Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-45/2024 05.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7314/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu dövrdə xəstələnməsi ilə əlaqədar əlillik qrupunun təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-7314/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci ildə Ağdam rayonunda anadan olmuşdur, Ağdam rayonundan məcburi köçkündürlər, anası X9, qardaşı X13 ilə birlikdə yaşayır. İddiaçı xx.xx.2017-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır və hərbi xidmətinin üç ayını Gəncə şəhərindəki N saylı hərbi hissədə, sonra isə bir il ərzində Şəmkir şəhərində yerləşən N saylı hərbi hissədə əsgəri xidmətdə olmuşdur. xx.xx.2018-ci ildə səhhətində ciddi problemlər, baş gicəllənmə və s. olduğuna görə iddiaçını hərbi hospitala göndərmişlər. Əvvəlcə iddiaçı Gəncə şəhərindəki hərbi hospitalda bir gün, sonra isə iki dəfə Bakı şəhərindəki hərbi hospitalda müayinə və müalicə kursu keçmişdir və ona ’’talassemiya” diaqnozu qoyulmuşdur. Bundan sonra isə xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ona irsi hemoqlobinopatiya X5 minor xəstəliyi diaqnozu qoyulmaqla bu xəstəliyə hərbi xidmət dövründə düçar olduğu qeyd edilmişdir. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlığı qeyd olunmuşdur. xx.xx.2018-ci il tarixdə isə hərbi xidmətdən tərxis olunmuşdur. İddiaçı hərbi xidmətə Ağdam rayonunun Quzanlı qəsəbəsindəki SHXÇ üzrə DX-nin Ağdam rayon şöbəsində həkim komissiyasında həkim müayinəsindən keçərkən ondan heç bir qan analizi belə götürülməmişdir və onda hər hansı bir xəstəlik aşkar etməmişlər. İddiaçı belə bir xəstəlik daşıyıcısı olduğunu bilməmiş və bu xəstəlik onda hərbi xidmət dövründə yaranmışdır. Hazırda 2019-cu ilin yanvar ayından başlayaraq Respublika Talassemiya Mərkəzində və Qan Universitetində müalicə kursları keçir, lakin səhhətində ciddi irəliləyiş yaranmır. İddiaçı heç bir yerdə işləyə bilmir, tez-tez ürək bulanma, baş gicəllənməsi, yaddaş itkinliyi olur. Ona görə də sağlamlıq imkanları məhduddur və bunun üçün də ona əlillik qrupu təyin edilməlidir. Onun hərbi xidmət dövründə düçar olduğu bu xəstəliyinə görə cavabdeh orqanda həkim müayinəsindən keçirilməklə ona müvafiq əlillik qrupu təyin olunmalıdır ki, bundan sonra da ona ödəniləcək sığorta ödənişini - kompensasiyasını tələb edə bilsin. Odur ki, ona həqiqi hərbi xidmət dövründə düçar olduğu xəstəliklə əlaqədar olaraq sağlamlıq imkanlarının həddən artıq məhdudlaşdığına görə ona müvafiq əlillik qrupunun (dərəcəsinin) təyin edilməsi vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması ilə bağlı müvafiq məhkəmə qərarının qəbul edilməsini ədalətli, əsaslı və qanuni hesab edir. Bakı İnzibati Məhkəməsinin sözügedən qərarının qanunsuz və əsassız olması nəzərə alınıb, həmin qərarın tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən həkim-mütəxəssis X10 izahatında bildirdi ki, iddiaçı xx.xx.2024-cü ildə genetik müayinədən keçib, ona talassemiya daşıyıcısı diaqnozu qoyulmuşdur. İddiaçıya qan köçürülməsi olmayıb. Daşıyıcılıq xəstəlik deyil, xəstəliyə çevrilmir. Sadəcə olaraq iddiaçı müəyyən müddətdən bir müayinədə olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan əlillik altsistemindən çıxarışlardan görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış (Diaqnozun mətni: D56.3 Talassemiya əlamətlərinin daşıyıcılığı, X7 Bilirubinimiya) və göndərişin natamam doldurulması səbəbi ilə imtina verilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış (Diaqnozun mətni: Talassemiya əlamətlərinin daşıyıcılığı, X7 tez-tez baş verən hemolizlə) və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina verilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış (Diaqnozun mətni: Talassemiya əlamətlərinin daşıyıcılığı, X7 tez-tez baş verən hemolizlə) və göndərişin natamam doldurulması səbəbi ilə imtina verilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İİİ Sinif - Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun nexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D55-D59 – emolitik anemiyalar => D56 - Talassemiya => D56.3 - Tala...; Diaqnozun mətni: Talassemiya əlamətlərinin daşıyıcılığı, X7 tez-tez baş verən həmolizlə...; Meyar: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Aparılan diaqnostik müayinələrin nəticələri əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2022-ci il tarixli T305/2022 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişində qeyd edilən “talassemiya-heteroziqot forma, vaxtaşırı təkrar olunan hemolitik sindrom” diaqnozunda şəxs talassemiya geninin daşıyıcısı sayılır və onlar praktik sağlam hesab edilirlər. Buna görə də diaqnoz əlillik əlaməti təyin etmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 30 oktyabr 2023-cü il tarixli T759/2023 saylı ekspert rəyindən görünür ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: Talassemiya əlamətlərinin daşıyıcılığı, X5 tez-tez baş verən hemolizlə. Ağırlaşma: R16.0-başqa rubrikalarda təsnif olunmayan hepatomeqaliya, 199qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, QDÇ-2-ci dərəcə, E80- Porfirin və bilirubin mübadiləsinin pozğunluqları, bilirubinemiya, R16.1-başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya. c)Yanaşı xəstəliklər: G90.0- İdiopatik periferik vegetativ nevropatiya, vegeto-damar distoniyası, K81.1-Xroniki xolesistit, kalkulyoz xolesistit” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Qərardadda göstərilən 2,3-cü suallar məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Vətəndaş İddiaçı ekspertizaya təqdim edilmiş iş materiallarının təhlilinə əsasən tibbi sənədlərdə qeyd edilən “Talassemiya əlamətlərinin daşıyıcılığı, X5 tez-tez baş verən hemolizlə” diaqnozu genetik defekt nəticəsində hemoqlobinin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi anadangəlmə qan xəstəliyi olduğundan onun hərbi xidmət dövründə müəyyən edilmiş xəstəliklə hər hansı bir əlaqəsi müəyyən edilmədi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında baxılmış (Diaqnoz - Talassemiya əlamətlərinin daşıyıcılığı, X5 tez-tez baş verən həmolizlə) və aparılan diaqnostik müayinələrin nəticələri əlillik əlaməti təyin etmir səbəbi ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə məhkəmə tibbi ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2022-ci il tarixli T305/2022 saylı ekspert rəyinə əsasən iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişində qeyd edilən “talassemiya-heteroziqot forma, vaxtaşırı təkrar olunan hemolitik sindrom” diaqnozunda şəxs talassemiya geninin daşıyıcısı sayılır və onlar praktik sağlam hesab edilirlər. Buna görə də diaqnoz əlillik əlaməti təyin etmir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi tərəfindən hazırki iş üzrə məhkəmə tibbi ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 30 oktyabr 2023-cü il tarixli T759/2023 saylı ekspert rəyində iddiaçının göndərişdə qeyd edilən diaqnozunun şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilməsi göstərilsə də, əlillik dərəcəsinin təyin edilməsinin Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilməsi qeyd olunmuşdur. Həmçinin həmin ekspert rəyinə əsasən “Talassemiya əlamətlərinin daşıyıcılığı, X5 tez-tez baş verən hemolizlə” diaqnozu genetik defekt nəticəsində hemoqlobinin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi anadangəlmə qan xəstəliyi olduğundan onun hərbi xidmət dövründə müəyyən edilmiş xəstəliklə hər hansı bir əlaqəsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçıda aşkar edilmiş xəstəliklərin əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də iddiaçının hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyinatına imkan vermədiyindən əlillik təyinatının aparılmasından imtina qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7314/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-45/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-45/2024
05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver