Məhkəmə qərarları › İş №2-1(103)-4464/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4464/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4464/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 (İddiaçı hüquqi varisi ) Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə (əvvəlki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə (Açar sözlər: “Hüququn məxsus olmasına dair arayışın verilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının X1 vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3212/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, hazırkı tələbi ilə bağlı müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir.

2. X2 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2001-ci il tarixli, 88923 nömrəli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şüvəlan qəsəbəsində 0,25 ha sahəsi olan 4144A nömrəli bağ İddiaçı icarəyə verilmişdir.

3. Mübahisəli bağ sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, bağ sahəsi qonşu bağ və torpaq sahələri ilə ümumi hasar daxilində yerləşir, ara sərhədlər şərtidir. Ümumi ərazinin darvazası var. Bağ sahəsində B-amfiteatrın bir hissəsi yerləşir. Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadəğından, bağın naturada yerləşməsini müəyyən etmək mümkün olması. Dənizdən təqribi 150-160 metr məsafədə yerləşir. Təqdim edilmiş müqavilənin həqiqiliyi şübhə doğurur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 4144A nömrəli, 0,25 ha bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin 0,25 ha torpaq sahəsindən ibarət 4144A nömrəli bağ sahəsinə dair hazırkı vəziyyətdə texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Sonradan iddiaçının nümayəndə-vəkilinin ərizəsi nəzərə alınaraq məhkəmə iclasının qərardadı ilə iddia tələbi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 4144A nömrəli, 0,25 ha bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2ı və istismarı birliyinin 88923 nömrəli xx.xx.2001-ci il tarixli “Bağın icarəyə verilməsi haqqında” müqavilə ilə Şüvəlan qəsəbəsində yerləşən 0,25 ha sahəsi olan 4144 A saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. Həmin bağ sahəsi 33 ilə yaxındır ki, iddiaçının sahibliyində və istifadəsindədir. Bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, lakin təmin edilməmişdir. İddiaçı cavabdehin imtina məktubunda əsaslandığı halları əsassız sayır və təqdim etdiyi icarə müqaviləsinin bağ sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün mötəbər sənəd kimi qiymələndirilməli olduğunu hesab edir.

7. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxivində təqdim edilən iddiaçının adına olan xx.xx.2001-ci il tarixli, № 88923 bağın icarəyə verilməsi haqqında müqavilə barədə məlumat aşkar edilməmişdir. Yaranmış zərurətlə əlaqədar, qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinə sorğu göndərilmiş, lakin sorğuya cavab idarəyə daxil olmamışdır. Elektron kadastr məlumatına əsasən bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından və qeyd olunan hissədə sxematik xəritədə bağ nömrəsi qeyd edilmədiyindən bağın naturada yerləşməsininin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu bağ və torpaq sahələri ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3212/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya bağ sahəsinin ayrılmasına dair müqavilənin mövcudluğu tərəflər arasında mübahisələndirilmir. Belə ki, iddiaçı həm cavabdehə, həm də məhkəməyə X2 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2001- ci il tarixli, 88923 nömrəli müqavilənin əslini təqdim etmişdir. Mübahisə həmin müqavilənin cavabdehin arxivində aşkar edilməməsi bağlıdır. Bu isə iddiaçının iradəsindən asılı olan hal deyil və onun ziyanına şərh edilə bilməz.

10. Həmçinin, göstərilən torpaq sahəsinin torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmaması, o cümlədən həmin bağ sahəsinin ümumi hasar daxilində yerləşməsi iddiaçının məsuliyyəti ilə bağlı deyil və qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmamışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

11. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3212/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

14. Həmçinin, apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi sənədlər təqdim edərək İddiaçı xx.xx.2025-ci il tarixdə öldüyünü nəzərə alaraq hüquqi varisi (qızı) X3 ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası İddiaçı xx.xx.2025-ci il tarixdə öldüyünü nəzərə alaraq hüquqi varisi (qızı) X3 ilə əvəz etmişdir.

15. Eyni zamanda məhkəmə Kollegiyası cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz etmişdir. 16.Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 17.Mülki Prosessual Məcəllənin 58.1.-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

18. Bundan sonra X1 vəkili və nümayəndəsi iddia ərizəsinə dəqiqləşmə təqdim edərək təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 4144A nömrəli, 0,25 ha bağ mərhum İddiaçı məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulmasını xahiş etmişdir.Məhkəmə Kollegiyası iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəni icraata qəbul etmişdir.

d) Prosses iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun

8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.-11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edənsənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncamvermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2-ci maddəsi “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

27. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarından müəyyən olunur ki, iddiaçının məqsədi X2 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2001-ci il tarixli, 88923 nömrəli müqavilə əsasında istifadəsinə verilmiş Şüvəlan qəsəbəsində yerləşən sahəsi 0,25 ha olan 4144A saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması olmuşdur. Bununla bağlı cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir.

28. Cavabdehin imtina dəlilləri belə olmuşdur: -İddiaçının adına olan xx.xx.2001-ci il tarixli, № 88923 bağın icarəyə verilməsi haqqında müqavilə İdarənin arxivində aşkar edilməmişdir. -Elektron kadastr məlumatına əsasən bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından bağın naturada yerləşməsininin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. -Torpaq sahəsi qonşu bağ və torpaq sahələri ilə ümumi hasar daxilində yerləşir.

29. Məhkəmə Kollegiyası tətbiq edilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlir.

30. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

31. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. 25-ci maddəsinin 4-cü bəndində (1 fevral 2008-ci il tarixli 537- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir) göstərilir ki, bu Qanunun 9cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.

32. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.

33. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir.

34. Həmin Əsasnamənin 3.0.50-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələrinə aiddir.

35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.

36. Mövcud əmlak qanunvericiliyinin tələblərindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri bu əsaslar sırasında nəzərdə tutulmuşdur.

37. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər istinad olunan Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “4144 A” saylı torpaq sahəsinin İddiaçı ayrılmasına dair X2 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2001- ci il tarixli, 88923 nömrəli müqaviləni cavabdehə təqdim etmişdir.

38. Həmin müqavilənin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir.

39. Məhkəmə cavabdehin imtina dəlillərini hüquqların qeydiyyatından imtina edilməsi üçün əsaslı saymayaraq bildirir ki, İddiaçı bağ sahəsinin ayrılmasına dair müqavilənin mövcudluğu tərəflər arasında mübahisələndirilmir. Belə ki, mərhum İddiaçı həm cavabdehə, həm də məhkəməyə X2 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2001-ci il tarixli, 88923 nömrəli müqavilənin əslini təqdim etmişdir.

40. Mübahisə həmin müqavilənin cavabdehin arxivində aşkar edilməməsi bağlıdır. Bu isə iddiaçının iradəsindən asılı olan hal deyil və onun ziyanına şərh edilə bilməz. Çünki, iddiaçının sözügedən müqavilənin aidiyyəti üzrə təhvil verilməsi kimi vəzifəsi, öhdəliyi müəyyən edilməmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi müqavilənin həqiqətə uyğun olmadığı müəyyən edilmədiyindən və cavabdeh tərəfindən bu halın əksini təsdiq edən əsaslı dəlil təqdim edilmədiyindən, həmin müqavilə mötəbər sübut kimi qəbul edilməlidir.

41. Qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(102)-1612/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından görünür ki, hüquqmüəyyənedici sənədin cavabdehin arxivində aşkar edilməməsi formal əsas qismində qiymətləndirilmiş və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair aşağı instansiya məhkəmələrini mövqeyi məqbul hesab etmişdir.

42. Analoji mövqe Ali Məhkəmənin 2-1(102)-1583/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-988/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli və digər aidiyyəti qərarlarında orderlərin, müqavilə və digər hüquqmüəyyənedici sənədlərin arxivdə aşkar edilməməsi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina əsası kimi qiymətləndirilməmişdir.

43. Göstərilən torpaq sahəsinin torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmaması, o cümlədən həmin bağ sahəsinin ümumi hasar daxilində yerləşməsi iddiaçının məsuliyyəti ilə bağlı deyil və qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmamışdır.

44. Odur ki, sözügedən çatışmazlıqlar iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilməz.Bağ sahəsi mərhum iddiaçının mübahisəsiz istifadəsində olmuş, həmin sahəyə digər şəxslərin müraciətinin qeydə alınması, yaxud üst-üstə düşməsi barədə hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir.

45. Qeyd olunan bağ sahəsinin bağların bölgüsünə dair dair sxematik xəritə ilə uyğunsuzluğu olsa belə, bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Yuxarıda istinad olunan müddəalardan da göründüyü kimi, Xidmətin müvafiq torpaq sahəsinin plan və ölçüsünü tərtib etmək vəzifəsi müəyyən edilmişdir.

46. Eyni zamanda məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı müvafiq sorğu əsasında cavabdeh inzibati orqan tərəfindən mübahisəli bağ sahəsinə qonşuluqda olan qonşu bağ sahələrinin dövlət reyestrində qeydə alınmasına dair çıxarışlar, çıxarışın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlər və ortofoto görüntüləri təqdim edilmişdir. Bu isə onu deməyə əsas verir ki, mübahisəli bağ sahəsinin yerinin müəyyən edilməsi hüquqi əsaslarla yanaşı, həmçinin texniki imkanlar baxımından da mümkün olmuşdur.

47. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

48. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin olması müəyyən edilməmişdir.

49. Beləliklə, məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı saymır.

50. Bununla belə, məhkəmə Kollegiyası apellyasiya baxışı zamanı İddiaçı xx.xx.2025-ci il tarixdə öldüyünü nəzərə alaraq hüquqi varisi (qızı) X3 ilə əvəz edildiyini və bundan sonra isə X1 vəkili və nümayəndəsi iddia ərizəsinə dəqiqləşmə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 4144A nömrəli, 0,25 ha bağ mərhum İddiaçı məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulmasını xahiş etdiyini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3212/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, apellyasiya baxışı zamanı dəqiqləşdirilmiş iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməlidir.

51. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinin tələblərinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3212/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin olunsun. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 4144A nömrəli, 0,25 ha bağ sahəsinin mərhum İddiaçı məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar