Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4502/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və digər” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehin X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6548/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır.
2. İddiaçının İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1976-cı il tarixdə Quba rayon Sabir adına Sovzoxda fəhlə kimi işə qəbul olunmuş, xx.xx.1977-ci il tarixdə Sovet ordusu sıralarına çağırışı ilə əlaqədar işdən azad edilmişdir. O, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Sovet ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1980-ci il tarixdə Bakı Baş Tikinti İdarəsinin 24 saylı Tikinti idarəsinin 11 saylı ictimai-mədəni tikinti trestində işə qəbul olunmuş, (xx.xx.1980-ci ildə 1 dərəcəli fəhlə, xx.xx.1980-ci ildə 2 dərəcəli suvaqçı, xx.xx.1981-ci ildə 3 dərəcəli suvaqçı, xx.xx.1983-cü ildə 4 dərəcəli suvaqçı, xx.xx.1987-ci ildə tariflərə əsasən 4 4 dərəcəli suvaqçı, xx.xx.1989-cu ildə əvvəlki vəzifəsi verilmiş, xx.xx.1993-cü ildə 5 dərəcəli suvaqçı, xx.xx.1993-cü ildə 6 dərəcə suvaqçı işləmişdir. xx.xx.2006-cı il tarixdə tərəflərlərin razılaşması ilə həmin idarədə tutduğu vəzifədən işdən azad edilmişdir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölməsində İddiaçı sığortaolunan kimi uçot məlumatları aşkar edilməmişdir.
4. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, BBTİ 24 saylı Tikinti idarəsinin natamam arxiv sənədlərinin əmək haqqı cədvəllərində İddiaçı 1981, 1983, 1984, 1985, 1986 və 1987-ci illərə dair əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Məktubda həmin illərə dair əmək haqqı cədvəli əks olunmuş və qeyd edilmişdir ki, idarənin 1980, 1982-ci illərə dair əmək haqqı cədvəllərində iddiaçı barədə heç bir məlumat yoxdur. Eyni zamanda, idarənin 1980, 2006-cı illərə dair əmr kitabları, 1981-ci ilin may-dekabr aylarına və 1987-ci ildən sonrakı dövrlərə əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 65 yaşına çatdığı gündən yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-xx.xx.1977-ci illərdə Quba rayonu, Sabir adına Sovxozda fəhlə kimi çalışmışdır. O, 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra yenidən Bakı Baş Tikinti İdarəsinin (bundan sonra BBTİ) 24 saylı Tikinti idarəsinin 11 saylı ictimai-mədəni tikinti trestrinə işə daxil olmuş, xx.xx.1980-xx.xx.2006-cı illərdə fəhlə, usta vəzifələrində çalışmışdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi 25 ildən çox stajı olmuşdur. İddiaçı cavabdehə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin nəzərə almadığı 1980-2006-cı illərdəki dövr isə xx.xx.2006-cı ildən əvvəlki dövrü əhatə etmiş və həmin dövr iddiaçının əmək kitabçasında əks olunmuşdur.
7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və hərbi biletinin surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajı 8 il 5 ay 7 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan Bakı Baş Tikintinin 24 saylı Tikinti İdarəsinin 11 saylı İctimai-Mədəni tikinti trestində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən BBTİ-nin 24 saylı Tikinti İdarəsinin Arxivdə saxlanılan əmr və əməkhaqqı kitablarında onun adına əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Eyni zamanda, sözügedən müəssisənin 1980-ci il və 1982-ci illərin arxivə təhvil verilmiş sənədlərində adı aşkarlanmadığından, həmçinin 1988-ci ildən sonrakı dövrlərə aid əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən, həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına” əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (Bakıbaştikinti idarəsinin köçürülmə əmri SSRİ möhürü ilə təsdiqlənib) həmin dövrün sığota stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanlar nəzərə alınaraq iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulandan (25 ildən) az olduğu üçün ona bu növ pensiyanın təyin edilməsi mümkün olmamışdır. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir və hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6548/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 65 yaşının tamam olduğu 23 mart 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin dövrdən etibarən ödənilməyən pensiya məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçıya məxsus hər mübahisəli dövr (1980,1982,1987-ci il tarixdən sonrakı dövr) əmək kitabçasında mövcuddur. 1980, 1982-ci illərdə əmək haqqı cədvəlində həmin dövrlərdə adına rast gəlinməməsi, 1987-ci ildən sonrakı sənədlərdə adına rast gəlinəcəyi mənasına gəlməməklə, həmin dövrlərin staja hesablanmasına dəlalət etmir. "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1995-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (Bakıbaştikinti idarəsinin köçürülmə əmri SSRİ möhürü ilə təsdiqlənib) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli,186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.4.cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
12. Məhkəmədə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
15.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 18.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
21. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı 65 yaşının tamam olduğu tarixdən ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir.
22. Cavabdeh orqan isə imtina əsası kimi 2 hala istinad edir: 1) İddiaçının hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajı 8 il 5 ay 7 gün təşkil edir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən BBTİ-nin 24 saylı Tikinti İdarəsinin Arxivdə saxlanılan əmr və əməkhaqqı kitablarında onun adına əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Eyni zamanda, sözügedən müəssisənin 1980-ci il və 1982-ci illərin arxivə təhvil verilmiş sənədlərində adı aşkarlanmadığından, həmçinin 1988-ci ildən sonrakı dövrlərə aid əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən, həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. 2) “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına” əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (Bakıbaştikinti idarəsinin köçürülmə əmri SSRİ möhürü ilə təsdiqlənib) həmin dövrün sığota stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.
23. İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd edilmişdir ki, o, xx.xx.1976- cı il tarixdə Quba rayon Sabir adına Sovzoxda işləmiş, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuş və xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı Baş Tikinti İdarəsinin 24 saylı Tikinti idarəsinin 11 saylı ictimai-mədəni tikinti trestində müxtəlif vəzifələrdə işləmişdir.
24. İşin apellyasiya baxışı zamanı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 02 dekabr 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən bildirilmişdir ki, Bakı Baş Tikinti İdarəsinin sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.
25. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə 220 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuş, lakin xx.xx.2023-cü il tarixdə yaşa görə əmək pensiyası hüququnun yaranmasını nəzərə alaraq həmin sosial müavinətin ödənilməsi dayandırılmış və iddiaçıya 311,36 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Sonradan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla iddiaçıya əmək pensiyasının təyin olunmasından imtina olunması haqqında qərar qəbul edilmişdir.
26. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 14 yanvar 2026-cı il tarixli sorğuya cavab məktubuna əsasən iddiaçının Bakı Baş Tikinti İdarəsində fəaliyyəti xx.xx.2004-cü il tarixədək müəyyən edilmişdir.
27. Beləliklə iş materiallarından göründüyü kimi Bakı Baş Tikinti idarəsinin 1980 və 1982ci illərə dair əmək haqqı cədvəlləri arxivə təhvil verilsə də, həmin cədvəllərdə iddiaçı barəsində məlumat olmadığı üçün həmin dövrlərin iddiaçının əmək stajı kimi cavabdeh tərəfindən qəbul edilmir. Lakin o da nəzərə alınmalıdır ki, 1981-ci ilin may-dekabr aylarına və 1987-ci ildən sonrakı dövrlərə əmək haqqı cədvəlləri ümumiyyətlə arxivə təhvil verilmədiyi üçün iddiaçının həmin dövrlərdə əmək haqqı alıb-almadığı müəyyən edilməsi mümkün olmur. Bu isə ona dəlalət edə bilməzki iddiaçının adı əmək haqqı cədvəlində ümumiyətlə olmamışdır.
28. Belə olduğu halda cavabdehin birinci imtinasının əsası olan iddiaçının qanunverilicikdə nəzərdə tutulmuş sosial sığorta stajına malik olmaması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, mübahisəli dövr üzrə (1980-2006-cı ilədək əmək fəaliyyəti dövrü) iddiaçının təqdim etdiyi sübut - əmək kitabçası onun həmin dövr üzrə iş stajına dair məlumatları əks etdirir və bu məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubunda Bakı Baş Tikinti İdraəsinin fəaliyyətinin xx.xx.2004-cü ilə kimi olması nəzərə alınsa belə iddiaçının ümumi əmək fəaliyyəti (hərbi xidmət müddət də daxil) 25 ildən çox təşkil edir.
29. Cavabdehin ikinci imtinasının əsası olan iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün doldurulma qaydasının pozulmasına münasibətdə kollegiya qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının əmək kitabçasının saxta, qeyri-mötəbər olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
31. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
32. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6548/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6548/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.