Məhkəmə qərarları › İş №2-1(103)-4493/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4493/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4493/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə müavinətin bərpa olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı X6, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8712/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamentinin xx.xx.2005-ci il tarixli, QS-013 saylı Qərarının surətindən görünür ki, İran İslam Respublikasının vətəndaşı olan X5 “qaçqın” statusu verilmişdir.

2. Azərbaycan Respublikasının Qaçqın Vəsiqəsinin surətindən görünür ki, İran İslam Respublikasının vətəndaşı olan, xx.xx.1967-ci il təvəllüdlü X6 daimi yaşadığı ölkə Azərbaycan Respublikası, yaşadığı yer Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün qərb sahili, ev 159 A-dır. Vəsiqə xx.xx.2024-cü il tarixdə verilmişdir, xx.xx.2026-cı il tarixədək etibarlıdır.

3. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, İran İslam Respublikasının vətəndaşı xx.xx.1967-ci il təvəllüdlü Məhdəvi Həsənə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən 28 fevral 2005-ci il tarixli, QS-013 saylı Qərarla qaçqın statusu verilmiş və o, hazırda Azərbaycan Respublikasında qaçqın statusu əsasında yaşayır. Mahdavi Hasan sonuncu dəfə Dövlət Miqrasiya Xidməti tərəfindən etibarlılıq müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək olan QV 0000*** saylı qaçqın vəsiqəsi ilə təmin edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının 1999-cu il 21 may tarixli Qanununun 12-ci maddəsinin 3-cü hissəsinə əsasən müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 13 saylı Tibbi Sosial Ekspert Komissiyasında müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, X7 xx.xx.2015-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. TSEK diaqnozu: arterial hipertenziya İİ dərəcə QDÇ İİ dərəcə, Əlilliyin müəyyən olunması meyarı: 2.2.İkinci dərəcə əlillik – Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı.

5. Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (Abşeron) xx.xx.2015-ci il tarixli, 21 №-li qərarından görünür ki, X7 İİ qrup əlil kimi xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək aylıq 50 manat məbləğində sosial müavinət təyin olunmuşdur.

6. Müavinət miqdarının dəyişdirilməsi haqqında xx.xx.2016-cı il tarixli Sərəncam ilə X7 xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək İİ qrup əlil kimi aylıq 55 manat məbləğində müavinət verilməsi göstrimişdir.

7. Cavabdehin sosial müavinətin təyinatı üzrə xx.xx.2020-ci il tarixli, 3883 №-li qərarından görünür ki, X7 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİ qrup əlilliyə görə aylıq 130 manat məbləğində müavinət təyin edilmişdir.

8. Cavabdehin sosial müavinətin təyinatı üzrə xx.xx.2020-ci il tarixli, 8953 №-li qərarından görünür ki, X7 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİ qrup əlilliyə görə aylıq 130 manat məbləğində müavinət təyin edilmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X7 xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə (xx.xx.2026-cı ilədək) ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin müəyyən olunması meyarı: 2.2.İkinci dərəcə əlillik – 2.2.9.qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müctəlif mənşəli xəstəlikləri.

10. Cavabdehin sosial müavinətin təyinatı üzrə xx.xx.2021-ci il tarixli, 36017 №-li qərarından görünür ki, X7 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İİ qrup əlilliyə görə aylıq 130 manat məbləğində müavinət təyin edilmişdir.

11. Cavabdehin sosial müavinətin təyinatı üzrə xx.xx.2022-ci il tarixli, **********9 №-li qərarından görünür ki, X7 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək İİ qrup əlilliyə görə aylıq 180 manat məbləğində müavinət təyin edilmişdir.

12. Cavabdehin sosial ödənişin təyin edilməsindən imtina olunması haqqında xx.xx.2025ci il tarixli, 3-17-1/3-1-39682/2025 №-li qərarından görünür ki, “Sosial müavinətlər haqqında” Qanunun 3.2-ci maddəsində əsaslanmaqla, X7 sosial ödənişin təyin ounmasından imtina edilmiş, onun Azərbaycan Respublikasının ərazisində daimi yaşama icazəsi olmadığından (qaçqın vəsiqəsi) əlilliyə görə müavinət ödənişində xx.xx.2016-xx.xx.2020, xx.xx.2021-xx.xx.2024-cü il tarixlərində artıqödəmə müəyyən edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsi çərçivəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmasını əsas götürərək, sosial təminat hüququnun təmin edilməsi və aylıq əlilliyə görə müavinətin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

14. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “X7 xx.xx.2024-cü il tarixdən əlilliyə görə müavinətin ödənilməsi barədə qərar qəbul edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” kimi dəyişdirilmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı - xx.xx.1967-ci il təvəllüdlü X8 İran İslam Respublikası vətəndaşıdır. İranda mövcud vəziyyətlə əlaqədar 1995-ci ildə Azərbaycana köçərək, burada qaçqın statusu almışdır. Həmin statusu təsdiq edən Azərbaycan Respublikası tərəfindən verilmiş QV №0000*** identifikasiya nömrəli qaçqın qeydiyyat vəsiqəsinin daşıyıcısıdır. Eyni zamanda BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığınında qeydiyyatdadır. Təxminən 10 ildir ki, əlilliyə görə müavinət alırdı. Beləliklə, artıq 30 ildir ki, Azərbaycan Respublikasında daimi və qanuni əsaslarla yaşayır. İddiaçının dövlət tərəfindən təyin edilən sosial müavinət almasına dövlət orqanları tərəfindən maneçilik yaradılır və bununla, Azərbaycan Respublikası vətəndaşları ilə bərabər olmayan şərait yaradılaraq hüquqları məhdudlaşdırılır. Belə ki, 18 noyabr 2024-cü il tarixdə ona sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından 3-17-1/2-m283040/2024 nömrəli məktub gəlmiş və burada ona İİ dərəcə əlilliyə görə sosial müavinətin təyin edilməsinin mümkünsüz olduğu göstərilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, həmin Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, həmin Qanunla Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydalarla aylıq müavinət almaq hüququna malikdir.” Bu qanunvericilik tələbinə istinad edərək, dövlət orqanı iddiaçının Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin olmadığına görə müavinət verilməsindən imtina etmişdir. Belə ki, qeyd olunan məsələ ilə bağlı 20 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir və bu müraciətinə eyni cavab gəlmişdir. 06 fevral 2025- ci il tarixli №3-17-1/2-m-26978/2025 saylı cavab məktubunda əks edilmiş imtina cavabı onunla əsaslandırılmışdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, həmin Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, həmin Qanunla Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydalarla aylıq müavinət almaq hüququna malikdir. İddiaçı dövlət tərəfindən qaçqın statusu almış əcnəbi şəxs kimi artıq 32 ildir ki, Azərbaycan Respublikasının ərazisində daimi əsaslarla yaşayır və onun qaçqın vəsiqəsində Azərbaycan Respublikası daimi yaşadığı ölkə kimi göstərilmişdir. Bütün sadalananlar onun Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi olmağını sübut edir. Beləliklə hazırkı iş üzrə cavabdeh olan inzibati orqan öz öhdəliyini icra etməkdən yayınmış, imtina etmişdir.

16. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı əlilliyə görə müavinətin bərpa olunması ilə bağlı Mərkəzi Filiala müraciət etmiş, qaçqın vəsiqəsi əsasında ona “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq əlilliyə görə sosial müavinətin təyin edilməsi mümkün hesab edilməmişdir. Belə ki, Mərkəzi Filial tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək əlilliyə görə müavinət təyin edilmiş, X4 xx.xx.2025-ci il tarixli qərarı ilə Hasan Mahdavinin Azərbaycan Respublikasının ərazisində daimi yaşama icazəsi olmadığından təyin edilmiş sözügedən müavinətin ödənişi əsassız hesab edilmiş və xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. Həmin qərarla iddiaçıya da məlumat verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2025-ci il tarixli, 07/8615 saylı məktubunda qeyd edildiyi kimi, İran İslam Respublikasının vətəndaşı xx.xx.1967ci il təvəllüdlü Mahdavi Hasana Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixli, QS-013 saylı Qərarla qaçqın statusu verilmiş və o, hazırda Azərbaycan Respublikasında qaçqın statusu əsasında yaşayır. Mahdavi Hasan sonuncu dəfə Dövlət Miqrasiya Xidməti tərəfindən etibarlılıq müddəti xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək olan QV 0000*** saylı qaçqın vəsiqəsi ilə təmin edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının 1999-cu il 21 may tarixli Qanununun 12-ci maddəsinin 3-cü hissəsinə əsasən müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. Qanunvericilik normalarının təhlilindən də göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər, iddiaçıya məxsus qaçqın vəsiqəsi isə ona Azərbaycan Respublikasının ərazisində daimi deyil, qanuni qalmaq hüququ verən sənəddir və həmin sənəd əsasında ona əlilliyə görə sosial müavinətin təyin edilməsi mümkün hesab edilmir. İddiaçıya əvvəllər təyin edilmiş əlilliyə görə müavinətin ödənişi isə əsassız hesab edilmiş və xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. Odur ki, Mərkəzi Filial tərəfindən verilmiş imtina qanuni və əsaslı olmuşdur.

17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8712/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı X7 xx.xx.2024-cü il tarixdən əlilliyə görə müavinətin ödənilməsi barədə qərar qəbul edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

18. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmənin müvafiq sorğusuna qaçqın statusunu verən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş cavabda qaçqın vəsiqəsinin qaçqının şəxsiyyətini təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəd olduğu göstərilmişdir. Məhkəmə bunu nəzərə almayaraq, vətəndaşlığı olmayan şəxslərə və ya əcnəbilərə verilmiş qaçqın vəsiqəsinin özlüyündə həmin şəxsin şəxsiyyətini müəyyən edən və ona Respublika ərazisində qanuni qalmaq hüququ verən sənəd kimi daimi yaşamaq icazəsinə bərabər sənəd hesab olunduğu qənaətinə gəlmişdir.

c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatları

21. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

23. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunu: 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: ...dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq. Qaçqın statusu almış şəxs Azərbaycan Respublikasının qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan hüquqlarından istifadə edir və vəzifələri daşıyır. 12-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. 16-cı maddəsinə əsasən qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin alınması tələb olunmur. 14-cü maddəsinə əsasən qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə vətəndaşı olduğu dövlətin himayəsindən daha imtina edə bilmədikdə (vətəndaşı olduqları dövlətin himayəsindən imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla) qaçqın statusu itirilir.

24. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təstiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü bəndinə əsasən “Qaçqın” statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Vəsatətin baxılması haqqında qərarın qəbul edilməsi - şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti qanuni qalması üçün əsasdır. Qaçqın statusu almış şəxslər haqqında məlumatlar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə daxil edilir. 5-ci bəndə əsasən şəxsin “Qaçqın” statusu verilməsi haqqında vəsatətinə baxılması haqqında qərar qəbul edildikdə, 24 saat ərzində ona və ailə üzvlərinə Dövlət Miqrasiya Xidməti tərəfindən vəsatətə baxılan müddətədək şəxsiyyətini təsdiq edən xüsusi formada hazırlanmış müvəqqəti şəhadətnamə təqdim edilir.

25. “Sosial müavinətlər haqqında” Qanunun: 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 7.0-cı maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: ...7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda.

26. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir. 3.0.1. əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs. 3.0.8. Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs. 4.3. Azərbaycan Respublikasında qaçqın statusunun verilməsi, qaçqın statusunun itirilməsi, qaçqın statusundan məhrum etmə, habelə qaçqın statusu almış şəxslərə verilən sənədlər və həmin şəxslərin hüquqi vəziyyətinin əsasları müvafiq qanunla tənzimlənir.

26.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 28.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 -cü maddələrinə əsasən)

30. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 22-26-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

31. Belə ki, iddiaçı uzun müddət Azərbaycan Respublikasında yaşadığına, həmçinin QV № 0000*** nömrəli qaçqın vəsiəsinə istinad edərək cavabdehin hərəkəti ilə razılaşmır və ona xx.xx.2024-cü il tarixdən əlilliyə görə müavinətin ödənilməsini tələb edir.

32. Cavabdeh orqan isə iddiaçının əcnəbi vətəndaş kimi Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin olmamasını bildirərək, imtina cavabı vermişdir.

33. İş materiallarından göründüyü kimi iddiaçıya xx.xx.2014-cü ildən cavabdehin müxtəlif tarixli qərarları əsasında İİ qrup əlilliyə görə sosial müavinət təyin edilərək ödənilmişdir. X4 xx.xx.2025-ci il tarixli qərarı ilə Hasan Mahdavinin Azərbaycan Respublikasının ərazisində daimi yaşama icazəsi olmadığından təyin edilmiş sözügedən müavinətin ödənişi əsassız hesab edilmiş və xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək artıq ödəmə müəyyən edilmişdir.

34. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.

35. Qanunvericiliyin normalarından göründüyü kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaçqın statusu verilmiş şəxslərə həmçinin daimi yaşamaq üçün icazənin verilməsi nəzərdə tutulmur. İddiaçıya da müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaçqın vəsiqəsinin verilməsi işin mübahisəsiz halıdır.

36. Belə olan halda kollegiya hesab edir ki, vətəndaşlığı olmayan şəxslərə və ya əcnəbilərə verilmiş qaçqın vəsiqəsi özlüyündə həmin şəxsin şəxsiyyətini müəyyən edən və ona Respublika ərazisində qanuni qalmaq hüququ verən sənəd olsa da, daimi yaşamaq üçün icazə sənədinə bərabər tutula bilməz.

37. Belə ki, qaçqın statusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan şəxsdir və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 14-cü maddəsinə əsasən vətəndaşlığı olduğu ölkədə qeyd olunan təqiblər aradan qaldırıldıqdan sonra şəxsin qaçqın statusu itirilir. Başqa sözlə desək qeyd olunan vəziyyətin aradan qaldırılması mücərrəd xarakterli olduğuna görə qaçqın statusuna istənilən vaxt xitam verilməsi istisna deyil. Bu isə qaçqın statusu alan şəxsin daimi əsaslarla yaşamaq hüququ icazəsi alan əcnəbi şəxslərdən fərqləndirir.

38. Bundan başqa oda nəzərə alınmalıdır ki, hazır ki, mübahisə üzrə xüsusi norma kimi çıxış edən Azərbaycan Respublikasının Miqarsiya Məcəlləsinin 3.0.8-ci maddəsində Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin göstərilməsi və həmin subyektlərin sırasında qaçqın statusu olan şəxslərin olmaması bir daha ona dəlalət edir ki, qaçqın statusu olan şəxslərə yaşamaq üçün verilən icazə daimi xarakter daşımır.

39. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

40. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8712/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8712/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. X7 xx.xx.2024-cü il tarixdən əlilliyə görə müavinətin ödənilməsi barədə qərar qəbul edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar