Məhkəmə qərarları › İş №2-1(103)-451/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-451/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-451/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə kompensasiya ödənilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1913/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə Bakı şəhəri, Yasamal rayonu, Ak.A.Qarayev küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinin mülkiyyətində olmuş ¼ hissənin sökülməsinə görə 147 780 manat kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ak.A.Qarayev küçəsi, 29 nömrəli fərdi yaşayış evinin ¼ hissəsi (“A” literli tikilinin 1-ci mərtəbəsində 9.90 kv.m-lik 15 saylı, 13.60 kv.m-lik 16 saylı, 3.90 kv.m-lik 17 saylı, 1.3 kv.m-lik 18 saylı və 17.20 kv.m-lik 19 saylı otaqları, “A” literli tikilinin 2-ci mərtəbəsində 3.0 kv.m-lik 1 saylı, 5.0 kv.m-lik 2 saylı, 20.50 kv.m-lik 2 saylı, 20.50 kv.m-lik 3 saylı və 7.70 kv.m-lik 4 saylı tikililəri, cəmi 82.10 kv.m) onun mülkiyyətində olmuş, Yasamal rayonunun “Sovetski” adlandırılan hissəsində yerləşən həmin ev dövlət ehtiyacları üçün sökülmüş, lakin mülkiyyətçiyə nəzərdə tutulan kompensasiya (hər kv.m üşün 1500 manat + 20 %) ödənilməmişdir. O, sökülmüş evinə görə ona çatacaq kompensasiyanın ödənilməsi üçün müraciətini xx.xx.2018-ci ildə poçtla cavabdehə göndərmiş, həmin müraciəti xx.xx.2018-ci ildə alınmasına baxmayaraq cavabdeh ona cavab verməmiş və ona kompensasiyanın ödənilməsi təmin olunmamışdır. Ona ödənilməli olan kompensasiya məbləği 147780 (82.10 kv.m × 1500 AZN + 20%) manat təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ak.A.Qarayev küçəsi 29 nömrəli fərdi yaşayış evinin ¼ hissəsinin mülkiyyətində olduğunu iddia edərək ümumilikdə 147.780 manat məbləğində kompensasiyanın onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində müahisəli sahənin onun mülkiyyətində olduğunu qeyd etsə də, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın tarixini göstərməkdən yayınmışdır. Üstəlik, iddia ərizəsinin qoşmasından aydın olur ki, iddiaçı mübahisəli sahəyə dair onun mülkiyyət hüquqları müvafiq məhkəmə qərarı əsasında əmələ gəlmişdir. Lakin xüsusilə qeyd olunur ki, mübahisəli sahənin söküntüsü “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 nömrəli qərarının qəbulundan sonrakı dövrdə baş vermişdir. Məhz həmin qərarla Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmiş və Bakı şəhəri Cavabdehnə tapşırılmışdır ki, bu qərarda göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təkliflər təqdim etsin. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən həmin torpaq alınan torpaq kimi tanınır; həmin Qanunun 20.3-cü maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Göründüyü kimi, qanunvericilik tam şəkildə bildirir ki, torpağın alınması barədə Nazirlər kabinetinin qərarının qəbulundan sonra, yaranmış hüquq münasibətlərinə kompensasiya almaq hüququ şamil oluna bilməz. Belə olan halda iddiaçının kompensasiya tələbinin heç bir hüquqi əsası yoxdur. Ən azından iddiaçının gələcəkdə ərazidə söküntü işlərindən xəbər tutmasından sonra, fərdi yaşayış sahəsinə görə reyestrdən çıxarış üçün aidiyyəti orqana müraciət etməsi təəccüb doğurur və iddiaçı kompensasiya almaq hüququna malik deyildir. Yuxarıda göstərilənlərə əsasən, iddia ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1913/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşmiş fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olmuş ¼ hissəsinə görə 133735 manat məbləğində kompensasiya ödənilməsi vəzifəsi Cavabdehnə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verib apellyasiya şikayətini etirazına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı artıq X6 və X1 ödənilmiş və iddiaçıya yenidən kompensassiya ödənilməsi mümkün deyildir. İddia təmin olunacağı təqdirdə digər iki şəxsə verilmiş kompensassiyanın hər üç şəxsin arasında bölüşdürülməsi daha məqsədəmüvafiq hesab edilir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərar vermişdir. Həmin qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər Cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri Cavabdehnə tapşırılmışdır ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır. Mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının təsiri altına düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “xxxxxxxxxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Cavabdeh tərəfindən müxtəlif tarixlərdə, həmin evin paylı mülkiyyətçilərinə alğı-satqı qaydasında pul ödənilməklə ev satın alınmış, haızrki iş üzrə iddiaçının mülkiyyət hüquqları pozularaq onunla hər hansı müqavilə bağlanmamış və ona hər hansı kompensassiya ödənişi edilməmişdir. Bununla bağlı iddiaçı məhkəməyə müraciət etmiş və qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən həmin ünvanda yerləşən iki mərtəbəli, texniki pasport üzrə ümumi sahəsi 251.9 kv.m, yaşayış 128.4 kv.m, yardımçı 123.5 kv.m-dən ibarət 16 otaqlı yaşayış sahəsinə ¼ hissədən qalan (“A” literli tikilinin 1-ci mərtəbəsinin 9.90 kv.m-lik 15 saylı, 13.60 kv.m-lik 16 saylı, 3.90 kv.m-lik 17 saylı, 1.3 kv.m-lik 18 saylı və 17.20 kv.mlik 19 saylı otaqları, eləcə də həmin pasport üzrə “A” tikilisinin 2-ci mərtəbəsinin 3.0 kv.mlik 1 saylı, 5.0 kv.m-lik 2 saylı, 20.50 kv.m-lik 2 saylı, 20.50 kv.m-lik 3 saylı və 7.70 kv.mlik 4 saylı tikililəri) hissədə ayrılaraq naturada İddiaçı verilməsi qət edilmişdir. İddiaçı məxsus hissədə Cavabdeh ilə X9 və X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli fərdi yaşayış evinin istifadə hüquqnun alğı-satqı müqavilələri etibarsız hesab edilmiş, X7 ödənilmiş 58888 manat və X3 ödənilmiş 74847 manat kompensasiya məbləğləri Cavabdehnə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı sayaraq, hesab etmişdir ki, Cavabdeh etirazda göstərdiyi hallar, iş materialları ilə təkzib olunduğundan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissədən qalan (“A” literli tikilinin 1-ci mərtəbəsinin 9.90 kv.m-lik 15 saylı, 13.60 kv.m-lik 16 saylı, 3.90 kv.m-lik 17 saylı, 1.3 kv.m-lik 18 saylı və 17.20 kv.m-lik 19 saylı otaqları, eləcə də həmin pasport üzrə “A” tikilisinin 2-ci mərtəbəsinin 3.0 kv.m-lik 1 saylı, 5.0 kv.m-lik 2 saylı, 20.50 kv.m-lik 2 saylı, 20.50 kv.m-lik 3 saylı və 7.70 kv.m-lik 4 saylı tikililəri) hissəsinin İddiaçı məxsus olması, həmin hissəyə görə səhvən Cavabdeh ilə X9 və X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilələrin etibarsız hesab edilərək, onlara ödənilən 58888 manat və 74847 manat pul məbləğinin Cavabdehnə geri qaytarılması məhkəmə qətnamələri ilə qərara alındığından, həmin hissənin satılması ilə əlaqədar olaraq İddiaçı Cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alqı-satqı qaydasında alınaraq, pul məbləğinin ödənilməsi sübuta yetirilmədiyindən iddia təmin edilməli, iddiaçıya məxsus texniki pasport üzrə ümumi sahəsi 251.9 kv.m, yaşayış 128.4 kv.m, yardımçı 123.5 kv.m-dən ibarət 16 otaqlı yaşayış sahəsinə ¼ hissədən qalan (“A” literli tikilinin 1-ci mərtəbəsinin 9.90 kv.m-lik 15 saylı, 13.60 kv.m-lik 16 saylı, 3.90 kv.m-lik 17 saylı, 1.3 kv.m-lik 18 saylı və 17.20 kv.m-lik 19 saylı otaqları, eləcə də həmin pasport üzrə “A” tikilisinin 2-ci mərtəbəsinin 3.0 kv.m-lik 1 saylı, 5.0 kv.m-lik 2 saylı, 20.50 kv.m-lik 2 saylı, 20.50 kv.m-lik 3 saylı və 7.70 kv.m-lik 4 saylı tikililəri) hissəyə görə X7 və X3 ümumilikdə ödənilmiş 133735 (58888+74847) manat kompensasiya məbləği İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, digər mülkiyyətçilər kimi iddiaçının da mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyətçiyə ödənilməli olan kompensasiya məbləği müəyyən edilərkən analoji mübahisələr artıq üzrə təşəkkül tapmış məhkəmə təcrübəsinə istinad edilməsi tərəflərin mənafelərinə uyğun və ədalətli olmuşdur. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması nə iddiaçı, nə də cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh orqan tərəfindən mübahisəli ərazi üzrə digər iki şəxslə-X9 və X5 ilə alqı-satqı müqavilələri bağlanaraq onlara kompensassiya ödənildiyində istinad etsə də, işin araşdırılan hallarından görünür ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə həmin şəxslərlə bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilmiş və onlara ödənilən kompensassiya məbləğlərinin geri qaytarılması qət edilmişdir. Belə olduğu halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.9-cu maddəsində təsbit olunduğu kimi, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyeklərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246-cı maddəsinin müddəalarına (24.1- 246.5) əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqına qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir (246.1). Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır (246.2). Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir (246.3). Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər (246.4). Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir (246.5) Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konsitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə yekun olaraq bu qənaətə gəlir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-19132019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar