Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-45/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının və 3-cü şəxs X1 nümayəndəsi və vəkili Vəkil, 3-cü şəxs Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2653/2020 saylı 21 may 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin 12 saylı 06.02.2008-ci il tarixli qərarından görünür ki, İddiaçı Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində (ayrıc aktında göstərilən yerdə) istifadə etdiyi 400 kv.metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün onun adına sənədləşdirilməsi qərara alınmışdır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********62 saylı 11.11.2014-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 15 oktyabr 2012-ci il tarixli, 05 saylı qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsinin 06 fevral 2008-ci il tarixli, 12 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 400 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdabad qəsəbəsində yerləşən Abşeron rayonu, Mehdiabad Bələdiyyəsinin 15 oktyabr 2012-ci il tarixli, 05 saylı qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 0,03 ha torpaq sahəsi ayrılmışdır. Bundan başqa Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsinin 06 fevral 2008-ci il tarixli, 12 saylı qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 400 kv.metr torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq üçün hər iki cavabdehə müraciət etmiş, lakin cavabdehlər müraciətlərinə hər hansı cavab verməmişlər. Cavabdehin etirazları: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmışdır. Məhkəmələrin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 1600/2014 saylı 24 dekabr 2014cü il tarixli qərardadı ilə iddianın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə aid hissədə qeyri-mümkün hesab olunması qərara alınmışdır. Həmçinin məhkəmənin eyni tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin 06 fevral 2008-ci il tarixli, 12 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 400 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestridə qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qaraçuxur Bələdiyyəsi tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə ilə məhkəməyə müraciət edilmiş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1600/2014 saylı 18.05.2017-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24.12.2014-cü il tarixli 2-1(85)- 1600/2014 saylı qərarı ləğv edilərək iş üzrə icraat təzələnmiş və aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-24/2019 saylı 08 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2236/19 saylı 17 oktyabr 2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayətinin qismən təmin edilərək, 2-1(82)-24/2019 saylı 08 may 2019-cu il tarixli qərarın ləğv edilməsi və işin məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2653/2020 saylı 21 may 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən Qaraçuxur Bələdiyyəsinin qərarların qeydiyyatı jurnalında 12 saylı 06.02.2008-ci il tarixli qərarın olmamasına, iddiaçı ilə bələdiyyə arasında alqı-satqı müqaviləsinin olmamasına və bu səbəblərdə də qərarın əsasının olmamasına istinad etmişdir. Bələdiyyə qərarı qüvvədə olduğu halda və həmin qərar mübahisələndirmədiyi halda həmin qərarın əsassız hesab edilməsi tamamilə əsassızdr. Alqı-satqı müqaviləsinin olmaması barədə məhkəmnin gəldiyi nəticə əsassızdır. Alqı-satqı müqaviləsi cavabdehdədir. Cavabdeh mübahisəli sahəyə mülkiyyət hüququna dair çıxarış verməklə alqı-satqı müqaviləsinin onlarda olmasını təsdiq etmişdir. Qaraçuxur Bələdiyyəsinin 12 saylı qərarının qərarların qeydiyyatı jurnalında qeyd olunmamasının iddiaçıya aidiyyəti yoxdur və iddiaçı qeydiyyat jurnalında aparılan qeydlərə görə cavabdehlik daşımır. Qeydiyyat jurnalı qaytanlanaraq bələdiyyə sədri tərəfindən təsdiq edilməmişdir. Bu səbəbdən də məhkəmənin bəhs etdiyi qeydiyyat jurnalı mötəbər sübut kimi sayıla bilməz. Qeydiyyat jurnalının 2008-ci ildə tərtib edilməsinə dair sübut yoxdur. Qaytanlanmayan və bələdiyyə sədri tərəfindən təsdiq edilməyən qeydiyyat jurnalına istənilən məlumatı daxil etmək mümkündür. Məhkəmə qərar qəbul edərkən iddiaçının adına olan 12 saylı 06.02.2008-ci il tarixli qərarın 10 il ərzində mübahisələndirilməməsini, torpaq sahəsinə başqa şəxsin iddia etməməsini, Qaraçuxur Bələdiyyəsinin hüquqlarını pozmasını nəzərə almamışdır. Tərəflərin izahatları: İddiaçının və 3-cü şəxs X1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 3-cü şəxs Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, bələdiyyə tərəfindən verilmiş qərarın ümumiyyətlə mövcud olmadığını, belə ki, 2008-ci ildə Qaraçuxur bələdiyyəsinin verdiyi 1 nömrəli sərəncamın 07 mart 2008-ci ildə verildiyini, həmin ilin 12 nömərli sərəncamının isə 11 aprel 2008-ci il tarixdə “ünvan 5 ünvanında yaşayan vətəndaş X2 istifadə etdiyi rəsmi torpaq sahəsinə əlavə torpaq sahəsinin ayrılması haqqında” olduğunu, iddiaçı ilə bələdiyyə arasında hər hansı alqı-satqı müqaviləsinin olmadığını, torpağın dəyərinin ödənilməsini təsdiq edən hər hansı sübutun olmadığını, hazırda həmin ərazinin yaşıllıqdan ibarət olduğunu, orada dekorativ ağacların əkildiyini bildirmiş, bununla bağlı şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 19.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsini nəzərə alaraq hazırki işə cavabdehin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. 14.04.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki iş üzrə tələbinin təmin olunmasından cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanı qanunla müəyyən edilmiş müddət daxilində mübahisələndirdiyi üçün onun tərəfindən iddia müddəti ötürülməmiş sayılır. Bu baxımdan məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “fərdi yaşayış evinin tikintisi üçün Qaraçuxur bələdiyyəsinin 12 saylı 06.02.2008-ci il tarixli qərarı ilə onun adına verilmiş Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən 400 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, onun tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə əsaslanaraq tələbinin təmin olunmasından imtina olunmuşdur. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının mübahisəli torpaq üzərində mülkiyyət hüququnun yaranmamasına, həmin torpaq sahəsinin ona ayrılması barədə Qaraçuxur bələdiyyəsinin 12 saylı 06.02.2008-ci il tarixli qərarının 2008-ci il üzrə Qaraçuxur bələdiyyəsi tərəfindən verilən qərarların qeydiyyat kitabında və həmin qərarların əlavələri ilə birlikdə olan qovluqda aşkar edilməməsinə, mübahisəli torpaq sahəsinə dair iddiaçı ilə bələdiyyə arasında qanunvericiliyin tələblərinə uyğun alqı-satqı müqaviləsinin (aktının) bağlanmamasına istinad edilən halların subut edilməməsinə əsaslanaraq iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdi ki, Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 30.03.2021-ci il tarixli 03 saylı Qərarı ilə İddiaçı adına olan 06.02.2008-ci il tarixli 12 saylı qərarın etibarsız hesab edilərək ləğv olunması qərara alınmışdır. Sonradan həmin qərar İddiaçı tərəfindən mübahisələndirildiyi üçün hazırki iş üzrə icraat sözügedən iddiaya məhkəmə qaydasında baxılıb yekun məhkəmə aktının qəbul edilməsinədək dayandırılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəmənin elektron kabinetinə daxil olmuş vəsatətdə iş üzrə icraatın təzələnməsi xahiş edilmişdir. Belə ki, vəsatətə əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6123/2021 saylı 29 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, məhkəmənin 30 avqust 2021-ci il tarixli qərarına əsasən Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 03 saylı 30.03.2021-ci il tarixli iclas protokolundan çıxarış (qərar) ləğv edilmiş və qərar qanuni qüvvəyə mindikdən sonra 25.10.2021-ci il tarixdə icra olunması üçün Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinə göndərilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Hazırki işdə iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsi ilə bağlı bələdiyyə orqanının belə qərar vermədiyi, belə ki, həmin nömrə altında bələdiyyənin başqa tarixli qərarının olduğu, qərar üzrə tərəflər arasında alqı-satqı aktının bağlanmadığı, müvafiq icra hakimiyyəti orqanından rəylərin alınmadığı və torpaq sahəsinin ayrıc aktının da olmadığı müəyyən olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuniistifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənsənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Hazırki işdən görünür ki, iddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqan ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyinə istinad etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Qaraçuxur bələdiyyəsinin 12 saylı 06.02.2008-ci il tarixli qərarı 2008-ci il üzrə Qaraçuxur bələdiyyəsi tərəfindən verilən qərarların qeydiyyat kitabında və həmin qərarların əlavələri ilə birlikdə olan qovluqda aşkar edilməmiş, həmin sayda bələdiyyənin başqa tarixli qərarı başqa şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı mövcuddur, mübahisəli torpaq sahəsinə dair iddiaçı ilə bələdiyyə arasında qanunvericiliyin tələblərinə uyğun alqı-satqı müqaviləsi bağlanmamış, torpağın dəyərinin ödənilməsini təsdiq edən hər hansı sənəd mövcud deyil, torpaq sahəsinin ayrıc aktı mövcud olmamaqla yanaşı, müvafiq icra hakimiyyəti orqanının rəyi də alınmamışdır. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, “......torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).” Beləliklə, məhkəmə kollegiyası “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında göstərilən hüquqi mövqe baxımından iddiaçıya ayrılmış torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınmamasına baxmayaraq, Qaraçuxur bələdiyyəsinin 12 saylı 06.02.2008-ci il tarixli qərarının 2008-ci il üzrə Qaraçuxur bələdiyyəsi tərəfindən verilən qərarların qeydiyyat kitabında və həmin qərarların əlavələri ilə birlikdə olan qovluqda aşkar edilmədiyini, 2008-ci ildə Qaraçuxur bələdiyyəsinin verdiyi 1 nömrəli sərəncamın 07 mart 2008-ci ildə verildiyini, həmin ilin 12 nömərli sərəncamının isə 11 aprel 2008-ci il tarixdə “ünvan 5 ünvanında yaşayan vətəndaş X2 istifadə etdiyi rəsmi torpaq sahəsinə əlavə torpaq sahəsinin ayrılması haqqında” olduğunu, iddiaçı ilə bələdiyyə arasında hər hansı alqı-satqı müqaviləsinin olmadığını, torpağın dəyərinin ödənilməsini təsdiq edən hər hansı sübutun olmadığını, torpağın ayrıc aktının olmadığını nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının tələb etdiyi hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını istisna edir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası qanuna zidd olmamaqla yanaşı, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən iddiaçının tələbi əsassız və qanunsuz olduğundan düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2653/2020 saylı 21 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-45/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-45/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver