Məhkəmə qərarları › İş №2-1(103)-4495/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4495/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4495/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8419/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 168 saylı sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.metr torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 168 saylı sərəncamı ilə iddiaçıya ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 600 kv. metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsindədir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, sonuncu isə torpaq sahəsinin yerləşmə sxeminin olmadığı üçün ona çıxarışın verilməsinin imkanları xaricində olduğunu bildirmişdir. İddiaçı yerləşmə sxeminin alınması barədə cavabdehə müraciət etmiş, onun müraciətinə imtina cavabı verilmişdir. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 168 saylı sərəncamında iddiaçının adı “Baxçəli” kimi, lakin məhkəmə sənədlərində isə “Baxcəli” kimi qeyd olunmuşdur. Hazırkı məhkəmə təcrübəsində ad, soyad və ya ata adında hərf səhvləri və sair kimi hallar mövcud olan sənədlər rayon məhkəmələrində xüsusi icraat qaydasında ərizələr verilməklə, qeyd olunan şəxslərə məxsus olub-olmaması faktının təsdiqlənməsi zəruri hesab olunur. Hazırki vəziyyətdə subyektiv hüququn kimə məxsus olması qeyrimüəyyəndir. Bundan əlavə, ayrılmış torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi hüdudlarında yerləşib-yerləşməməsini, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin digər şəxslərin istifadəsində olmasını, hansı inzibati orqanın inzibati ərazisində və idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə ekspert və yaxud mütəxəssis rəyi alınmalıdır. Həmçinin, qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) və xəritədən çıxarışın verilməsi rayon icra hakimiyyətlərinin səlahiyyətləri xaricindədir. Hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem ve sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi “Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Əlavə olaraq, iddiaçı cavabdehə müraciət etdikdən sonra cavabdeh orqanın əməkdaşları həmin torpaq sahəsinə baxış keçirmişdir. Əldə olunan fotolardan da görünür ki, sözügedən torpaq sahəsində bugünkü gün belə hər hansı tikili başa çatdırılmamış və sərəncamın verilməsindən artıq 23 il müddət ötmüş və vətəndaş həmin vaxt tikilini vaxtında yerinə yetirmədiyi üçün həmin sərəncamın qüvvəsi itmişdir. Hüquqi qüvvəsini itirmiş inzibati aktın icrası və həmin akta dair hər hansı prosessual hərəkətlərin edilməsi mümkün deyil. Həmin akt 3 il müddətində tikintinin başa çatdırılmaması nəticəsində öz hüquqi qüvvəsini itirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8419/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddianın təmin edilməsi, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 168 saylı sərəncamına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ayrılmış 600 kv.metr torpaq sahəsinin yerləşmə sxeminin (plan cizgisinin) tərtib edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. İnzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Bu baxımdan inzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) əlverişsiz inzibati akt olmalı; 3) iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5) qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İşə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən bu hallara qiymət verməlidir. Tərəflərin iştirakı: İş üzrə icraatın iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən müəyyən olunur ki, iddiaçının tələbi Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 168 saylı sərəncamı ilə ünvan 1 ünvanındə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə dair yerləşmə sxeminin İddiaçı verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasından ibarətdir. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, hazırki vəziyyətdə subyektiv hüququn kimə məxsus olması qeyri-müəyyəndir. Həmçinin, qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) ve xəritədən çıxarışın verilməsi rayon icra hakimiyyətlərinin səlahiyyətləri xaricindədir. Hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra hakimiyyətlərinin səlahiyyətində deyil. İş materiallarından görünür ki; - İddiaçı xx.xx.1965-ci ildə Tovuz rayonu, Çatax kəndində anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 168 saylı Sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi, 6-cı massivdən ayrılmış torpaq sahəsindən 600 kv.metr torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 19 mart 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, WGS 84/UTM zona 39N koordinatlar sistemində məktubda qeyd edilən koordinatlarda olan həmin 430 kv.metr torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün “SOCAR”-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları, eləcə də neftqaz borcu kəmərlərinin mühafizə zonası xaricində yerləşir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 0,06 hektar təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Sözügedən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunub. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazi vahidində yerləşir. Torpaq sahəsinin çox hissəsi “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aiddir. Sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin digər torpaq sahələri ilə üst-üstə düşməsi bazada müşahidə edilmir. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 168 saylı Sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi, 6-cı massivdən 600 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə subyektiv hüququn kimə məxsus olmasının qeyri-müəyyən olması, torpaq sahələrinə plan (cizginin) ve xəritədən çıxarışın verilməsinin rayon icra hakimiyyətlərinin səlahiyyətləri xaricində olmasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 168 saylı sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi naturada təhvil verilmiş olsa da, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (yerləşmə cizgisini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. Hazırda iddiaçı isə öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə ona verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Cavabdeh iddia tələbinə etirazında iddia tələbinin mümkünsüzlüyünü 4 halla əsaslandırır: 1) İddiaçının sərəncamda adının “Baxçəli” kimi, lakin digər sənədlərdə “Baxcəli” kimi qeyd olunması səbəbindən subyektiv hüququnun qeyri-müəyyənliyi; 2) Müvafiq mütəxəssis rəyinin alınması; 3) İddia edilən fəaliyyətin cavabdehin səlahiyyətlərinə aid olmaması; 4) Torpaq sahəsində tikinti işlərinin 3 il müddətində başa çatdırılmamasına görə öz hüquqi qüvvəsini itirməsi; Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adı “Baxcəli” olduğu halda lakin sərəncamda “Baxçəli” olaraq qeyd edilməsi texniki yanlışlıqdır. İddiaçının qeydiyyatda olduğu və yaşadığı ünvanın Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 168 saylı Sərəncamında göstərilən ünvanla eyniyyət təşkil etməsi sübut edir ki, torpaq sahəsi məhz iddiaçıya ayrılmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı müvafiq mütəxəssis rəyinin alınması üçün məhkəmə tərəfindən sorğu göndərilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Həmin mütəxəssis rəyində də torpaq sahəsinin sənəd üzrə və faktiki olaraq 0,06 ha təşkil etməsi, dövlət mülkiyyəti torpağı olması, sahənin digər torpaq sahələri ilə üst-üstə düşməməsi öz əksini tapmışdır. Qeyd edilməlidir ki, torpaq sahəsinin verilməsinə əsas olan sərəncam ləğv edilməmişdir və torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı olduğundan, cavabdeh qurum torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. Eyni zamanda, cavabdeh iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını təsdiq edən hər hansı rəsmi sənədi təqdim etmədiyindən torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Halbuki, torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 43-cü maddəsinin: -1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; -3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; -4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 168 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsinə dair cizginin tərtib olunaraq, verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8419/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar