Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4486/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, X15 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 6447/2025 nömrəli, 28 avqust 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu dövr ərzində iş şəraiti ilə əlaqədar olaraq səhhətində müəyyən problemlərlə üzləşmişdir. Belə ki, iddiaçı işlədiyi bütün bu müddət ərzində ağ ciyərin vərəmi, diabet və insult, o cümlədən, bu xəstəliklərin iddiaçının orqanizminə vermiş olduğu digər fəsadlara düçar olmuşdur. İddiaçının xəstəliklərinin aşkarlanması şəraiti belə baş vermişdir ki, iddiaçı 2022-ci ilin fevral ayında Mərdəkan qəsəbəsində yerləşən sanatoriyaya göndəriş verilməsi üçün müraciət etdikdə ona X16 rentgen müayinəsindən keçmək tələbi qoyulmuş və keçirilmiş müayinə nəticəsində məlum olmuşdur ki, iddiaçının sağ ciyərində tam dağılma, sol ciyərində isə səpələnmə şəklində olmaqla hər iki pay ağ ciyərində vərəm xəstəliyinin əlamətləri aşkarlanmışdır. Beləliklə, iddiaçının rentgen cavablarına uyğun olaraq onu stasionar müalicəyə göndərilməsi qərara alınmışdır və iddiaçı Zığ qəsəbəsində yelrəşən 6 saylı Vərəm dispanserində 6 ay müddətində müalicə almışdır. Həmin vaxtdan etibarən iddiaçı Səbail rayonu üzrə 3 saylı Vərəm dispanserində qeydiyyatdadır. İddiaçının müalicəsi və dərmanları hamısı dövlət tərəfindən qarşılanmaqla hər il müalicəsi davam etdirilir. 2024-cü ilin yanvar ayında artıq iddiaçının müalicəsinin 2 illiyi tamam olduğu üçün ona olan dərman təminatı dayandırıldı və müvafiq əlillik dərəcəsi təyin edildi. Bundan əlavə iddiaçı 2022-ci ildə yanaşı xəstəlik olaraq beyin insultu keçirmiş, bununla əlaqədar həmin zaman özəl xəstəxanaya yerləşdirilsə də, sonradan X13 beyinlə əlaqədar müalicə şöbəsinə köçürülmüş və orada 14 gün müddətində stasionar şəraitdə müalicə almışdır. Həmçinin iddiaçı 2006-cı ildən etibarən diabetik uçotdadır. 2 il insulin asılılığından əziyyət çəkməklə, hazırda iynə və dərman təminatı dövlət tərəfindən həyata keçirilir. xx.xx.2024cü il tarixində iddiaçı əlil və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi ilə əlaqədar etmiş olduğu müraciətdə iddiaçıya cavabdeh qurum tərəfindən imtina edilmiş və onda Əlillik əlamətinin təyin edilməməsi qeyd edilmişdir. Halbuki, iddiaçıda mövcud olan öncəki diaqnozlara əsasən onun əlillik dərəci birinci qrup olmuş və orqanizminin funksiyalarının pozulma faizi 85% təşkil etmişdir. Hazırki iddia ilə məhkəməyə müraciət etməkdə iddiaçının tələbi və istəyi ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən ona yalnış qoyulmuş diaqnoza görə yenidən müayinədən keçirilməsi və daşımış olduğu əlillik dərəcəsinin bərpa edilməsidir. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçıya Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında ümumi xəstəlik səbəbindən OFP 85 faiz olmaqla 2 il müddətinə ilkin əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitməsi ilə əlaqədar həmin tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında əyani müayinəsi həyata keçirilməklə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 1-ci bəndinə əsasən Tənəffüs sistemi orqanlarının xəstəliklərinini əlillik təyinatına əsas veribverməməsinin müəyyənləşdirilməsi tibbi-sosial ekspertiza zamanı anadangəlmə xəstəlik və ya çatışmazlıq, yaxud sonradan qazanılmış xəstəlik və ya zədə, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıq (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) səbəbindən orqanizmin tənəffüs funksiyasının pozulmasının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən xəstəliklər, zədə və ya çatışmazlıqlar səbəbindən əmələ gəlmiş tənəffüs çatışmazlığının ağırlıq dərəcəsinin müəyyən edilməsinə əsaslanır. Eyni zamanda, patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin mövcudluğu və tezliyi, onların fonunda paroksizmlərin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti və fəsadlaşmaların mövcudluğu. Bronxoektaziya xəstəliyi, emfizema və aşağı tənəffüs yollarının irinli və nekrotik halları zamanı cərrahi müalicə üsullarından istifadə edilmişdirsə onun nəticələri nəzərə alınır. İddiaçının göndərişində əsas diaqnoz kimi müəyyənləşdirilmiş A16-tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi xəstəliyi instrumental müayinə nəticələrində və onun obyektiv müayinəsi zamanı öz əksini tapmamışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6447/2025 nömrəli, 28 avqust 2025-ci il tarixli qərarı ilə (H.Ağalarov) iddia tələbi təmin edilmişdir. Cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, ekspert rəyinə əsaslanaraq, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf göndərişdəki XBT kodlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” haqqında Əsasnamədə mövcud olmasına əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 1-ci bəndinə əsasən Tənəffüs sistemi orqanlarının xəstəliklərinin əlillik təyinatına əsas veribverməməsinin müəyyənləşdirilməsi tibbi-sosial ekspertiza zamanı anadangəlmə xəstəlik və ya çatışmazlıq, yaxud sonradan qazanılmış xəstəlik və ya zədə, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıq (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) səbəbindən orqanizmin tənəffüs funksiyasının pozulmasının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən xəstəliklər, zədə və ya çatışmazlıqlar səbəbindən əmələ gəlmiş tənəffüs çatışmazlığının ağırlıq dərəcəsinin müəyyən edilməsinə əsaslanır. Eyni zamanda, patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin mövcudluğu və tezliyi, onların fonunda paroksizmlərin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti və fəsadlaşmaların mövcudluğu. Bronxoektaziya xəstəliyi, emfizema və aşağı tənəffüs yollarının irinli və nekrotik halları zamanı cərrahi müalicə üsullarından istifadə edilmişdirsə onun nəticələri nəzərə alınır. İddiaçının göndərişində əsas diaqnoz kimi müəyyənləşdirilmiş A16-tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi xəstəliyi instrumental müayinə nəticələrində və onun obyektiv müayinəsi zamanı öz əksini tapmamışdır. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati iş materiallarından görünür ki, əlillik müddətinin bitməsi ilə əlaqədar həmin tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında şəxsin sağlamlıq vəziyyəti qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Hazirki iş üzrə cavabdeh tərəfindən belə bir aktın iddiaçıya təqdim edilməsi aydın görünmür. İnzibati orqan da imtina qərarının iddiaçıya təqdim edilməsinə dair sübutlar təqdim etməmişdir. Bununla belə iddiaçının hazırki iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş imtina qərarının iddiaçıya təqdim edilməsinə və ya bu barədə yazılı məlumatın verilməsinə dair sübutların olmaması iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsinə dair müddətin ötürülməmiş hesab edilməsinə əsas verir. Həmçinin məhkəmə kollegiyası diqqətə çatdırır ki, “İnzibati İcraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 1.1.6. Tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi A16 Qiymətləndirmə 1.1.6.1. İ-İİA dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması) (35-60 faiz, 2 il); 1.1.6.2. İİB-İİİ dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması) (65-80 faiz, 2 il); 1.1.6.3. multirezistent və ya çoxsaylı dərmanlara davamlı (MDR) vərəm (infiltrasiya, dağılma, yayılma mərhələsi, VMB+ və ya VMB-) (85 faiz, 2 il); 1.1.6.4. tənəffüs orqanlarının aktiv vərəmi (infiltrasiya, dağılma, səpələnmə mərhələsi, VMB+ və ya VMB-, ağır dərəcəli intoksikasiya simptomlarının əhəmiyyətli təzahürü, kaxeksiya, anemiya, amiloidoz, ağciyər ürəyi, İİ-İİİ dərəcə xroniki ağciyərürək çatışmazlığı ilə) (90-100 faiz, müddətsiz); 1.1.1. Tənəffüs sistemi orqanlarının digər xəstəlikləri J95-99 Qeyd. Bronxoektaziya xəstəliyi, emfizema və aşağı tənəffüs yollarının irinli və nekrotik halları zamanı cərrahi müalicə üsullarından istifadə edilmişdirsə onun nəticələri nəzərə alınır. Qiymətləndirmə 1.1.1.1. təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə (35-60 faiz, 1 il); 1.1.1.2. təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə (65-80 faiz, 2 il); 1.1.1.3. ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB və İİİ dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə (85 faiz, müddətsiz); Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan: - Tibbi-Sosial Ekspert Komissiyasında Forma 88 S00019067CPA nömrəli xx.xx.2022ci il tarixli göndəriş əsasında aparılan müayinəyə əsasən İddiaçı diaqnozu “Sağ a/c infiltrativ vərəmi dağılma mərhələsində, sol a/c səpələnmə ilə.VMB(-). PreXDR forma (izoniazid+ rifampisin+levofloksasin davamlı). İ-İİ dərəcə T.Ç. Şəkərli diabet, tip 2, insulin tələbli, Generalizə olunmuş bronxobstruksiya, xroniki bronxit subremissiya mərhələsi, Aşağı ətraf venaların və arteriyaların rəngli dopler müayinəsinə əsasən, perforant venalarda varikoz genişlənmə və qapaq çatmamazlığı və diabetik angiopatiyaya xas olan sonoqrafik dəyişiklik təyin edilmişdir” kimi qeyd edilmiş, orqanizmin funksiyalarının 85% pozulması ilə ona xx.xx.2022-xx.xx.2024-cü illərdə birinci dərəcəli əlillik verilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasında Forma 88 Q00225765PRA nömrəli xx.xx.2024cü il tarixli göndəriş əsasında aparılan müayinəyə əsasən İddiaçı diaqnozu “Tənəffüs orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş, Tənəffüs orqanlarını vərəmi-ağciyər vərəmi. Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi (tuberkulomaya keçid). PreXDR forma vərəmindən sonrakı vəziyyət. Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Keçirilmiş sağ ağciyər vərəmindən sonrakı böyük qalıq əlamətləri fibroz dəyişikliklər, bərkimiş infiltrat (indurat) şəklində. İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet 2-ci tip. İnsulin tələbl. Spastik hemiplegiya, Sol tərəfli yüngül hemiparez. Ürəyin aterosklerotik xəstəliyi, ÜİX. Ürəyin ateroskleroz. Beyin infarktının nəticələri, Beyin infarktın nəticələri. Xroniki respirator çatmamazlıq, Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli yüngül ventilyasiya pozğunluğu. Tənəffüs çatışmazlığı İ dərəcə. Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Diabetik angiopatiya. Stenokardiyanın digər dormaları, UİX Gərginlik stenokardiyası. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə), Diabetik polineyropatiya” kimi qeyd edilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən iddiaçıya əlillik təyinatından imtina edilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Reabilitasiya Pansionatı PHŞ tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli arayışa əsasən İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək X1 reabilitasiya kursu keçmişdir. Diaqnoz: Sağ a/c infiltrativ vərəmi dağılma mərhələsində, sol a/c səpələnmə ilə.VMB(-). PreXDR forma (izoniazid+ rifampisin+levofloksasin davamlı). İ-İİ dərəcə T.Ç. Şəkərli diabet, tip 2, insulin tələbli, Generalizə olunmuş bronxobstruksiya, xroniki bronxit subremissiya mərhələsi, Aşağı ətraf venaların və arteriyaların rəngli dopler müayinəsinə əsasən, perforant venalarda varikoz genişlənmə və qapaq çatmamazlığı və diabetik angiopatiyaya xas olan sonoqrafik dəyişiklik təyin edilmişdir. - xx.xx.2024-cü il tarixli əyani müayinə aktından görünür ki, İddiaçı ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuş və əyani müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edilmişdir: Şikayətləri: Quru öskürək, baş gicəllənmədən, aşağı ətraflarda olan ağrılardan, sol yuxarı ətrafda gücsüzlükdən, keyləşmə hissindən, əsəbilikdən. Dəri və görünən selikli qişaları: çəhrayıdır. Dərialtı piy qatı: normal inkişaf edib. Periferik limfa düyünləri: əllənmir. Sümük-əzələ sistemi: gözlə görünən patoloji dəyişiklik qeyd edilmir. Tənəffüs sistemi: vezikulyar tənəffüs. Ürək-qan damar sistemi: A/T- 160/100, PS-100. Ürək tonları aydındır. Həzm sistemi: qarnı yumşaq ağrısızdır. Sidikcinsiyyət sistemi: sidik ifrazı iradidir. Sinir sistemi (psixi status): əsəbidir. Status localis (status present): xəstə orta boylu, düzgün bədən quruluşludur. Özünü 2021-ci ildən xəstə hesab edir. 3 saylı Vərəm Dispanserində müalicələr alıb, hal-hazırda təyin edilmiş dərmanların qəbulunu davam edir. 2021-ci il tarixində insult keçirib deməsinə görə evdə müalicə olunub. Müayinə zamanı: Kəllə-beyin sinirləri patologiyasızdır. Üzündə asimmetriya qeyd edilir. Dili deviasiya edir. Romberq vəziyyətində dayanıqlıdır. Sol yuxarı ətrafında əzələ gücünün zəifləməsi, üçüncü, dördüncü barmağında hissiyyatın pozulması qeyd edilir. Barmaqlar tam yumulmur. Aşağı ətraflarda gizilti, hissiyyatın pozulması və hər iki pəncənin soyuq olması (buzlaması) narahat edir. İşin faktiki hallarından və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Əsas diaqnoz: “ A16- Tənəffüs orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş, Tənəffüs orqanlarının vərəmi – ağciyər vərəmi; A16.0- Ağciyər vərəmi. Bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla. Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi (tuberkulomaya keçid) PreXDR forma vərəmindən sonrakı vəziyyət; J96.1-Xroniki respirator çatmamazlıq, Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli yüngül ventilyasiya pozğunluğu. Tənəffüs çatışmazlığı İ dərəcə.” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında baxılmış və əsas diaqnoz kimi müəyyənləşdirilmiş A16-tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi xəstəliyi instrumental müayinə nəticələrində və onun obyektiv müayinəsi zamanı öz əksini tapmamışdır. İddiaçıya müəyyən edilmiş diaqnozun Əlilliyin müəyyən olunması meyarlarına uyğun olub-olmaması ilə bağlı Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6447/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsi tərəfindən məhkəməyə daxil olmuş 2759 nömrəli xx.xx.2025-ci il tarixli məktubu ilə T 428/2025 saylı ekspert rəyi daxil olmuşdur. Ekspert rəyində məhkəmə-tibbi müayinə kimi qeyd edilmişdir ki, X3 İnstitutunda İddiaçı adına tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 4790 saylı spirometriya nəticəsində obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu qeyd edilmişdir. X3 İnstitutunda tərtib edilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə stasionara müraciət etmişdir. Diaqnoz: XBT10 kodu: Əsas xəstəlik: “A16.0-sağ ağciyərin tuberkulyoma, TDM(-)mənfi, PreXDR forma. Əsas xəstəliyin ağırlaşması: J96.1-qarışıq tipli ağır ventilyasiya pozğunluğu. Yanaşı xəstəliklər: J44.8ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta-ağır gedişli. Beləliklə, vətəndaş İddiaçı xx.xx.2025-cü il tarixdə X3 İnstitutuna müraciət edərkən aparılmış müayinələrdən sonra ona XBT10 kodu: “Əsas xəstəlik: A16.0- sağ ağciyərin tuberkulyoma, TDM(-) mənfi, PreXDR forma. Əsas xəstəliyin ağırlaşması: J96.1-qarışıq tipli ağır ventilyasiya pozğunluğu. Yanaşı xəstəliklər: J44.8-ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta-ağır gedişli” diaqnozu qoyulmuşdur. Yuxarıda qeyd edilmiş ekspert rəyində X3 İnstitutunun müayinəsinə əsasən Əsas xəstəlik: A16.0-sağ ağciyərin tuberkulyoma, TDM(-) mənfi, PreXDR forma. Əsas xəstəliyin ağırlaşması: J96.1-qarışıq tipli ağır ventilyasiya pozğunluğu öz təsdiqini tapmışdır. İş materiallarında olan iddiaçının müayinələrinə dair sənədlərlə onun həmin xəstəliklərdən əziyyət çəkdiyi müəyyən edilir. X3 İnstitutunun müayinə nəticəsini şübhə altına alan heç bir əsas yoxdur. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin təyininə əsas vermir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olubolmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər. İş üzrə ekspert rəyində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert iddiaçının göndərişdə qeyd olunan diaqnozlardan əziyyət çəkdiyini bildirsə də, həmin diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu və müvafiq ağırlaşmalara səbəb olub-olmaması barədə rəy verməkdən imtina etmişdir. Bu hal isə iddiaçının ziyanına şərh edilməməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsas sübut qismində çıxış edən ekspert rəyində məsələnin bir hissəsinə qiymət verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. İş materiallarında olan sonuncu tibbi göndərişlərdə aparılmış qeydlərdən (status localis) görünür ki, ağciyər vərəmi ilk dəfə 17.02.22-ci ildə profilaktik müayinə zamanı aşkarlanıb və həmin vaxtdan 3 nömrəli X11 “Sağ ağciyərin infiltrativ vərəmi dağılma mərhələsi, sol ağciyərə səpələnmə ilə, TDM (+), PrexXDR forma” diaqnozu ilə qeydiyyata götürülb. Xəstə 01.03.22-21.05.22-ci il tarixində 6 saylı Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasında stasionar müalicəsi almışdır. Xəstə 23.05.22-ci ildən 30.12.23-cü ilə qədər 3 nömrəli X11 ambulator, gündəlik nəzarət altında İİ sıra vərəm əleyhinə dərmanlarla müalicəsini davam etmişdir. Müalicə nəticəsində abasilləşmə əldə edilib. 2022-ci ildə xəstəyə ağciyər vərəminə görə 2 il müddətinə İ qrup əlillik təyin olunmuşdur. Xəstə 2016-cı ildən şəkərli diabet İİ tip diaqnozu ilə endokrinoloqun qeydiyyatındadır. Xəstəyə 10.08.22-ci ildən insulin terapiya təyin edilib. xx.xx.2021-ci ildə insult keçirib, nevropatoloqun dispanser qeydiyyatındadır. xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər M.Ə.Əfəndiyev adına X17 “Ürəyin işemik xəstəliklər, Gərginlik stenokardiyası” diaqnozu ilə stasionar müalicə almışdır. 31.01.24-13.02.24-cü il tarixində X1 stasionar müalicə almışdır. 29.05.24-07.06.24-cü il tarixində X14 “Beyin infarktının nəticələri” diaqnozu ilə stasionar müalicə almışdır. Hal-hazırda vəziyyəti orta ağırdır. Şikayəti-bəlğəmli öskürək, təngənəfəslik, aşağı ətraflarda ağrı, hiperesteziya, sol ətraflarda hərəkət məhdudluğu. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin etməklə gəldiyi nəticəni haqlı hesab edərək bildirir ki, birinci instansiya məhkəməsi qərarında iddianı təmin edərək İddiaçı xx.xx.2024-cü il tarixli, Q00225765PRA nömrəli tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi vəzifəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə etmişdir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, oxşar işlər ürə məhkəmə praktikası ondan ibarətdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçıya əllillik təyin edilməsi öhdəliyi müəyyən edilərkən həmçinin orqanizmin funksiyalarının pozulması faizi və müddətinin müəyyən edilməsi istiqamətində də araşdırma aparılır. Əlbəttə ki, bu, yalnız iddiaçının hüquqi marağı həddində həyata keçirilir. Apellyasiya araşdırması zamanı qeyd edilən məqamların ətraflı araşdırılması həyata keçirilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması, iddiaçıya təyin edilmiş diaqnozun Əlilliyin müəyyən olunması Meyarlarında hansı xəstəliyə uyğun olması və orqanizmin funksiyalarının neçə faiz pozulmasını müəyyən etmək məqsədilə X7 2 saylı şöbəyə məktub ünvanlanaraq İddiaçı müalicə həkimi X2 həkim-mütəxəssisi qismində məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş olunmuş, həkim-mütəxəssis qismində iştirak edən Mehriban Nəcəfova da izahatında qeyd etmişdir ki, İddiaçı göndərişdə qeyd olunan xəstəliklər mövcuddur, bu xəstəliklərlə əlaqədar olaraq müalicələr aparılmışdır. Onda qeyd olunan əsas diaqnoz-ağciyər vərəmi ilə yanaşı, digər xəstəliklərşəkərli diabet, ürəyin işemik xəstəliyi də vardır. Əvvəllər şəxsdə xəstəliyin dağılma, yayılma mərhələsi olmuş və sonradan əlavə müalicələr aparılaraq bu hal bir qədər aradan qaldırılmışdır. Hal-hazırda şəxsdə tuberkuloma var, ancaq hazırda vərəm çöpləri “yatmış” vəziyyətdədir, vərəm çöpləri yoxdur, ancaq risk qrupuna aid olduğu üçün eyni zamanda yanaşı xəstəliklər də mövcud olduğundan o, ömürlük əlil sayılır. Onda olan tuberkuloma hər an kəskinləşə bilər. Hər an yenə də əvvəlki vəziyyətə qayıda bilər. İmmunitet düşən zaman bu xəstəliyin ağırlaşması arta bilir. Hazırda şəxs xəstəliyin daha da ağırlaşmaması üçün çoxsaylı dərmanlar qəbul edir. Göründüyü kimi, məhkəmə iclasında dindirilmiş həkim-mütəxəssis iddiaçıda olan xəstəliyin, həm də ağırlaşmalarının olduğunu, ancaq orqanizmin funksiyalarının pozulmasının faiz və müddəti barədə dəqiq fikir söyləyə bilmədiyini qeyd etmişdir. Diqqətə çatdırılmalıdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şəxsin sağlamlıq vəziyyəti ilə bağlı faktiki halların müəyyənləşdirilməsində mülahizə sərbəstliyi (qiymətləndirmə azadlığı) vardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin qiymətləndirilməsini həyata keçirir, yəni qəbul ediləcək inzibati aktın səbəb ünsürünü müəyyən edir. Bu hal mövcud qanunvercilikdə inzibati orqanın qiymətləndirmə azadlığı kimi qəbul edilir. İnzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda İPM-in 73.3-cü maddəsinə əsasən məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilmir. Başqa sözlə, bu kimi hallarda daha çox İPM-in 73.2-ci maddəsində nəzərdə tutulmuş prosessual institutdan (məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müvafiq inzibati aktın qəbul edilməsi öhdəlinin qoyulmasına dair) istifadə edilir. Bununla bağlı qeyd etmək lazımdır ki, İPM-in 73.3-cü maddəsində söhbət məhkəmənin “bir qayda olaraq” iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməməsindən gedir. Bu, o anlama gəlir ki, məhkəmə istisna hallarda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Başqa sözlə, inzibati orqanın diskresion səlahiyyətə və qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə işin xüsusiyyətlərindən (hallarından) asılı olaraq yalnız bir hakimiyyət tədbirini yararlı, zəruri və mütənasib hesab edərsə, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Məhkəmə kollegiyası bir daha nəzərə alır ki, iddiaçının hüquqi marağı məhz ona əlilliyin təyin edilməsi olsa da, orqanizmin funksiyalarının pozulması faizi və müddətinin müəyyən edilməsi istiqamətində araşdırma zamanı məhkəmə iclasında dinlənilən həkimmütəxəssis də bu barədə məlumat verə bilməmişdir. Bu əsasla məhkəmə kollegiyası iddiaçının mövcud tələbini də nəzərə alaraq qeyd edir ki, iddiaçıda olan xəstəliyin hətta ən aşağı faizlə əlilliyin təyininə (35-60 faiz, 1 il) əsas olması üçün, yəni iddianın uğurlu olması üçün ən azı Əsasənamənin 1.1.1.1-ci bəndində göstərilən ağırlıq dərəcəsi (təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə) müəyyən edilməlidir ki, ən azından İ dərəcə tənəffüs çatışmazlığı həm xx.xx.2024-cü il tarixli, Q00225765PRA nömrəli tibbi göndərişdə, həm də məhkəmə tibbi ekspertizasının həyata keçirilməsi prosesində X3 İnstitutunda xx.xx.2025-ci il tarixdəki müayinəsi nəticəsində öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6447/2025 nömrəli, 28 avqust 2025ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6447/2025 nömrəli, 28 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-4486/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4486/2025
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver