Məhkəmə qərarları › İş №2-1(103)-4462/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4462/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4462/2025 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21- 2-3/2-155875/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-210094/2024 saylı qərarların ləğv olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6117/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024- cü il tarixli, 3-21-2-3/2-155875/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 210094/2024 saylı qərarların ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Birliyin Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. MMC-də 2023-cü ildən hal-hazırkı dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətlərin aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, № 3-21-2-3/2- 155875/2024 saylı qərarla 2024-cü ilin iyun ayı üçün 12.912,12 (on iki min doqquz yüz on iki, 12 q.) AZN və xx.xx.2024-cü il tarixli, № 3-21-2-3/2-210094 saylı qərarla 2024-cü ilin iyul ayı üçün 22.802,40 ( iyirmi iki min səkkiz yüz iki, 40 q.) AZN ƏDV hesablanmışdır və şəxsi hesab vərəqəsinə işlənmişdir. Bu qərarların ləğvi ilə əlaqədar müəssisə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat X4 Xidmətinə inzibati qaydada şikayət edilmişdir. Dövlət Vergi Xidmətinin 9 dekabr 2024-cü il tarixli, № **********738600 saylı qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Müəssisə tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) və xx.xx.2024-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə müqavilələr bağlanılmış və müvafiq olaraq müqaviləyə aid müxtəlif elektrik avadanlıqları alınaraq "xxxx" MMC-yə və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “Azneft” İstehsalat Birliyinə müvafiq qaydada təhvil verilmişdir. Bütün əməliyyatlar vergi qanunvericiliyinə və ciddi mühasibat sənədlərinə tam riayət edilərək həyata keçirilmişdir. Müəssisəyə hesablanmış ƏDV-nin əsasında yuxarıda göstərilən MMC-lərin əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024-cü və xx.xx.2024-cü il, tarixlərdə riskli vergi ödəyiciləri hesab edilmişdir. Əlbəttə ki, bizim müəssisə tərəfindən həmin MMC-lər ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən həmin MMC-lərin riskli vergi ödəyicisi olması barədə bizim məlumatımız olmamışdır, həmçinin həmin müəssisələrin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi Məcəlləsinin 13.2.82 maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Halbuki biz həmin MMC-lər ilə əməliyyat apararkən onlar riskli vergi ödəyicisi siyahısında olmamışdır. 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Vergi orqanının qəbul etdiyi qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx" və "xxxx" MMC-lər riskli vergi ödəyicisi olmayan müəssisələr kimi aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş (əməliyat aparılarkən elektron xəbardarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reystrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması işin mübahisəsiz halıdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, bu tip işlər üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının ümumiləşmiş mövqeyi də mövcuddur, kifayət qədər oxşar məhkəmə qərarları qəbul edilmişdir.

3. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, şin faktiki halları barədə qeyd edirik ki, İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli № 3-21-2-3/2-155875/2024 saylı qərarla 2024-cü ilin iyun ayı üzrə 12.912,12 manat, xx.xx.2024-cü il tarixli № 3-21-2-3/2-210094 saylı qərarla 2024-cü ilin iyul ayı üzrə 22.802,4 manat vergi hesablanmışdır. Belə ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyət növünün “metal və metal məmulatların pərakəndə satışı”ndan ibarət olduğu, xx.xx.2023-cü il tarixdən ƏDV qeydiyyatına alındığı və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 165 kv.m olan “Baza Anbar” adlı təsərrüfat subyektinin (obyektinin) xx.xx.2024-cü il tarixdən qeydiyyata alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən 2024-cü ilin iyun və iyul ayları üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 016501 nömrəli, xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10921861 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 35.714,52 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, 2024-cü ilin iyul və iyul ayları üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-119242 /2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-149329/2024 nömrəli məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktublarına əsaslandırılmış izahat təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin iyun ayı üçün 12.912,12 manat, iyul ayı üçün 22.802,40 manat əlavə dəyər vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 155875/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-210094/2024 nömrəli qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Belə ki, Cəmiyyət tərəfindən 2023-cü ilin iyun ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin “Əvəzləşdirilən” bölməsinin 308-ci sətrində “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütünunda qeyd olunan 71.734,00 manat (ƏDV-si 12 912,12 manat) məbləğin, iyul ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin “Əvəzləşdirilən” bölməsinin 308-ci sətrində “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütünunda qeyd olunan 126 680,00 manat (ƏDV-si 22 802,40 manat) məbləğin qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmamışdır. Vergi ödəyicisi Dövlət Vergi Xidmətinə inzibati şikayət ünvanlamış, müvafiq kameral qərarların ləğv edilməsini xahiş etmişdir. Şikayətin araşdırılması məqsədi ilə Cəmiyyətin rəhbərinin araşdırmada şəxsən və ya səlahiyyətli nümayəndəsi (qanuni nümayəndəsi) və ya vəkili vasitəsilə iştirak etməsi barədə “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-1/2-7910 /2024 nömrəli məktub göndərilərək Cəmiyyətin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) xx.xx.2024-cü il tarixdə, saat 11:00-da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, Cəmiyyətin rəhbəri Mamedova Alla xx.xx.2024-cü il tarixdə inzibati araşdırmada iştirak etmişdir. A.Mamedova araşdırmaya təqdim etdiyi izahatında Cəmiyyətin əsas fəaliyyətinin elektrik avadanlıqların satışı və xidmətlərin göstərilməsindən ibarət olduğunu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təklifinin daha münasib olduğunu bildirərək malların həmin Cəmiyyətlərdən alınmasına qərar verildiyini, qərar verilməmişdən öncə Dövlət Vergi Xidmətinin sistemində həmin ödəyicilərin riskli olub-olmamasının yoxlanıldığını, həmin tarixdə Cəmiyyətlərin riskli vergi ödəyicilərinin siyahasına salınmadığının müəyyən edildiyini, müqavilə bağlanaraq xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 016501 nömrəli, xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10921861 nömrəli elektron qaimə-fakturalar əsasında malların əldə edildiyini, qiymət razılaşdırma protokolunu və təhvil-təslim aktını vergi orqanına təqdim etdiyini, Bores Project" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməliyyat baş tutduqdan sonra riskli vergi ödəyicilərinin siyahısına daxil edildiyini bildirərək, hesablanmış əlavə vergi məbləğlərinin azaldılmasını xahiş etmişdir. Araşdırma zamanı Cəmiyyət tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 72.282,00 manat (ƏDV məbləği: 13 010,76 manat) məbləğində malların (platformanın xarici və daxili işıqlanması(5 saylı özül Sifariş 10223A) giriş və çıxış avtomatlı işıqlandırma şkafı (İŞ) (5 saylı özül Sifariş 10223A)İP54:, xarici işıqlanma, (5 saylı özül Sifariş 10223A), "Giriş və çıxış avtomatlı paylayıcı şkafı 1 girişli (6- PŞ1) (İP21) İbarətdir; (375 saylı EYMSifariş № 11925) və s.) əldə edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 016501 nömrəli elektron qaimə-fakturanın əldə edildiyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 126 680,00 manat (ƏDV məbləği: 22 802,40 manat) məbləğində malların (35 kv-luq gərginlik yuvası, 35kv-luk giriş yuvası (1250A kəsicili batel, qazlı ayırıcı batel, cərəyan transformatorlu), 35kv-luk giriş çıxış yuvası(360A kəsicili batel,cərəyan tranformatorlu) və s.) əldə edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 10921861 nömrəli elektron qaiməfakturanın əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmamışdır. Bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq **********980100 nömrəli, 2.1.1-ci, 2.1.3-cü və 3.1.1-ci yarımbəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq **********515500 nömrəli qərarlar qəbul edilmişdir. Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2024-cü il tarixli, 3-21-2-1/2-7913/2024 və 3-21-2- 1/2-7914/2024 nömrəli araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə məktublar göndərilmiş və Cəmiyyətlərin rəhbərləri (səlahiyyətli nümayəndələri) Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişdir. Lakin qeyd edilən vergi ödəyicilərinin rəhbərləri və ya səlahiyyətli nümayəndələri araşdırmada iştirak etməmiş və heç bir təsdiqedici sənədləri araşdırmaya təqdim etməmişdir. Qeyd olunan hal xx.xx.2024-cü il tarixli Aktla rəsmiləşdirilmişdir. Beləliklə, uçot baza məlumatlarına və bəyannamə göstəricilərinə əsasən Cəmiyyət tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 72 282,00 manat (ƏDV məbləği: 13 010,76 manat) məbləğində malların (platformanın xarici və daxili işıqlanması(5 saylı özül Sifariş 10223A) giriş və çıxış avtomatlı işıqlandırma şkafı (İŞ) (5 saylı özül Sifariş 10223A) İP54:, xarici işıqlanma, (5 saylı özül Sifariş 10223A), "Giriş və çıxış avtomatlı paylayıcı şkafı 1 girişli (6-PŞ1) (İP21) İbarətdir; (375 saylı EYMSifariş № 11925) və s.) əldə edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 016501 nömrəli elektron qaiməfakturanın əldə edildiyini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 126 680,00 manat (ƏDV məbləği: 22 802,40 manat) məbləğində malların (35 kv-luq gərginlik yuvası, 35kv-luk giriş yuvası (1250A kəsicili batel, qazlı ayırıcı batel, cərəyan transformatorlu), 35kv-luk giriş çıxış yuvası(360A kəsicili batel, cərəyan tranformatorlu) və s.) əldə edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10921861 nömrəli elektron qaimə-fakturanın əldə edildiyini və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçotbaza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edildiyini, bu halın da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmadığını, riskli vergi ödəyicisi Bores Project" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati araşdırmada iştirak etmədiyini, Vergi Məcələsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərin bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyini, habelə vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1ci və 3.1.1-ci yarımbəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq **********980100 nömrəli, 2.1.1-ci, 2.1.3-cü və 3.1.1-ci yarımbəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq **********515500 nömrəli qərarlar qəbul edildiyini və həmin qərarların qüvvədə olduğunu, araşdırılan qarşılıqlı əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədi vergidənyayınma sxemi olmasını şərtləndirdiyini, bununla da vergi ödəyicisinin şikayətlərinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilmədiyini nəzərə alaraq, Cəmiyyətin inzibati şikayətləri təmin edilməmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli 3-21-2-3/2- 155875/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-210094/2024 nömrəli qərarlar dəyişdirilmədən saxlanılmışdır. Vergi ödəyicisi "xxxx" MMC-nin təqdim etdiyi mallar baza məlumatlarına əsasən müəssisənin alışında və idxalında müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Beləliklə, ödəyici **********515500 nömrəli qərara əsasən riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. Vergi ödəyicisi "xxxx" MMC-nin fəaliyyətinin araşdırılması zamanı əmtəəsiz əməliyyatlar aparması şübhəsi yaranmış bu səbəbdən ödəyicinin vergi orqanında olan təsərrüfat subyekti üzrə baxış keçirilməsi üçün müvafiq baş idarəyə müraciət olunmuşdur. xx.xx.2024-cü il tarixli, **********822000 nömrəli xidməti məktubla baxışın keçirilməsi və əlaqə saxlanılmasının mümkün olmadığı bildirilmiş və vergi ödəyicisnin riskli vergi ödəyiciləri siyahısına əlavə edilməsi prosesi başlanılmışdır. Beləliklə, ödəyici **********980100 nömrəli qərara əsasən riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6117/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilmiş və cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-155875/2024 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-210094/2024 nömrəli qərarları ləğv edilmişdir.

5. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III. Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır.

IV. Tərəflərin izahatları:

6. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir.

Əsaslandırıcı hissə

V. Tədqiq edilmiş sənədlər: - Sifarişçi İddiaçı MMC-nin direktoru X6 və digər tərəfdən "xxxx" MMC-nin direktoru X3 arasında xx.xx.2023-cü il tarixli TNE/01215 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. - Sifarişçi İddiaçı MMC-nin direktoru X6 və digər tərəfdən icraçı "xxxx" MMC-nin direktoru X2 arasında 01 fevral 2024-cü il tarixli, xx-xx/2024 nömrəli müqavilə bağlanmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-155875/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2024-cü ilin iyun ayının əlavə dəyər vergisi üzrə “təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı” 6.378,43 manat, “vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı” 19.290,55 manat, “əlavə hesablanmış vergi və ya sığorta məbləği” 12.912,12 manat olmuşdur. Qərara əsasən, ƏDV bəyannaməsində (06.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2404 seriyalı, 00016501 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 12.912.12 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 12.912.12 manat kənarlaşma yaranmışdır. Təqdim edilmiş bəyannamənin ƏDV-nə sıfır (0) faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə (307.2) hesabat dövrünün əvvəlinə debitor borc məbləği 11425.00 manat məbləğ, ötən dövr üzrə təqdim edilmiş bəyannamənin ƏDV-nə sıfır (0) faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə (307.2) hesabat dövrünün sonuna debitor borc 26425.00 manat məbləğə bərabər olmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-210094/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2024-cü ilin iyul ayının əlavə dəyər vergisi üzrə “təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı” 33,12 manat, “vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı” 22.835,52 manat, “əlavə hesablanmış vergi və ya sığorta məbləği” 22.802,40 manat olmuşdur. Qərara əsasən, ƏDV bəyannaməsində ( 07.2024 ) əvəzləşmə üçün təqdim edilmiş MT2407 seriyalı, 10921861 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzn 22.802.4 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 22.802.4 manat kənarlaşma yaranmışdır. - İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-nin direktoru X3 və İddiaçı MMC-nin direktoru X6 malları təhvil-təslim etmişdirlər. - İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-nin direktoru X2 və İddiaçı MMC-nin direktoru X6 malları təhvil-təslim etmişdirlər. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında internet vergi idarəsindən əldə edilmiş məlumatdan görünür ki, "xxxx" MMC (VÖEN **********) xx.xx.2024-cü il tarixli, **********980100 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında internet vergi idarəsindən əldə edilmiş məlumatdan görünür ki, "xxxx" MMC (VÖEN **********) xx.xx.2024- cü il tarixli, **********515500 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir.

VI. Tətbiq olunan hüquq

7. Azərbaycan Respublikası İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

8. Vergi Məcəlləsindən: 13.2.4. vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 83.7-cü maddəsinə görə vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

VII. Məhkəmənin mövqeyi

10. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

11. Hazırkı işin hallarından görünür ki, iddiaçının riskli vergi ödəyicisi hesab olunan şəxslərlə aparılmış əməliyyatların və riskli hesab edilən e-qaimə fakturaların göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324cü (“əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə ƏDV əvəzləşməsinin bərpa edildiyi əsası ilə qəbul etdiyi qərarının qəbul edilməsinə əsas olmuş əməliyyat qismində iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TNE/01215 nömrəli alqı-satqı müqaviləsi və iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli müqavilə çıxış etmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qərarı qanunvericiliyin tələblərinə ziddir.

13. Belə ki, "xxxx" MMC sözügedən müqavilənin (xx.xx.2023-cü il tarixli TNE/01215 nömrəli) bağlanmasından 11 aydan artıq müddət keçdikdən sonra vergi orqanının xx.xx.2024-cü il tarixli, **********515500 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. "xxxx" MMC isə sözügedən müqavilənin (xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli) bağlanmasından 6 aydan artıq müddət keçdikdən sonra vergi orqanının xx.xx.2024-cü il tarixli, **********980100 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir.

14. Göründüyü kimi, iddiaçının vergi ödəyiciləri ilə əməliyyatlar apardığı vaxt həmin hüquqi şəxslər qanunvericiliyin tələblərinə müvafiq olaraq riskli vergi ödəyicisi olmamışdır.

15. Bundan əlavə, İddiaçı MMC ilə "xxxx" MMC arasında müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair xx.xx.2024-cü il tarixli, 10921861 nömrəli, MT2407 seriyalı elektron qaiməfakturalar tərtib edilən zaman "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır.

16. İnternet Vergi İdarəsinin portalındakı məlumatdan da görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixli, **********515500 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir.

17. Göründüyü kimi iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur.

18. Azərbaycan Respublikası İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir.

19. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

20. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6117/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticə hissəsi

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6117/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar