Məhkəmə qərarları › İş №2-1(103)-4485/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4485/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4485/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6598/2025 nömrəli, 10 sentyabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) e-2-1(112)-6598/2025 nömrəli, 10 sentyabr 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi e-2-1(112)-6598/2025 nömrəli inzibati iş olaraq məhkəmənin icraatına götürülsə də, 10 sentyabr 2025-ci il tarixli qərardadla geri götürülmüş sayılmışdır. O, qəbul edilmiş 10 sentyabr 2025-ci il tarixli qərardadı əsassız hesab edir. Belə ki, o, məhkəməyə həmin iclasdan da əvvəl ərizə ünvanlayaraq məhkəmə iclaslarına gələ bilmədiyini, məhkəmənin onun iştirakı olmadan təqdim etdiyi sübutları əsasında keçirilməsini xahiş etmiş, eləcə də iddianı əsaslandırdığı sübutlarını elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etmişdir. Məhz bu əsaslara görə hesab edir ki, məhkəmənin iddianı geri götürülmüş hesab etməsi əsaslı sayıla bilməz, Məhkəmənin 10 sentyabr 2025-ci il tarixli qərardadı ləğv edilməli, iddiaya mahiyyəti üzrə baxmalıdır. Birinci instansiya məhkəməsinin iddianın geri qaytarılması əsasları, onun elektron kabinet vasitəsi ilə məhkəməyə ünvanladığı iştirakı olmadan iddiaya baxılması xahişinə dair ərizəsinə münasibətdə əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi elektron kabinetə yerləşdirdiyi məlumatlar əsasında ərizəsinə baxa bilərdi. Birinci instansiya məhkəməsi elektron kabinetə yerləşdirdiyi məlumatları, iştirakı olmadan iddiaya baxılması barədə ərizəsini nəzərə almayıb. İştirakı olmadan iddiaya baxılma xahişinə dair ərizəsi olduğu halda, məhkəmə iddiaya baxılması üçün təyin olunan məhkəmə iclasına gəlmədiyinə görə iddianı geri götürülmüş hesab edib. Apellyasiya baxışı zamanı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi onun hüquq varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadda qeyd etmişdir ki, «İşin hallarının araşdırılması məqsədilə xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərə məhkəmə iclasları təyin edilmiş və iddiaçının ərizəsində qeyd etdiyi ünvanına bu barədə bildirişlər göndərilmiş, lakin iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçıya göndərilmiş bildirişlərdə, o cümlədən sonuncu bildirişdə və hüquqi yardım məktubunda (poçt xəbərnaməsinə əsasən xx.xx.2025-ci il tarixdə çatdırılmışdır) məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş və bu barədə qanunvericiliyin tələbləri izah edilmişdir. Bundan başqa, bildiriş elektron imza ilə təsdiq edilməklə iddiaçıya məxsus elektron kabinetə yerləşdirilmişdir». Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən göstərilən hallar düzgün araşdırılmamış, prosessual hüquq normaları düzgün tətbiq edilməyərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilmişdir. Belə ki, həmin normanın mənasına görə iddiaçı nəzərdə tutulan müddət ərzində ardıcıl olaraq üzürsüz səbəbdən məhkəmə icraatından yayındıqda iddia geri götürülmüş sayılır. Həmçinin məhkəmə iddianın geri götürülmüş sayılması nəticəsinə o halda da gələ bilər ki, iddiaçının icraatdan yayınmasına dair passiv davranışı onun icraatın davam etdirilməsinə marağının olmamasından irəli gəlsin. Lakin hazırki iş üzrə məhkəmənin bu qənaətə gəlməsinə əsas olan hal mövcud deyil. İşin araşdırılmış hallarından görünür ki, İddiaçı xx.xx.2025-ci ildə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq inzibati işə məhkəmədə baxılması ilə əlaqədar təyin olunmuş məhkəmə iclasının iştirakı olmadan təqdim etdiyi sübutlar əsasında keçirilməsini xahiş etmiş, iddianı müdafiə etdiyini bildirmişdir. Daha sonra xx.xx.2025-ci ildə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq cavabdehin iddia tələbinə etiraz ərizəsinə etirazını bildirmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddia geri götürülmş sayılmışdır. Göründüyü kimi, iddiaçının hazırki iddia tələbinin məhkəmə tərəfindən araşdırılmasına hüquqi marağı olmuş, iddianın geri götürülmüş sayılması üçün əsaslar mövcud olmamışdır. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında qeyd edilir: İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Beləliklə, İPM-in 55.3-cü maddəsi Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi qaydada düzgün və dürüst tətbiq olunduqda, Konstitusiyanın 60-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnu pozmur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6598/2025 nömrəli, 10 sentyabr 2025-ci il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar