Məhkəmə qərarları › İş №2-1(103)-451/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-451/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-451/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1956-cı il tarixində ünvan 1ində anadan olmuş, Tərtər rayonu, Hüsənli kəndi ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2-1(112)-9955/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 31.08.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsini, 23.11.1975-ci ildən 12.12.1977-ci ilədək (2 il 19 gün) keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmət müddətinin, 1972-1974-cü illərdə (3 il) Tərtər rayonunun sabiq “İliç” adına kolxozda üzvlük əsasında kolxozçu, 06.07.1978-ci ildən 28.07.1998-ci ilədək (20 il 22 gün) Tərtər rayonunun “M.Ə.Sabir adına Narçılıq sovxozu”nda qoyun və mal fermasında çoban işlədiyi müddətlərin, ümumilikdə 01.01.2006-cı ilədək 25 il 1 ay 8 gün ümumi, 20 il 17 gün güzəştli şərtlərlə iş stajını ona pensiya hüququ verən sığorta stajı kimi hesablanması və güzəştli şərtlərlə pensiya hüquququn yarandığı 01.01.2006-cı il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan indiyədək verilməli olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuşdur. 1972-1974-cü illərdə (3 il) Tərtər rayonunun sabiq « İliç» adına kolxozda üzvlük əsasında kolxozçu işləmiş, 23 noyabr 1975-ci ildən 12 dekabr 1977-ci ilədək (2 il 19 gün) keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 06 iyul 1978-ci ildən 28 iyul 1998-ci ilədək ( 20 il 22 gün ) isə Tərtər rayonunun «M.Ə.Sabir adına Narçılıq sovxozu»nda qoyun və mal fermasında çoban işləmiş, 01.01.2006-cı ilədək 25 il 1 ay 11 gün ümumi iş (sığorta) stajına, 20 il 17 gün isə xüsusi ( mal və qoyun fermasında çoban) iş (sığorta) stajına malikdir. Qeyd olunan bütün əmək fəaliyyəti əmək kitabçasında olmasa da müvafiq arxiv arayışları ilə təsdiq edilmişdir. Beləliklə, arxiv arayışına və digər sənədlərə əsasən o, 01.01.2006-cı ilədək 25 il 1 ay 11 gün ümumi, 20 il 17 gün güzəştli şərtlərlə iş stajına malikdir. Hesab edir ki , 01.01.2006-cı il tarixədək 25 il 1 ay 11 gün ümumi, 20 il 17 gün güzəştli şərtlərlə əmək stajına malik olduğundan 01.01.2006-cı ildən qüvvəyə minmiş « Əmək pensiyaları haqqında » Azərbaycan Respublikasının 07.02.2006-cı il tarixli 54- İİİQ№-li Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 3 (üç) mühüm şərtdən ( 60 yaşına çatmaq, azı 25 il ümumi iş stajına malik olmaq və bu müddətin azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və digər olan işlərdə işləmək ) ikisi ( azı 25 il ümumi iş stajına malik olmaq və bu müddətin azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və digər olan işlərdə işləmək) mövcud olmuş, üçüncü şərt olan 60 yaşına çatmaq isə 01.01.2016-cı il tarixdə mövcud olmuşdur. Ona görə də yaranmış pensiya hüququndan istifadə edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə bir neçə dəfə ərizə ilə müraciət etsə də cavabdeh ona güzəştli şərtlərlə pensiya hüququ verən iş yerinin arayışının və əmək kitabçasının əslinin təqdim edilməməsi əsası ilə müraciətinə baxmamışdır ki, o, da bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir. Belə ki, onun iş yerindən Arxiv arayışlarından göründüyü kimi 1998-ci ildə ləgv olunduğundan və əmək kitabçası olmadığından o, nə əmək kitabçasının əslini, nə də güzəştli şərtlərlə pensiya hüququ verən iş yerinin arayışını təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə işin bu faktiki hallarını və qanunvericiliyi əsas tutaraq onun 01.01.2006-cı ilədək 25 il 1 ay 8 gün ümumi, 20 il 17 gün güzəştli şərtlərlə iş stajına malik olmağını nəzərə alıb cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, 23.11.1975-ci ildən 12.12.1977-ci ilədək (2 il 19 gün) keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmət müddətinin, 1972-1974-cü illərdə (3 il) Tərtər rayonun sabiq « İliç» adına kolxozda üzvlük əsasında kolxozçu, 06.07.1978-ci ildən 28.07.1998-ci ilədək (20 il 22 gün) Tərtər rayonunun «M.Ə.Sabir adına Narçılıq sovxozu»nda qoyun və mal fermasında çoban işlədiyi müddətlərin, ümumilikdə 01.01.2006-cı ilədək 25 il 1 ay 8 gün ümumi, 20 il 17 gün güzəştli şərtlərlə iş stajını ona pensiya hüququ verən sığorta stajı kimi hesablanması və bu əsasla da güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 01.01.2016-cı il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan indiyədək verilməli olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanıb birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxaracaqdır. Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2-1(112)-9955/2021 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021ci il tarixli, 2-1(112)-9955/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9- cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 8.5-ci bəndində qeyd edilmişdir ki, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Hazırkı işin hallarından görünür ki, cavabdeh iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq 06.08.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: şəxsiyyət vəsiqənizin surəti; ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçası, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağınıza dair iş yerinin arayışının əsli; pensiya təyin edilməsi ilə bağlı ərizə. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən müvafiq sənədlər tam şəkildə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsində mahiyyət etibarilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etsə də, məhkəməyədək pensiya təyinatı orqanına qanunvericiliyə uyğun olaraq tələb edilmiş sənədləri tam şəkildə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normalara əsasən hesab edir ki, məhkəməyədək pensiya təyinatı orqanına qanunvericiliyə uyğun olaraq tələb edilmiş sənədləri tam şəkildə təqdim etmədiyindən hazırkı iddiaya inzibati icraat qaydasında baxıla bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı pensiya təyin edilməsi ilə bağlı ərizə ilə birlikdə şəxsiyyət vəsiqəsinin surətini, ümumi iş stajını təsdiq edən sənədlərin əsllərini (əmək kitabçası, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının əslini cavabdeh inzibati orqana təqdim etməli, xahişi təmin edilmədiyi təqdirdə yenidən məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2-1(112)-9955/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar