Məhkəmə qərarları › İş №2-1(103)-447/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-447/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-447/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6607/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya almaq hüququnun yarandığı 2013-cü il 12 dekabr tarixindən pensiyanın yenidən hesablanması üçün son təminat xərcliyinə əsasən (yəni dosent elmi ada görə əlavə nəzərə alınaraq) pensiyanın yenidən hesablanması və keçmiş müddət üçün yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı Azərbaycanın Respublikası Silahlı Qüvvələrdə təqvimi 22 il, ümumilikdə güzəştli 29 il müddətdə xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 avqust 2013-cü il tarixli 0371 №-li əmri ilə ’’Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin ”a” bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq Heydər Əliyev adına AAHM-in idarəetmə kafedrasının baş müəllimi-silsilə rəisi vəzifəsindən azad olmaqla 12 dekabr 2013-ci il tarixdən (Əsas: Heydər Əliyev adına AAHM-in Rəisinin xx.xx.2013-cü il tarixli 233 №-li əmri) şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Məlumat üçün bildirir ki, xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Heydər Əliyev adına AAHM rəisinin Tədris işləri üzrə müavini - şöbə rəisi vəzifəsini müvəqqəti icra etmiş və həmin müddət ərzində iddiaçıya pul təminatı Heydər Əliyev adına AAHM rəisinin Tədris işləri üzrə müavini - şöbə rəisi vəzifəsinin vəzifə maaşı və həmçinin dosent elmi adına görə əlavələr olmaqla hesablanaraq ödənilmişdir. Buna baxmayaraq ƏƏSM-nin yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə pensiyanın hesablanması üçün yeni məlumat vərəqi göndərilərkən Tədris işləri üzrə müavini - şöbə rəisi vəzifəsinin vəzifə maaşının pul təminatı üzrə deyil, baş müəllim-silsilə rəisi vəzifəsinin vəzifə maaşı üzrə pul təminatına əsasən göndərilmişdir. Bununla bağlı tərəfindən iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə gedişatı zamanı cavadeh (Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi) tələbi ilə razılaşaraq, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yeni «Məlumat Vərəqi» göndərmiş, həmin «Məlumat Vərəqin»də dosent elmi ada görə əlavə də göstərilmişdir. Lakin cavabdeh orqan bunu nəzərə almamışdır. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6607/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6607/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İddiaçıya aid pensiya işinin surətindən görünür ki, ona xx.xx.2013-cü il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. - - İddiaçıya aid məlumat vərəqindən görünür ki, iddiaçının pul təminatı 1.033,40 manat olmaqla aşağıdakılarda ibarət olmuşdur: vəzifə maaşı – 468 manat, rütbə maaşı – 130 manat, xidmət illərinə görə əlavə - 179,40, ərzaq payı əvəzinə kompensiya – 64 manat, 1-ci məharət dərəcəsi 117 manat, dosent elmi dərəcəsinə görə 75 manat. - İddiaçıya aid son məlumat vərəqindən görünür ki, iddiaçının pul təminatı 1907,25 manat olmaqla aşağıdakılarda ibarət olmuşdur: vəzifə maaşı – 1015 manat, rütbə maaşı – 130 manat, xidmət illərinə görə əlavə - 349,5 ərzaq payı əvəzinə kompensiya – 64 manat, 1- ci məharət dərəcəsi 253,75 manat, dosent elmi dərəcəsinə görə 75 manat. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə görə hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; Həmin Qanunun 1.0.5-ci maddəsinə görə, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş 19.2ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 29 dekabr 2020-ci il tarixli 240-VİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsi qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunmuşdur. Hazırkı işin hallarından görünür ki, iddiaçıya xx.xx.2013-cü il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya aid son məlumat vərəqinə əsasən onun pul təminatı 1907,25 manat olmaqla aşağıdakılarda ibarət olmuşdur: vəzifə maaşı – 1015 manat, rütbə maaşı – 130 manat, xidmət illərinə görə əlavə - 349,5 ərzaq payı əvəzinə kompensiya – 64 manat, 1-ci məharət dərəcəsi 253,75 manat, dosent elmi dərəcəsinə görə 75 manat. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanırdı. Həmin Qanunun 19-cu maddəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 29 dekabr 2020-ci il tarixli 240-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş və Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli Fərmanının 2.1-ci bəndinə əsasən 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli Qərarı ilə dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələr təsdiq olunmuşdur. Həmin Qərarla ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərinin) və elmlər doktorlarının işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq elmi dərəcəyə görə, dosent və professor elmi adı olan şəxslərin isə iş stajından asılı olaraq vəzifə maaşlarına vahid məbləğlərdə əlavələr müəyyən edilmişdir. İstinad edilmiş normalardan görünür ki, elmi adlara görə ödənilən əlavələr vəzifə maaşından hesablanan əlavə hesab edilmir. Həmçinin qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, hərbi qulluqçular da (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) belə hüquqa malik şəxslərin dairəsinə aid edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Hərbi qulluqçulara münasibətdə dövlət qarşısında xüsusi xidmətləri olan şəxs kimi həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən güzəştlər tətbiq edilir. Pensiya məbləğində müəyyən olunan güzəşt “Əmək pensiyaları haqqında” Qanunun 20.14cü maddəsinə uyğun olaraq əmək pensiyasına dövlət büdcəsinin vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini ehtiva edir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi zamanı şəxsin tutduğu vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqının yaxud dövlət məvacibinin orta aylıq məbləğinin (və ya son təminat xərcliyinin) 50-100 faiz həcmində onun pensiyasına qulluq stajına görə əlavə edilir. Təminat xərcliyi dedikdə, hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi). Göründüyü kimi hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilir. İndeksləşdirmə Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi daşımaqla istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün vətəndaşların pensiya gəlirini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Qanunun 6.2.-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Göründüyü kimi qulluq illərinə əlavə də indeksləşdirmə kimi bəzi kateqoriya şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşımaqla büdcədən həmin şəxslərə ödənilən əlavə təminatdır Bu zaman iki dövlət təminatının eyni anda tətbiq edilməməsi, təminatın eyni səviyyədə saxlanmasının həyata keçirilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanırdısa bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna edilmişdir. Həmin Qanunun 19-cu maddəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 29 dekabr 2020-ci il tarixli 240-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş və Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli Fərmanının 2.1-ci bəndinə əsasən 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunsa da, yenə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, yəni dövlət büdcəsindən bir dəfə güzəşt edilmiş şəxslər kimi əmək pensiyaçılar istisna edilmişdir. Göründüyü kimi həm elmi adlara görə ödənilən əlavələrin vəzifə maaşından hesablanan əlavə olmadığından, həmçinin də “Əmək pensiyaları haqqında” Qanunun 20- ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr tətbiq edilmiş şəxslərə aid olmadığından həmin əlavələrin iddiaçıya əmək pensiyası təyin edilərkən təminat xərcliyinin tərkibində hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6607/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6607/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar