Məhkəmə qərarları › İş №2-1(103)-448/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-448/2024

16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-448/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə qarşı “qida təhlükəsizliyi qeydiyyatına alınma barədə icazənin verilməsi və kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-133/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 03 sentyabr 2020-ci il tarixli, YPK/0126-20 nömrəli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək son olaraq, xx.xx.2021-ci il tarixli ərizə ilə Bakı şəhəri, Xəzər rayonu, sahə 2-1307 ünvanında yerləşən ona məxsus ev quşlarının yetişdirilməsi təsərrüfatında qida təhlükəsizliyi qeydiyyatına alınması barədə icazə verilməsi öhdəliyinin Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinə həvalə edilməsi və yuxarıda qeyd etdikləri ilə bağlı Zaur Kərimovun qanunsuz qərarları nəticəsində vurulmuş ziyana görə 10000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, sahə 300 ünvanında yerləşən ona məxsus ev quşlarının yetişdirilməsi təsərrüfatında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən araşdırılma aparılmış, yoxlama hərəkətlərinin nəticəsi kimi 03 sentyabr 2020-ci il tarixdə YPK/0126-20 nömrəli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərar qəbul olunmuşdur. Sözügedən qərara əsasən ona məxsus təsərrüfatda ev quşlarının yetişdirilməsi işlərinin görülməsinin dayandırılması qərara alınmışdır. O, sözügedən qərardan narazıdır və onun ləğv olunmasını xahiş edir. Belə ki, qərarda göstərilmiş nüanslar doğru deyil. Ona məxsus ev quşlarının yetişdirilməsi təsərrüfatda sözügedən qərarda göstərilmiş “Sanitariyaepidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununun və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərinə əməl edir. Bu səbəbdən hesab edir ki, yuxarıda göstərilmiş qərar əsassızdır və ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6901/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası X1rşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər Baytarlıq İdarəsinin 3-cü şəxs qismində işə cəlb edilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-448/2024 saylı qərardadı ilə hazırkı iş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər Baytarlıq İdarəsinin 3-cü şəxs statusu ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci tarixli, 2-1(112)-1990/2021 saylı qərardadı ilə iddia “kompensasiya ödənilməsi” tələbi hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1990/2021 saylı qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 300 ünvanında fəaliyyət göstərən quşçuluq təsərrüfatının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”na, həmçinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı qida təhlükəsizliyi qeydiyyatına alınması barədə müraciətinin yenidən araşdırılmasının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı iddianın mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1990/2021 saylı qərardadından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(103)-645/2022 saylı qərardadı ilə iddiaçının şikayəti təmin edilmiş, Baki İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1990/2021 saylı qərardadı ləğv edilmiş, iş iddiaçının “kompensasiya” tələbi ilə bağlı sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı həmçinin xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1990/2021 saylı qərarından apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək sonrakı prosessual hərəkətlərin edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)- 2136/2022 qərardadı ilə iddiaçının şikayəti təmin edilmiş, Baki İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1990/2021 saylı qərarı ləğv edilmiş, iddiaçının “qida təhlükəsizliyi qeydiyyatına alınması barədə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-133/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-133/2023 saylı, 28 aprel 2023-cü il tarixli qərardadının ləğv edilib sonrakı prosessual hərəkətlərin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, sahə 2- 1307 ünvanında yerləşən iddiaçıya məxsus tikiliyə Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin əməkdaşları baxış keçirmiş, lakin qiymətləndirmə zamanı qeyriyaşayış sahəsi ilə digər tikililər arasındakı xronoloji ardıcıllıq nəzərə alınmamış, tikililərin yarımtikili, yaşayışın olmaması və digər anlaşılmayan, qaranlıq məqamlara aydınlıq gətirilməsi məqsədi ilə mütəxəssis dəvət edilməmişdir. Onun iddiası Bakı İnzibati Məhkəməsi SN 245-71 sənaye müəssisələri üçün sanitariya təsnifatı normalarına əsasən quşçuluq təsərrüfatı üçün minimum sanitar mühafizə norma 300 metr olunmaması səbəbindən təmin edilmədiyi halda, həmin ərazidə digər şəxslərin müraciətində SN 245-71 sənaye müəssisələri üçün sanitariya təsnifatı normaları tələb olunmadan onlara Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyi tərəfindən çıxarışlar təqdim olunur. Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyi maraqlarını çıxarışla bağlı imtina vermək lazım olduqda SSRİ dövründə 1972-ci il tarixli qüvvəsini itirmiş qərarı tətbiq edir, müəyyən şəxslərə isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ilkin istehsal və əlaqəli fəaliyyətlərlə bağlı gigiyena tələbləri ilə bağlı 19 nömrəli qərarda konkret olaraq neçə metr məsəfədə olması göstərilməməsi səbəbi ilə çıxarışlar təqdim olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə 2-1307 (0,1 hektar) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 638 nömrəli reyestr kitabının 60400 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmışdır. -Yoxlamanın aparılması haqqında YPK/0126-20 nömrəli, 01 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, fiziki şəxs İddiaçı məxsus təsərrüfat obyektində plandankənar yoxlamanın başlanma tarixi - 01 sentyabr 2020-ci il, başa çatma tarixi - 03 sentyabr 2020ci il müəyyən edilmişdir. - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin YPK/0126-20 nömrəli 03 sentyabr 2020-ci il tarixli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərarının təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 300 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı məxsus ev quşlarının istehsalının (yetişdirilməsi) və yetişdirilmə işlərinin görülməsinin dayandırılması qərara alınmışdır. - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin YPK/0126-20 nömrəli 09 sentyabr 2020-ci il tarixli “Yoxlamanın nəticələri üzrə” Qərarının təsdiq olunmuş surətindən görünür ki, aşkar olunmuş pozuntuların xx.xx.2020-ci il tarixinədək aradan qaldırılması və bu barədə Bakı regional bölməyə məlumat verilməsi, xx.xx.2020-ci il tarixli YPK/0126-20 nömrəli məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın qüvvədə saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin “Subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması üçün Müfəttiş(lər)in təyin edilməsi haqqında” **********4 nömrəli 28 sentyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə 2-1307 ünvanında ev quşlarının yetişdirilməsi fəaliyyətini göstərən fiziki şəxs İddiaçı tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə edilmiş xx.xx.2020-ci il tarixli **********4 nömrəli müraciəti nəzərə alaraq subyektin qida təhlükəsizliyi qeydiyyatına alınması üçün müfəttişlərin təyin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında” Əsasnamənin 2.0.4cü bəndinə əsasən təsərrüfat subyektinin xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək (üç iş günü) qida təhlükəsizliyi qeydiyyatına alınması məqsədi ilə yoxlanılması və məhsul nümunələrinin götürülməsi (ərizəçi istehsalçı olduqda) üçün X2 - Aparıcı məsləhətçi və X3 müfəttiş təyin edilməsi qərara alınmışdır. -Subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması üçün **********4 nömrəli 30 sentyabr 2020-ci il tarixli Qiymətləndirmə aktından görünür ki, ev quşlarının yetişdirilməsi müəssisəsinin ümumi sahəsi 496 kv.metrdir. Ərazi tam hasarlanmışdır. Müəssənin girişçıxışı üçün 2 ədəd dəmir konstruksiyadan yığılmış qapısı var. Girişdə dezbariyer qurlaşdırılmışdır. Quş sexinin divarları tam ağardılmış, tavanı taxta və şifer konstruksiyadan yığılmış, döşəməsi isə beton materialdan işlənmişdir. İşıqlandırma sistemi süni (42 ədəd üzəri plafonla örtülmüş led lampalar) və təbii (10 ədəd pəncərə) vasitəsi ilə həyata keçirilir. Su sistemi quyu vasitəsi ilə 1 tonluq çən vasitəsi ilə təmin edilir. Havalandırma sistemi 8 ədəd qurğu vasitəsi ilə həyata keçirilir. Pəncərələr zərərvericilərin qarşısının alınması məqsədilə torla örtülmüşdür. Həmçinin, giriş və çıxış qapılarında torlar mövcuddur. Quşların su və yem verilməsi prosesi elektron qurğu vasitəsi ilə həyata keçirilir. Quş sexinin daxilində temperatur rejiminə nəzarət üçün 2 ədəd termometr quraşdırılmışdır. Soyuq aylarda istiliyin təmin edilməsi üçün 3 ədəd qaz peçi və döşəmədə 2 ədəd trap mövcuddur. Eyni zamanda, quş sexinin yanında işçilər üçün soyunub-geyinmə otağı mövcuddur. Soyunub-geyinmə otağının divarları ağardılmış, döşəməsi beton, tavanı isə taxta və şifer materialdan yığılmışdır. İşıqlandırma süni (1 ədəd üzəri platonla örtülmüş led lampa) və təbii (1 ədəd pəncərə) vasitəsi ilə həyata keçirilir. Qeyd olunan sahədə 1 ədəd yuma çanağı, 1 ədəd soyuducu mövcuddur. Həmçinin, soyunub-geyinmə sahəsinin girişində də 1 ədəd əl-üz yuma çanağı mövcuddur. Hal-hazırda sexdə quş olmadığından sexin içərisi dezinfeksiya edilmiş su və yem qabları yuyularaq ayrıca sahədə yığılmışdır. Müəssisədə dezinfeksiya, dezinseksiya, deratizasiya, işləri aparılır. Dezinfeksiya xəstəlik törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran infeksiya mənbəyini məhv etmək üçün aparılan üsul və vasitələrdir. Dezinseksiya infeksion xəstəlikləri yayan həşəratların tələf edilməsidir. Dezinseksiya həm məişətdə, həm də epidemiyaların qarşısını almaq üçün aparılır. Deratizasiya infeksiya mənbəyi olan və onu yayan gəmiricilərin tələf edilməsidir. Təsərrüfatda tullantıların kənarlaşdırılması üçün konteynerlər quraşdırılmamışdır, həmçinin tullantıların kənarlaşdırılması üçün hər hansı qurumla müqavilə bağlanmamışdır. Müəssisədə çalışan 1 işçinin tibbi müayinədən keçməsi haqqında arayış mövcuddur. Quşçuluq təsərrüfatı ilə yaşayış evləri arasındakı məsafə 20- 100 m məsafədə olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin **********4 nömrəli 08 oktyabr 2020-ci il tarixli “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt(lərə) məxsus obyektin Qiymətləndirilməsinin nəticələri üzrə qərarın surətindən görünür ki, fiziki şəxs İddiaçı məxsus ev quşlarının yetişdirilməsi müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 12 noyabr 2020-ci il tarixli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın ləğv edilməsi ilə bağlı” Qərarın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 300 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı məxsus ev quşlarının yetişdirilməsi təsərrüfatı barədə YPK/0126-20 nömrəli xx.xx.2020-ci il tarixli məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın ləğv edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4nin 196 nömrəli, 09 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “Tərəvəzçilik-südçülük” sovxozu Azərbaycan Respublikası Prezidentinin 1 avqust 1992-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 2000-ci il 1 noyabr tarixli 45 saylı Sərəncamı ilə “Tərəvəzçilik-südçülük” sovxozu ləğv edilmiş və onun hüquqi bazasında İşlər İdarəsinin tabeliyində “X4” yaradılmışdır. “X4”nin balansında olan torpaq sahələrinin çox hissəsi 1989-cu ildən başlayaraq 2003-cü ilədək müəssisənin keçmiş rəhbərliyi tərəfindən qanunsuz olaraq fiziki şəxslərə fərdi ev tikmək üçün satılmış və 2010-cu ildə keçmiş rəhbərlik cinayət məsuliyyətinə cəlb olunmuşdur. Burada məskunlaşmış vətəndaşların torpaq üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün çoxsaylı müraciətlərindən sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 oktyabr 2015-ci ildə Fərman verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli Fərmanının 2.5-ci bəndinə əsasən “X4” tərəfindən vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda arxiv arayışı və plan-cizgi Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilir. Vətəndaşlara torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmışdır və kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir. Vətəndaş İddiaçı da eyni təyinat və məqsəd üçün torpaq sahəsi ayrılmışdır. Buzovna qəsəbəsində yerləşən “X4” torpaqlarında yaranmış qəsəbə inzibati ərazi baxımından “X4” tərəfindən idarə olunur və yaşayış massivində hər hansı bir fermer fəaliyyətinin həyata keçirilməsi yolverilməzdir. İddiaçı məxsus torpaq sahəsində və onun ətrafında olan ərazilərdə quşçuluq təsərrüfatı və fermer fəaliyyəti ilə məşğul olan şəxslər haqqında vətəndaşlardan çoxsaylı şikayətlər (kəskin iy-qoxu ilə bağlı) daxil olmuş və bunun əsasında “X4” tərəfindən aidiyyəti üzrə dövlət orqanlarına müraciət olunmuşdur. - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin **********4 nömrəli 15 yanvar 2021-ci il tarixli qərarının surətindən görünür ki, fiziki şəxs İddiaçı məxsus ev quşlarının yetişdirilməsi müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina edilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı Şəhər Baytarlıq İdarəsinin 31 avqust 2020-ci il tarixli Dezinfeksiya aktından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində eni 10 metr, uzunluğu 50 metr, hündürlüyü 3,5 metr, 500 kv.metr 2-1307 saylı Quşçuluq sahəsində mexaniki təmizləmədən sonra dezinfeksiya, dezinseksiya, deratizasiya işləri aparılmış, dezinfeksiya, dezinseksiya, deratizasiya zamanı Alimedeid 3 %-li məhluldan istifadə edilmişdir. - Baytarlıq Təbabəti Xidməti Haqqında 31 avqust 2020-ci il tarixli müqavilədən görünür ki, icraçı Bakı şəhəri Baytarlıq İdarəsi ilə sifarişçi İddiaçı Buzovna qəs., 2/1307 saylı ünvanda yerləşən Quşçuluq obyektində dezinfeksiya işinin təşkili ilə əlaqədar razılığa gələrək müqavilə bağlamışlar. - Baytarlıq Xidməti haqqında 17 avqust 2021-ci il tarixli Müqavilənin surətindən görünür ki, Bakı Şəhər Baytarlıq İdarəsi ilə İddiaçı ona məxsus Xəzər rayonu Buzovna qəsəbəsi sahə 2-1307 ünvanda yerləşən quşçuluq təsərrüfatı obyektində baytarlıq xidməti haqqında razılığa gələrək, müqavilə bağlamışlar. - 08 oktyabr 2021-ci il tarixli 01 №-li Müqavilədən görünür ki, 140 saylı Mənzil Kommunal İstismar Sahəsi ilə fərdi sahibkar İddiaçı ümumi razılıq əsasında müəyyən olunmuş sahələrdən sifarişçinin fəaliyyəti nəticəsində yaranmış tullantıların icraçı tərəfindən vaxtlı-vaxtında daşınmasının həyata keçirilməsinə dair razılığa gələrək müqavilə bağlamışlar. - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 05 yanvar 2022-ci il tarixli, 23/1/BN-18 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1990/2021 saylı qərarına əsasən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 300 ünvanında fəaliyyət göstərən quşçuluq təsərrüfatının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”na, həmçinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı obyektinin yenidən şəraitinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, habelə gigiyenik və baytarlıq tələblərinə uyğunluğunun yoxlanması məqsədilə qiymətləndirmə aparılmışdır. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektə məxsus obyektin qiymətləndirilməsinin nəticələri üzrə xx.xx.2021-ci il tarixli, **********4-1 nömrəli qərara əsasən X5 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsi, sahə 21307 ünvanında fəaliyyət göstərən quşçuluq təsərrüfatının qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina edilmişdir. -Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektə məxsus obyektin qiymətləndirilməsinin nəticələri üzrə” xx.xx.2021-ci il tarixli **********4-1 saylı qərarın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin xx.xx.2021-ci il tarixli **********4-1 nömrəli Qərarına əsasən “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması, dövlət reyestrinin aparılması Qaydaları”na, həmçinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı qida təhlükəsizliyi qeydiyyatına alınması barədə müraciətinin yenidən araşdırması barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1990/2021 nömrəli qərarına əsasən İddiaçı məxsus quşçuluq təsərrüfatında qiymətləndirmə aparılmışdır. İşin materiallarına (xx.xx.2021-ci il tarixli **********4-1 nömrəli qiymətləndirmə aktına və ona əlavə olunan sənədlərə) baxılması zamanı müəyyən edilmişdir ki, müəssisədə Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə və SN 245- 71 sənaye müəssisələri üçün sanitar norma və qaydalarına riayət olunmur. Belə ki, quşçuluq təsərrüfatlarının layihələndirilməsi ilə bağlı baytarlıq sanitar qaydalarına əsasən yaşayış evləri ilə quşçuluq təsərrüfatları arasında sanitar mühafizə zonasının məsafəsi 300 m (SN 245-71 sənaye müəssisələri üçün sanitar norma) müəyyənləşdirilmişdir. Lakin müəssisədə bu tələblərə riayət olunmur. Aparılmış qiymətləndirmə zamanı quşçuluq təsərrüfatı ilə yaşayış evləri arasındakı məsafə perimetr üzrə 4.3, 10.0, 40.0, 64.0 metr məsafədə olduğu müəyyən edilmişdir. “Sanitariya – epidemiolojı salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Göstərilənlərə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 2-1307 ünvanında fəaliyyət göstərən İddiaçı məxsus ev quşlarının yetişdirilməsi müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırda yuxarıda qeyd olunan imtina ilə razılaşmır və ona məxsus ev quşlarının yetişdirilməsi müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatına alınmasını və imtina ilə bağlı dəymiş zərərin ödənilməsini xahiş edir. Halbuki, iddiaçı ona məxsus quşçuluq obyektində dezinfeksiya işinin təşkili ilə əlaqədar Bakı şəhəri Baytarlıq İdarəsi ilə, həmçinin müəyyən olunmuş sahələrdən sifarişçinin fəaliyyəti nəticəsində yaranmış tullantıların icraçı tərəfindən vaxtlı-vaxtında daşınmasının həyata keçirilməsinə dair 140 saylı Mənzil-Kommunal İstismar Sahəsi ilə müqavilələr bağlamışdır. Lakin iddiaçının ev quşlarının yetişdirilməsi müəssisələri üçün tələb olunan bir şərti, yaşayış evləri ilə quşçuluq təsərrüfatları arasında sanitar-mühafizə zonasının 300 metr məsafədə yerləşməsi şərtini ödəməsi mümkünsüzdür. Belə ki, SN 245-71 sənaye müəssisələri üçün sanitariya təsnifatı normalarına əsasən quşçuluq təsərrüfatı üçün minimum sanitar mühafizə norma 300 metr olaraq müəyyən edilmişdir. Lakin işdə olan qiymətləndirmə aktından, həmçinin təqdim edilən ortofoto xəritələrindən çıxarışdan görünür ki, iddiaçıya məxsus quşçuluq təsərrüfatı ilə yaşayış evləri arasındakı məsafə perimetr üzrə 4.3, 10.0, 40.0, 64.0 metr məsafədə yerləşir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.7-ci bəndinə əsasən qida zənciri obyektlərinin (subyektlərinin), habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 25.1-ci maddəsində müəyyən edilmiş məhsulların qeydiyyatını, qida zənciri obyektlərinin təsdiqini həyata keçirmək və Qida Təhlükəsizliyi Reyestrini aparmaq, idxal sağlamlıq aktını, sağlamlıq, baytarlıq və fitosanitar sertifikatlarını vermək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın: 2.1. Azərbaycan Respublikasının ərazisində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər (bundan sonra-subyektlər) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) tərəfindən qeydiyyata alınır və subyektlərin dövlət reyestrinə daxil edilir. 2.2. Qida təhlükəsizliyi qeydiyyatı Agentlikdə qeydiyyata alınmış subyektlər, onların təsərrüfat fəaliyyətinə cəlb olunmuş obyektlər, qida məhsullarının və ya xidmətlərin adı və növü də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərini əhatə edir. 2.3. Subyektlər qeydiyyat üçün Agentliyə və ya Agentliyin “ASAN xidmət” mərkəzlərində, kiçik və orta biznes evlərində və “Bir Pəncərə” X8 fəaliyyət göstərən nümayəndəsinə forması bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 2.3.1. fiziki şəxslər üçün – şəxsiyyət vəsiqəsinin və vergi uçotuna alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surəti; 2.3.2. hüquqi şəxslər üçün – vergi uçotuna alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surəti; 2.3.3. bu Qaydaların 2.3.1-ci və 2.3.2-ci yarımbəndlərində göstərilən şəxslərin nümayəndələri müraciət etdikdə - onun səlahiyyətlərini təsdiq edən sənəd; 2.3.4. subyektin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surəti; 2.3.5. subyekt idxalçı olduqda - idxal edilən yeyinti məhsullarının təhlükəsizliyini təsdiq edən sertifikatın (mövcud olduqda) surəti. 2.4. Subyektdən bu Qaydaların 2.3-cü bəndində göstərilməyən sənədlərin tələb edilməsinə yol verilmir. 2.5. Bu Qaydaların 2.3.1-2.3.5-ci yarımbəndlərində göstərilən sənədlər təqdim edildikdən sonra ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında subyektə elektron qaydada və ya sifarişli poçt bildirişi vasitəsilə 2 (iki) iş günü müddətində məlumat verilir. 2.6. Agentlik təqdim olunmuş sənədləri araşdırır, sənədlərdə çatışmazlıqlar olmadıqda, subyektin qeydiyyata alınması üçün ona məxsus obyektin qiymətləndirilməsi və ekspertizanın (analizin) aparılması üçün həmin obyektdə istehsal olunan yeyinti məhsulundan nümunə götürülməsi məqsədi ilə mütəxəssis (məsul şəxs) təyin edir. 7 (yeddi) iş günü müddətində obyektin qiymətləndirilməsi və götürülmüş yeyinti məhsulu nümunəsinin analizi başa çatdırılmalıdır. 2.7. Bu Qaydaların 2.6-cı bəndində göstərilən mütəxəssis (məsul şəxs) “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq obyektin istehsal şəraitinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, habelə gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunu qiymətləndirir. Qiymətləndirmənin nəticələri əsasında akt tərtib edilir və yeyinti məhsulundan nümunə götürür. 2.8. Obyektdə istehsal olunan yeyinti məhsulundan götürülmüş nümunələrin Agentliyin tabeliyində olan və ya “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş digər laboratoriyada analizi aparılır. Məhsulun analizi subyektin vəsaiti hesabına həyata keçirilir. Analizin nəticələri barədə laboratoriya tərəfindən bir iş günü müddətində Agentliyə sınaq protokolu (yazılı rəy) təqdim edilir. 2.9. Agentlik obyektin qiymətləndirilməsinin və götürülmüş yeyinti məhsulunun nümunəsinin ekspertiza nəticələrinə uyğun olaraq subyektin qeydiyyata alınması və ya qeydiyyatdan imtina barədə qərar qəbul edir. Qəbul edilmiş qərar 2 (iki) iş günü müddətində subyektə təqdim edilir, yaxud sifarişli poçt vasitəsilə göndərilir. 2.10. Subyektin qeydiyyata alınması barədə qərar qəbul edildiyi halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra subyekt dövlət reyestrinə daxil edilir və forması bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış” verilir. 2.14. Subyektin qeydiyyata alınmasından “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda imtina edilir. 2.15. Subyektin qeydiyyata alınmasından imtina barədə qərarı əsaslandırılmalıdır. 2.17. Bu Qaydaların 2.14-cü bəndində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə subyektin qeydiyyata alınmasından imtinaya yol verilmir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən lisenziyanın və icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir: 20.1.1. ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda (bu Qanunun 19.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə); 20.1.2. ərizəçi lisenziya və icazə verilməsi şərtlərini yerinə yetirmədikdə. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Azərbaycan Respublikası ərazisində respublikanın sanitariya normaları və qaydaları, gigiyena normativləri qüvvədədir. Respublika və yerli sanitariya qaydalarının və normalarının, gigiyena normativlərinin hazırlanması, təsdiq, nəşr edilməsi, qüvvəyə minməsi və dəyişdirilməsi qaydasını, habelə beynəlxalq sanitariya qaydalarının və normalarının, gigiyena normativlərinin Azərbaycan Respublikası ərazisində qüvvədə olması qaydasını Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi müəyyən edir. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.1-ci maddəsinə əsasən baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıq-sanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, müvafiq təlimatlara əməl etmək heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin vəzifəsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bundan başqa, apelyasiya şikayətində iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 133/2023 saylı, 28 aprel 2023-cü il tarixli qərardadının ləğv edilib sonrakı prosessual hərəkətlərin edilməsini xahiş etmişdir ki, iş materiallarında belə bir qərardad mövcud deyil. İddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat göndərilsə də, sonuncu məhkəmə kollegiyasının iclaslarında iştirak etmədiyindən, ona hüquqi yardım göstərərək apellyasiya şikayətini dəqiqləşdirmək mümkün olmamışdır. Lakin apelyasiya şikayətinin məzmunundan da göründüyü kimi iddiaçı məhz Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 133/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarı ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, şikayətin mətnində texniki səhv olaraq başqa tarixi və qərar əvəzində qərardad qeyd etmişdir. Beləliklə, hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-133/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-133/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar