Məhkəmə qərarları › İş №2-1(103)-450/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-450/2021

05.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-450/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3754/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddiaçını hərbi xidmət əlili kimi 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci il iyul ayından 2009-cu il iyul ayınadək hərbi xidmətdə olmuşdur. 2000-ci il dekabr ayından 2018-ci il iyun ayınadək AR FHN-nin X5 Xidmətində mütəxəssis- xilasedicisi gizir kimi xidmət etmişdir. 2017-ci il oktyabr ayının axırında hərbi xidmət vəzifələrini yerinə yetirərkən sol diz oynağından ağır xəsarət almışdır. Hərbi xidmət vəzifələrini yerinə yetirən əlili kimi Bakı şəhəri, R.Rüstəmov küçəsi 54 N-li evin 67-ci mənzilində 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) 2 otaqlı evdə kirayədə qalır. Qüvvədə olan mənzil qanunvericiliyinə və qaydalara görə mənzil növbəsində dayanmağı üçün hüquqi əsası vardır. İddiaçı müharibə veteranı olmaqla mənzil növbəsinə götürülməsi üçün Cavabdehnə müraciət etdi. Ona xx.xx.2019-cu il tarixli A-146-068 saylı və xx.xx.2020-ci il tarixli A-8-068 saylı məktublarla imtina olunmuşdur. Cavabdehin bu imtinası əsassızdır, onun mənzil hüquqlarını kobud surətdə pozur və mənzil qanunvericiliyinə ziddir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3754/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı “hərbi xidmət əlili kimi 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) mənzil növbəsinə götürülməsi” ilə bağlı müraciətinə yenidən baxılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(112)-3754/2020 saylı qərarının nəticə hissəsinin dəyişdirilərək, iddianın təmin edilməsi İddiaçı Yavər oğlunun hərbi xidmət əlili kimi 2 nəfər ailə tərkibi ilə (iddiaçının özü və arvadı) mənzil növbəsinə götürülməsi vəzifəsinin Bakı Şəhər Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2008-ci il iyul ayından 2009-cu il iyul ayınadək hərbi xidmətdə olub. 2000-ci il dekabr ayından 2018-ci il iyun ayınadək AR FHNnin X5 Xidmətində mütəxəssis-xilasedici gizir kimi xidmət edib. 2017-ci il oktyabr ayının axırında hərbi xidmət vəzifələrimi yerinə yetirərkən sol diz oynağından ağır xəsarət alıb, müharibə veteranıdır. O hərbi xidmət vəzifələrini yerinə yetirən əlil kimi Bakı şəhəri R.Rüstəmov küçəsi 54 №-li evin 67-ci mənzilində 2 nəfər ailə tərkibi ilə (özü və həyat yoldaşı) kirayədə qalır. Qüvvədə olan mənzil qanunvericiliyinə və qaydalara görə mənzil növbəsində dayanmağı üçün hüquqi əsası vardır. Bu imtinadan o, xx xxxxxx 2020-ci ildə Bakı İnzibati Məhkəməsinə hərbi xidmət əlili kimi 2 nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürülmək vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. Ona xx.xx.2019-cu il tarixli A-146-068 saylı və xx.xx.2020-ci il tarixli A-8- 068 saylı məktublarla imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, onun müraciətinə yenidən baxılması öhdəliyi Cavabdeh üzərinə qoyulub. Qeyd edilməlidir ki, məhkəmə iddianı təmin etsə də, iddia tələbindən kənara çıxıb. Məhkəmə Cavabdeh hərəkətinin qanunsuz olduğunu müəyyən etməsinə və İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə istinad etməsinə baxmayaraq inzibati orqanın üzərinə qərar qəbul etmək vəzifəsini qoymaq əvəzinə müraciətə yenidən baxmaq vəzifəsi qoymuşdur ki, belə bir tələb iddia ilə də irəli sürülməmişdir. Qeyd edilməlidir ki, bununla məhkəmə həm də problemi həll etməmiş, əksinə daha da uzatmışdır. Göründüyü kimi məhkəmə inzibati orqanın üzərinə yenidən baxmaq vəzifəsi deyil, inzibati aktın qəbul edilməsini, yəni onun və iki nəfər ailə üzvünün (hərbi xidmət əlili kimi 2 nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürülməsi vəzifəsinin Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətə həvalə edilməsi barədə qərar qəbul etməli idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İşdən görünür ki, iddiaçı onun mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdeh Nizami RİH-ə müraciət etmiş, lakin ona imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı tələb olunan sənədləri tam şəkildə təqdim etməmişdir. Cavabehin imtinası ilə bağlı kollegiya qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq iddiaçının hüququdur. Lakin, bununla bağlı qərarın verilməsi qanunvericilikdə nəzərdə tutulan şərtlərin mövcudluğuna bağlıdır. Bu şərtlərin mövcudluğunu müəyyən etmək isə qanunvericiliyə əsasən cavabdeh inzibati orqanın vəzifəsi olaraq müəyyən edilmişdir. Lakin, cavabdeh inzibati orqan qanunvericiliklə onlara verilən hüquq və vəzifələri tam icra etmədən əsaslandırılmamış imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan ona edilmiş müraciətlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasının və digər normativ hüquqi aktların, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun tələblərini gözləmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsinə əsasən, “Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz”. Həmin maddənin X hissəsinə əsasən “Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər”. Birbaşa qüvvədə olan həmin normalara əsasən, Konstitusiyanın 71-ci maddəsinin İX hissəsinin nəzərdə tutduğu şəxslərdən fərqli olaraq dövlət orqanları, həmin orqanların vəzifəli şəxslərinin timsalında, yalnız o fəaliyyəti həyata keçirə və yalnız o hərəkətləri icra edə bilərlər ki (həm də müəyyən edilmiş qaydada və hüdudlarda), bunlar qanunda bilavasitə nəzərdə tutulmuş olsun. Cavabdeh inzibati orqanın fəaliyyətinə birbaşa aidiyyəti olan Azərbaycan Respublikası Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınma ilə bağlı müraciətlərə baxılarkən inzibati orqan tərəfindən edilməli olan hərəkətlər (hazırkı mübahisə ilə əlaqəli olan) – yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması (51-ci maddə), yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina (53-cü maddə) göstərilib. Məhkəmə kollegiyası inzibati orqan olan cavabdehin yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınma prosesində etməli olduğu və ya edilməsi zəruri olan bütün hərəkətlərin Mənzil Məcəlləsində tam tənzimlənmədiyini nəzərə alır. Lakin cavabdeh nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1-ci maddəsinə əsasən, mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi cavabdeh inzibati orqan ona edilmiş müraciətlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasının və digər normativ hüquqi aktların, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun tələblərini gözləmək vəzifəsi daşıyır. “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinin müddəalarına əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (1.1). Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (1.2). Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. Beləliklə, inzibati orqan inzibati icraat zamanı həm onların fəaliyyətini tənzimləyən xüsusi qaydaları, həm də “İnzibati icraat haqqında” Qanunun müddəalarını rəhbər tutmalıdır. “İnzibati icraat haqqında” Qanunun 28.1, 28.1.1-ci maddələrinə əsasən, fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 30-cu maddəsinin müddəalarına əsasən, ərizə yazılı formada tərtib olunmalı (30.1), ərizədə ona əlavə edilmiş sənədlərin siyahısı göstərilməlidir (30.2.7). Təqdim olunması qanunla nəzərdə tutulmuş bütün sənədlər ərizəyə qoşma kimi əlavə olunur (30.3). Ərizə bu maddədə nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, inzibati orqan ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir (30.4). Həmin Qanunun 32-ci maddəsinin müddəalarına əsasən, inzibati orqan üç gün müddətində ərizənin bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır (32.1). Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər (32.2). İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz (32.3). Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün inzibati orqan tərəfindən təyin edilən müddət 15 gündən çox olmamalıdır (32.4). Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, bu Qanunun 32.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə əlavə sənədlər və ya məlumatlar inzibati orqana təqdim olunmadıqda, ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır (32.5). Əlavə sənədlərin və ya məlumatların inzibati orqana təqdim olunduğu andan müddətin axımı bərpa olunur (32.6). Həmin Qanunun 34-cü maddəsinin müddəalarına əsasən, bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda ərizə səlahiyyətli inzibati orqan tərəfindən baxılmamış saxlanıla bilər (34.1, 34.1.3). Ərizənin baxılmamış saxlanılması barədə inzibati orqan tərəfindən inzibati akt formasında qərar qəbul edilir (34.2). Beləliklə, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları ilə yanaşı, “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən normalarını rəhbər tutmaqla iddiaçının müraciətini həmin normalarda nəzərdə tutulmuş qaydada həll etməli, məhz qanunda birbaşa nəzərdə tutulmuş hərəkətləri etməlidir. Lakin işdən görünür ki, cavabdeh bu qaydada davranmamış, istinad olunan qanunların tələblərinə tam olaraq əməl etməmişdir. Belə ki, cavabdeh imtinasında iddiaçıya sənədləri tam şəkildə təqdim etməyi bildirmiş, lakin yuxarıda istinad olunan normaların tələbinə əsasən onların əldə edilməsinə yönəlmiş heç bir hərəkət etməmiş, həmin sənədlərin təqdim olunması ilə bağlı müddət (15 gün) təyin etməmiş, sənədlər təqdim olunmadığı halda ərizənin baxılmamış saxlanılması barədə inzibati akt formasında qərar qəbul etməmiş, iddiaçının müraciətinə məlumat xarakterli formal cavab verməklə öz vəzifəsini bitmiş hesab etmişdir. İşdən görünür ki, xx xxxx 1986-ci il tarixdə anadan olmuş İddiaçı xx xxxxxxx 2018-ci ildə X3 ilə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü Zeynəb adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti tərəfindən verilmiş xx/xx-0217 saylı, xx.xx.2019-cu il tarixli arayış və hərbi biletin surətindən aydın olur ki, İddiaçı xx xxxxxx 2010-cu il tarixdən xx xxxx 2018-ci il tarixədək X5 Xidmətində mütəxəssis-xilasedici vəzifəsində işləmiş, işlədiyi dövrdə mənzil və torpaq sahəsi ilə təmin edilməmişdir. X5 Xidmətinin X5 və mühafizə alayının komandirinin (9971 saylı hərbi hissə) xx xxxx 2018-ci il tarixli əmrindən çıxarışdan görünür ki, X5 Xidmətinin X5 və mühafizə alayının (9971 saylı hərbi hissə) X5 taborunun Mexanikləşdirilmiş qəza xilasetmə bölüyünün Qəza xilasetmə taqımının mütəxəssis-xilasedicisi gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “v” bəndinə müvafiq olaraq (xəstəliyə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 120-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həli etmək üçün xx xxxx 2018-ci il tarixindən 55 gün müddətinə növbəti məzuniyyət verilmiş, xx xxxxxx 2018-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı çəhər Nizami rayon idarəsinə göndərilmişdir. İddiaçı məxsus hərbi biletin surətindən görünür ki, o, 2008-ci il iyul ayından 2009-cu il iyul ayınadək hərbi xidmətdə olmuşdur. 2000-ci il dekabr ayından 2018-ci il iyun ayınadək AR FHN-nin X5 Xidmətində mütəxəssis- xilasedicisi gizir kimi xidmət etmişdir. xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 0763/ş saylı, xx.xx.2018-ci il tarixli əmrinə əsasən ehtiyata buraxılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə üçüncü dərəcəli əlillik təyin edilmiş, əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədar əlillik kimi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********90 və **********89 saylı daşınmaz əmlakın dövlət reyestrindən arayışlardan görünür ki, İddiaçı və X1 Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. İşdə olan kirayəyə verən X2 ilə kirayəçi İddiaçı arasında bağlanmış xx xxxxxx 2019cu il tarixli kirayə (mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi) müqaviləsindən görünür ki, kirayəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44.13 kv.metr olan mənzilin 1 otaqdan ibarət 16.7 kv.metr-lik hissəsini xx.xx.2029-cu il tarixədək kirayəçiyə kirayəyə vermişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2019-cu il tarixli arayışına əsasən iddiaçı ünvan 2 mənzil 45 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsinin araşdırması dövründə İddiaçı adına daşınmaz əmlakın qeydə alınıb-alınmaması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən sorğu ünvanlanmış, sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********77 saylı məktubla göstərilmişdir ki, İddiaçı adına Bakı şəhərində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək hərbi xidmətdə olmuşdur. X5 Xidmətinin X5 və mühafizə alayının komandirinin (9971 saylı hərbi hissə) xx xxxx 2018-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və ona üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının tələb olunan sənədləri tam şəkildə təqdim etməməsini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası əsassızdır. «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafəsi haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman 1 qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. İddiaçı İİİ qrup əlildir, 2011-ci ildən Bakı şəhərində qeydiyyatda olmaqla yaşayır. İddiaçının adına dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44.13 kv.metr olan mənzilin 1 otaqdan ibarət 16.7 kv.metr-lik hissəsində kirayəçi olaraq yaşayır. Göründüyü kimi, cavabdeh iddiaçının mənzillə növbəsinə götürülməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3754/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Nəricə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3754/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar