqəsində xidmət illəri 18 il 1 ay 13 gün, güzəştli xidmət illəri 4 il 5 ay 18 gün olmaqla cəmi xidmət müddəti 22 il 7 ay 1 gün göstərilmişdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hesab edir ki, onun hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 20 il xidmət müddəti mövcud olması vacib deyildir. Lakin ona imtina edilərək bildirilmişdir ki, qeyd olunanlara nəzərə alaraq onun 20 təqvim ili xidmətim mövcud olmadığından ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Əlilliyə görə əmək pensiyası sığorta olunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti tibbi-sosial ekspert komissiyaları tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Bildirmişdir ki, 2008-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında müayinədən keçərək 2-ci qrup əlillik almışdır. Bundan sonra əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti bitdikdən sonra təkrar müayinədən keçmək üçün digər sənədlərlə birlikdə elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmişdi. Lakin illər üzrə ardıcıl olaraq xəstəxanadan verilmiş epikrizləri və digər müayinə sənədlərinə baxdıqdan sonra ona əsassız imtina edilmişdir. İddiaçıya göstərilmiş hüquqi yardım məktubu əsasında cavabdeh dəqiqləşdirilmiş, məhkəmənin 06.07.2021-ci il tarixli qərardadı ilə hazırki inzibati məhkəmə icraatı üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi qanunamüvafıq deyildir və təmin edilməməlidir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Bildirilir ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi "məlumat vərəqi"nə əsasən 05.12.2008-ci il tarixdən İİ qrup əlilliyə görə (hərbi xidmət dövrü ilə əlaqədar) əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən - “əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyaçısının bir növündən başqa bir növünə keçmə hüququ vardır”. İddiaçı ərizə ilə Filiala müraciət edərək əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyası növünə keçirilməsini xahiş elmişdir. İddiaçının adına göndərilən "məlumat vərəqi'nə əsasən tələb olunan əmək stajı olmadığından yaşa görə əmək pensiyası növünə keçirilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5, 9.5.1, 20.14.1-ci maddələrinə əsasən - "hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara şamil edilir. Bakı İnzibati Məhkəməsinin 09.09.2021-ci il tarixli qərardadı ilə iddianın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.3-cü maddəsinə əsasən, 01.05.2021-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7521/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, İddiaçı 01.05.2021-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ərizə ilə Filiala müraciət edərək əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyası növünə keçirilməsini xahiş elmişdir. İddiaçının adına göndərilən "məlumat vərəqi”nə əsasən tələb olunan əmək stajı olmadığından yaşa görə əmək pensiyası növünə keçirilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etirraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - İddiaçıya pensiya təyinatına dair inzibati icraat materiallarına əsasən 06.12.2008-ci il tarixdən İİ qrup əlilliyə görə (hərbi xidmət dövrü ilə əlaqədar) əmək pensiyası təyin olunmuşdur. - İddiaçının əmək kitabçasının surətindən görünür ki, 27.04.1981-27.05.1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, əmək fəaliyyətinə 09.09.1983-cü il tarixdə başlamış, 28.11.1992-05.12.2008-ci illərdə Fövqəladə Hallar Nazirliyində xidmət keçmiş, 05.12.2008ci il ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətindən “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndinə (səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbihəkim komissiyasının rəyi olduqda) müvafiq olaraq xarix edilmişdir (Əmək kitabçasının təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir). Əmək kitabçasına əsasən, iddiaçının xidmətdən xaric olunduğu tarixə stajı 27 il 01 ay 24 gündür. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş pensiya işindən görünür ki: - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçularla və xüsusi rütbəli şəxslərlə iş departamentinə (hazırda cavabdeh olan qurum Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filial) ünvanlanmış 14.01.2009-cu il tarixli məktubla Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi sistemində xüsusi rütbəli vəzifədə xidmət etmiş və FHN-nin 2031/ş nömrəli 05.12.2008-ci il tarixli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndinə əsasən səhhətinə görə xidmətdən xaric edilmiş İddiaçı sənədləri “Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında qanunu”na müvafiq qaydada pensiya təyin edilməsi məqsədilə ünvana göndərilir. -04.02.2009-cu il tarixli qərarla iddiaçıya 06.12.2008-ci il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir. - 29.12.2008-ci il tarixli 12/12/xr-12 nömrəli məlumat vərəqinin surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Bakı şəhəri Neft emalı müəssisələrinin mühafizəsi üzrə Yanğın təhlükəsizlik dəstəsinin 13 nömrəli Hərbiləşdirilmiş yanğın hissəsinin sürücüsü vəzifəsini icra edən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamənin 135-ci maddəsinin 6-cı bəndinə (səhhətinə görə) 05.12.2008-ci il tarixdən istefaya buraxılmışdır. - Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 7 aprel 2021-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 29 dekabr 2008-ci il tarixli 12/12/xr-12 nömrəli məlumat vərəqəsinə uyğun olaraq ona Mərkəzi Filial tərəfindən 6 dekabr 2008-ci il tarixindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Əlilliyinin müddətinin 13 mart 2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona əlilliyə görə pensiya ödənişi 31 mart 2021-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 29 dekabr 2008-ci il tarixli 12/12/xr-12 nömrəli məlumat vərəqəsində xidmət illəri 18 il 1 ay 13 gün, güzəştli xidmət illəri 4 il 5 ay 18 gün olmaqla cəmi xidmət müddəti 22 il 7 ay 1 gün göstərilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, onun hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 20 il xidmət müddəti mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq onun 20 təqvim ili xidmət müddətiniz mövcud olmadığından ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər hesab edilir Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: - 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; - 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.03.2014-cü il tarixli qərarından: “...Hərbi qulluqçulara xidmət illərinə görə pensiyaların təyin edilməsi şərtləri “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsində öz əksini tapmışdır. Həmin maddənin a) bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət vəya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər.” Qanunun mənasından göründüyü kimi, hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququnun yaranması üçün başlıca hüquqi fakt kimi xüsusi əmək stajı çıxış edir. Əmək stajının bir növü olan xüsusi əmək stajı şəxsin müəyyən peşə və ya ixtisas üzrə əmək fəaliyyəti və ya əməyin xüsusi şəraitdə həyata keçirilməsi ilə müəyyən olunur. Xüsusi əmək stajı dedikdə, müəyyən əmək şəraitində və müəyyən vəzifələrdə həyata keçirilən işin müddəti başa düşülür. Həmin müddət xüsusi staja malik olan şəxslərə güzəştli şərtlərlə müəyyən sosial təminat növlərini, o cümlədən pensiya hüququnu əldə etmək imkanı verir. Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir... 1.“Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır. Hazırkı iş üzrə iddiaçı xidmət xəstəliyinə görə buraxılmış və buraxılarkən (05.12.2008-ci il tarixə) 46 yaşı olmuşdur, onun 27 il 01 ay 24 gün ümumi stajı vardır və bu stajın 18 il 01 ay 13 gününü hərbi xidmətdə keçməsi mübahisəsiz haldır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin və iddiaçının müraciətinə vermiş olduğu imtinasının dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.5.3-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxs kimi yaşa görə pensiya hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” qaydalarının 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən vaxtilə məlumat vərəqi verilmiş və hazırda mübahisə təminat xərcliyində baş verən artımla və bununla əlaqədar olaraq pensiyanın yenidən hesablanması (və ya pensiyaya əlavə edilməsi) ilə bağlı deyildir cavabdeh qurum iddiaçı tərəfindən təqdim edilən sənədlər (əmək kitabçası) əsasında onun ümumi iş stajını müəyyən edə bilər, yəni Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş məlumatdan asılı deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, qanunun qeyd edilən mənasına görə iddiaçının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmə hüququ iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməklə təmin edildiyindən, iddiaçının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçmə hüququ təmin edilməli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.3cü maddəsinə əsasən, tələb etdiyi 01.05.2021-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7521/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.