Məhkəmə qərarları › İş №2-1(103)-448/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-448/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-448/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X7 Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə (üçüncü şəxs X8) qarşı “mənzillə təmin edilmə” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3053/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mənzil ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir . İddia ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.2016-cı ildə X4 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 18 yanvar 2004-cü ildə övladları X5 dünyaya gəlmişdir. X5 xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr nəticəsində vəfat elmişdir. Bu öz təsdiqini 1 saylı Gəncə regional Asan xidmət mərkəzi Qeydiyyat şöbəsindən verilən ölüm haqqında şəhadətnamə ilə tapır. xx.xx.2022-ci il tarixdə iddiaçıya Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid ailəsi üzvü olduğunu təsdiqləyən vəsiqə verilmişdir. Həmin vəsiqədə qeyd edilmişdir ki, vəsiqəni təqdim edən şəxsin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyvən edilmiş şəxslərin və şəhid (ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyət orqanlarıda yaşavış sahələrinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq. Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin yerinə vetrilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxlər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020- ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün. müsləqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. 12 iyun 2023-cü il tarixli 2-1(112)-5490/2023 saylı qərar ilə Bakı İnzibati Məhkəməsi tərəfindən Həsənova X3 Rayon İcra hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alnınmış siyahıya əsasən 23 aprel 2021-ci ildən yaşaış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. İddiaçı tərəfindən dəfələrlə Sosial Xidmətlər Agentliyinə müraciət edilməsinə baxmayaraq, orqan tərəfindən heç bir əsaslandırıcı cavab verilməmiş və ən son 10 oktyabr 2023-cü il tarixli məktub ilə imtina verilmişdir və şəxsin indiyə kimi mənzillə təmin edilməsi üçün orqan tərəfindən hər hansı addım atılmamışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3053/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3053/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZ-İ №498379 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X4, anası İddiaçıdır. - xx.xx.2022-ci il tarixli, AZ-İİ №305713 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2022-ci il tarixində hərbi əməliyyatlar nəticəsində törənmiş zədələnmələr səbəbindən Laçın rayonunda ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 743 nömrə ilə qeyd edilmişdir. - 008107 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə şəhid ailəsi statusuna əsasən müvafiq vəsiqə verilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5490/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddiası təmin edilmiş və İddiaçı şəhid ailəsi olaraq yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi öhdəliyi Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. - Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 177 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5490/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən şəhid ailəsinin üzvü İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, əri, 2 qızı) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. - cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, şəhidin həyat yoldaşı - X8 Azərbaycan Respublikası Prezidentinin 2021 -ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının icrası çərçivəsində 29 mart 2023-cü il tarixində mənzillə təmin olunmuşdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsidir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 saylı Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014- cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 saylı Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021– 2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirilməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Həmin Fərmanının 2-ci hissəsinə əsasən yerli icra hakimiyyəti orqanlarının: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmələri; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etmələri və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermələri qərara alınmışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492s saylı sərəncamından görünür ki, həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, hazırkı qanunvericilik aşağıdakı kateqoriyadan olan şəxslərin Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin edilməsini nəzərdə tutmuşdur: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

1. şəhid ailələri;

2. Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

3. xx.xx.2021-ci il tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslər;

4. xx.xx.2021-ci il tarixədək uçotda olan uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları. Sadalanan qanunvericilik normalarından görünür ki, həmin kateqoriyaya aid olan uçota alınmış şəxslər barədə məlumatı yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir və Nazirliyin Sosial Xidmətlər Agentliyi də həmin şəxslərin mənzillə təmin edilməsini həyata keçirir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının şəhid ailəsinin üzvü olması və yaşayış sahəsinə ehtiyacı olan şəxs olması işin mübahisəsiz halı olsa da, iş materiallarından görünür ki, cavabdeh tərəfindən şəhid X1 ailəsi kimi onun ailə üzvü olan arvadı X8 artıq mənzillə təmin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 270 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, vətəndaş A.A.Kamilovanın əri X5 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı xx.xx.2022-cı il tarixdə şəhid olmuşdur. Vətəndaş A.A.Kamilova nazırda 3 nəfər ailə tərkibi ilə (özü, oğlu, anası) ünvan 1 ünvanında qeydiyyatdadırlar. Qeyd olunanlar nəzərə alınara həmin sərəncamla şəhid ailəsinin üzvü X8 3 nəfər ailə tərkibi ilə (özü, oğlu, anası) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmişdir. Mənzilin imtiyazlı şəxsə təhvil verilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamının icrası çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonu, Yeni Yaşayış kompleksində 2 otaqlı mənzil (binanın razılaşdırılmış layihəsinə əsasən 2 otalı mənzillərin sahəsi 67,53-70,40 kv.metr təşkil edir) imtiyazlı şəxs X6 təhvil verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şəhid X1 ailəsinə cavabdeh tərəfindən artıq mənzil verildiyindən iddiaçı şəhid ailəsi kimi yenidən mənzillə təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalardan görünür ki, qanunverici sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə mənzillə təmin edilmə hüququna malik şəxsləri müəyyən edərkən şəhidin ayrı-ayrı ailə üzvlərini deyil, şəhid ailəsini belə hüquqa malik olan vahid bir subyekt kimi müəyyən etmişdir. Yəni qanunverici şəhid ailəsinin üzvləri kimi qiymətləndirilən həmin şəxslərin ayrıayrılıqda deyil, onların hamısının daxil olduğu bir kateqoriya kimi şəhid ailəsinin mənzillə təmin edilmək hüququnu müəyyən etmiş, bu zaman digər kateqoriyaya daxil olanlar kimi həmin kateqoriyaya aid subyektə (şəhid ailəsinə) də bir mənzil verilməsini təsbit etmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 459 saylı qərarına əsasən isə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Şəhid İ.Həsənovun ailə üzvləri– arvadı, valideynləri, 18 yaşına yaşına çatmamış uşağı olmaqla, ümumilikdə 4 nəfər olduğundan, həmin şəhid ailəsinə sosial kirayə müqaviləsi əsasında verilməli yaşayış sahəsinin minimal ölçüsü 64 kv.metr olmalıdır (4×16 kv.m=64 kv.metr). İş materiallarında olan A.Kamilovaya verilmiş 2 otaqlı mənzilin yerləşdiyi Abşeron rayonu, Yeni Yaşayış kompleksindəki binanın razılaşdırılmış layihəsindən görünür ki, 2 otaqlı mənzillərin ümumi sahəsi 67,53-70,40 kv.metr arası təşkil edir. Göründüyü kimi şəhid İ.Həsənovun ailəsinə verilən mənzilin sahəsi qanunvericilikdə müəyyən edilmiş tələblərə də uyğundur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3053/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3053/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar