Məhkəmə qərarları › İş №2-1(103)-447/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-447/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-447/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “onun xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanın “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 183/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “onun xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanın “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-1996-cı illərdə Gəncə Şəhər Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində xidmət etmiş, Dağlıq Qarabağ hadisələri ilə əlaqədar döyüş bölgəsinə xidməti ezamiyyətə göndərilmişdir. xx.xx.1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdamda gedən döyüşlərin birində top mərmisinin partlayışından kəllə-beyin travması, baş-beyin silkələnməsi travması almışdır. Yaralandıqdan sonra döyüşçü yoldaşları tərəfindən döyüş bölgəsindən çıxarılaraq, Yevlax rayon mərkəzi xəstəxanasına təxliyə olunaraq, orada xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü ilə qədər stasionar şəraitdə müalicədə olmuşdur. Müalicəsi bitdikdən sonra yenidən qayıdaraq xidmətini davam etdirmişdir. Döyüşlərdə aldığı travmanın səbəbinin tibbi şəhadətləndirilməsi üçün tibbi sənədlərini DİN-nin Xüsusi Həkim Komissiyasına təqdim etmiş, lakin komissiya iddiaçını şəhadətləndirməmişdir. Səbəbini belə izah edir ki, onun yaralanmağı barədə travma haqqında arayış yoxdur. O, həmin dövrdə polis nəfəri olmuş və heç bir sənədləşməyə cavabdehlik daşımamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarının 7.3-cü maddəsinə əsasən, hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandir, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Əsasnamənin 7.4.-ci maddəsinə əsasən, hərbi xidmət (hərbi toplanış) orqanlarda xidmət keçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi məhkəməyə göndərdiyi iddiaya dair etirazda göstərmişdir ki, vətəndaşın aldığı xəstəliyin (travma, xəsarət, kontuziya, yaralanma) səbəb əlaqəsinin qiyabi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarına əsasən həyata keçirilir. Qeyd olunan qərarın 7.3-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi orqan rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa (xidməti rəy) uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma tarixi, şəraiti, habelə, xidməti vəzifələrin icrası ilə bağlı olub-olmaması göstərilir. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi və Baş Mühafizə İdarəsinin X3 İdarəsinə edilmiş sorğular nəticəsində İddiaçı döyüş bölgəsində yaralanması və xəsarət alması barədə heç bir məlumat aşkar edilmədiyini bildirmişdir. İddiaçı 1996-cı ildə xəstəliklə deyil, öz xahişi ilə DİO-da xidmətdən xaric olunmuşdur. Xaric olunarkən xəstəliyi barədə məlumat verməmiş və Xüsusi Həkim Komissiyasına göndərilməmişdir. Eləcə də iddiaçı ötən 26 il ərzində kontuziya və ya kəllə beyin travması ilə bağlı stasionar müalicədə olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarının 7.3-cü bəndinə əsasən Xüsusi Həkim Komissiyasına travma haqqında arayış (xidməti rəy) təqdim edilmədiyindən İddiaçı xəsarətinin səbəb əlaqəsi barədə qərar çıxarılması imkan xaricindədir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3090/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və inzibati iş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1412/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3090/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-183/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, işə baxan məhkəmə iddia tələbinin əsaslılığına dəlalət edən yetərincə dəlil və sübutların olmasına baxmayaraq, həmin sübutları nəzərə almamış, tətbiq edilməli olan maddi normanı qarşı tərəfin xeyrinə təfsir etməklə qanunsuz qərar qəbul etmişdir ki, həmin qərar da iddiaçının hüquqlarının pozulmasına xidmət edir. Məhkəməyə tərəfindən bir sıra sübutlar təqdim olunmuş və həmin sübutlarla da onun 1994-cü ildə yaralanmağı və stasionar şəraitdə müalicə almağı təsdiq olunur. Belə ki, Gəncə şəhər Polis İdarəsinin yanında mühafizə şöbəsinin rəisinin 22 mart 1994-cü il tarixli, 27 nömrəli əmrindən çıxarışı; DİN tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 021007 nömrəli vəsiqənin surəti; Yevlax Mərkəzi rayon xəstəxanasının 22 fevral 1994-cü il tarixli 628 nömrəli stasionar çıxarışın surəti; Gəncə şəhər Kardioloji xəstəxanasının İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci ilədək müalicəsi ilə əlaqədar çıxarış epikrizin surəti; Gəncə şəhər Kardioloji xəstəxanasının iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müalicəsi ilə bağlı çıxarış epikrizin surəti; Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2019-cu il tarixli, 452 nömrəli arxiv arayışının surəti; iddiaçıya məxsus H3 ******* nömrəli hərbi biletinin surəti; ona məxsus İT-İ № ******* əmək kitabçasının surəti və digər sənədlər iddia tələbinin əsaslı olmasını təsdiq edir. Məhkəmənin yanaşması tam əsassızdır. Çünki onun yaralanmağı, müalicələri və bu yaralanmadan sonra səhhətində yaranmış fəsadlar barədə təqdim etdiyi arayış və sübutlar məhkəmənin mübahisəyə obyektiv yanaşmamasını və düzgün qiymət verməməsini sübuta yetirir. Buna görə də qəbul edilmiş qərar ləğv olunmalıdır. Məhkəmənin qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, ləğv edilməli, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməlidir. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, DİN Baş Mühafizə İdarəsi X3 İdraəsinin 98 saylı xx.xx.2019-cu il tarix arayışından görünür ki, iddiaçı xx.xx.1990-cı ildən xx.xx.1996-cı il tarixədək daxili işlər orqanlarında, Gəncə şəhər Mühafizə şöbəsində polis nəfəri vəzifəsində xidmət etmişdir. NZ seriyalı ******* saylı xx.xx.1986-cı il tarixli hərbi biletdən görünür ki, İddiaçı 1986cı il tarixdən xx.xx.1988-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Ona məxsus İT-İ seriyalı, 514116 saylı əmək kitabçasına əsasən o, xx.xx.1990-cu ildən xx.xx.1996-cı ilədək Azərbaycan Respublikası DİN-nin daxili işlər orqanlarında xidmət etmişdir. 021007 saylı, xx.xx.1999-cu il tarixli vəsiqədən görünür ki, o, müharibə veteranıdır. Gəncə şəhər Polis İdarəsi yanında Mühafizə şöbəsinin rəisinin 27 saylı, xx.xx.1994cü il tarixli əmrindən çıxarışdan görünür ki, Polis İdarəsinin 24 saylı, xx.xx.1994-cü il tarixli əmrinə əsasən İddiaçı “N” saylı hərbi hissəyə ezam olunmuşdur. Azərbaycan Respublikası Dövlət X1 452 saylı, xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək kəlləbeyin travması, beyin silkələnməsi diaqnozu ilə Yevlax rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin Arxiv bölməsinin jurnalında 628 nömrəli xəstəlik tarixçəsi qeydiyyata alınmışdır. Yevlax Mərkəzi rayon xəstəxanasının 628 saylı, 22 fevral 1994-cü il tarixli stasionar çıxarışından görünür ki, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək kəllə-beyin travması, baş beyin silkələnməsi diaqnozu ilə müalicə almışdır. Gəncə şəhər Kardioloji xəstəxanasının çıxarış epikrizlərinə əsasən İddiaçı Ü.İ.X:gərginlik stenokardiyası fs-İV, sakitlik stenokardiyası, aorta və tac damarların ateroskleroz, hipertoniya xəstəliyi İİ mərhələ, Şəkərli diabət orta ağırlıqla İİ tip.Piylənmə xəstəliyi İİİ dərəcə, Dislipedemiya QDÇ–ğı İİ dərəcə diaqnozu ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019- cu il tarixədək müalicədə olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən iddiaçının aldığı xəsarətinin səbəb əlaqəsi haqqında qərar qəbul edilməsi üçün vacib sayılan sənəd travma barədə arayışın tərtib olunub-olunmaması barədə onun xidmət etdiyi (ezam olunduğu) orqana sorğu verilmiş, həmin dövrdə (xx.xx.1994-xx.xx.1994) xidmət edən şəxslərin yaralanması və xəsarət alması barədə qeydləri özündə toplayan müvafiq qeydiyyat jurnalı tələb edilmiş, lakin məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2022-ci il tarixli, 029-1305-1222 nömrəli məktubu ilə bildirilmişdir ki, iddiaçının arxiv şəxsi işində onun döyüş əməliyyatlarında iştirak etməsi, yaralanması və xəsarət alması barədə qeydiyyat aşkar olunmamış, Gəncə şəhər mühafizə şöbəsinin 1999-cu ilədək əmrləri DİN-in arxivinə təhvil verilmədiyindən arxivdə saxlanan BMİ-nin və Gəncə şəhər polis idarəsinin 1990-1994-cü illəri əhatə edən əmrlərinə baxılmış, lakin İddiaçı döyüş bölgəsinə ezam olunması barədə əmr müəyyən edilməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında belə qeydiyyat jurnalının olmadıgını bildirmişdir. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 59 saylı, 29 fevral 2008-ci il tarixli Qərarının 7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.2.-ci bəndinə əsasən, hərbihəkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra-xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. Həmin Əsasnamədə qeyd olunmuşdur ki, bu Əsasnamədə nəzərdə tutulmuş hallardan başqa, qiyabi (sənədlər üzrə) şəhadətləndirilmə qadağandır (1.5-ci bəndinin 4cü ab.); hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər (1.5-ci b. 5-ci ab.). Həmin Əsasnamənin 7.1.-ci bəndinə görə hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun; c) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin. Həmin Əsasnamənin 7.2-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AESdə qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». Apellyasiya şikayətinin dəlillərinə cavab olaraq Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarın qəbul edilməsi cavabdehin vəzifəsi olduğu üçün həmin vəzifənin icrası zamanı cavabdeh orqan Əsasnaməyə müvafiq olaraq (1.5-ci b. 5-ci ab.) zəruri olan digər sənədləri tələb etmiş, DİN-Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi və Baş Mühafizə İdarəsinin X3 İdarəsinə edilmiş sorğular nəticəsində iddiaçının döyüş bölgəsində yaralanmağı və xəsarət alması barədə heç bir məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən isə Əsasnamənin 7.3-cü bəndinə əsasən Xüsusi həkim komissiyasına travma haqqında arayışa (xidməti rəy) malik deyil. Bu səbəbdən də iddia sübuta yetirilmiş sayıla bilməz. Belə olan halda isə məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin iddiaçıya “onun xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanın “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi barədə qərarın qəbul edilməsindən imtinasının qanunazidd sayılmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-183/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar