Məhkəmə qərarları › İş №2-1(103)-4482/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4482/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4482/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2-1(112)-5073/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2-1(112)-5073/2025 saylı qərardadı ilə (hakim H.A.Ağalarov) iddia ərizəsi geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, “ ... bildirişlər faktiki yaşayış ünvanı kimi göstərdiyi ünvanına göndərilmişdir. Lakin göndərişlərin çatıb-çatmamasından asılı olmayaraq iddiaçının məhkəmə iclaslarından xəbərdar olması aşkardır. Belə ki, iddia ərizəsi elektron qaydada məhkəməyə təqdim edilmiş və iddiaçı elektron kabinet vasitəsilə iş üzrə həyata keçirilən bütün sistem məlumatlarından xəbərdar olmuşdur. Həmçinin, bildiriş elektron imza ilə təsdiq edilməklə iddiaçıya məxsus elektron kabinetə yerləşdirilmişdir. Göründüyü kimi, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı tərəf 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır. Məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, 2 dəfə təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş iddiaçının məhkəmə iclasında iştirakının təmin edilməsi üçün qeyri-məhdud sayda məhkəmə iclasları keçirilə bilməz. Məhkəməyə iddia vermiş şəxsin doğru əlaqə məlumatlarını təqdim etmək onun vəzifəsidir. İddiaçı tərəfin həmin vəzifəsini düzgün icra etməməsi və ümumiyyətlə verdiyi iddia ərizəsi ilə “maraqlanmaması” qeyri-məhdud sayda məhkəmə iclaslarının keçirilməsinə, iş vaxtının itirilməsinə və əlavə resursların istifadəsinə səbəb olmamalıdır. “Geri götürülmüş sayılma” institutu məhz qeyd edilən məqsədə xidmət edir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir”. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi qənaətlə işin hazırkı vəziyyətində razı deyil. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, ilk olaraq Bakı İnzibati Məhkəməsi tərəfindən iddiaçının ünvanına (Bakı şəhəri, Xətai rayonu, Qadir Məmmədov küçəsi, ev 7, mənzil 57) xx.xx.2024-cü il tarixdə sərəncam göndərilmiş və həmin məktubun iddiaçının elektron kabinetinə yerləşdirilməsi və ya poçt vasitəsilə göndərilməsini təsdiq edən hər hansı sənəd iş materiallarında mövcud deyil. Bundan sonra Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə iddiaçıya bildiriş və müvafiq izah eyni ünvana (ünvan 3 göndərişlərin də iddiaçıya təqdim edilməsini təsdiq edən nə poçt qəbzi, nə də ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış iş materiallarında mövcud deyil (*işə hər dəfə yalnız cavabdehin kabinetinə sənədlərin yüklənməsi barədə çıxarışlar əlavə edilir). Nəhayət xx.xx.2025-ci il tarixdə iddiaçıya yenə həmin (Bakı şəhəri, Xətai rayonu, Qadir Məmmədov küçəsi, ev 7, mənzil 57) ünvan üzrə xəbərdarlıq və bildiriş göndərilmiş, məktub üzərində “evdə yoxdur” qeydi ilə geri qaytarılmış, Elektron Məhkəmə İnformasiya Sistemindən xx.xx.2025-ci il tarixdə çap edilmiş çıxarışdan isə (çıxarışda sənədin növü, nömrəsi və tarixi göstərilmədiyindən) kabinetə həmin tarixdə hansı sənədin yüklənmiş olmasını müəyyən etmək mümkün deyil. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində mobil nömrəsini qeyd etsə də və Elektron Məhkəmə İnformasiya Sistemi məhkəməyə bu imkanı tanısa da, məhkəmə tərəfindən iddiaçıya sms bildirişlərin göndərilməsinə dair çıxarışlar iş materiallarında mövcud deyil. Xüsusi ilə vurğulanmalıdır ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasından əvvəl iddiaçı məhkəməyə aşağıdakı məzmunda ərizə ilə müraciət etmişdir: “ ... Hörmətli məhkəmə çıxarışın ləğv edilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışam. İddia tələbimi tam şəkildə müdafiə edirəm. Məhkəmə hazırlıq iclası xx.xx.20225-ci il tarixə təyin edilmişdir. Səhhətimlə əlaqədar əməliyyat keçirdiyimdən məhkəmə iclasında iştirak edə bilməyəcəyəm. Göstərilənləri nəzərə alaraq sizdən məhkəmə iclasını başqa vaxta təxirə salmağınızı xahiş edirəm. Əvvəlcədən minnətdarlığımı bildirirəm”. Bu müraciət mövcud olduğu halda iddiaçının “30 gündən artıq müddətdə ardıcıl olaraq məhkəmə icraatından yayınması” barədə nəticəyə gəlmək həm faktiki hallarla, həm də prosessual məntiq ilə ziddiyyət təşkil edir. Bu xüsusata qiymət verilərkən məhkəmənin hər dəfə +/- 3 ay intervalla iclaslar keçirilməsi də nəzərə alınmalıdır. Beləliklə, iş materiallarının və birinci instansiya məhkəməsinin qərardadının təhlili göstərir ki, Bakı İnzibati Məhkəməsi iddia ərizəsinin “geri götürülmüş sayılması” nəticəsinə gələrkən prosessual hüququn fundamental tələblərinə, xüsusilə də tərəflərin lazımi qaydada məlumatlandırılması, müdafiə hüququnun təmin edilməsi və işin faktiki hallarının obyektiv araşdırılması prinsiplərinə əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İstinad olunan maddənin tətbiqi ilə bağlı məsələyə gəldikdə isə, inkişaf etmiş məhkəmə təcrübəsində qəbul edilir ki, iddianın geri götürülmüş sayılması institutu istisna xarakter daşıyır və yalnız iddiaçının prosessual hüquqlardan açıq və sübut olunmuş şəkildə sui-istifadəsi hallarında tətbiq edilə bilər. Hazırkı işdə isə iddiaçının qanunvericiliyin tələblərinə müvafiq olaraq məlumatlandırılması sübuta yetirilməmiş, iddiaçının iclaslarda iştirak etməməsinin obyektiv səbəbləri mövcud olmuş, iddiaçı məhkəməyə yazılı müraciət etməklə prosesdə maraqlı olduğunu nümayiş etdirmişdir. Belə olan halda İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinin tətbiqi zəruri şərtlər formalaşmadan həyata keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təmin olunan məhkəməyə müraciət və müdafiə hüququ yalnız formal prosedurların yerinə yetirilməsi ilə deyil, real və effektiv imkanların yaradılması ilə təmin edilməlidir. Birinci instansiya məhkəməsinin yanaşması nəticəsində iddiaçı işin mahiyyəti üzrə baxılmasından faktiki olaraq məhrum edilmişdir ki, bu da məhkəməyə çıxış hüququnun mahiyyət etibarilə pozulması kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 55, 80, 87 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2-1(112)-5073/2025 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar