Məhkəmə qərarları › İş №2-1(103)-450/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-450/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-450/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5574/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5574/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 14 aprel 2021-ci il tarixdə təyin edilmiş əmək pensiyasının onun 2003 – 2008-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində və Baş prokuror yanında Korrupsiyaya qarşı baş İdarəində xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifələrində işlədiyi dövr əsasında və aldığı əmək haqqı, məzuniyyətlərə görə pul təminatı, mükafat məbləğləri nəzərə alınmaqla yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq aşağıdakı nəticəyə gəlir. AR İPM-in 12.1-ci maddəsinə əsasən , məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsaəsn, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qeyrimümkün sayılması nəticəsinə gəlinərkən işin hallarına hərtərəfli yanaşılmamış, bununla da obyektiv araşdırma prinsipinin tələbləri pozulmuşdur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçının hüquqi marağı və nail olmaq istədiyi məqsəd baxımından düzgün iddia növünün müəyyən olunmasında İPM-in 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsini yerinə yetirməli, eləcə də işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Nəzərə alınmalıdır ki, iddiaçının hüquqi marağının və məqsədinin müəyyən olunması baxımından məhkəmə üçün iddiaçının irəli sürdüyü tələbin ifadə tərzi deyil, hansı nəticəyə nail olmaq istədiyi əhəmiyyət kəsb edir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Belə ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi ona xx.xx.2021-ci il tarixdə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasından ibarətdir. Kollegiya qeyd edir ki, iddiaçının hazırkı tələbinin məzmunu, onun hüquqi marağı və irəli sürdüyü tələb vasitəsi ilə nail olmaq istədiyi məqsəd müəyyənləşdirilməlidir. Bu baxımdan, iddiaçının tələbi üzrə məhkəmənin diqqət yetirməli olduğu məsələ iddiaçının hansı səbəbdən və hansı ödənişlərə münasibətdə əmək pensiyasının yenidən hesablanmasını tələb etməsi idi. Hazırki iş üzrə iddia ərizəsinin tələb hissəsində 14 aprel 2021-ci il tarixdən təyin olunmuş əmək pensiyasının 2003-cü ilin avqust ayından 2008-ci ilin iyul ayınadək olan dövrdə əmək haqqı, məzuniyyət və mükafatlar «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun və «Dövlət qulluqçularının pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Lakin iş materiallarından və tərəflərin izahatlarından aydın olmuşdur ki, iddiaçının hazırki iddiası ilə əhatə olunmuş tələbi mübahisə predmeti deyildir. İddiaçının iddia ərizəsinin məzmunu və izahatları ilə isə müəyyən olunur ki, İddiaçı əsas tələbi ona təyin edilmiş əmək pensiyasının vəzifə maaşına əlavələr hesablanmaqla yenidən hesablanması olmuş, bununla bağlı müvafiq sənədlər də məhkəməyə təqdim edilmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən iddiaçının faktiki iradə ifadəsinə uyğun hansı əsaslarla ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb etməsi araşdırılaraq dəqiq müəyyən edilməli, həmin əsasların əhatə edildiyi düzgün iddia tələbinin verilməsinə dair hüquqi yardım göstərək, yeni tələb əsasında yekun məhkəmə qərarı qəbul edilməli idi. Birinci instansiya məhkəməsi isə yekun qərarında “İddiaçı 14 aprel 2021-ci il tarixdə təyin edilmiş əmək pensiyasının onun 2003 – 2008-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində və Baş prokuror yanında Korrupsiyaya qarşı baş İdarəsində xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifələrində işlədiyi dövr əsasında və aldığı əmək haqqı, məzuniyyətlərə görə pul təminatı, mükafat məbləğləri nəzərə alınmaqla yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun.” kimi qeyri-müəyyən nəticə qeyd edərək, əslində mübahisə predmeti olmayan məsələ barədə nəticə vermişdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə düzgün iddia tələbinin seçilməsi və yalnız bundan sonra həmin iddia tələbinə münasibətdə qərar qəbul edilməlidir. Odur ki, hazırki iş lazımi növbəti prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Beləliklə, yuxarıda sadalananları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyaisya şikayəti birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan, xx.xx.2022-ci il tarixli qərar ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 5574/2022 saylı qərarı ləğv edilməli və inzibati iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5574/2022 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar