Məhkəmə qərarları › İş №2-1(103)-4501/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4501/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4501/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Səmədovun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9756/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra mətndə Sabunçu RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun gözdən əlilliyinin 1998-ci il tarixdən müəyyən edildiyinin nəzərə alınaraq həmin tarixdən mənzil növbəsinə götürülməsilə bağlı sərəncam verilməsi vəzifəsinin Sabunçu RİH-yə həvalə edilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabunçu RİH-nin 18 may 1990-cı il tarixli, 14/60 saylı qərarı ilə ailə tərkibi 4 nəfər olmaqla əri X5 yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. O, İ qrup gözdən əlildir. Bu səbəbdən Sabunçu RİH-yə müraciət edərək, mənzil növbəliyinin ərinin adından öz adına keçirilməsini və gözdən əlillər siyahısına alınmasını xahiş etmişdir. Sabunçu RİH-nin 68 saylı, 19 mart 2024-cü il tarixli sərəncamı ilə əri X2 mənzil növbəsinin onun adına keçirilməsi və ailə tərkibi 4 nəfər olmaqla xx.xx.1990-cı il tarixdən ümumi siyahıda saxlanılmaqla xx.xx.2024-cü il tarixdən güzəştli siyahıya daxil edilməsi qərara alınmışdır. Daha sonra Sabunçu RİH-ə müraciət edərək, onun əlilliyinin müddətsiz 1998-ci ildən olduğunu nəzərə alaraq, həmin tarixdən hesablanmasını xahiş etmişdir. Lakin ona təqdim edilmiş cavab məktubunda Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməli olduğu bildirilmişdir. Cavab məktubunda heç nə əsaslandırılmadan və izah verilmədən, qeyri-müəyyən cavab verilmişdir. Hesab edir ki, Sabunçu RİH-nin imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9756/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qərardadı ilə (hakim N.Abıyev) iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9756/2025 nömrəli inzibati iş üzrə 18 sentyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsini, ərizəsinə mahiyyəti üzrə yenidən baxılıb qanunla müəyyən edilmiş qaydada müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin məhkəmə kollegiyasının iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Sabunçu RİH başçısının “X2 mənzil növbəsinin arvadı İddiaçı adına keçirilməsi və güzəştli (gözdən əlil) siyahıya daxil edilməsi” barədə xx.xx.2024-cü il tarixli, 68 №-li Sərəncamında göstərilmişdir ki; - Təqdim edilmiş sənədlərdən görünür ki, X1 RİHB-nın 18 may 1990-cı il tarixli 14/60 saylı Qərarı ilə ailə tərkibi 4 nəfər (özü, arvadı İddiaçı və 2 uşağı) olmaqla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. - İddiaçı gözdən (1 qrup) əlildir. (Əsas: Ser.BTE-9 Nu 0793 72 saylı arayışı). - ASAN-4 xidməti tərəfindən verilmiş ******* saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. - Ailə üzvləri mənzil növbəsinin İddiaçı adına keçirilməsinə razıdırlar. - Cavabdeh Mənzil məsələləri üzrə komissiyası (xx.xx.2024-cü il tarixli, 06 saylı protokol) X2 mənzil növbəsi ailə tərkibi 4 nəfər olmaqla İddiaçı adına keçirilməsini və mənzil növbəsini xx.xx.1990-cı il tarixdən ümumi siyahıda saxlanılmaqla xx.xx.2024-cü il tarixdən imtiyazlı əsaslarla olan siyahıya (“gözdən əlil”) daxil edilməsini təklif edir. - Yuxarıda qeyd olunanları nəzərə alaraq, X2 mənzil növbəsi İddiaçı adına keçirilməsi və onun ailə tərkibi 4 nəfər olmaqla xx.xx.1990-cı il tarixindən ümumi siyahıda saxlanılmaqla xx.xx.2024-cü il tarixindən güzəştli siyahıya (gözdən əlil) daxil edilməsi qərara alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq Sabunçu RİH-nin xx.xx.2025-ci il, 5-18/2-N-33-068/2025 №-li tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “... Müraciətinizdə Siz yaşayış mənzil növbənizin 1998-ci il tarixdən gözdən əlilliyinizi nəzərə alıb mənzil növbəliliyi həmin tarixdən hesablanmasını xahiş edirsiniz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq İcra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilməlidir.” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli, 3-16-5/2-32407/2025 №-li cavab məktubunda göstərilmişdir ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X6 ilə Nurəliyeva (Əliyeva) Bəsirə Yusif qızının nikahının xx.xx.1983-cü ildə Masallı rayonunun Boradigah icra nümayəndəliyində qeydə alındığı məlum olmuşdur. Bu nikahdan onların xx.xx.1985-ci il təvəllüdlü Nəbati Nurəliyev və xx.xx.1988-ci il təvəllüdlü Aysel Nurəliyeva adlı övladları doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-4/2- 14356/2025 №-li cavab məktubunda göstərilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı xx.xx.1998-ci il tarixindən ümumi xəstəlik gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz birinci dərəcə əlillik statusuna malikdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-26894/2025 №-li cavab məktubunda göstərilmişdir ki, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialının xx.xx.2025-ci il tarixli, 3-48-2F/2-1552/2025 №-li məktubu ilə təqdim edilmiş Lenin Rayon XDS İK-nin (indiki Sabunçu rayon İH) 18 may 1990-cı il tarixli 14/60 saylı Qərarından müəyyən olunur ki, X.N.Nuraliyevin ailə tərkibi 4 nəfər olmaqla mənzil növbəsinə götürülməsi və birincilər siyahısında qeydə alınması qərara alınmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik təyin edildiyi 1998-ci il tarixdən mənzil növbəsinə götürülməsilə bağlı sərəncam verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı mövqeyini onunla əsaslandırır ki, iddianın predmetini Sabunçu RİH başçısının xx.xx.2024-cü il tarixli, 68 №-li sərəncamı təşkil edir. Məhkəmə hesab edir ki, iddianın mahiyyətinə baxılmazdan əvvəl mübahisələndirmə növündə iddianın mümkünlüyü əsaslarının yoxlanılması ilə əlaqədar iddia müddətinin ötürülüb-ötürülməməsinin qiymətləndirilməsi ilə bağlı iddiaçının hüququnun pozulduğu gün müəyyən edilməlidir. Hazırki iddia ərizəsindən görünür ki, iddiaçı qeyd olunan iddia ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı müddətin bərpası barədə ərizənin təqdim edilməsinin mümkünsüzlüyü ilə bağlı da aşağıdakıların xüsusi olaraq vurğulanmasını zəruri hesab edir. Məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsi). İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilir ki, “...mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.” Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarından göründüyü kimi İddiaçı 1990-cu ildə mənzil növbəsinə götürülmüşdür. Müraciəti əsasında Sabunçu RİH-nin başçısının xx.xx.2024-cü il tarixli, 68 №-li sərəncamına əsasən 2024-cü ildən ümumi siyahıda saxlanmaqla güzəştli siyahıya daxil edilib. İddiaçı Bakı şəhəri Sabunçu RİH-nin başçısının xx.xx.2024-cü il tarixli, 68 №-li sərəncamının dəyişdirilərək, 1998-ci il tarixdən İ qrup gözdən əlil olması nəzərə alınaraq, 1998-ci il tarixdən mənzil növbəsinə götürülməsini xahiş edir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 31.1ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. 3.2. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.3. sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını müəyyən etmək; 10.0.6. kateqoriyaları qanunvericiliklə müəyyənləşdirilən və yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlara dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; 11.0. Mənzil münasibətləri sahəsində bələdiyyələrin səlahiyyətlərinə aşağıdakılar aiddir: 11.0.3. sosial kirayə müqavilələri əsasında təqdim edilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların uçotunu aparmaq; 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Məhkəmə kollegiyası qeyd edir ki, mənzil qanunvericiliyində əlillik - əsasən güzəştli (imtiyazlı) mənzil uçotuna alınma üçün meyar kimi nəzərdə tutulmamışdır. Belə ki, sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinə ehtiyacı olan şəxslərin kateqoriyası Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə əsasən müəyyən edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31-ci maddəsinə əsasən də əliliyi olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli, 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamları, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli sərəncamı ilə əhatə olunan imtiyazlı şəxslərinn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub. Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alınmışdır:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2030-cu illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. İddiaçı çox güman ki, müvafiq sərəncamların təsir dairəsinə düşmək məqsədilə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, sözügedən Sərəncamlar ilə mənzil uçotuna alınma qaydaları müəyyənləşməmişdir. Bundan başqa qeyd edilməlidir ki, Mənzil Məcəlləsində güzəştli mənzil növbəsinin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqi yoxdur. Belə ki, mənzil qanunvericiliyinə əsasən şəxsin əlilliyinin yaranması mənzil növbəsinə götürülməsi üçün əsas kimi qiymətləndirilməmişdir. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9756/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar