Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-450/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7066/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 və Texnologiyalar Universiteti tərəfindən verilmiş V19 № 188411 saylı xx.xx.2019-cu il tarixli diplomun tanınması və kvalifıkasiya haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: «…2015-2019-cu illərdə Ukrayna Respublikasının Dövlət İnfrastruktur və Texnologiyalar Universitetinin Getman Petr Konaşeviç-Saqaydaçm adına X7 İnstitutunu bitirmişdir. Dəniz və çay nəqliyyatı hazırlıq istiqaməti, dəniz və daxili su yollarında gəmi sürücülüyü ixtisaslaşması üzrə bakalavr ali təhsil dərəcəsini əldə etmişdir. Ona təhsili bitirməyi haqqında B19 № 188411 saylı xx.xx.2019-cu il tarixli diplom verilmişdir. Eyni zamanda da ona A3-15/15 saylı diploma əlavə də verilmişdir. Diplom və diplomun əlavəsi xx.xx.2019-cu il tarixdə Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən apostil ilə təsdiq edilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edərək diplomunun tanınmasını və kvalifikasiya haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin NA00022673 saylı 29 yanvar 2024-cü il tarixli qərarı ilə xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi sərhəd xidmətinin məlumatı göstərilmişdir. Ümumvətəndaş pasportunda Dövət Sərhəd Xidmətinin girişçıxışla bağlı bütün möhürləri var. Universitetin bütün imtahanlarında iştirak etmiş, təhsilin normativ müddətinin hamısında orda olmuşdur. Dənizçi olduğu üçün ilin yarısından çoxunu dənizdə olur. İşi ilə əlaqədar olaraq iş yerindən Universitetə rəsmi arayışlar tədqim edərək individual təhsil almışdır. Bu da o deməkdir ki, qətiyyən təhsildən kənarda qalmamış və normativ müddətləri buraxmamışdır. Onunla eyni vaxtda (2015-2019) bir yerdə oxumuş tələbələrin diplomları Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təsdiq edilmiş və bu barədə şəhadətnamələr verilmişdir. Necə olur ki, onunla eyni Universitetdə oxumuş, onunla eyni vaxtda ölkədən çıxmış və eyni vaxtda ölkəyə qayıtmış tələbələrin diplomları təsdiq olunur, lakin onun diplomu yoxdur? Təhsildə Keyfiyyət Təminatı Agentliyinin imtinası tam qanunsuz və əsassızdır…» Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: «…Sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü qiyabi təhsilalma forması üzrə dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. İddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə elektron ərizə sistemi vasitəsilə xx.xx.2023-cü il tarixində Agentliyinə müraciət etmişdir. Cavabdeh ərizəçinin tanınma haqqında müraciətinə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu müddətin qüvvədə olan tanınmaya dair tələblərlə uyğunsuzluğunu müəyyən etmiş və xx.xx.2024-cü il tarixində iddiaçıya tanınma haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İddiaçının müraciəti əsasında aparılmış inzibati icraat zamanı onun xarici ali təhsil aldığı ölkədə olmasını yoxlamaq məqsədilə sərhədkeçmə məlumatları tədqiq edilmiş, onun təhsil aldığı illər üzrə xarici ali təhsil aldığı ölkədə olma müddətləri bu şəkildə müəyyənləşdirilmişdir: 15-16 - 11 gün, 16-17 - 15 gün, 17-18 - 17 gün, 18-19 - 1 ay 3 gün. Aparılan icraat zamanı məlum olmuşdur ki, iddiaçı qiyabi təhsilalma forması üzrə mövcud olan normativ tədris müddətlərinə qarşılıq sadəcə bir tədris ili üzrə xarici ali təhsil aldığı ölkədə olmuşdur. Bununla bərabər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 124.3-cü yarımbəndində Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü müddətində təhsil məzuniyyəti verildiyi öz əksini tapmışdır ki, bu da qiyabi təhsilalma formasında tədrisin təşkili müddətlərinə nisbətdə qanunvericilik aktları arasında ahəngi göstərməsi baxımından önəmli nüansdır. Əlavə olaraq, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2546/2023 saylı qərarının 24-cü bəndinə əsasən iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünü yerinə yetirmədiyinə dair nəticə əsaslı hesab edilə bilər. Həmin bəndin davamında isə qeyd olunur ki, hər bir halda, həmin məsələyə dair sübutetmə yükü iddiaçının üzərində olmasına baxmayaraq bu halı təsdiq edən mötəbər sübutlar təqdim olunmamışdır. İddiaçı təhsil aldığı xarici ölkədə olmamaqla bərabər dərslərdə iştirak etmədən tədris yükünü necə yerinə yetirdiyinə dair cavabdeh orqana və ya məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7066/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Təhsildə Keyfiyyət Təminatı Agentliyinin NA00022673 saylı 29 yanvar2024-cü il tarixli qərarı ilə xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi sərhəd xidmətinin məlumatı göstərilmişdir. Bununla bağlı bildirmək istəyirəm ki, ümumvətəndaş pasportunda Dövət Sərhəd Xidmətinin giriş-çıxışla bağlı bütün möhürləri vardır. O, universitetin bütün imtahanlarında iştirak etmiş, təhsilin normativ müddətinin hamısında orda olmuşdur. Xüsusilə, ilin yarısından çoxunu dənizdə olur. İşi ilə əlaqədar olaraq iş yerindən universitetə rəsmi arayışlar tədqim edərək individual təhsil alıb. Bu da o, deməkdir ki, o qətiyyən təhsildən kənarda qalmamış və normativ müddətləri buraxmamışdır. Daha bir vacib halı da məhkəmənin nəzərinə çatdırır ki, onunla eyni vaxtda (2015-2019) bir yerdə oxumuş tələbələrin diplomları Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təsdiq edilmiş və bu barədə şəhadətnamələr verilmişdir. Onunla eyni Universitetdə oxumuş, eyni vaxtda ölkədən çıxmış və eyni vaxtda ölkəyə qayıtmış tələbələrin diplomları təsdiq olunur. Bakı inzibati məhkəməsi iş üzrə düzgün olmayan qərar qəbul etmişdir və qəbul etdiyi qərarıda heç bir hüquq noması ilə əsaslandırmamışdır. «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilir. Həmçinin, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş»in («Saziş»): 1-ci maddəsinə görə bu Saziş AzərbaycanRespublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir; 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir; 6-cı maddəsinə görə bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Qaydaların 1.1-ci bəndinə görə bu Qaydalar «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Bu da o deməkdir ki, Qaydaların 1.6-cı bəndinin sözügedən Konvensiyaya uyğunluğu qanunvericiliklə müəyyən edilmişdir. Bundan əlavə, Konvensiya ümumi prinsipləri ehtiva edənçoxtərəfli beynəlxalq müqavilə, Saziş isə xüsusi tənzimləmə predmetinə malik olan ikitərəfli beynəlxalq müqavilədir. Bu səbəbdən də Azərbaycan ilə Ukraynaarasında təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi məsələlərində Sazişin müddəaları tətbiq edilir. Lakin Bakı İnzibati məhkəməsi yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini kobud surətdə pozmuş, bu imperativ normalara heç bir əhəmiyyət verməmiş və əsassız olaraq iddia tələbini təmin etməmişdir. O, dənizçidir. İlin yarısından çoxunu dənizdə olur. İşi ilə əlaqədar olaraq iş yerimdən oxuduğu universitetə rəsmi arayışlar tədqim edərək individual təhsil almışdır. Bu da o, deməkdir ki, qətiyyən təhsildən kənarda qalmamış və normativ müddətləri buraxmamış, yəni keçmədiyi dərsləri sonradan rəsmi arayış təqdim edərək bildirmişdir ki, işdən çıxa bilmədiyi üçün həmin vaxt dərslərdə ola bilməmiş və keçmədiyi dərsləri sonradan keçib təhsil yükünü tam olaraq mənimsəmiş və oxuduğu ixtisasın bütün sahələrini çox gözəl bilir. Əgər ixtisasını mükəmməl bilməsəydi 20 (iyirmi) il heç bir qüsur olmadan bu sahədə çalışa bilməzdi. İxtisası üzrə ona 4 (dörd) il dərs deyən müəllimlərdən çox bilir. Hesab edir ki, onun qeyd olunan ölkədə oxuması ilə bağlı hər hansı bir şübhə varsa, bununla bağlı həmin universitetə sorğu verib müvafiq cavabı almaq olar. Tam əminliklə deyə bilər ki, rəsmi cavab gələcək ki, bütün dərslərdə iştirak etmiş və təhsil proqramını da tam mənimsəmişdir. 1996-cı ildən dənizdə işləyir, 12 (on iki) ildən çoxdur ki, gəmi kapitanı kimi xarici ölkə sularında Azərbaycanı təmsil edir. Hesab edir ki, məhkəmə maddi hüquq normalarından savayı, prosessual hüquq normalarını da kobud şəkildə pozmaqla qanunsuz və ədalətsiz qərar çıxarmışdır...” Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraza uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, idianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. İş materiallarına əsasən xronoloji ardıcıllıqla iddiaçının aldığı təhsillə bağlı müəyyən olunan hallar aşağıdakılardan ibarətdir: - A seriyalı 040277 saylı xx.xx.1996-cı il tarixli orta təhsil haqqında attestata əsasən 1996-cı ildə Zəngilan 32 saylı orta məktəbini bitirmiş; - BB-İİ seriyalı 004436 saylı xx.xx.2004-cü il tarixli diploma əsasən 2000-ci ildə Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumuna daxil olmuş və xx.xx.2004-ci il tarixdə “Dəniz gəmi sürücülüyü” ixtisası üzrə tam kursu bitirmiş; - xx.xx.2019-cu il tarixli B19 seriyalı 188411 saylı bakalavr diplomuna və həmin diplomun A3-15/15 saylı əlavəsinə əsasən 2019-cu ildə X3 və Texnologiyalar Universitetinin Getman Petr Konaşeviç-Saqaydaçnı adına X7 İnstitutunu bitirmiş və ona “dəniz və çay nəqliyyatı hazırlıq istiqaməti, dəniz və daxili su yollarında gəmi sürücülüyü” ixtisası üzrə bakalavr ali təhsil dərəcəsi verilmiş; - həmin diplom xx.xx.2019-cu il tarixdə Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən apostil olunmuşdur. İddiaçının malik olduğu təhsil sənədlərindən göründüyü kimi, orta məktəbi bitirdikdən sonra dənizçi olmaq istiqamətində öncə öz ölkəsində orta ixtisas təhsili alaraq dəniz gəmi sürücülüyü ixtisasına yiyələnmiş, daha sonra, 2015-2019-cu illərdə X6 X4 ali təhsil alaraq “dəniz və çay nəqliyyatı hazırlıq istiqaməti, dəniz və daxili su yollarında gəmi sürücülüyü” kvalifikasiyası barədə ona xx.xx.2019-cu il tarixli B19 seriyalı 188411 saylı bakalavr diplom verilmiş və həmin diplom, Ukraynanın Təhsil və Elm nazirliyi tərəfindən 5 oktyabr 1961-ci il Haaqa Konvensiyasına uyğun olaraq Apostil vurulmaqla təsdiq edilmişdir. İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı dənizdə, həmin diplom üzrə ixtisasına uyğun olan bir vəzifədə uzun müddət (12 ildən artıq) gəmi kapitanı vəzifəsində çalışır, uzaq dəniz səfərləri ona etibar edilir. Lakin konkret halda, işin mübahisələndirilən hallarından göründüyü kimi, onun həmin diplom üzrə ixtisasınının tanınması barədə cavabdehə müraciəti, sonuncu tərəfindən təmin olunmamış, 29 yanvar 2024-ci il tarixdə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” Qərar qəbul olunmuşdur (i.v.6-7). İmtinanın əsası olaraq həmin qərarında, eləcə də, iddia ərizəsinə etirazında cavabdeh tərəfindən göstərilir ki, iddiaçının, təhsilin bakalivriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir: 2015/16 –cı ildə 11 gün, 2016/17 –ci ildə 15 gün, 2017/18 –ci ildə 17 gün, 2018/2019 –cu ildə 1 ay 3 (yəri 33 gün) Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyi ilə əlaqədar, birincisi, qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti hər ildə 10 gündən az olmamış, ilbəil artmış, hətta sonuncu tədris ilində 3 dəfədən də artıq olmuşdur ki, bu da istehsalatdan ayrılmadan ali təhsil alan iddiaçının ixtisasın mənimsənilməsi istiqamətində tədris prosesinə olan həssas yanaşmasının və məsuliyyətinin göstəricisi kimi qiymətləndirilməyə bilməz. Həm də bu, məhkəmə praktikasında qiyabi təhsilalmada təhsilin müddətinə və məzmununa uyğun oldması və yolverilənliyi kimi qəbul edilmişdir. İkincisi, həm də ən əsası, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında «Qaydalar”ın 1.6-cı bəndinin 3-cü abzasına əsasən Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il № 919-İQ nömrəli Qanunun ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin 5-ci maddəsinə əsasən -Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir; 6-cı maddəsinə görə bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. İddiaçının malik olduğu sənədlərə əsasən müəyyən edilən hallardan da göründüyü kimi, iddiaçı məhz, 2015-2019-cu illərdə Dövlət Kiyev X4 ali təhsil almış, həmin dövlət təhsil müəssisəsinin diplomuna layiq görülmüş və diplom Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən apostil olunmuşdur. Belə olan halda, cavabdeh orqan tərəfindən iddiaçının diplomu üzrə ixtisasının tanınmasından və ona kvalifikasiya şəhadətnaməsi verilməsindən imtina olunması Azərbaycan Respublikasının qeyd olunan Qanunu ilə təsdiq edilmiş ikitərəfli beynəlxalq Sazişin qeyd olunan tələblərinə və həmin vaxt (iddiaçının təhsil aldığı və ona diplom verildiyi vaxt) qüvvədə olmuş adı çəkilən Qaydalar”ın 1.6-cı maddəsinin tələblərinə ziddir və həmin Sazişlə ölkənin üzərinə götürdüyü öhdəliyinin pozulmasıdır. Başqa sözlə həmin imtina iddiaçının qanunla qorunan hüquqları pozulmuş olur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7066/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddianın təmin olunması və iddiaçıya Ukrayna Respublikasının Dövlət İnfrastruktur və Texnologiyalar Universiteti tərəfindən verilmiş V19 № 188411 saylı xx.xx.2019-cu il tarixli diplom üzrə ixtisasın tanınması və kvalifıkasiya haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yeni qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7066/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı X3 və Texnologiyalar Universiteti tərəfindən verilmiş V19 № 188411 saylı xx.xx.2019-cu il tarixli diplom üzrə ixtisasın tanınması və kvalifıkasiya haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-450/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-450/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver