Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-448/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçıların vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) və üçüncü şəxs X2 qarşı özəlləşdirmənin ləğv edilməsi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1850/2020 saylı qərardadından İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natəvan küçəsi, 133B ünvanında yerləşən “Atıcı” (Oxatan) Pioner düşərgəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X1 adına özəlləşdirilməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1850/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim F.Mədətli). Həmin qərardaddan İddiaçı4 apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi - cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. İddiaçıların vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərardadında qeyd edilir ki, mübahisənin kökündə mülki hüquq münasibətləri durur, özəlləşdirmə alqı-satqı müqaviləsi əsasında həyata keçirilmişdir. Məhkəmənin bu mövqəyi düzgün deyil. Belə ki, dövlət əmlakının özəlləşdirilməsi prosesi inzibati fəaliyyətdir. Dövlət orqanı bu fəaliyyəti həyata keçirərkən özəlləşrilməyə çıxarılacaq dövlət əmlakı haqqında ilk öncə müvafiq inzibati akt – sərəncam qəbul edir, alqı-satqı müqaviləsi həmin sərəncamdan irəli gələn onun əsasında tərtib olunan sənəddir. Dövlət orqanı öz fəaliyyətini həyata keçirərkən birbaşa alqı-satqı müqaviləsi bağlaya bilməz, qanunvericiliyə görə dövlət orqanı öz fəaliyyətində inzibati akt qəbul edərək fəaliyyət göstərir. Məhkəmə cavabdehə mübahisəli əmlakın 3-cu şəxs Y.Məmmədovaya satılmasına əsas olmuş sənədlərin verilməsini sorğu vasitəsi ilə tələb etsə də, cavabdeh ilkin sənədi – inzibati akt (sərəncamı) gizlədərək məhkəməyə təqdim etməmişdir. cavabdeh məhkəməyə alqı-satqı müqaviləsini göndərərək özəlləşdirmə prosesinə mülki hüquqi məzmun verməyə çalışmışdır. Məhkəmə isə sənədlərin tam verilməsini tələb etmədən iddianı mümkün saymamışdır. Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qırardadının ləğv edilməsini, iddia tələbinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Üçüncü şəxs X4 xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və sapellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Məhkəmə araşdırması dövründə sorğu əsasında X1 adına olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair çıxarış və çıxarışın verilməsinə əsas olmuş sənədlərin surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmiş və həmin sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlər əsasında müəyyən edilmişdir ki, X4 Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 2137,1 kv.metr qeyriyaşayış sahəsini satın almış və buna dair ona dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2009-cu il tarixdə 004278 saylı şəhadətnamə verilmiş, həmçinin həmin ünvanda yerləşən qeyriyaşayış sahəsinin yerləşdiyi 13224,1 kv.metr torpaq sahəsini qanunvericliklə müəyyən edilmiş qaydada satın almış və buna dair ona xx.xx.2009-cu il tarixdə 001902 saylı özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə verilmişdir. İddiaçılar hazırda həmin alqı-satqı müqavilələri əsasında üçüncü şəxs X4 tərəfindən satın alınmış əmlakın özəlləşdirilməsinin ləğv edilməsini tələb edirlər. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən “Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Birinci instansiya məhkəməsinin mövqeyi belədir ki, iddiaçı hazırda cavabdeh inzibati orqan DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia qaldırsa da, mübahisə predmeti olan daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyatı müvafiq müqavilə əsasında aparıldığından mübahisə publik xarakterli sayıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri mümkündür. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Digər tərəfdən qeyd olunmalıdır ki, mövcud qanunvericilik mülki münasibətlərdən irəli gələn mübahisələr üzrə ayrıca məhkəmə aidiyyəti müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. (15.1-ci bənd) Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibatiiqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. (15.2-ci bənd) Həmin qərarın 15.3-cü bəndinə əsasən “bu səbəbdən mülki və ya cinayət mühakimə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia mümkün sayılmamalı, iddiaçıya aidiyyəti məhkəmədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1850/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-448/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-448/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver