Məhkəmə qərarları › İş №2-1(103)-446/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-446/2023

30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-446/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X22 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X11 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X9, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs X14 və onun nümayəndəsi-vəkili X15 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı (üçüncü şəxs X25) “sərəncamın qismən etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 345/2022 saylı 07 iyul 2022-ci il tarixli qərarından üçüncü şəxs X25 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14-də yerləşən ümumi şəraitli mənzilin X4 mülkiyyətinə verilməsinə dair Bakı şəhər Cavabdeh xx.xx.1995-ci il tarixli Sərəncamının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X25 və xx.xx.2022-ci il tarixli qərardadı ilə isə X16 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14-də yerləşən ümumi şəraitli mənzilin X6 mülkiyyətinə verilməsinə dair Bakı şəhəri Cavabdeh xx.xx.1995-ci il tarixli, 539/16 saylı sərəncamının qismən, yəni 15,58 kv.m sahəsinə aid hissəsində etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən evin köməkçi sahələri ümumi istifadə olan sahələrdir. Hansı ki, həmin köməkçi sahələr ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Belə ki, Cavabdeh xx.xx.1995-ci il tarixli 162/130 saylı Sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14-də kommunal şərait ümumi olaraq müəyyən edilmişdir. Cavabdeh xx.xx.1995-ci il tarixli, 162/130 saylı Sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14 ünvanında yerləşən 4 otaqlı mənzil, hansıki, sahəsi 101,6 kv.m olan (yaşayış sahəsi 74 kv.m. yerdə qalan sahə isə ümumi kommunal sahə) vətəndaş Eyvazov T.Ş. oğluna verilmişdir. Onun vəfatından sonra isə həmin mənzil onun həyat yoldaşı və hazırki iş üzrə iddiaçı olan İddiaçı adına rəsmiləşdirilmişdir. Sözügedən binada kommunal şərait ümumi olduğuna görə qonşular öz aralarında razılaşma edərək, müəyyən hissələri öz mənzilləri ilə birləşdirmiş və həmin birləşdirilən sahələrdən gündəlik ehtiyaclarını qarşılamaq üçün mətbəx və sanitar qovşaq kimi istifadə etmişdirlər. Lakin həmin sahələr heç vaxt ayrıca olaraq özəlləşdirilməmiş və özəlləşdirilməsi də mümkün olmamışdır. Çünki həmin sahələr mülkiyyətçilərin ümumi istifadəsində və ümumi mülkiyyətində olmuşdur. İddiaçı tərəfindən də qarşılıqlı razılaşma əsasında həmin köməkçi sahələr öz mənzilinə birləşdirilmiş və uzun illərdi onun istifadəsində olmuşdur. Lakin sonradan məlum olmuşdur ki, əslində ümumi istifadə olan kommunal sahə X17 adına rəsmiləşdirilmişdir. Daşınmaz Əmlak Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında ******* saylı, RX Seriyalı, xx.xx.2013-cü il tarixli Çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14-də yerləşən ümumi şəraitli kommunal sahələr mülkiyyət hüquqi ilə X21 məxsus olmuşdur. Qeyd edilən çıxarışın ləğv edilməsi ilə bağlı Nərimanov rayon məhkəməsinə müraciət edilmiş, lakin Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)2315/2019 saylı Qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Verilən apellyasiya şikayətinə baxılarkən məhkəmə tərəfindən verilən sorğuya əsasən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.1995-cü il tarixli Sərəncamı ilə mübahisəli mənzil X4 mülkiyyətinə verilmişdir. Sözügedən Sərəncamdan iddiaçı 30 iyul 2020-ci il tarixində məhkəmə prosesində məlumat əldə etmişdir. Çıxarış və Texniki pasportdan aydın olur ki, ümumi şəraitli kommunal sahələr mülkiyyətçilərin ümumi mülkiyyətinə verilməli olduğu halda AR ƏMDK yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilməmiş və bununla da mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-345/2022 saylı 07 iyul 2022-ci il tarixli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi ünvanda yerləşən ümumi şəraitli 14 nömrəli binanın ümumi istifadə olan 15.58 kv.m sahəsinin Cavabdeh xx.xx.1995-ci il tarixli 539/16 saylı sərəncamı ilə 33 k.vm yaşayış sahəsi olan 54 nömrəli mənzil ilə birlikdə X7 verilməsi iş materialları ilə öz təsdiqini tapdığından, Cavabdeh xx.xx.1995-ci il tarixli 539/16 saylı sərəncamı 15,58 kv.m sahəsinə aid hissəsində etibarsız hesab edilməlidir. Qərardan narazı qalan üçüncü şəxs X25 qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin **********12 nömrəli xx.xx.2016-cı il tarixli Nəsimi rayon məhkəməsinə göndərdiyi məktubunda da qeyd olunmuşdur ki, 46 saylı DNK-nın 4Ə-990 reyestr nömrəli xx.xx.2013-cü tarixli alqı-satqı müqaviləsinə əsasən X17 adına qeydiyyatdan keçmişdir və hazırda da onun mülkiyyətindədir. Bundan əlavə, iddiaçının izahatında qeyd etdiyi kimi əgər ünvan 2 ünvanında yerləşən evin köməkçi sahələri ümumi istifadə olan sahə olsaydı, həmin sahəyə münasibətdə heç bir rəsmi sənəd verilməzdi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 2-1(103)-3176/2022 nömrəli 03 noyabr 2022-ci il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində statusu ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X25 və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Əlavə olaraq üçüncü şəxsin nümayəndəsi-vəkili öz izahatında bildirdi ki, sözügedən mənzil uzun illər Rzayeva Səltənətin mülkiyyətində olmuş, onun hazırki iddiaçı ilə qonşuluq münasibətləri olmuş, iddiaçı da mübahisəli sahənin Rzayeva Səltənət tərəfindən istifadə edildiyini bilmiş, daha sonra mənzil ümumilikdə vərəsəlik qaydasında X8 mülkiyyətinə keçmiş, son olaraq isə 13 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Zahidov Natiqin adına qeydiyyatdan keçmişdir və hal-hazırda da onun mülkiyyətindədir. Zahidov Natiq həmin mənzili aldıqdan sonra təmir etmiş və sonradan həmin yer iddiaçı tərəfindən zəbt edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iş materiallarına uyğun izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Əlavə olaraq öz izahatında bildirdi ki, iddiaçının ümumiyyətlə iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Belə ki, həmin binadakı mənzillərlə bağlı vətəndaşlara verilmiş sərəncamlar eyni məzmunlu olmuş, hətta iddiaçının özünə məxsus mənzillə bağlı onun mərhum həyat yoldaşına verilmiş sərəncam da eyni məzmunlu olmuşdur. İcra hakimiyyətinin qeyd edilən sərəncamlarla mənzillərin vətəndaşların mülkiyyətinə vermək səlahiyyətləri olmuşdur. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia rədd olunmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı hazırkı tələblə Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 14-də yerləşən ümumi şəraitli mənzilin X6 mülkiyyətinə verilməsinə dair Bakı şəhəri Cavabdeh xx.xx.1995-ci il tarixli, 539/16 saylı sərəncamının qismən, yəni 15,58 kv.m sahəsinə aid hissəsində etibarsız hesab edilməsini tələb edir. İddiaçı tələbini onunla əsaslandırır ki, mübahisələndirilən sərəncamla digər bir şəxsin mülkiyyətinə keçmiş sahə əslində kommunal sahə olub bina sakinlərinə xidmət etmək üçün nəzərdə tutulmuş sahədir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.2-ci maddəsinə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. Belə ki, iddia tələbinin qanuni əsasını İnzibati İcraat haqqında Qanunun 65.1-ci maddəsi təşkil edir. İnzibati İcraat haqqında Qanunun: - 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. - 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. - 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslanmışdır ki, İnzibati İcraat haqqında Qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Birinci instansiya məhkəməsi mənzilin 15.58 kv.m sahəsinin X7 verilməsi hissəsində Cavabdeh səlahiyyətli olmadığı qənaətinə gəlmişdir. İş materiallarından aydın göründüyü kimi, iddiaçı məhz mübahisəli sahənin 3-cü şəxsin mülkiyyətinə keçməsi ilə razılaşmadığından ilk öncə mülki qaydada iddia qaldırmış, mülkiyyət hüququna dair qeydiyyatın və çıxarışın ləğvini tələb etmişdir. Mülki məhkəmə icraatında araşdırma zamanı sözügedən mənzilə dair hüquqların Cavabdeh xx.xx.1995-ci il tarixli sərəncamı əsasında qeydiyyata alındığı müəyyən edilmiş və bu əsasla iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası iş üzrə araşdırma nəticəsi olaraq belə bir qənaətə gəlir ki, mübahisələndirilən sərəncamın qismən etibarsız hesab edilməsi üçün İnzibati İcraat haqqında Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər ödənilmir. İlk öncə qeyd edilməlidir ki, mübahisələndirilən inzibati aktın qəbul edildiyi dövrdə inzibati orqanın (yerli icra hakimiyyətinin) dövlət yaşayış fonduna aid binalardan vətəndaşlara mənzil vermək səlahiyyətləri olmuşdur. xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanında göstərilmişdir: “1. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilsin. 2. "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə"-təsdiq edilsin. 3. İndiki çağırış rayon, şəhər (respublika tabeli şəhərlər) xalq deputatları Sovetləri "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə"də müəyyən edilən səlahiyyətlər hüdudunda fəaliyyət göstərirlər. 4.Şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir. 5. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar. Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər. 6. Rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.” Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında 26 yanvar 1993cü il tarixli Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Məhkəmə kollegiyası iddianın əsassız olması ilə bağlı gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakı sübutları diqqətə çatdırır: - Məhkəmə araşdırmaları zamanı müvafiq sorğu əsasında Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14 ünvanında yerləşən 1911-ci ildə inşa edilmiş beş mərtəbəli yaşayış binasının 1970-ci ildə tərtib olunmuş texniki planı təqdim edilmişdir. Həmçinin, məhkəmə araşdırmaları zamanı həm iddiaçıya, həm də 3-cü şəxsə məxsus sənədlər tələb edilmişdir. İş materiallarında olan üçüncü şəxsə aid sənədlər: - Cavabdeh “28 May küçəsi, 14 №-li evin, 54 №-li mənzilinin əvəzsiz olaraq vət. X7 şəxsi mülkiyyət kimi verilməsi haqqında” xx.xx.1995-ci il tarixli 539/16 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, 28 May küçəsi, 14 №-li evin, 1 otaqlı ümumi sahəsi 48,58 kv.m, yaşayış sahəsi 33 kv.m olan ümumi kommunal şəraitli 54 №-li mənzili əvəzsiz olaraq X7 şəxsi mülkiyyət kimi verilmişdir. - Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə ölmüş X6 vərəsəsi X16 mirasda 100% pay almışdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 33 kv.m, ümumi sahəsi 48.58 kv.m olan 1 otaqlı daşınmaz əmlakdan ibarətdir. - X3 ilə alıcı X26 arasında bağlanmış AN-İ 157493 nömrəli xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 14 saylı evin, 54 saylı mənzili X17 mülkiyyətinə keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,58 kvm, yaşayış sahəsi 33 kvm, yardımçı sahə 15,58 kvm olan 1 otaqlı mənzil xüsusi mülkiyyət kimi xx.xx.2013-cü il tarixdə X17 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan iddiaçıya aid sənədlər: - Cavabdeh “28 May küçəsi, 14 №-li evin, 54 №-li mənzilinin əvəzsiz olaraq vət. X18 şəxsi mülkiyyət kimi verilməsi haqqında” xx.xx.1995-ci il tarixli 162/130 saylı sərəncamından görünür ki, 28 May küçəsi, 14 №-li evin, 4 otaqlı ümumi sahəsi 101,6 kv.m, yaşayış sahəsi 74,0 kv.m olan ümumi kommunal şəraitli 58 №-li mənzilini əvəzsiz olaraq vət. X18 şəxsi mülkiyyət hüququ kimi verilmişdir. - X10 şəxsi mülkiyyətində olan mənzilin 28 aprel 1995-ci il tarixli texniki pasportundan görünür ki, iddiaçının mənzilinin otaqlarının sayı 4 qeyd edilmiş, ümumi sahə 94,10 kvm, yaşayış sahəsi 74 kvm (1 otaq-15 kvm,2-ci otaq 15 kvm, 3-cü otaq 22 kvm, 4-cü otaq 22,0 kvm, köməkçi sahələr ümumilikdə 20,10 kvm göstərilmişdir. - 3MA-5-761 nömrəli xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən, X23 ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14 ünvanında yerləşən dörd otaqdan ibarət 58 nömrəli mənzilin bir otağını, X19 Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14 ünvanında yerləşən iki otaqdan ibarət 60 nömrəli mənzilin bir otağını, X37 Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14 ünvanında yerləşən 59 nömrəli mənzilin bir otağını, X12 Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14 ünvanında yerləşən 61 nömrəli mənzilin bir otağını Sadıxova X1. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li çıxarışdan müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 78,5 kvm olan mənzil xüsusi mülkiyyət kimi xx.xx.2016-cı il tarixdə X13 adına qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mənzilə dair texniki pasportdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14, mənzil 58 **********54-**********8 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi (3-cü şəxsə məxsus mənzilə dair) Bakı şəhər Cavabdeh xx.xx.1995-ci il tarixli sərəncamı ilə onun mərhum həyat yoldaşına verilmiş Cavabdeh xx.xx.1995-ci il tarixli sərəncamı məzmun, mahiyyət etibarilə eyni olmuşdur. Hər iki sərəncamı nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, mənzilin ümumi sahəsi ilə yanaşı yaşayış sahəsi də ayrıca qeyd edilmiş və mənzillərin ümumi kommunal şəraitli mənzil olduğu göstərilmişdir. Sərəncamın məzmununa diqqət edildikdə orada ümumi sahə 48,58 kv.m, yaşayış sahəsi 33 kv.m olan ümumi kommunal şəraitli mənzil ifadəsi işlədilir. İnzibati orqan yaşayış sahəsindən kənar 15,58 kvm sahənin kommunal sahə olduğu ifadəsini işlətməmişdir. Həmçinin, iddiaçı da məhz həmin sahənin kommunal sahə olmasına dair sübut təqdim etməmişdir. Eyni məzmun həmçinin iddiaçıya məxsus sərəncamda da qeyd edilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları 3.8-ci madəsinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Göründüyü kimi, mənzillərin ümumi sahəsinə yaşayış sahəsi ilə yanaşı köməkçi sahələr də aid edilir. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, kollegiya tərəfindən iş üzrə xx.xx.2023-cü il tarixdə sözügedən mənzillərin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 14 saylı binaya baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi 54 nömrəli mənzildən başqa həmin mərtəbədə 48, 50, 52 nömrəli mənzillər də vardır, həmin mənzillərə aid olan, lakin bitişik olmayan, ayrıca yerləşən otaqların da mövcud olduğu müəyyən olunmuşdur. Həmçinin, iddiaçının mübahisələndirdiyi sahənin bir hissəsinin iddiaçı tərəfindən öz mənzilindən qapı açılaraq “mətbəx” kimi istifadə edildiyi müəyyən edilmişdir. İddiaçının yerli baxış zamanı verdiyi izahatdan aydın olmuşdur ki, digər mənzillərə aid olan lakin həmin mənzillərə bitişik olmayan otaqların açarları elə həmin mənzillərin sahiblərindədir. İddiaçı həmçinin Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, vaxtilə 58 nömrəli mənzilə aid olan ayrıca otaq 1996-cı il tarixində mərhum həyat yoldaşı tərəfindən özgəninkiləşdirilibdir. Məhkəmə kollegiyası yerli baxış zamanı müəyyən edilmiş halın ətraflı araşdırması məqsədilə iddiaçının bildirdiyi 3MA-5-761 nömrəli xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsinə dair notariat işini tələb etmiş və yəqin etmişdir ki, 1995-ci il tarixli sərəncamla Eyvazov Tariyel (iddiaçının mərhum əri) mülkiyyətinə verilmiş mənzilin 1 otağını 1996-cı ildə özgəninkiləşdirmişdir. Hansı ki yerli baxış zamanı da həmin otağın iddiaçının otaqlarından ayrıca yerləşdiyi aşkar edilmişdir . Halbuki, iddiaçı iddia tələbinin əsaslı olmasını həmçinin onunla əlaqələndirir ki, onun mərhum həyat yoldaşının xüsusi mülkiyyətində olan mənzil 78,5 kvm-dir, baxmayaraq ki, 1995-ci il tarixli sərəncamda mənzilin ümumi sahəsi 101,6 kvm göstərilmişdir. Bu da onu sübut edir ki, ümumi sahə 101,6 kvm yazılsa da yalnız yaşayış sahəsi olan hissə mülkiyyətə verilmişdir. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, elə məhz 101,6 kvm sahəsi olan mənzil vaxtilə tamamilə iddiaçının mərhum həyat yoldaşının adına özəlləşdirilmiş, daha sonra məhz mülkiyyətində olan sahədən 1 otaq-22 kvm sahəni alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Bu səbəbdən ona aid çıxarışda mənzilin sahəsi 78,5 kvm göstərilmişdir. Həmçinin, X10 şəxsi mülkiyyətində olan mənzilin 28 aprel 1995-ci il tarixli texniki pasportunda da mənzilin ümumi sahəsi ilə yanaşı kömək sahələri ilə birlikdə 94 kvm olduğu qeyd edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə kollegiyası qənaətini onunla əsaslandırır ki, araşdırma zamanı 3-cü şəxsə məxsus mənzilin mübahisələndirilən 15.58 kvm sahəsinin kommunal sahə, yəni bina sakinlərinə məxsus olan sahə olması sübuta yetirilmir. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən verilmiş mübahisələndirilən inzibati aktın qismən etibarsız hesab edilməsi üçün heç bir əsas müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, 3cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X25 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-345/2022 saylı 07 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı (üçüncü şəxslər X25) “sərəncamın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar