Məhkəmə qərarları › İş №2-1(103)-45/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-45/2021

24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-45/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı9, iddiaçılar İddiaçı1, A.Alxanov, İddiaçı6 və İddiaçı4 vəkili Vəkil2, üçüncü şəxs X2 vəkili Vəkil1 iştirakı ilə cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-410/2018 nömrəli iş üzrə 26 iyul 2018-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22 cavabdeh Xətai RİH-ə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi və X4) məhkəməyə müraciət edərək, cavabdehin 08.09.2017-ci il tarixli 243 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişlər. İddianın əsaslarına görə, Bakı şəhəri Xudu Məmmədov küçəsi 33 saylı binanın yaxınlığında Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/1714 saylı 02.07.2014-cü il tarixli məktubu ilə razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq Xətai RİHin 13.08.2014-cü il tarixli 239 saylı sərəncamı ilə X3 ofis binasının tikintisinə icazə verilmişdir. Həmin binanın sakinləri Xətai RİH-ə qarşı 13.08.2014-cü il tarixli sərəncamın ləğv edilməsi tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışlar. Həmin Məhkəmənin 26.11.2014-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11.10.2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin 26.11.2014-cü il tarixli qərarı ləğv olunmuş və cavabdehin 13.08.2014-cü il tarixli sərəncamı ləğv edilmiş, Ali Məhkəmənin 12.04.2017-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 11.10.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarlarla məhkəmə kollegiyası ara məsafələrinin hər hansı torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmasını və ara məsafəsinin binanın xarici divarının hündürlüyünə əsasən hesablandığını nəzərə alaraq hesab etmişdir ki, ara məsafəsi Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsindəki 33 saylı yaşayış binasına münasibətdə həmin binanın 15,4 metr hündürlüyünün 0,6 hissəsinin, tikintisinə icazə verilmiş sahibkarlıq obyektinə münasibətdə isə həmin obyektin 16,2 metr hündürlüyünün 0,25 hissəsini təşkil etməlidir. Ofis və yaşayış binalarının hündürlüklərinin müvafiq olaraq 16,2 metr və 15.4 metr, ara məsafəsinin isə müvafiq olaraq 4,05 metr və 9,24 metr olacağı təqdirdə, məhkəmə kollegiyası hesab etmişdir ki, ümumilikdə ara məsafəsi 13,29 metr (4,05 metr + 9,24 metr) təşkil edir ki, binalar arasında faktiki məsafənin isə 12 – 12,35 m təşkil etdiyini nəzərə alsaq, ara məsafələrinin üst-üstə düşməsi müəyyən edilir. Halbuki, qanunun tələbinə görə ara məsafələri bir-birini üzərinə düşə bilməz. Şəhərsalma və Tikinti Məcəlləsinin 69.2-ci maddəsinə görə ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Məcəllənin 69.3cü maddəsinə görə ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 6-cı bəndinə görə ara məsafələri bir-birinin üzərinə düşə bilməz. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, ara məsafəsinin gözlənilməməsi yeni tikinti zamanı yaşayış binasının sakinlərinin hüquqlarının pozulmasını, tikintinin onların normal həyat şəraitinə mənfi təsir göstərəcəyini, normal hava axınının hərəkətinə, günəş şüalarının düşməsinə və sair maneələr yaratdığına və tikintiyə icazə verilərkən tikinti norma və qaydalarının gözlənilmədiyini təsdiq edir. Cavabdeh Xətai RİH 08.09.2017-ci il tarixli 243 saylı sərəncamla X6 rayonu Xudu Məmmədov küçəsi 33 saylı binanın arxasında qeyri-yaşayış sahəsinin tikintisinə icazə verərkən həmin ərazidə artıq yarımçıq tikintinin mövcudluğu, onun məhz E.Orucov tərəfindən inşa edildiyi və məhkəmə qərarları ilə tikinti ilə onların yaşadığı binanın arasındakı ara məsafəsinin pozulmasına görə 239 saylı sərəncamın ləğv edildiyi barədə məlumatı olmuş, buna baxmayaraq təkrarən 08.09.2017-ci il tarixli 243 saylı sərəncamı ilə E.Orucova həmin ərazidə tikintiyə icazə vermişdir. Xətai RİH-in 08.09.2017-ci il tarixli 243 saylı sərəncamının ikinci hissəsindən də görünür ki, Xətai RİH başçısının 239 saylı 13.08.2014-cü il tarixli sərəncamı qüvvədən düşmüş hesab olunmuşdur. Ara məsafəsi həll olunmayınca heç bir tikinti işləri aparıla bilməz. Hazırda E.Orucov tərəfindən ara məsafəsi pozulmaqla aparılan tikintini sökmək əvəzinə, həmin tikintini davam etdirərək 4-cü mərtəbənin tikintinə başlamış və bununla da ləğv edilmiş sərəncamla təsdiq edilmiş əvvəlki layihə əsasında tikintini aparmış olur və bu hərəkətləri ilə onların (iddiaçıların) hüquqları kobudcasına pozulur. Beləliklə, hazırkı vəziyyətdə davam edən tikinti faktiki olaraq yeni sərəncam əsasında deyil, ləğv edilmiş sərəncam əsasında aparılır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, “Məhkəmənin qənaəti belədir ki, üçüncü şəxs X3 qeyri-yaşayış binasının tikintisi üçün icazə verilməsi barədə yeni sərəncamda (08 sentyabr 2017-ci il tarixli) “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməsi” və “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı, 67-ci və 68-ci maddələrinə uyğun olaraq torpağın icarə müqaviləsinin bağlanması” müddəaları nəzərdə tutulduğu halda, onlara əməl olunmadan tikinti aparılması RİH-in sərəncamının deyil, tikintinin qanunsuzluğuna dələlət edən haldır. Nəzərə alınmalıdır ki, 08 sentyabr 2017-ci il tarixli sərəncamda bu müddəaların göstərilməsi ona tikinti aparılmasına icazə verilmiş vətəndaşın üzərinə həm tikintinin ara məsafələri gözlənilməklə (yeni layihə üzrə hündürlük, yəni mərtəbə aşağı salınmaqla və ya sükülərək digər koordinatlarda inşa olunması), həm də tikinti aparılan torpaq sahəsindən təyinatı üzrə istifadə ilə bağlı məsələlərin həlli qoyulmuşdur. Üçüncü şəxsin sərəncamın həmin müddəalarına əməl etməməsi 08 sentyabr 2017-ci il tarixli sərəncamın qanunsuz sayılmasına əsas vermir. Belə olan halda məhkəmə cavabdeh Xətai RİH-in 08 sentyabr 2017-ci il tarixli 243 saylı sərəncamını qanuna zidd saymır və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan inzibati akt kimi qiymətləndirmir.” Qərarla razılaşmayan iddiaçılar ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin iddianın əsasları ilə eyni olan dəlillərinə görə, üçüncü şəxs E.Orucova qeyri-yaşayış binasının tikintisi üçün icazə verilməsi barədə yeni sərəncamda AR Şəhərsalma və Tikinti Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməsi və AR Torpaq Məcəlləsinin 66-cı, 67-ci və 68-ci maddəsinə uyğun olaraq torpağın icarə müqaviləsinin bağlanması müddəalarının göstərilməsi onun üzərinə tikinti aparılmasına icazə verilmiş vətəndaş kimi həm tikintinin ara məsafələri gözlənilməklə (yeni layihə üzrə hündürlük, yəni mərtəbə aşağı salınmaqla və ya sökülərək digər koordinatlarda inşa olunması), həm də tikinti aparılan torpaq sahəsindən təyinatı üzrə istifadə ilə bağlı məsələlərin həlli qoyulmuşdur. Cavabdeh AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərini pozaraq E.Orucova qeyri-yaşayış sahəsinin tikintisinə icazə vermişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-152/2019 nömrəli iş üzrə 01.08.2019cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarla razılaşmayan İddiaçı4 ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-3159/2019 nömrəli iş üzrə 19.11.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 01.08.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçılar və onların vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, üçüncü şəxsin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İlk olaraq, Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 214 saylı, 16 sentyabr 2008-ci il qərarı ilə “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı” təsdiq edilmişdir. Orada hər bir tikintinin ölçüləri və həcmi dəqiq göstərilməklə onun məhz hansı məsuliyyət səviyyəli bina və qurğuya aid ediləcəyi dəqiq göstərilmişdir. Beləliklə, qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi sərəncamın verildiyi 08 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri Xətai RİH yalnız İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək səlahiyyətinə malik olmuşdur. Apellyasiya məhkəməsi isə iddiaçıların bu barədə bildirməsinə baxmayaraq Bakı şəhəri Xətai RİH-in sərəncam verərkən belə səlahiyyətə malik olub-olmadığı ilə bağlı məsələyə qiymət verməmişdir. Ona görə də, təkrar apellyasiya baxışı zamanı sərəncamla tikintisinə icazə verilmiş qeyri-yaşayış obyektinin hansı məsluiyyət səviyyəli bina olduğu aydınlaşdırılmalı və nəticəsindən asılı olaraq Bakı şəhəri Xətai RİH-in onun tikintisinə icazə vermək səlahiyyətinə malk olub-olmadığına qiymət verilməlidir. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2.1-ci maddəsinin tələbinə görə tikintiyə icazə almaq üçün sifarişçi tikintinin həyata keçiriləcəyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi təqdim etməlidir. İş materiallarında belə bir sənədin mövcudluğu müəyyən olunmur. Apellyasiya məhkəməsi həmin halı dəqiqləşdirməklə sərəncam verilərkən sifarişçi tərəfindən torpaq sahəsinə dair hüquq müəyyənedici sənədin təqdim edilibedilmədiyini müəyyən etməli və qanunvericiliyin tələblərindən çıxış etməklə məsələyə hüquqi qiymət verməlidir. Məhkəmə həmçinin sərəncamın özündə E.İ.Orucova torpağın icarə müqaviləsinin bağlanılmasını ƏMDK ilə həll etməyin həvalə olunduğunu nəzərə alaraq belə bir müqavilənin bağlanılıbbağlanılmadığını da yoxlamalıdır. ... Məhkəmə aydınlaşdırmamışdır ki, E.Orucov həqiqətən köhnə sərəncam (13 avqust 2014-cü il tarixli 239 saylı) əsasında başlamış olduğu tikintisini davam edib bitirmişdir, yoxsa, 08 sentyabr 2017-ci il tarixli 243 saylı sərəncam əsasında tikinti aparmışdır. Bu hal ona görə vacibdir ki, əvvəlki sərəncam məhkəmə tərəfindən məhz ara məsafəsi gözlənilmədiyi üçün ləğv edilmişdi. Bu halın aydınlaşdırılması həm də ona görə tələb olunur ki, tikili eyni olacağı halda, ara məsafələri ilə bağlı məsələ üzrə iki müxtəlif ekspertiza rəyi verilmiş olur. Belə ki, onların birində ara məsafəsinin pozulduğu, digərində isə pozulmadığı göstərilmişdir. Bu halda isə məhkəmənin sözügedən ziddiyyətli halları dəqiq və hərtərəfli araşdırmaq vəzifəsi yaranır. Lakin məhkəmə hazırkı işdə xidməti vəzifəsinin tələb etdiyi qaydada davranmamış, işin hallarının tam və hərtərəfli araşdırılmasını təmin etməmişdir. Bu mənada, məhkəmənin iş üzrə keçirilmiş ekspert rəyinin əsassızlığı ilə bağlı iddiaçı tərəfin dəlilərinə münasibəti də qanunsuz və əsassız olmuşdur. Məhkəmə əsassız olaraq əvvəlki məhkəmə çəkişmələri gedişində verilmiş ekspert rəyini hazırkı rəylə birgə tədqiq etməkdən imtina etmişdir. Ekspert rəyinin əsassızlığı ilə bağlı iddiaçı tərəfin dəlillərinin tam və hərtərəfli araşdırılması da təmin edilməmiş, xüsusən təkrar məhkəmətikinti ekspertizasının təyin edilməsinə dair vəsatət əsassız olaraq rədd edilmişdir.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin göstərişlərinin icrası ilə bağlı cavabdehdən mübahisəli sərəncamın qəbulu ilə əlaqədar başlanmış inzibati icraat materiallarının, habelə mübahisəli tikilinin 2014 yoxsa 2017-ci il tarixli sərəncam əsasında aparılması barədə rəsmi münasibətin Məhkəməyə təqdim olunması tələb olunmuş, lakin qeyd olunanlar təqdim edilməmişdir. Həmçinin, Ali Məhkəmənin göstərişlərinin icra olunması üçün Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 24.01.2020-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə mühəndis-tikinti ekspertizası təyin edilmiş, ekspertizanın aparılması və rəy verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Həmin Mərkəzin 08.02.2021-ci il tarixli 10/1159 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiq olunan qeyri-yaşayış binasına dair tərtib edilmiş işçi layihəsinə əsasən, həmin qeyri-yaşayış binasının divar hündürlüyünün 15,5 metr təşkil etdiyi və 33 saylı binadan 13,8 metr aralıda yerləşdiyi göstərilmişdir. Qeyd olunanları, o cümlədən “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın müvafiq tələblərinə əsasən ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsinin təşkil etdiyini, tədqiq olunan qeyri-yaşayış binasının işçi layihəsinə əsasən divar hündürlüyünün 15,5 metr olduğunu və 33 saylı binadan 13,8 metr aralıda yerləşdiyini nəzərə alaraq, həmin qeyri-yaşayış binasının işçi layihəsində və eləcə də faktiki vəziyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 7-ci bəbdinin tələblərinə əməl olunduğu müəyyən edilir. İşçi layihəyə əsasən, mübahisəli qeyri-yaşayış binasının 33 nömrəli binaya baxan xarici divarının yerin üst səthinin kəsişmə nöqtəsindən divarln sonuna qədər hündürlüyü 15,5 metr, tikilinin damının hündürlüyü 2,6 metr, damın mailliyi isə 30° təşkil etdiyi göstərilmişdir. Mübahisəli tikilinin hazırki vəziyyətdə hündürlüyü yerin relyefi ilə əlaqədar olaraq 15,35-15,5 metr təşkil edir. 33 saylı binanın hazırki vəziyyətdə hündürlüyü yerin relyefi ilə əlaqədar olaraq 15,3- 15,4 metr təşkil edir. Tədqiq olunan qeyri-yaşayış binasının işçi layihəsinə əsasən divar hündürlüyünün 15,5 metr təşkil etdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 7-ci bəndi anlamında həmin tikilinin ara məsafəsi 9,3 metr (15,5x0,6=9,3 metr) təşkil etməlidir. Tədqiq olunan qeyri-yaşayış binasının divarının yerin üst səthi ilə kəsişmə nöqtəsindən 33 saylı binanın xarici divarına qədər olan faktiki məsafə 13,6 metr təşkil edir. 33 saylı binanın tikintisi üçün ayrılmış torpaq sahəsinə dair hər hansı sənəd, o cümlədən ayrıc aktı təqdim edilmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 7-ci bəndi anlamında həmin binanın divarı ilə torpaq sahəsinin sərhədinə kimi nə qədər məsafə nəzərdə tutulduğunu, eləcə də faktiki nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmadı. Tədqiq olunan qeyri-yaşayış binasının divarının yerin üst səthi ilə kəsişmə nöqtəsindən 33 saylı binanın xarici divarına qədər olan faktiki məsafə 13,6 metr təşkil edir. 33 saylı binanın tikintisi üçün ayrılmış torpaq sahəsinə dair hər hansı sənəd, o cümlədən ayrıc aktı təqdim edilmədiyindən, eləcə də tədqiq olunan qeyri-yaşayış binasının divarının yerin üst səthi ilə kəsişmə nöqtəsindən 33 saylı binanın xarici divarına qədər olan faktiki məsafə 13,6 metr təşkil etdiyindən, həmin binalar arasındakı ara məsafəsinin birbirinin üzərinə düşməsi müəyyən edilmədi. İşdə olan, cavabdehin mübahisəli 08.09.2017-ci il tarixli 243 nömrəli sərəncamına əsasən, 1. vətəndaş X3 Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 33 saylı binanın arxa hissəsində yerləşən torpaq sahəsində Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 31 iyul 2017-ci il tarixli 18/03-8/2014 saylı məktubu ilə razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmiş, 2. Xətai RİH başçısının 239 saylı 13.08.2014-cü il tarixli sərəncamı qüvvədən düşmüş hesab edilmiş, 3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməsi vətəndaş X3 həvalə olunmuş, 5. AR Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq torpağın icarə müqaviləsinin bağlanmasını ƏMDK-də həll etmək E.Orucova həvalə edilmişdir. Sərəncamda istinad edilən Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən E.Orucova ünvanlanmış 31.07.2017-ci il tarixli 18/03-8/2014 saylı məktubda göstərilmişdir ki, daxil olmuş ərizəyə əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02.07.2014-cü il tarixli 18/03-8/1714 saylı məktubu ilə Xətai rayonu Xudu Məmmədov küçəsi 33 saylı binanın arxa hissəsində yerləşən torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsinə dair razılaşdırılmış memarlıq-planlaşdırılmasının həlli layihəsinə əsasən təqdim olunmuş işçi layihəsinin memarlıq hissəsi (“xxxx” MMC-nin işi, memar A.Paşayeva) razılaşdırılır. Tikinti işləri qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə ciddi riayət olunmaqla aparılmalı və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilməlidir. AR Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 33 saylı binanın 33 saylı mənzilinin sakini İddiaçı3 ünvanladığı 16.09.2014-cü il tarixli 05/08-Kol-26-1090 nömrəli məktubunda bildirmişdir ki, həmin ərazinin yeni planlaşdırma sənədlərinin işlənilməsi barədə Komitədə heç bir məlumat yoxdur və bu ərazidə yeni tikinti obyektinin layihəsinə onlar tərəfdən rəy verilməmişdir. Həmin Komitənin 12 saylı hüquq məsləhətxanasına ünvanlanan 30.10.2015-ci il tarixli 13/04-133 nömrəli məktubunda qeyd edilmişdir ki, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75.10-cu maddəsinə uyğun olaraq, tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulmuş məlumatları 10 gün müddətdə vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin dövlət reyestrinə təqdim etməlidir. Lakin Bakı ŞİH tərəfindən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 33 saylı binanın arxasında tikilən bina barəsində şəhərsalma əsaslandırılması və ya tikinti layihəsi Komitəyə təqdim edilməmişdir. Əlavə olaraq, Komitənin mütəxəssislərinin iştirakı ilə yerində baxış zamanı məlum olmuşdur ki, qeyd olunan ərazidə (sakinlər üçün istirahət meydançası) hər hansı tikinti obyektinin yerləşdirilməsi ərazinin baş planına uyğun olaraq nəzərdə tutulmamışdır. Eyni Komitənin 12 saylı hüquq məsləhətxanasının vəkili Vəkil2 ünvanladığı 13.02.2019-cu il tarixli 04/05-760 nömrəli məktubunda göstərilmişdir ki, qeyd olunan ünvanda tikinti obyektinə icazə verilməsi barədə sənədlər Tikintilərin dövlət reyestrinə daxil edilməmişdir. Beləliklə, mhəkəmə kollegiyası, Ali Məhkəmənin iş üzrə qərarının göstərişlərini də nəzərə alıb, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabadehin mübahisəli sərəncamı “İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati akt olduğundan, onun ləğvi tələbi ilə qaldırılan hazırkı iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin akt qəbul edilərkən “İnzibati icraat haqqında” Qanunun 21-ci və AR Şəhərsalma və Tikinti Məcəlləsinin 76-cı maddələrinin tələbləri pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 76-cı maddəsinə görə: 76.1. Müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur; 76.2. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir; 76.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən: 3.0.33. yaxın qonşular – tikinti ərazisi ilə həmsərhəd olan və ya tikinti ərazisindən 20 metrədək məsafədə yerləşən torpaq sahələrinin mülkiyyətçiləri və ya istifadəçiləri; 3.0.34. qonşular – tikinti ərazisinin yaxınlığında mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan və tikinti nəticəsində qanunla qorunan maraqlarına toxunulan şəxslərdir. İşdən müəyyən edilir ki, cavabdeh mübahisəli inzibati aktı qəbul edərkən maraqlı şəxs olan iddiaçılara məlumat verməmiş, inzibati icraatda onların iştirakını təmin etməmişdir. Cavabdehin bu hərəkətləri ilə iddiaçıların Konstitusiyanın 60-cı maddəsində təsbit edilən “Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı” adlı konstitusion hüquqları da pozulmuşdur. Adıçəkilən normaya görə, “İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.” “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Cavabddehin mübahisəli sərəncamı maddi-hüquqi baxımdan da qanunsuz olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir. Belə ki, AR Şəhərsalma və Tikinti Məcəlləsinin: 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə əsasən yoxlanılır; 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.2.1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.2.2. tikinti layihəsi; 75.2.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti. 75.5. Sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərir. Cavabdehin mübahisəli sərəncamının 5-ci bəndindən görünür ki, həmin inzibati akt qəbul edilərkən AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2.1-ci maddəsinin imperativ tələbi pozularaq, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd olmadan tikintiyə icazə verilmişdir, belə bir sənəd iş materiallarında mövcud deyil, iddiaçı da onda bu əhəmiyyətdə sənədin olduğunu irəli sürmür. Cavabdeh mübahisəli sərəncamı verərkən belə səlahiyyətə isə ümumiyyətlə malik olmamışdır. Belə ki, sərəncamın verildiyi tarixdə qüvvədə olan “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il tarixli 29 iyun tarixli 392-İVQ nömərli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il tarixli 04 sentyabr tarixli 695 nömrəli Fərmanında müəyyən edilmişdir ki: 4.7-1. həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsində, 75.2-ci maddəsinin birinci cümləsində, 75.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.4-cü maddəsinin birinci cümləsində (birinci halda) və üçüncü cümləsində, 75.5-ci maddəsində, 75.6-cı maddəsinin birinci cümləsində, 75.9-cu maddəsinin birinci cümləsində, 75.10-cu maddəsinin birinci cümləsində, 76.1-ci, 76.2-ci maddələrində, 82.1-ci (birinci halda) maddəsində, 84.1-ci maddəsinin birinci cümləsində, 84.2-ci maddəsinin birinci cümləsində, 86.1.1-ci maddəsində, 86.3-cü maddəsinin birinci cümləsində, 101.2-ci maddəsində, 102.2-ci maddəsinin birinci cümləsində, 102.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 102.4-cü, 102.5-ci maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində, 103.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.1. həmin Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli tikinti obyektləri, habelə bir neçə şəhər və (və ya) rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Nazirlər Kabineti; 4.7-1.2. digər tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə verilməklə). Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11-ci bəndində yerli icra hakimiyyəti başçılarının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində malik olduğu səlahiyyətlər təsbit edilmişdir: 4.11.11.5. İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; 4.11.12. müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək; Həmin Əsasnamənin 4.18-ci bəndində isə aşağıdakılar təsbit olunmuşdur: Rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilməyən vəzifə və səlahiyyətlər: 4.18.1. Bu Əsasnamənin 3.16.3-cü bəndində nəzərdə tutulmuş vəzifə rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. 4.18.2. Bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.15-ci, 4.11.17- ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü bəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 214 saylı 16 sentyabr 2008-ci il qərarı ilə “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı” təsdiq edilmişdir. Orada hər bir tikintinin ölçüləri və həcmi dəqiq göstərilməklə onun məhz hansı məsuliyyət səviyyəli bina və qurğuya aid ediləcəyi dəqiq göstərilmişdir. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi, sərəncamın verildiyi 08.09.2017-ci il tarixdə cavabdeh yalnız İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək səlahiyyətinə malik olmuşdur. Belə ki, cavabdeh İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi verə bilərdi ki, işdə olan Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 31.07.2017-ci il tarixli 18/03-8/2014 saylı məktubu ilə işçi layihəsi razılaşdırılmış, memarlıq layihəsi isə təsdiq edilməmiş və qeydiyyatdan keçməmişdir. AR Şəhərsalma və Arxitektura Komitəsi də 2014-cü ildən başlayaraq məktublarında bildirmişdir ki, həmin ərazinin yeni planlaşdırma sənədlərinin işlənilməsi barədə Komitədə heç bir məlumat yoxdur və bu ərazidə yeni tikinti obyektinin layihəsinə onlar tərəfdən rəy verilməmişdir, Bakı ŞİH tərəfindən tikilən bina barəsində şəhərsalma əsaslandırılması və ya tikinti layihəsi Komitəyə təqdim edilməmişdir, qeyd olunan ərazidə (sakinlər üçün istirahət meydançası) hər hansı tikinti obyektinin yerləşdirilməsi ərazinin baş planına uyğun olaraq nəzərdə tutulmamışdır. Bu məqamda, xüsusilə vurğulanmalıdır ki, AR Şəhərsalma və Arxitektura Komitəsi sözügedən məktublardan birində mübahisəli tikintiyə icazənin Bakı ŞİH tərəfindən verilməli olduğunu açıq ifadə etmişdir. Ali Məhkəmənin qərarının növbəti göstərişinin icrası məqsədilə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, E.Orucov əvvəlki sərəncam (13.08.2014-cü il tarixli 239 saylı) əsasında başlamış olduğu tikintini davam edib bitirmiş, yeni 08.09.2017-ci il tarixli 243 saylı sərəncam əsasında yeni tikinti başlamamışdır. Əvvəlki sərəncam isə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-10/2016 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 11.10.2016-cı il tarixli qərarı ilə məhz ara məsafəsi gözlənilmədiyi üçün ləğv edilmişdi. Tikili eyni olduğu və bu səbəbdən ara məsafələri də dəyişmədiyi üçün məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin 08.02.2021-ci il tarixli 10/1159 nömrəli ekspert rəyi ilə, həmin rəydə əksini tapan ölçülər əsasında aparılan sadə riyazi hesablamaların nəticəsi olaraq, razılaşmır və mötəbər sübut kimi qəbul etmir. Belə ki, AR Şəhərsalma və Tikinti Məcəlləsinin: 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir; 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır; 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir; 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir; 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. Mübahisəli sərəncamın verildiyi ərazi xüsusi yaşayış əraziləri, tikili məlumatlandırma icraatı tətbiq edilən yaşayış evi və yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazi (AR Şəhərsalma və Arxitektura Komitəsinin 30.10.2015-ci il tarixli 13/04-133 nömrəli məktubunda qeyd edilmişdir ki, qeyd olunan ərazi sakinlər üçün istirahət meydançasıdır) və sənaye ərazisi olmadığı üçün, həmin binaya münasibətdə ara məsafəsinin hesablanmasına 69.5.1-ci maddə tətbiq olunmalıdır. Nə qədər ki, Məcəllənin 69-cu maddəsi imperativ qaydada binaların xarici divarlarının önündə ara məsafəsi sahələrinin nəzərdə tutulmasını, həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilməməsini, ara məsafəsinin hər torpaq sahəsinin öz üzərində olmasını və ara məsafəsi sahələrinin kəsişməsinə yol verilməməsini tələb edir, o halda 33 saylı binaya məxsus ara məsafəsinin də, bu barədə məhkəmə işində rəsmi sənədin olubolmamasından asılı olmayaraq, sonradan inşa edilən tikilinin ara məsafəsinin artıq mövcud olan tikilinin ara məsafəsinə müdaxilə etməməsi (ara məsafələrinin kəsişməməsi) şərti ilə, nəzərə alınması məcburi idi. Bu baxımdan, mübahisəli tikilinin və 33 saylı binanın hər ikisinin hündürlüyü, ekspert rəyində göstərildiyi kimi, minimum 15 metr götürülərsə, onda, həm tikilinin, həm də binanın özünə aid minimum ara məsafəsi ayrılıqda 9 metr (15x0,6=9), bu iki ara məsafəsinin (9+9) kəsişməməsi üçün tələb olunan tikililər arasındakı uzaqlıq isə ən azı 18 metr edər. Mübahisəli tikili ilə 33 saylı binanın arasındakı faktiki məsafənin 13,6 metr olduğu diqqətə alındığında, bu hal, mübahisəli sərəncamın ara məsafəsi tələblərini də pozması kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Eyni Qanunun 67.3-cü maddəsinə görə isə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, cavabdehin mübahisəli sərəncamı iddiaçılara münasibətdə qanunsuz əlverişsiz inzibati akt olduğu üçün ləğv olunmalıdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir (İPM-in 14.1-ci maddəsi), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin mübahisəli sərəncamı qəbul olunan anda qüvvədə olan inzibati icraat haqqında hüquq normalarına və maddi hüquq normalarına zidd olmuş və bu səbəbdən iddiaçıların hüquqlarını pozmuşdur (İPM-in 70.1-ci maddəsi), qərar mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmalı, şikayət təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-410/2018 nömrəli iş üzrə 26 iyul 2018-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21 və İddiaçı22 cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddiası təmin edilsin. Cavabdehin 08 sentyabr 2017-ci il tarixli 243 nömrəli sərəncamı ləğv edilsin. İddiaçıların apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Aida Hüseyn Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar