Məhkəmə qərarları › İş №2-1(103)-449/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-449/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-449/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5142/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin güzəştli şətlərlə pensiya təyinatından imtina haqqında 15 noyabr 2023-cü il tarixli 3-17-1/2-5-266249/2023 nömrəli məktububunun qanunsuz hesab edilərək 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilib alınmayan pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 52 yaşının tamam olduğu 7 fevral 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib, alınmayan pensiya məbləğinin fərqinin birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 il 9 ay 21 gün ümumi, 16 il 1 ay 19 gün güzəştli şərtlərlə iş stajı olduğuna əsaslanaraq cavabdehə ona 52 yaşının tamam olduğu 15 noyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə müraciət etmiş, lakin cavabdeh onun ümumi stajının 25 ildən az olduğunu, güzəştli iş stajını müəyyən etmək mümkün olmadığını, habelə pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini əsas gətirərək imtina cavabı vermişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, cavabdehə təqdim edilən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin iddiaçıya dair xx.xx.2023-cü il tarixli, 13/1366 nömrəli arayışında xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1991xx.xx.1992-ci il və xx.xx.1993-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti onun iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də İddiaçı ümumi iş stajı 25 ildən az (18 il 4 ay 10 gün (xx.xx.1981-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1993- cü il, xx.xx.1993-xx.xx.1998-ci il, xx.xx.2000-xx.xx.2005-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 4 ay)) təşkil edir. Eyni zamanda sözügedən arayışda iddiaçının xx.xx.1981-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində Naxçıvan Tikiştrikotaj fabrikində toxucu və hörücü vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin iddaiçının təqdim etdiyi sənədlərdə işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə aid olub-olmamasına dair hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40 320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16 810,13 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5142/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia qismən təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu 07 fevral 2015-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 17 oktyabr 2023-cü ildən əvvəlki 03 (üç) il üçün ödənilməyən əmək pensiyası fərqinin aylıq əmək pensiyası ödənişlərinin üzərinə əlavə edilməklə iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 13/1366 nömrəli arayışında xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1991xx.xx.1992-ci il və xx.xx.1993-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında" Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti onun iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də İddiaçı ümumi iş stajı 25 ildən az (18 il 4 ay 10 gün (xx.xx.1981-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1998-ci il, xx.xx.2000-xx.xx.2005-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 4 ay)) təşkil edir. Eyni zamanda sözügedən arayışda iddiaçının xx.xx.1981-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində Naxçıvan Tikiştrikotaj fabrikində toxucu və hörücü vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının təqdim etdiyi sənədlərdə işlədiyi vəzifənin yuxarıda qeyd olunan siyahıda nəzərdə tutulan vəzifələrə aid olub-olmamasına dair hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajının müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qərarında iddiaçının xx.xx.1981-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində Naxçıvan alt trikotaj fabrikində işlədiyi toxucu və hörücü vəzifələrinin güzəştli sayılması ilə bağlı gəldiyi nəticə əsassızdır. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 26.1-ci bəndində (toxuculuq sənayesi) “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatların, kətanın toxucuları”, “yaş toxumada məşğul olan toxucular”, “yaş toxumada məşğul olan tesma toxucuları” vəzifələri öz əksini tapmışdır. Göründüyü kimi iddiaçının işlədiyini iddia etdiyi toxucu və hörücü vəzifələri yuxarıda qeyd olunan siyahıda öz əksini tapmamışdır. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1 (102)-1597/2023 nömrəli qərarında həm “Vətəndaşların pensiya təminatı haqqında" Qanunda, həm də “Əmək pensiyaları haqqında" Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsinin nəzərdə tutulmadığı qeyd olunmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Bu normaya görə 6 ay müddət iddiaçının ümumi stajına daxil edilsə belə, yenə 25 il ümumi staj mövcud olmayacaqdır, hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, iddiaçının işlədiyi xx.xx.1981-xx.xx.1998-ci il tarixləri arasındakı dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsində göstərilmişdir ki, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Buna baxmayaraq məhkəmə iddiaçının xx.xx.1981-xx.xx.1998-ci il tarixləri arasında Naxçıvan alt trikotaj fabrikində işlədiyi 17 ilə yaxın dövrün bütövlükdə iş stajı kimi nəzərə alınmalı olduğunu qeyd etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/2-8-266249/2023 nömrəli məktubla cavab verilərək onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Apellyasiya şikayətinin dəlillərinə münasibət: Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: a) İddiaçının 52 yaşının tamam olması; b) iddiaçının xx.xx.2006ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; c) azı 10 il güzəştli iş stajının mövcud olması. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması işin mübahisələndirilməyən halıdır. Belə ki, iş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, 52 yaşı xx.xx.2015-ci il tarixdə tamam olmuşdur. İşin mübahisəli halı tələb olunan ümumi və güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Tələb olunan ümumi iş stajının mövcud olmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan B seriyalı, 813822 nömrəli diplomun surətinə əsasən iddiaçı xx.xx.1978-ci il tarixdə Naxçıvan şəhəri 32 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1981-ci ildə toxucu peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. ИТ-İ № ******* nömrəli, 01 iyul 1981-ci il tarixli əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək SSRİ-nin 60 illiyi adına Naxçıvan dəyişək trikotaj fabrikində toxuculuq sexində toxucu vəzifəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Naxçıvan Respublika Narkolojı dispanserində sanitar vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13/283 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Tikiş-trikotaj və İstehsalat Birliyinin sənədlərinə baxdıqda müəyyən edilmişdir ki, Seyidova (Əliyeva) Səkinə Səftər qızı xx.xx.1981-ci il tarixli 1 LS №-li əmrlə toxucu sexinə “toxucu” qəbul edilmişdir. xx.xx.1986-cı il tarixli 130 LS №-li əmrlə xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixə qədər analıq məzuniyyətinə buraxılması, xx.xx.1987-ci il tarixli 79 LS №-li əmrlə xx.xx.1987-ci il tarixdən xx.xx.1987- ci il tarixə qədər analıq məzuniyyətinə buraxılması, xx.xx.1988-ci il tarixli 94 LS №-li əmrlə xx.xx.1989-cu il tarixə qədər analıq məzuniyyətinə buraxılması, xx.xx.1989-cu il tarixli 104 LS №-li əmrlə toxucu sexinin toxucusu olaraq övladı körpə olduğundan xx.xx.1990-cı ilə qədər öz hesabına məzuniyyətə buraxılması, xx.xx.1990-cı il tarixli 109 LS №-li əmrlə xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixə qədər analıq məzuniyyətinə buraxılması, xx.xx.1991-ci il tarixli 14 LS №-li əmrlə övladının 3 yaşı olana qədər xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixə qədər öz hesabına məzuniyyətə buraxılması, xx.xx.1993- cü il tarixli 45 ŞH №-li əmrə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə qədər öz hesabına məzuniyyətə buraxılması, xx.xx.1994-cü il tarixli 26 ŞH №-li əmrlə övladı körpə olduğundan 1 il 6 ay müddətinə xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixə qədər məzuniyyətə buraxılması, xx.xx.1995-ci il tarixli 25 ŞH №-li əmrlə xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixə qədər analıq məzuniyyətinə buraxılması, xx.xx.1998-ci il tarixli 5 ŞH №-li əmrlə hörücü olaraq işdən azad olunması əmr kitablarında göstərilmişdir. Xİİİ-ЖГ seriyalı, 307370 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X5 18 aprel 1988-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, atası X1, anası İddiaçıdır. XİV-ЖГ seriyalı, 426012 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X2 18 may 1989-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş, atası X1, anası İddiaçıdır. XVİİ-ЖГ seriyalı, 433493 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X4 21 fevral 1994-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş, atası X1, anası İddiaçıdır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13/1366 saylı, xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən iddiaçı Naxçıvan Respublika Narkolojı dispanserində işləmiş 2002-ci ilin yanvar-dekabr ayları üzrə, 2003-cü ilin yanvar-dekabr ayları üzrə, 2004-cü ilin mart, may, iyul, avqust, sentyabr ayları üzrə əməkhaqqı almışdır. 2000, 2001, 2005-ci illərə dair sənədlər Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarına Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş Naxçıvan alt trikotaj fabriki üzrə əmrlər kitabından çıxarışlar əlavə edilmişdir ki, burada iddiaçı ilə bağlı əmrlər öz əksini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, ümumi iş stajına münasibətdə apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 13/1366 nömrəli arayışında xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1992-ci il və xx.xx.1993-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuş, qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün yuxarıda qeyd edilən ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti onun iş stajına daxil etmək mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan AR Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13/283 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Tikiş-trikotaj və İstehsalat Birliyinin sənədlərinə baxdıqda müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1986-cı il tarixli 130 LS №-li əmrlə xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixə qədər, xx.xx.1987-ci il tarixli 79 LS №-li əmrlə xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixə qədər, xx.xx.1988-ci il tarixli 94 LS №-li əmrlə xx.xx.1989cu il tarixə qədər, xx.xx.1990-cı il tarixli 109 LS №-li əmrlə xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixə qədər, xx.xx.1995-ci il tarixli 25 ŞH №-li əmrlə xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixə qədər analıq məzuniyyətində olmuşdur. Həmçinin iddiaçı xx.xx.1989-cu il tarixli 104 LS №-li əmrlə toxucu sexinin toxucusu olaraq övladı körpə olduğundan xx.xx.1990-cı ilə qədər, xx.xx.1991-ci il tarixli 14 LS №-li əmrlə övladının 3 yaşı olana qədər xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixə qədər, xx.xx.1993- cü il tarixli 45 ŞH №-li əmrə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə qədər öz hesabına məzuniyyətdə olmuş, xx.xx.1994-cü il tarixli 26 ŞH №-li əmrlə övladı körpə olduğundan 1 il 6 ay müddətinə xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixə qədər məzuniyyətə buraxılmışdır. İddiaçının işlədiyi xx.xx.1981-xx.xx.1998-ci il tarixləri arasındakı dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67- ci maddəsində göstərilmişdir ki, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1.6-cı bəndində göstərilmişdir ki, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajına aiddir. İddiaçının uşaqlarının doğum haqqında şəhadətnamələrindən görünür ki, iddiaçı uşaqlara qulluq etmək üçün qismən ödənişli və ödənişsiz məzuniyyətlərdə olmuşdur. Yuxarıda qeyd edilən hüquq normalarından görünür ki, cavabdeh həmin məzuniyyət dövrlərinin əmək stajına aid etməməkdə düzgün nəticəyə gəlməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün xx.xx.2006-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması tələb olunur. Hazırki işin hallarından isə görünür ki, apellyasiya şikayətində qeyd edilən dövrlər (xx.xx.1989-xx.xx.1990, xx.xx.1991-xx.xx.1992 və xx.xx.1993-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər) nəzərə alınmasa belə, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən dövrlər nəzərə alındıqda iddiaçının tələb olunan 20 ildən də artıq, 23 il 2 ay 1 gün ümumi stajının olduğu müəyyən edilir. Belə ki, iddia tələbinə etiraza və apellyasiya şikayətinin dəlillərinə əsasən iddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisə edilməyən sığorta stajı dövrləri aşağıdakılardır: xx.xx.1981-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1992xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1998-ci il, xx.xx.2000-xx.xx.2005-ci il, xx.xx.2001xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 4 ay. Beləliklə, əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixə iddiaçının ümumi stajı 20 ildən artıqdır (23 il 2 ay 1 gün). Tələb olunan güzəştli iş stajının mövcud olmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət: İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək SSRİ-nin 60 illiyi adına Naxçıvan dəyişək trikotaj fabrikində toxuculuq sexində toxucu vəzifəsində işləmişdir. Hazırda iddiaçı Naxçıvan alt trikotaj fabrikində işlədiyi toxucu və hörücü vəzifələrinin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olunduğunu bildirir. Cavabdehin qeyd edilən dövrlərlə bağlı apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə işlədiyi vəzifənin yuxarıda qeyd olunan siyahıda nəzərdə tutulan vəzifələrə aid olub-olmamasına dair hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajının müəyyən etmək mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işlədiyi Naxçıvan alt trikotaj fabriki hal-hazırda fəaliyyət göstərmədiyi üçün məhkəmə tərəfindən iddiaçının işlədiyi vəzifələrin güzəştli pensiya hüququ verən vəzifələrə aid olub-olmaması ilə bağlı arayışın əldə edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 nömrəli “əmək pensiyalarının təyin edilməsi və ya yenidən hesablanması ilə bağlı işlər üzrə” icmal məktubunda göstərilmişdir ki, müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, gözəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədi ilə “H.Z. Tağıyev adına X8” ASC-yə sorğu ünvanlanaraq iddiaçının işlədiyi vəzifənin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarında və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarında olub-olmaması, olduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya 24 fevral 2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, qeyd olunan Toxuculuq sexindəki toxucu peşəsi AR Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası haqqında qərarı, güzəştli şərtlərlə pensiya almağa səlahiyyət verir.

32. Toxuculuq istehsalatı Kağız pambıq, pambıq, kətan, yun, ipək, kəndir-cüt, trikataj səh 199 Səh 200-Toxucular; metal və sintetik tor toxuyan toxucular. İşin xüsusiyyətləri Toxucular-Toxucu dəzgahlarında parça istehsalı, əriş və arğac saplarının qırılmalarının arxdan qaldırılması. Kəsici mexanizmin bıçaqlarının dəyişdirilməsi. Parçadakı qüsurların qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi. Toxunma raportunun bərpa edilməsi. Parçanın sıxlığına, əriş və arğac sapların keyfiyyətinə nəzarət. Lamel cihazlarının, kəsici mexanizmlərinin və toxunan parçanın keyfiyyətinə nəzarət. Düyünlənmiş və dəzgaha doldurulmuş sapların emal edilməsi. Növbə ərzində işin planlaşdırılması və xidmət maşınlarının seçilməsi. Dəzgahların təmirdən qəbul edilməsində iştirak etmək. Avadanlıqları və iş yerini qaydaya salmaq. Beləliklə, oxşar müəssisə tərəfindən verilmiş arayışda iddiaçının işlədiyi vəzifədə gördüyü işlərin xüsusiyyətləri barədə ətraflı izah verilmişdir, arayışa əsasən iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək SSRİ-nin 60 illiyi adına Naxçıvan dəyişək trikotaj fabrikində toxuculuq sexində toxucu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 32-ci bəndinə (Toxuculuq istehsalatı) uyğundur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Beləliklə, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2015-ci ilədək 10 ildən artıq (16 il 01 ay 14 gün) əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur. Odur ki, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququ verən güzəştli sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 5142/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5142/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar