Məhkəmə qərarları › İş №2-1(103)-448/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-448/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-448/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Vidadi Məmməd oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil Abbas oğlunun İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4490/2021saylı, 27.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 27 yanvar 2018-ci il tarixdən güzəştli «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx xxxxxx 1961-ci il tarixdə doğulmuş, 1978-ci ildən 1983-cü ilədək Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani formada təhsil almış, başa vurduqdan sonra 12 sentyabr 1983-cü il tarixdən əmək fəaliyyətinə başlamış və fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun bu günədək 36 il 07 ay 11 gün ümumi iş stajı vardır. 36 il 07 ay 11 günlük əmək fəaliyyətinin 16 il 10 ay 18 gününü zərərli və ağır işlərdə çalışmışdır. O, güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 27 yanvar 2021-ci il tarixli cavab məktubu ilə güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. İmtinanın səbəbi kimi göstərilmişdir ki, Mərkəzi Filiala təqdim edilən 21 dekabr 1982-ci il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçasında onun 22 fevral 1988-ci il tarixdən 1 aprel 1992-ci il tarixədək Yevlax rayon M.Ə.Sabir adına kolxozda inşaat briqadiri işlədiyi qeyd edilmişdir. Mərkəzi Filial tərəfindən əmək kitabçasında qeyd edilən əmək stajını və həmin dövr üçün adıçəkilən müəssisə tərəfindən məcburi dövlət sosial siğorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir. Sorğuya daxil olmuş müvafiq cavabda 22 fevral 1988-ci il tarixdən 31 dekabr 1988-ci il tarixədək olan dövr üzrə ona əmək haqqı ödənişinin olmadığı qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial siğorta haqları ödənilməyən dövrlər siğorta stajına daxil edilmədiyindən, yuxarıda qeyd olunan dövrün iş stajına daxil edilməsi mümkün olmadığından, onun ümumi iş stajı 25 ildən az (24 il 9 ay 16 gün) təşkil edir. İddiaçı hesab edir ki, imtina qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4490/2021saylı, 27.07.2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi və İddiaçı 27 yanvar 2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “əmək kitabçasında onun hərbi xidmətdən qayıtdıqdan sonra həmin tarixdə əmək müqaviləsi bağladığı və işə başladığı barədə heç bir qeyd yoxdur. Əksinə, 13 dekabr 1985-ci il tarixdə təxris olunan iddiaçı 14 dekabr 1985-ci il tarixdən təkrarən işə çıxdığını qeyd edir. Bu isə, ağlabatan deyildir. Digər tərəfdən, əmək kitabçasının özündə iddiaçının 11 dekabr 1985-ci ildə hərbi xidmətdən təxris olunduğu qeyd edilib. Göründüyü kimi, onun əmək kitabçasının 4-cü vərəqindəki qeydlərdə (hərbi xidmətə çağırılma və 22 fevral 1988-ci il tarixədək) ziddiyyət vardır.Diqqət edilsin ki, əmək kitabçasındakı qeydlər nömrələnməyib. Dolayısı ilə, iddiaçının hərbi xidmətdən təxris olunduqdan (13 dekabr 1985-ci il tarixdən) Yevlax rayon M.Ə.Sabir adına kolxozda işə başladığı tarixədək (22 fevral 1987-ci il tarixədək) olan dövrün (01 il 02 ay 09 gün) ümumi əmək stajına daxil edilməsi mümkün deyildir. İddiaçı 22 fevral 1988-ci il tarixdən 1 aprel 1992-ci il tarixədək (04 il 01 ay 10 gün) Yevlax rayon M.Ə.Sabir adına kolxozda çalışdığını qeyd edir. Lakin işə qəbul barədə əmrin tarixi və nömrəsi qeyd edilməyib. Bundan başqa, 1988-ci ildə iddiaçının işlədiyi adam günü ilə bağlı məlumat yoxdur. Dolayısı ilə 22 fevral 1988-ci il tarixdən 31 dekabr 1988-ci il taroxədək (10 ay 09 gün) ümumi əmək stajına daxil edilməsi mümkün deyildir. Göründüyü kimi, iddiaçının 01 yanvar 2006-cı il tarixədək olan əmək stajı 25 ildən az təşkil edir. Odur ki, Filialın imtinası qanuni və əsaslı olmuşdur...” Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı, habelə məhkəməyə gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil cavabehin apellyasiya şikayətinə etiraz edərək, şikayətin dəlilləri ilə razılaşmamış və əmək kitabçasının qeydlərinin etibarsızlığı cavabdeh tərəfindən sübuta yetirilmədiyini bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 01.01.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədən qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (01.01.2006-cı il tarixə qədər) qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinə əsasən isə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdirlər : a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa.” Qeyd olunmalıdır ki, Qanunu ilə həmin maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Azırbaycan Respublikası Qanuni ilə dəyişiklik edilərək “a” və “b” bəndlərində göstərilən yaş hədləri 1997-ci ilin avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsindən isə görünür ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır (Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1 və 3.2.1-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin «c» bəndinə əsasən hərbi xidmət dövrü, «d» bəndinə əsasən ali təhsil müddəti də iş sajına daxil edilir. Cavabdehin imtina məktubuna, iddia ərizəsinə etirazına və hazırkı apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, iddiaçının 2006-cü il tarixinə qədər iddiaçının 27.01.2018-ci il tarixində güzəştlərlə şərtlərlə pensiya yaş həddinə (yəni, 57) yaşa çatması (“AA*******” nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1961-ci il tarixində doğulmuşdur), 1978–1983-cü (5 il) illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunda (Diplom: КВ 016062) ali təhsil alması və onun azı 12 il 6 ay güzəştli pensiya hüququ verən iş stajına malik olması mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsində: 2140000a – 13577 kodu ilə müəyyən edilən “blok sistemli aqreqatları idarə edən maşinistlər (qazan-turbin)”, 2140000a – 13931 kodu ilə müəəyən edilən “turbin avadanlığı üzrə nəzarətçi maşinistlər”, 2140000a – 14415 kodu (hazırda qüvvədə olan Siyahının 24-cü bölməsinin “a” və “b” bəndləri) ilə müəyyən edilən “enerji bloklarının maşinistləri” güzəştli pensiya hüququ verən peşələr sayılır. İşə əlavə olunmuş "xxxx" ASC Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 5 noyabr 2019-cu il tarixli 205-61 saylı “İşin xarakterli haqqında arayış”ına əsasən 14.07.1992-05.01.2009 dövründə çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “a” və “b” bəndlərinə uyğun olan peşələr kimi qeyd olunmuşdur ki, bunun da 01.01.2006-cı il tarixinə qədər olan hissəsi 13 il 6 ay 17 gün təşkil edir. İddiaçının qeyd olunan xüsusi iş stajı ilə onun təhsil müddəti birlikdə iddiaçının 18 il 6 ay 17 gün təşkil edir (Əmək kitatçasının 01.11.19832-01.09.1983 dövrünü əks etdirən qeyd üzrə gözətçi kimi işlədiyi müddət, təhsil müddəti ilə üst-üstə düşdüyünə görə görə “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən nəzərə alınmır.) Cavabdeh iddiaçıya ünvanladığı 27 yanvar 2021-ci il tarixli imtina məktubunda mübahisələndirir ki, 22.02.1988-01.04.1992 dövründə Yevlax rayon “M.Ə.Sabir” adına kolxozda işlədiyi müddətdə onun 22.02.1988 - 31.12.1988-ci (10 ay 9 gün) il tarixləri arasında məcburi dövlət sosial sığorta ödənişinin mövcud olmadığı aşkar olunduğundan həmin dövr onun sığorta stajına daxil edilməsi mümkün olmadığından onun ümumi sığorta stajı 25 ildən az (24 il 9 ay16 gün) təşkil edir. Hazırkı apellyasiya şikayətinin dəlillərində isə cavabdeh tərəfindən eyni əsasa istinad olunaraq, eləcə də, əmək kitabçasının kolxoz stajına dair qeydində işə qəbul barədə əmrin tarixi, habelə 1988-ci ildə işlədiyi adam günü ilə bağlı məlumat olmaması əsas gətirilərək həmin dövrün, yəni 10 ay 9 günü onun sığorta stajına aid edilməsi mümkün sayılmır. Məhkəmə kollegiyası, cavabdehin qeyd olunan dəlillərini formal xarakterli dəlillər kimi qiymətiləndirir. Birincisi ona görə ki, iddiaçının əmək kitabçasında 22.02.1988-01.04.1992 dövründə Yevlax rayon “M.Ə.Sabir” adına kolxozda işlədiyi dövr üzrə işə daxil olma əmri göstərilməsə belə, işdən çıxma əmrinin nömrəsi (3) mövcuddur. İşə daxil olma və işdən azad edilmə tarixləri tam aydınlığı ilə doldurulmuş və həm işə girmə, həm də işdən çıxma kolxoz sədrlərinin imzası və dairəvi (gerbli) möhürlə təsdiq olunmuş, qaralama və sair pozuntular yoxdur. Bütün bunlar düzgünlük prezumpsiyası baxımından həmin qeydin şübhə altına alınmasını istisna edir. Digər tərəfdən, işə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət X1 məhkəmə sorğusuna verdiyi 09.12.2020-ci il tarixli arxiv arayışından görünür ki, Yevlax rayonu Xaldan kənd “Sabir” adına kolxozun 1989 – 1992-ci illər şəxsi heyətə dair sənəd materiallarına əsasən iddiaçı təsərrüfatda 240 adam günü normasını artıqlaması ilə yerinə yetirmiş və əmək haqqı qazanmışdır: Belə ki, ona 1989-cu ildə 317 adam gününə 1740,24 manat; 1990-cı ildə 292 adam gününə 1998,00 manat, 1991-ci ildə 276 adam gününə 2727,13 manat, 1992-ci ildə 76 adam gününə 1172 manat əmək haqqı hesablanmışdır. Əmək kitabçasına görə iddiaçının həmin kolxozda 1992-ci ilin aprel ayının 1-nə qədər olan yanvar-mart aylarında, yəni cəmi, 3 ay işləməsi nəzərə alındıqda, kolxozda illik 240 adam günü norması baxımından hər rübə 60 gün düşür ki, belə olan halda da iddiaçı 1992-ci ilin birinci 3 ayına münasibətdə adam günü normasını artıqlaması ilə yerinə yetirmiş olur. Həmin arxiv arayışa verilən qeyddən görünür ki, kolxozun 1988-ci ilə dair inşaat briqadası üzvlərinin hesablama kitabları X2 verilmədiyindən, həmin ildə qazanılmış əmək haqqını müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin il üzrə hesablama kitablarının arxivə təhvil verilməməsi iddiaçının 22.02.1988-31.12.1988-ci ilə tarixə qədər 10 ay 9 gün əmək stajının nəzərə alınmaması üçün əsas ola bilməz. Çünki, hər bir halda, pensiya məqsədləri üçün 2006-cı ilə qədər qüvvədə olan qanunvericiliyə görə iş stajı əmək kitabçasına əsasən hesablanır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində, məhz qeyd olunan ildə 22.02.1988- 31.12.1988-ci ilə tarixə qədər olan dövrü (10 ay 9 gün) məcburi sığorta haqları ödənilmədiyini əsas gətirərək, iddiaçının sığorta stajına daxil edilməsini mümkün hesab etməməsinə gəldikdə, birincisi, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 23.2ci maddəsinin tələbinə görə pensya təyin olunarkən 1992-ci ilin yanvarın 1-nə qədər olan dövr üzrə SSRİ məcburi dövlət sığorta haqlarının ödənilməsi şərti tələb olunmur. Digər tərəfdən, iddiaçının həmin işdə çalışdığı vaxt “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qəbul olunub qüvvəyə də minmişdir ki, bu Qanunun 67-ci maddəsinin 5-ci hissəsində göstərilir ki, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Beləliklə də qeyd olunanlar onun deməyə əsas verir ki, cavabdehin qeyd olunan dəlilləri əsassız hesab olunmalı və sonuncunun 22.02.1988-01.04.1992 dövründə Yevlax rayon “M.Ə.Sabir” adına kolxozda işlədiyi dövr (4 il 1 ay 9 gün) tam olaraq onun əmək stajı kimi nəzərə alınmalıdır. Cavabdehin apellyasiya şikayətində ikinci bir tərəfdən mübahisələndirir ki, iddiaçı hərbi xidmətdən qayıtdıqdan sonra, həmin tarixdə əmək müqaviləsi bağladığı və işə başladığı barədə heç bir qeyd yoxdur. Onun 13 dekabr 1985-ci il tarixdə təxris olunub 14 dekabr 1985-ci il tarixdən təkrarən işə çıxdığı ağlabatan deyil. 11 dekabr 1985-ci ildə hərbi xidmətdən təxris olunduğu qeyd edilib. Onun əmək kitabçasının 4-cü vərəqindəki qeydlərdə (hərbi xidmətə çağırılma və 22 fevral 1988-ci il tarixədək) ziddiyyət vardır. Birincisi, əmək kitabçasının qeydlərindən asılı olmayaraq, iddiaçının işə əlavə olunmuş, hərbi xidmət dövrünü əks etdirən “QZ 0427702” nömrəli hərbi biletinin 110-cu qeydinə görə onun 19 aprel 1984-cü ildən 13 dekabr 1985-ci ilə kimi SSRİ Silahlı qüvvələrində hərbi xidmət dövrü təsbit olunmuşdur ki, bu da 1 il 7 ay 24 gün təşkil edir. Əmək kitabçasından isə görünür ki, iddiaçı 12.09.1983-cü il tarixindən hərbi xidmətə getdiyi 19.04.2084-cü il tarixinə qədər (7 ay 7 gün) yol tikinti təşkilatında (“Aztransstroy” 323 nömrəli Trest) tikinti ustası işləmiş, 13 dekabr 1985-ci il ğparixində qayıtdıqdan sonra da o, həmin işini davam etdirərək, 02.02.1987-ci il tarixinə qədər (1 il 1 ay 18 gün) həmin təşkilatda işləmişdir. Beləliklə də, iddiaçının əmək fəaliyyəti üzrə iş stajı ümumiləşirildikdə, onun 01.01.2006-cı ilə qədər 25 il 10 ay 3 gün stajı əmək stajı yaranır. Başqa sözlə, onun bilavasitə hərbi xidmətə getməsinə qədər və qayıtdıqdan sonra əmək fəaliyyətini davam etdirdiyi yol tikinti təşkilatında işlədiyi dövrün 10 ayı nəzərə alınmasa belə, onun azı 25 il ümumi iş stajı toplanır. Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla, və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunanlardan göründüyü kimi, cavabdehin iddiaçıya, onun 25 il ümumi iş stajınının mövcud olmadığına istinadən, 57 yaşından pensiya təyin olunmasından imtina etməsi əsassızdır və onun hüqüqlarını pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki,nzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarında iddianın təmin olunması barədə gəldiyi nəticəni mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanuni və əsaslı olmadığını mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4490/2021saylı, 27.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4490/2021saylı, 27.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Vidadi Məmmədov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar