Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-449/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X7-Yusiflinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-775/2020 saylı 03 mart 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. O, 15.11.1980-09.11.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, 27.01.1983-cü ildə “Kaspnefteqazflot İdarəsinə SİKP 50 illiyi TMS-də matros şagirdi kimi işə qəbul edilmiş, 29.03.1983-cü ildə 2-ci sinif matros vəzifəsinə köçürülmüş, 26.01.1984-cü ildə SSRİ-nin ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. 06.02.1984-cü il tarixdən 01.07.1984-cü il tarixədək Siyəzən Qazma İdarəsində 3 dərəcə qazma qurğularına xidmət vəzifəsində işləmiş, 08.10.1984-cü il tarixdə Quyuların əsaslı və yeraltı təmiri sexinə quyuların əsaslı təmiri üzrə üçüncü dərəcəli takelajçı vəzifəsinə işə qəbul edilmiş, 16.11.1984-cü il tarixdə Uralsk şəhərinə SSRİ-nın sənaye tikintisinə getməsi ilə əlaqədar işdən azad edilmişdir. 20.12.1984-cü il tarixdən 26.03.1985-ci il tarixədək müvəqqəti olaraq 4-cü dərəcəli bənna vəzifəsində işləmişdir. 09.04.1985-ci il tarixdən 08.10.1985-ci il tarixədək TSMS trestinin Tikinti materialları və konstruksiyaları kombinatında 3-cü dərəcəli suvaqçı rəngsaz vəzifəsində işləmişdir. 05.11.1985-ci il tarixdən TSBİ sexin 4-cü dərəcəli betonçu vəzifəsinə qəbul edilmişdir, 16.06.1986-cı il tarixdə JBİ sexinə 4-cü dərəcəli krançı vəzifəsinə köçürülmüş və 28.12.1986-cı il tarixdə işdən azad edilmişdir. 03.01.1987-ci il tarixdən 30.06.1987-ci il tarixədək Sovet rayonu Novorossiysk xüsusi təsərrüfatının avtomobil qarajında sürücü vəzifəsində işləmiş, 30.05.1988-ci il tarixdə 4-cü dərəcəli krançı vəzifəsinə qəbul olunmuş, 01.07.1991-ci il tarixdə ona 5-ci dərəcəli krançı ixtisası verilmiş, 19.10.1995-ci il tarixdə “Azərneft” Layihə Tikinti Birliyinin tabeçiliyində yeni yaradılmış təsərrüfat hesablı Siyəzən TQS-yə köçürülməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. 19.10.1995-ci il tarixdən “Azərneftlayihə” tikinti birliyinin Siyəzən TQS-də köçürmə yolu ilə 5-ci dərəcəli krançı kimi işə qəbul olunmuş və 01.11.2001-ci il tarixdə işdən azad edilmişdir. 07.04.2003-cü il tarixdən 14.04.2003-cü il tarixədək "xxxx" ASC-nin 2-ci sahəsi, səyyar briqadaya qazla metal kəsici, 05.05.2003-cü il tarixdən 01.03.2004-cü il tarixədək "xxxx" ASC-nin Keşlə sexinə körpülü kran sürücüsü, 01.03.2004-cü il tarixdən 31.08.2007-ci il tarixədək “X14”yə (“Təkrarqarametaltədarükü” Keşlə sahəsi və Yayma sexi) kran sürücüsü, 06.05.2008-ci il tarixdən 04.09.2008-ci il tarixədək "xxxx" ASC-nin 1 saylı Metaləritmə sexinə kran maşinisti, 17.09.2008-ci il tarixdən “X13” Şirkəti Nəqliyyat sexinə buldozerçi vəzifəsinə işə qəbul olunub, 02.02.2009-cu il tarixdə quyuların yeraltı və əsaslı təmir sexinə körpülü kran maşinisti vəzifəsinə keçirilib və hal - hazırda işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********57 saylı 14.11.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 13.06.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1962-ci ildə Dəvəçi (indiki Şabran rayonu) rayonunun Eynibulaq kəndində doğulmuşdur. 57 yaşından yaşa görə ağır sənaye ilə pensiyaya çıxmaq üçün tələb olunan sənədləri 07.11.2019-cu il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzinə təqdim etmişdir. “ASAN xidmət “mərkəzi ona pensiya təyin edilməsi üçün qəbul etdiyi sənədləri yeni yaradılmış DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsi ona 14.11.2019-cu il tarixdə **********7 nömrəli məktubla imtina cavabı vermişdir. İmtina məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi sənədlərdə ümumi stajı 25 ildən az təşkil edir. O, ilk əmək fəaliyyətinə 10.06.1977-ci il tarixdən Siyəzən üzümçülük sovxozunda başlamış və 10.06.1977-ci il tarixdən 26.10.1980-cı il tarixə kimi həmin sovxozda fəhlə işləmişdir. Bu barədə ona Şabran rayon Dövlət Arxivi tərəfindən 24.09.2019-cu il tarixli 158 nömrəli arayış verilib. Ondan sonra 15.11.1980 -01.11.1982-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif işlərdə (27.01.1983 - 26.01.1984, 06.02.1984 - 01.07.1984, 08.10.1984 -16.11.1984, 20.12.1984 - 26.03.1985, 09.04.1985 - 08.10.1985, 05.11.1985 - 28.12.1986, 03.01.1987-30.06.1987, 02.09.1987 - 29.02.1988 (arayış), 30.05.1988 - 01.11.2001, 22.11.2001-05.05.2003 (xəstə oğluna qulluq), 05.05.2003 - 01.03.2004, 01.03.2004 - 31.08.2007, 06.05.2008 - 04.09.2008, 17.09.2008 - hal-hazıra kimi) işləmişdir. Bütün qeyd olunan iş stajlarını topladıqda 01.01.2006-cı il tarixə kimi 26 il 09 ay 09 gün təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 06 ay güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ var. 22.11.2001-07.04.2003-cü ilə kimi və 14.04.2003-cü ildən 05.05.2003-cü il tarixə kimi oğlu X4 xəstə olduğu üçün ona qulluq etmiş və həmin dövrlərdə işləməmişdir. Uşağa qulluq etdiyi dövrün (sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa) əmək stajı sayılması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.4-cü bəndində də qeyd olunmuşdur. Bundan başqa, 30.05.1988 - 19.10.1995-ci illərdə “Siyəzənneft “NQÇİ-də kran maşinisti və 19.10.1995-ci ildən 01.11.2001-ci ilə kimi “Azneftlayihətikinti" Birliyinin Siyəzən Tikinti Quraşdırma Sahəsində 5-ci dərəcəli krançı vəzifələrində, 07.04.2003 - 14.04.2003-cü illərdə "xxxx" ASC-də qazla metal kəsici, 05.05.2003 - 01.03.2004-cü illərdə kran sürücüsü, 01.03.2004 - 31.08.2007-ci illərdə “X15”də kran sürücüsü vəzifələrində işləmişdir. İşlədiyi həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı və 23 yanvar 2007-ci il 12 nömrəli qərarında qeyd edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı İdarəyə qarşı “güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının bərpa olunması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulmasına dair” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Neftin qazılması və hasilatı, neft, qazkondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) krançı, kran maşinisti vəzifələri nəzərdə tutulmamışdır, metallurgiya istehsalatı bölməsinin (3) polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində (3.6) isə kran maşinistləri (krançılar) və metallurgiya istehsalatının kran maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı idarəyə təqdim etdiyi “Siyəzənneft” NQÇİ-nin iddiaçıya dair 18.10.2019-cu il tarixli AB-04/311 nömrəli müvafiq arayışında 27.05.1988-19.10.1995-ci il tarixləri arasındakı dövr ərzində kran maşinisti, SOCAR-ın Baş ofisinin 29.10.2019-cu il tarixli SOCAR **********80020123X00363 nömrəli arayışında isə 1995-cı ilin oktyabr ayından, 2000-ci ilin sentyabr ayınadək müvafiq olaraq maşinist-krançı, krançı, kran sürücüsü vəzifələrində işlədiyi qeyd olunmuşdur. Həmçinin vətəndaşın İT-10688020 nömrəli əmək kitabçasında 05.05.2003-01.03.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də körpülü kran maşinisti, 01.03.2004-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində isə “X14” MMC-də Təkrarqarametal Tədarükü sahəsində kran sürücüsü vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının “Siyəzənneft” NQÇİ-də işlədiyi vəzifələr, "xxxx" ASC-də və “X14” MMC-də isə işlədiyi sahə Siyahıda qeyd olunan vəzifə və sahəyə uyğun deyil. Həmçinin iddiaçının idarəyə təqdim etdiyi sənədlərdən məlum olur ki, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-775/2020 saylı 03 mart 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya 57 yaşdan, yəni 13.06.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 01.01.2006-cı ilə qədər 25 ildən artıq ümumi iş stajı, o cümlədən 12 il 6 aydan artıq, yəni 13 il 11 ay 13 gün güzəştli iş stajı vardır. Bundan başqa, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti idiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-88/2021 saylı 25 fevral 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-775/2020 saylı 03 mart 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1215/2021 saylı 21 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-88/2021 saylı 25 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onu təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 14.11.2019-cu il tarixdir. İş materiallarından həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması müəyyən edilmir. İddiaçı isə iddia ilə məhkəməyə 03.12.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 13.06.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunanmasında imtina etmişdir. Bundan sonra o, hazırki tələblə bağlı məhkəməyə müraciət etmiş və tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və iş stajı barədə arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, 15.11.1980-cı ildən 01.11.1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Hazırki işdə cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının ümumi iş stajının kifayət qədər olmaması (25 ildən az olması) təşkil edir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1215/2021 saylı 21 fevral 2021-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya instansiya məhkəməsi işdə olan sənədlərə əsasən iddiaçının 01.01.2006-cı il tarixə tələb olunan 25 il ümumi iş stajına malik olması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Cavabdehin kassasiya şikayətində iddiaçının ümumi iş stajı ilə bağlı onun 10 iyun 1977-26 oktyabr 1980-ci illərdə Siyəzən üzümçülük sovxozunda fəhlə qismində çalışması mübahisələndirilir. Halbuki Şabran rayon Dövllət Arxivinin 24.09.2019-cu il tarixli arxiv çıxarışı bu faktı təsdiq edir və həmin arayışın şübhə altına alınması üçün heç bir əsas yoxdur və cavabdeh tərəfindən bu barədə heç bir sübut təqdim olunmamışdır. Odur ki, kassasiya instansiya məhkəməsi kassasiya şikayətinin 01.01.2006-cı il tarixədək iddiaçının ümumi əmək stajının 25 ildən az təşkil etməsi barədə dəlilini əsassız saymışdır. Bu baxımdan məhkəmə kollegiyası hazırki məhkəmə icraatı dövründə bir daha iddiaçının 01.01.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajının araşdırılmasını zəruri hesab etmir və qeyd edir ki, artıq bu stajın olması faktı sonuncu- kassasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmişdir. Hazırki iş üzrə araşdırılmalı olan hal iddiaçının 01.01.2006-cı il tarixə tələb olunan xüsusi iş stajının tamamlanması, yəni güzəştli şərtlə pensiya hüququ verən peşə və vəzifədə (2 nömrəli Siyahı üzrə) azı 12 il 6 ay işləməsinin müəyyən edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İddiaçının məhkəməyə təqdim etdiyi “SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin AB04/311 saylı 18.10.2019-cu il tarixli arayışında onun 7 il 4 ay 20 gün güzəştli əmək stajının olduğu qeyd edilmişdir. (iş.v. 4) Həmin arayışda qeyd edilir ki, iddiaçı 104/k nömrəli 27.05.1988-ci il tarixli əmrə əsasən 30.05.1988-ci il tarixdən 19.10.1995-ci il tarixinədək “Siyəzənneft” NQÇİ-də kran maşinisti işində işləməklə iş stajı 07 il 04 ay 20 gün təşkil edir. Onun güzəştli şərtlərlə ümumi əmək stajı 7 il 4 ay 20 gün təşkil edir. Əvvəla, həmin arayışda iddiaçının cəmi 7 il 4 ay 20 gün güzəştli iş stajına malik olduğu qeyd edilmişdir. Digər tərəfdən, həmin arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahının konkret koduna istinad edilməmişdir və bu arayış məzmunca yuxarıdakı bəndlərdə qeyd edilən tələblərə cavab vermir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1215/2021 saylı 21 fevral 2021-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçının azı 12 il 6 ay güzəştli iş stajına malik olmasına dair iddiaçının iş yerindən səlahiyyətli şəxs tərəfindən, müvafiq məzmunda verilmiş güzəştli arayış mövcud olmadığından, işin bu halı ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə mötəbər sübutlarla öz təsdiqini tapmır. Məhkəmənin istinad etdiyi 27.02.2020-ci il tarixli akt isə ( iş.v. 77) iddiaçının güzəştli iş stajına malik olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı işə təkrar apellyasiya baxışı zamanı məhkəmə tərəfindən İddiaçı 30.05.1988-ci il tarixdən 19.10.1995-ci il tarixə qədər “Siyəzənneft” NQÇİ-də işlədiyi kran maşinisti peşəsinin funksiyalarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında hansı kod altında olan peşənin funksiyaları ilə eynilik təşkil etməsi barədə məhkəməyə məlumat verilməsi və bu barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi üçün SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” Neft və qazçıxarma idarəsinə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 14.02.2022-ci il tarixdə SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” Neft və qazçıxarma idarəsindən məhkəməyə daxil olmuş cavab məktubunda qeyd olunmuşdu ki, İddiaçı “Siyəzənneft” NQÇİ-də 30.05.1988-ci il tarixdən 19.10.1995-ci il tarixədək kran maşinisti vəzifəsində işləmişdir. Onun işlədiyi kran maşinisti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə tədiq edilmiş 2 saylı Siyahının “Neftin qazılması və hasilati, neft, qaz konsendantı, kömür və şistin emalı”, “Bina, quğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” və “Ümumi peşələr” bölmələrində qeyd edilən peşələrlə eynilik təşkil etmir. Həmçinin arayışda “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən İddiaçıa verilmiş AB-04/311 saylı 18.10.2019-cu il, Ab-04/108 saylı 13.10.2020-ci il və 01/03 saylı 19.01.2022-ci il tarixli arayışların qüvvədən düşmüş hesab edilməsi qeyd edilmşdir. Həmçinin məhkəmə tərəfindən İddiaçı 30.05.1988-ci il tarixdən 19.10.1995-ci il tarixə qədər “Siyəzənneft” NQÇİ-də işlədiyi kran maşinisti və 19.10.1995-ci il tarixdən 01.11.2001-ci il tarixə qədər “Azneftlayihətikinti” Birliyinin Siyəzən Tikinti Quraşdırma Sahəsində işlədiyi 5-ci dərəcəli krançı peşələrinin funksiyalarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında hansı kod altında olan peşənin funksiyaları ilə eynilik təşkil etməsi barədə məhkəməyə məlumat verilməsi və bu barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və SOCAR X5 sorğu məktubları göndərilmişdir. Həmin sorğu məktubuna cavab olaraq 09.03.2022-ci il tarixdə SOCAR X2 məhkəməyə daxil olmuş məktubdan görünür ki, İddiaçı 30.05.1988-ci il tarixdən 19.10.1995-ci il tarixədək “Siyəzənneft” NQÇİ-də kran maşinisti, “Azneftlayihətikinti Birliyində 19.10.1995-ci il tarixdən 01.11.2001-ci il tarixədək krançı maşinisti vəzifəsində işləmişdir. Onun işlədiyi kran maşinisti və krançı maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının “Neftin qazılması və hasilati, neft, qaz konsendantı, kömür və şistin emalı”, “Bina, quğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” və “Ümumi peşələr” bğlmələrində qeyd edilən peşələrlə eynilik təşkil etmir. Göoündüyü kimi, iddiaçının güzəştli şərtlə pensiyaya çıxmaq hüququ verən zərərli peşələrdə işləməsi faktı onun istinad etdiyi peşələrlə bağlı iş yerindən verilmiş arayışlarla təsdiq olunmur. Yəni, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Resublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəşt şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Odur ki, iddiaçıya yaşa görə pensiya təyin olunması barədə tələb əsassız olduğundan rədd edilməlidir. Qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılıb nəzərə alınmamış və nəticədə maddi hüquq normalarının pozulması ilə iddia tələbinin təmin (qismən təmin) olunması barədə qərar qəbul edilmişdir. X6 Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-775/2020 saylı 03 mart 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-775/2020 saylı 03 mart 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-449/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-449/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver