Məhkəmə qərarları › İş №2-1(103)-4473/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4473/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4473/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədov və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı və nümayəndəsi Vəkil qızının iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün məhkəmə iclasına təyin olunmuşdur. Məhkəmə Kollegiyası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya məktub göndərərək bildirilmişdir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən, məhkəmə apellyasiya şikayəti vermiş şəxsə izah edir ki, iş materiallarında mövcud olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 saylı, 18 iyun 2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Lakin, iddiaçı həmin qərardaddan apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə verməklə, qanunla müəyyən edilən 10 günlük müddəti ötürmüşdür. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması ilə bağlı məhkəmə iclası təyin edilmişdir. Qeyd olunan məktub cavabdeh tərəfindən qəbul olunsada da heç bir münasibət bildirilməmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi şikayətin mümkün hesab edilməsini xahiş etmişlər. Həmçinin, bildirilmişdir ki, qərardad nümayəndənin elektron kabinetinə yerləşdirilmişdir. Lakin, həmin qərardaddan iddiaçı özü apellyasiya şikayətini vermişdir.İddiaçı özü isə qərardadı aldığı vaxtdan şikayət müddətini ötürməmişdir. Məhkəmə icraatının digər tərəfləri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3- cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya mümkün sayılmamalıdır. İş materiallarında mövcud olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 saylı, 18 iyun 2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Lakin, iddiaçı həmin qərardaddan apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə verməklə, qanunla müəyyən edilən 10 günlük müddəti ötürmüşdür. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş etibarnamədən görünür ki, iddiaçı qızına, yəni nümayəndəsi Vəkil Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsində nəzərdə tutulmuş hüquqlar da daxil olmaqla hüquqlarını müdafiə etməyi etibar etmişdir. İPM-in 1.2.-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 74.2.-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Odur ki, məhkəmə Kollegiyası iddiaçının və nümayəndəsinin “mübahisələndirilən qərardad nümayəndənin elektron kabinetinə yerləşdirilmişdir. Lakin, həmin qərardaddan iddiaçı özü apellyasiya şikayətini vermişdir.İddiaçı özü isə qərardadı aldığı vaxtdan şikayət müddətini ötürməmişdir...” dəlilini əsaslı saymır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən İPM ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin İPM ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən İPM ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasınä dair 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5507/2022 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti İPM-də nəzərdə tutulan müddətin ötürülməsi ilə verildiyindən apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina olunsun . Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar