Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4508/2025 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli e-2-1(112)-14216/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2017-ci il tarixdə pensiya təyin edildikdən sonra işləməyə davam edib xx.xx.2017xx.xx.2023-cü il dövr ərzində qazanılmış sığorta kapitalının əsasında pensiyanın gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan yenidən hesablanması və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır, ƏPH Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiyadan xx.xx.2017-ci il tarixdə pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra işləməyə davam edir. Hər növbəti altı ildən bir işləyən pensiyaçının pensiyası yenidən hesablanır. xx.xx.2023-cü il tarixdən hesablanmaqla altı il stajın tamamlanması ilə bağlı müraciəti əsasında pensiyasının yenidən hesablanması icra edilib, lakin cavabdeh qurum qanuna zidd olaraq pensiyamın həmin yenidən hesablanmasını sığorta kapitalını 72 aya bölməklə etməmişdir. Cavabdeh qurum tərəfindən Qanun səhv tətbiq edilir, pensiyaya çıxdıqdan sonra qazandığı kapitalı 72 aya bölməkdən imtina edilir. Cavabdeh tərəfindən aparılmış hesablanma qanunaziddir, ona görə ki: “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixində 2-ci cümlə əlavə edilib, həmin cümlə 543 nömrəli qanunla əlavə edilib və həmin normanın geriyə şamil edilməsi haqqında hər hansı göstəriş 543 nömrəli qanunda yoxdur. O isə xx.xx.2017-ci ildən əvvəl pensiyaya çıxmışdır. Ona pensiya təyin ediləndə gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay müəyyən edilib. Ərizəni imzalayan şəxs haqqında məlumat: 530 nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən, Bu Qanunun 1.11-ci maddəsi (45-ci maddənin ikinci cümləsinin qanundan çıxarılması) bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Həmin cümlənin qanundan çıxarılması aid deyil: 1) bu (530) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına ( bu o deməkdir ki, köhnə 45-ci maddə əsasında təyin edilən pensiya təzə 45-ci maddə əsasında yenidən hesablanmayacaq); 2) bu (530) Qanunun qüvvəyə mindiyi günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi hallarında; (bu o deməkdir ki, hüququn qazanıldığı tarixdəki 45-ci maddə tətbiq edilir) 3) bu (530) Qanunun qüvvəyə mindiyi günədək pensiya hüququ yaranmış şəxslərə yenidən hesablanması hallarına münasibətdə. (bu o deməkdir ki, “144 + ” ilə pensiyaya çıxan şəxsin pensiyası 72 aya bölünə bilməz) 530 nömrəli Qanunun keçid müddəalarının “xx.xx.2022 tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına xx.xx.2022 tarixdən etibarən qanuna edilən dəyişikliklərin şamil edilməməsi” göstərişi, madam ki, cavabdehin mövqeyinə görə, gələcək zamanda yaranmış yenidən hesablanma hüququna ləğv edilmiş normanın tətbiqini nəzərdə tutursa, niyə 530 nömrəli qanunda, xx.xx.2022-ci il tarixədək qazanılmış yenidən hesablanma hüququ ilə bağlı göstəriş var?! xx.xx.2022-dək pensiyasının yenidən hesablanması hüququ yarananlar xx.xx.2022-dək pensiya təyin edilmiş şəxslərdir. Cavabdehin mövqeyi aşkar əsassızdır, çünki Qanunda xx.xx.2022-dək pensiyaya çıxanların pensiyasının yenidən hesablanması qaydası barədə iki dəfə göstəriş yazıla bilməzdi və yazılmayıb. Qeyd olunanlar cavabdehin hərəkətlərinin əsassız olduğunu təsdiq edir. Cavabdehin məsul şəxsləri hesab edir ki, “144 + ” ödəniş müddəti ilə pensiyaya çıxan şəxsin qazanılmış hüquqları saxlanılmalıdır, “144 ” ödəniş müddəti ilə pensiyaya çıxanın yox. Halbuki qazanılmış pensiya hüququ ibarətdir= pensiya yaşı+pensiya kapitalı+ödəniş müddəti+əmək stajı. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçıya 30 iyun 2017-ci il tarixdə pensiya təyin edilmişdir. Pensiyaya çıxdıqdan sonra isə işləməkdə davam etmişdir. 6 ilin tamam olması ilə əlaqədar iddiaçının əmək pensiyası 30 iyun 2023-cü il tarixdə yenidən hesablanaraq 1709.16 manata, 01 yanvar 2025-ci il tarixdən isə 2054,53 manata artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanma” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Qanunun 45-ci maddəsinin ikinci cümləsinin yeni redaksiyasının “yenidən hesablanmanı” nəzərdə tutması onun qüvvədən düşmüş alternativi olan Qanunun 45-ci maddəsinin ikinci cümləsinin köhnə redaksiyasının da “yenidən hesablanmanı” nəzərdə tutduğuna dəlalət edir. Digər tərəfdən, Qanunun 45-ci maddəsinin adından da göründüyü kimi, maddə “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti”nin tənzimlənməsi ilə əlaqədar olmaqla, həm əmək pensiyasının təyinatı, həm də pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddətinin hesablanması ilə bağlıdır. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi hüquqi əsaslar da mövcud deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuşsınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022- ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin, həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Bu məsələ ilə bağlı nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə aslı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqanına) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilikdə aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən Keçid müddəaları əlavə olunur. Həmin Keçid müddəalarının nəzərə alınmaması isə onun deklarativ xarakter daşımasına gətirib çıxarar. Eyni zamanda, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2025- ci il tarixli e-2-1(112)-14216/2025 nömrəli qərarı (hakim B.Cəlalov) ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ xx.xx.2022-ci ilə qədər deyil, həmin tarixdən sonra yaranmışdır, deməli, iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir, qüvvədən düşmüş norma deyil. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 30 iyun 2017-ci il tarixdə pensiya təyin edilmişdir. Pensiyaya çıxdıqdan sonra isə işləməkdə davam etmişdir. 6 ilin tamam olması ilə əlaqədar iddiaçının əmək pensiyası 30 iyun 2023-cü il tarixdə yenidən hesablanaraq 1709.16 manata, 01 yanvar 2025-ci il tarixdən isə 2054.53 manata artırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göstərilənlərə əsasən bildirilir ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanma” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Digər tərəfdən, Qanunun 45-ci maddəsinin adından da göründüyü kimi, maddə “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti”nin tənzimlənməsi ilə əlaqədar olmaqla, həm əmək pensiyasının təyinatı, həm də pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddətinin hesablanması ilə bağlıdır. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz təmin edilməməsini xahiş etdi. Həmçinin iddia tələbini dəqiqləşdirərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyanın yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3- 15298/2025 saylı qərarının 10cu bəndinin 3-5-ci hissələrinin ləğv edilməsini, ona xx.xx.2017-ci il tarixdən hesablanmaqla təyinat aparılmış əmək pensiyasının, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan xx.xx.2023-cü il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edildi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçıya ilk olaraq xx.xx.2019-cu il tarixində ilkin təyinat aparılmış, daha sonra 6 illik pensiya kapitalı hesablanmış və sonucu müraciəti üzrə yenidən hesablanbma zamanı pensiya təyinat tarixi irəli çəkilərək xx.xx.2017-ci il tarixdən müəyyən edilmiş və Əmək pensiyası haqqında Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45ci maddəsinin ikinci cümləsinə əsasən hesablama həyata keçirilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İddiaçının mübahisələndirdiyi qərar xx.xx.2025-ci il tarixlidir, iddiaçı tərəfindən iddia xx.xx.2025-ci ildə qaldırılmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsas olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İddiaçıya məxsus pensiya işi materiallarından və işin araşdırılmış hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.1980-ci il təvəllüdlüdür və ona xx.xx.2019-cu il tarixdən mülki aviasiyadan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan əmək pensiyası bir neçə dəfə yenidən hesablanmış və iddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, ona “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən, pensiya hüququnun yaranma vaxtının xx.xx.2017-ci il tarix müəyyən edilməklə (4572/18/12=(21x18x12+18x=21 il 2 ay) həmin vaxtdan pensiyasının yenidən hesablanmasını və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. Cavabdehin 3-17-1/3-3-15298/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış, ƏPQ-nun 37.3.1-ci maddəsi tətbiq edilməklə hüquq irəli çəkilmiş və iddiaçıya xx.xx.2017-ci il tarix əmək pensiyasının məbləği 1616,07 manatdan 2054,53 manata artırılmış, yenidən hesablamanın səbəbi “37.3.1 (Hüququ çəkildi) əskikvermə” qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirərək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı yığılmış və yığılmış pensiya kapitalı əsasında iddiaçının pensiyası bir neçə dəfə yenidən hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3-3-1428/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra 6 illik sığorta stajı nəzərə alınmaqla iddiaçının əmək pensiyası yenidən hesablanmış, əmək pensiyasının məbləği 735,94 manatdan 1494,98 manata artırılmışdır. Hazırda mübahisələndirilən inzibati aktla isə iddiaçıya xx.xx.2017-ci il tarixdən əmək pensiyasının məbləği 1616,07 manatdan 2054,53 manata artırılmış, yenidən hesablamanın səbəbi “37.3.1 (Hüququ çəkildi) əskikvermə” qeyd edilmişdir. İddiaçı hazırki inzibati aktla onun hüquqlarının pozulduğunu bildirir və onun müraciəti əsası ilə pensiya məbləğinin təyinat tarixi irəli çəkilsə də yığılmış pensiya kapitalının hesablanması ilə razılaşmır. Bununla bərabər, apellyasiya araşdırması zamanı cavabdehin səlahiyyətli nümayəndəsi mübahisələndirilən inzibati aktla iddiaçının pensiya məbləğinin artırıldığı və qəbul edilən aktın onun üçün əlverişli inzibati akt olduğu fikrinə münasibətdə bir daha qeyd edilir ki, iddiaçı hazırki tələbində inzibati orqan tərəfindən qəbul edilmiş aktla həyata keçirilmiş hesablamanın qaydası ilə razılaşmır və apellyasiya araşdırması zamanı dəqiqləşdirilmiş iddia tələbi ilə məhz Əmək pensiyanın yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3- 15298/2025 saylı qərarının qismən yəni 10-cu bəndinin 3-5-ci hissələrinin ləğv edilməsini, ona xx.xx.2017-ci il tarixdən hesablanmaqla təyinat aparılmış əmək pensiyasının, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan xx.xx.2023-cü il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması haqqında qərar qəbul edilməsi ilə bağlıdır. Cavabdeh əmək pensiyasının hesablanması zamanı ƏPQ-nun 29 iyun 2022-ci il taixinədək qüvvədə olan 45.2-ci maddəsinə istinad edilmişdir. Belə ki, apellyasiya şikayətinin dəlillərində qeyd edilir ki, Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixindən qüvvəyə minmiş 15 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxrılıb. Eyni zamanda Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Yəni iddiaçıya pensiya qanun qüvvəyə mindiyi gündən əvvəl təyin edildiyindən ləğv edilmiş 45.2-ci norma əsasında hesablanma aparılmalıdır. Cavabdehin gətirdiyi arqumentlərə münasibətdə məhkəmə kollegiyası qanunvericiliyin aşağıdakı tələblərini diqqətə çatdırır: Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. ƏPQ-nin xx.xx.2017-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Yəni ƏPQ-nin 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: -xx.xx.2017-ci il tarixədək 144; -xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. Qanunun 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. Gözlənilən pensiya ödənişi müddəti -pensiyaya çıxan şəxsin orta hesabla pensiya alacağı illərin sayını ifadə edir. Bu müddət statistik göstəricilərə əsaslanaraq müəyyən edilir və ölkədəki orta ömür uzunluğu, pensiyaya çıxma yaşı və digər demoqrafik faktorlarla əlaqəlidir. Bu göstərici əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur: 1. Pensiya kapitalının hesablanması – İşləyən şəxsin topladığı pensiya kapitalı onun gözlənilən pensiya ödənişi müddətinə bölünərək aylıq pensiya məbləği müəyyən edilir. 2. Pensiya sisteminin dayanıqlığının təmin edilməsi – Dövlət və ya pensiya fondları pensiya ödənişlərini planlaşdırarkən, gözlənilən ömür uzunluğunu nəzərə alaraq sistemin maliyyə dayanıqlığını təmin edirlər. 3. Fərdi pensiya planlaşdırılması – Şəxslər pensiyaya çıxdıqda, onların yığılmış pensiya kapitalının nə qədər müddətə çatacağını hesablamaq üçün bu göstəricidən istifadə olunur. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Qanunverici sonradan həmin şəxslərin pensiya təminatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini Qanundan çıxarmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə (xx.xx.2025-ci il tarixli, 2-1(102)-816/2025 nömrəli) qəbul etdiyi qərarında qeyd edilir ki: “21. Kassator həmçinin bildirir ki, iddiaçıya hazırda 479,35 manat pensiya ödənilir ki, bu da yığılan kapitala mütənasibdir. 22. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli 2-1(102)-215/2025 nömrəli iş üzrə qərarında qeyd edilmişdir: İddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ilə yanaşı, həm də həmin Qanunun 45-ci maddəsinin 2-ci cümləsinə də istinad edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. İddiaçının pensiya hüququ isə 2008-ci ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış 16719,79 manat pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz. 23. Məhkəmə kollegiyası oxşar iş üzrə Ali Məhkəmənin qərarını rəhbər tutaraq bildirir ki, iddiaçı xx.xx.2009-cu ildə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra faktiki olaraq 3 il 9 ay 7 gün (45 ay) işləmişdir. (xx.xx.2009 – xx.xx.2010, xx.xx.2010 – xx.xx.2012, xx.xx.2014 – xx.xx.2016) Sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı 99 (144 ay-45 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı) aya bölməklə (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı qədər azaldılmaqla) qanuni əmək pensiyanın üzərinə əlavə edilərək və qanunvericiliyin tələblərinə uyğun olaraq indeksləşdirilərək ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası hazırki iş ilə oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında sərgilənən hüquqi mövqeyə əsasən hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış və tətbiq edilmiş şəxslərə aiddir. İddiaçının pensiya hüququ isə xx.xx.2017-ci ildə, pensiyanın yenidən hesablanması ilə bağlı hüququ isə xx.xx.2023-cü ildə yaranmışdır və qüvvədə olan qanunvericilik normalarına əsasən də pensiya hesablanmalıdır. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi iş üzrə ətraflı araşdırma aparmış, qanuni və əsaslı olaraq iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə öhdəliyi cavabdehin üzərinə qoymuş olsa da, mübahisələndirilən inzibati akta münasibət bildirmədiyindən apellyasiya araşdırması zamanı məhkəmə kollegiyası prosessual qənaət prinsipinə əsaslanaraq iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin dəyişdirilməsi ərizəsini icraata qəbul etmişdir. Belə ki, iddiaçı dəyişdirilmiş tələbində pensiyanın mövcud qanunvericilik normalarına əsasən yenidən hesablanmasını tələb etməklə yanaşı onun üçün əlverişsiz inzibati aktın qismən ləğvini də tələb etmişdir. Məhkəmə araşdırması zaman işin halları və mövcud məhkəmə təcrübəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyanın yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3- 15298/2025 saylı qərarının 10-cu bəndinin 3- 5-ci hissələrinin ləğv edilməklə, iddiaçıya xx.xx.2017-ci il tarixdən hesablanmaqla təyinat aparılmış əmək pensiyasının,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan xx.xx.2023-cü il tarixdən yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli e-2-1(112)-14216/2025 nömrəli qərarı dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyanın yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3- 15298/2025 saylı qərarının 10-cu bəndinin 3-5-ci hissələrinin ləğv edilməklə, iddiaçıya xx.xx.2017-ci il tarixdən hesablanmaqla təyinat aparılmış əmək pensiyasının, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan xx.xx.2023-cü il tarixdən yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-4508/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4508/2025
04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver