Məhkəmə qərarları › İş №2-1(103)-451/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-451/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-451/2023 15.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-266/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (indiki adı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı ünvan 1i ünvanında yerləşən 269J saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 1994-cü ilə dair sərəncamlar kitablarında olan 862 nömrəli, xx.xx.1994-cü il tarixli “Bağ sahəsinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” sərəncamından çıxarışda Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il tarixli, 195 nömrəli qərarına əsasən iddiaçıya 89 nömrəli bağ tikinti kooperativinin tərkibində Göradil qəsəbəsində 269j nömrəli bağ sahəsi ayrılmışdır. Bağlar Təsərrüfatı İdarəsinin Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən verilmiş 40 nömrəli orderdən də görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 862 nömrəli qərarına əsasən iddiaçıya Göradil bağlar sahəsində 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 269j nömrəli bağ sahəsi ayrılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-3849/2017 nömrəli qərardadından görünür ki, iddiaçı qonşuları X5, X4 və X9 ilə bərabər "xxxx" ASCyə qarşı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2930 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə tədbirlər planı”na əsasən Bakı şəhərinin şimal hissəsindən, o cümlədən Biləcəri, Corat, Sumqayıt istiqamətində CoratGoradil hissəsində avtomobil yolunun tikintisi altına düşən iddiaçılara məxsus torpaqların dövlət ehtiyacları üçün alınmasına görə onlara vurulmuş maddi və mənəvi ziyanınəllərindən alınmış torpaqların hər bir 100 kv.m. görə 6000 manat, uçurulmuş hasarların hər bir kv.m.görə 20 manat, darvazaların hər birinə görə 1000 manat məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bu da onu göstərir ki, o 2017-ci ildə mülkiyyətçi kimi pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2020-ci ildə ünvan 2i ünvanında yerləşən 269j nömrəli bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və onun müraciətinə qanunsuz imtina cavabı verilmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-266/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi ünvanında yerləşən 269J saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən 269j saylı bağa dair 40 nömrəli orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilmədi. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi arasında uyğunsuzluq vardır, belə ki, “269j” saylı bağ sahəsinə heç bir aidiyyəti yoxdur. Həmçinin göstərilən sahə Fövqəladə Hallar Nazirliyinin adma verilmiş **********1531 nömrəli kadastr planı ilə üst-üstə düşür. Göstərilən torpaq sahəsinə X4 384p nömrəli bağ sahəsi kimi müraciət etmişdir (qeyd olunan müraciət əsasında vətəndaş məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (112)-1105/2021 nömrəli qərarı ilə iddiaçı X1 iddia tələbi təmin edilmişdir. Müvafiq məhkəmə qərarından cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir.). Bundan əlavə torpaq sahəsi sənədlə 1200.0 kv.m olsa da, faktiki 1175.0 kv.m təşkil edir və təqdim edilmiş etibarnamədə yalnız 600.0 kv.m torpaq sahəsi üzərində əməliyyat aparılması qeyd olunmuşdur. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsi yekun mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “ iddiaçı Bağlar Təsərrüfatı İdarəsinin Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən verilmiş 40 №li orderə əsasən və Bakı şəhər İcra Hakimiyyətinin 15 iyun 1994-cü il tarixli, 862 nöməli qərarına əsasən sahəsi 0,12 ha olan 269j saylı bağ sahəsinin üzərində mülkiyyət hüququnu əldə etmişdir, odur ki, yuxarıda qeyd edilən normalara əsasən iddiaçının qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını cavabdehdən tələb etmək hüququ mövcuddur. Cavabdehin etirazında göstərilən əsaslara (sözügedən sahəyə digər fiziki şəxs tərəfindən müraciət edilmişdir, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə mövcud deyildir, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən 384p nömrəli bağ digər fiziki şəxsin adına təkrarlanır və bağ sahəsinə dair İdarə tərəfindən təqdim edilmiş arxiv arayışında bağ sahəsinin nömrəsi 384p olduğu halda İdarənin arxivində saxlanan nüsxədə bağ sahəsinin nömrəsi 384n kimi qeyd edilmişdir, elektron kadastr məlumat bazasına əsasən göstərilən ümumi əraziyə digər hüquqi şəxsin adına ləğv edilmiş DTXK tərəfindən kadastr planı verilmiş və sözügedən sahə həmin kadastr planı ilə üst-üstə düşür) gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdehin etirazı ziddiyyətli və məntiqə uyğun deyildir, belə ki, əvvəla qeyd edilən sahə ilə əlaqədar müraciət edən şəxsin hüquqmüəyyənedici sənədləri, həqiqətən də müraciət etməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir, digər tərəfdən əgər cavabdehin göstərdiyi kimi iddiaçıya ayrılmış torpaq sahəsinin nömrəsi sxematik xəritədə mövcud deyildirsə o zaman cavabdeh tərəfindən bağ sahəsinin 384 n olması və iddiaçının bağ sahəsinin koordinatları ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaqların eyni olmasının hansı koordinatlar əsasında müəyyən edilməsi aydın deyildir, bu səbəbdən də məhkəmə həmin dəlili əsaslı hesab etmir, eyni zamanda təqdim edilmiş mütəxəssis rəyinə və ekspertiza rəyinə əsasən İddiaçı iddia etdiyi və naturada göstərdiyi Göradil bağlar sahəsində hazırda istifadəsində olan torpaq sahəsinə hər hansı hüquqi və fiziki şəxsə torpaq sahəsinin verilməsi və qeydiyyatdan keçməsi və hər hansı şəxsin torpaq sahəsi ilə üstüstə düşməsi barədə məlumat aşkar edilməmişdir, mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatlarına əsasən elektron bazada bu torpaq sahəsinə Fövqəladə Hallar Nazirliyinin adına kadastr planının verilməsi barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə kadastr planının təqdim edilməməsi səbəbindən İddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısının 862 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ilə ayrılmış və hazırda iddiaçının istifadəsində olan Göradil bağlar sahəsində 89 nömrəli BTK nəzdində yerləşən 0,12 hektar torpaq sahəsin koordinatları ilə Fövqəladə Hallar Nazirliyinin adına tərtib olunmuş kadastr planındakı torpağın üst-üstə düşüb-düşməməsi müəyyən etmək mümkün olmamışdır. Məhkəmə o halı da qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş Göradil bağ sahələrinin sxematik xəritəsində Fövqəladə Hallar Nazirliyinin adına torpaq sahəsi qeyd edilməmişdir, habelə iddiaçının iddia etdiyi torpaq sahəsinə dair başqa hər hansı bir hüquqi və fiziki şəxsin adına hüquqmüəyyənedici sənədlərin mövcud olması və ya hər hansı bir məhkəmə mübahisəsinin icraatda olmasına dair sübutlar da cavabdeh tərəfindən təqdim edilməmiş, belə bir sübutlar haqqında məlumat məhkəməyə verilməmişdir” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir. İş materiallarında olan sənədlər: -Cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubuna əsasən ərizədə göstərilmiş bağ sahəsinə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və məlum olmuşdur ki, sözügedən sahəyə digər fiziki şəxs tərəfindən müraciət edilmişdir. Eyni zamanda bildirilmişdir ki, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə mövcud deyildir. Bundan əlavə 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən 384p nömrəli bağ digər fiziki şəxsin adına təkrarlanır və bağ sahəsinə dair İdarə tərəfindən təqdim edilmiş arxiv arayışında bağ sahəsinin nömrəsi 384p olduğu halda İdarənin arxivində saxlanan nüsxədə bağ sahəsinin nömrəsi 384n kimi qeyd edilmişdir. Elektron kadastr məlumat bazasına əsasən göstərilən ümumi əraziyə digər hüquqi şəxsin adına ləğv edilmiş DTXK tərəfindən kadastr planı verilmiş və sözügedən sahə həmin kadastr planı ilə üst-üstə düşür. Göstərilən əsaslarla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bağlar Təsərrüfatı İdarəsinin Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən verilmiş 40 №li orderə əsasən İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 15 iyun 1994-cü il tarixli, 862 nöməli qərarına əsasən Göradil bağlar sahəsində 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 269J nömrəli bağ ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli arxiv arayşına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1994-cü il tarixli sərəncamlar kitabında aşağıdakı sərəncam vardır: “sərəncam № 862 (çıxarış, xx.xx.1994-cü il “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda (bağ məsələləri üzrə komissiya yığıncağının xx.xx.1994cü il tarixli 59 nömrəli protokolu). Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il, 6/333 №li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №li qərarlarına əsasən: Aşağıdakı vətəndaşlara bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılsın: 3.40.İddiaçı o. Göradil BTK №89, bağ 269j.” Cavabdehin xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərə əsasən 89 nömrəli BTK nəzdindəki bağların sxematik xəritəsi və iddiaçının adına verilmiş 40 nömrəli orderin surətləri cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən idarənin elektron kadastr baza məlumatlarına əsasən mövcud vəziyyətdə göstərilən torpaq sahəsinin 2/3 hissəsi Fövqəladə Hallar Nazirliyinin adına verilmiş **********1531 nömrəli kadastr planının baza məlumatı ilə və vətəndaşlar X8, X1, X6 müraciətləri ilə üst-üstə düşür. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiacı İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 15 iyun 1994-cü il tarixli, 862 nöməli qərarına əsasən Göradil bağlar sahəsində 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 269J nömrəli bağın ayrılması mübahisə olunmur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh imtinanın və apellyasiya şikayətinin dəlili kimi iddiaçının fərdi-müəyyən əşya kimi “göstərdiyi”, “iddia etdiyi” torpaq sahəsinin uyğunsuzluğuna istinad edir. Yəni iddiaçıya “yerləşmə vəziyyətinə görə” ayrılmış bağ sahəsi (deməli, həm də torpaq sahəsi) “269 J” saylı bağ sahəsi olduğu halda, o, hazırkı məzmunda iddia tələbi ilə faktiki olaraq “yerləşmə vəziyyətinə görə” digər bağ (torpaq) sahəsinə - “384 p” saylı bağ sahəsinə iddia edir və bölgü sxemində məhz “384 p” nömrəsi ilə qeyd edilmiş bağın yerləşdiyi torpaq sahəsi üzərində “269 J” saylı bağ sahəsi kimi hüquqlarının qeydə alınmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Göründüyü kimi, torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması cavabdehin vəzifələrinə aid edilmişdir. İş materiallarında olan sxematik xəritədə olan bağlar sırasında Bakı şəhər İcra Hakimiyyətinin 15 iyun 1994-cü il tarixli, 862 nöməli qərarı ilə iddiacının qanuni istifadəsinə ayrılmış Göradil bağlar sahəsində 89 nömrəli BTK nəzdində ayrılmış 0,12 hektar torpaq sahəsi olan “269 J” saylı bağ sahəsi öz əksini tapmamışdır. Eyni zamanda, cavabdehin məktublarından və müayinə protokolundan, həmcinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3849/2017 nömrəli qərardadından aydın olur ki, iddiaçı ona ayrılmış bağ sahəsinin faktiki ərazisi olaraq müxtəlif yerləri göstərmişdir. Bütün bunlar onu deməyə əsas veriri ki, iddiaçı özüdə ona ayrılmış torpaq sahəsinin harada yerləşməsini dəqiq bilmir. Belə olan halda, sxematik xəritədə öz əksini tapmayan və dəqiq yeri məlum olmayan bağ sahəsinə münasibətdə uyğunsuzluğun aradan qaldırılması halı da mövcud deyildir. Yuxarıda qeyd edildiyi kimi iddiacı faktiki olaraq “yerləşmə vəziyyətinə görə” digər bağ (torpaq) sahəsinə - “384 p” saylı bağ sahəsinə iddia edir. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən faktiki göstərilən torpaq sahəsi, yəni 384 p (arxiv sənədlərinə əsasən “384 n) saylı bağ sahəsi isə mübahisəli sahə olmaqla yanaşı, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin sanatoriyasının tikintisi üçün ayrılmış sahənin daxilində yerləşir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 0/4592 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “... iddiaçının iddia etdiyi və naturada göstərdiyi Göradil bağlar sahəsində hazırda istifadəsində olan torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. ... elektron bazada bu torpaq sahəsinə Fövqəladə Hallar Nazirliyinin adına kadastr planının verilməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən isə həm kadastr planının təqdim edilməməsi səbəbindən İddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısının 862 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ilə ayrılmış və hazırda iddiaçının istifadəsində olan Göradil bağlar sahəsində 89 nömrəli BTK nəzdində yerləşən 0,12 hektar torpaq sahəsinin koordinatları ilə AR Fövqəladə Hallar Nazirliyinin adına kadastr planının üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.” İşdən görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən AR Fövqəladə Hallar Nazirliyinin adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü, həmçinin digər sənədlər – Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 348 saylı sərəncamı, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş 08/140 saylı, 2008-ci il tarixli ayrıc aktı iş materiallarına əlavə edilmişdir. Qeyd edilənləri nəzərə alan Kollegiya mübahisənin apellyasiya qaydasında tam və hərtərəfli araşdırılması üçün Bağlar Təsərrüfatı İdarəsinin Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən verilmiş 40 №li orderə və Bakı şəhər İcra Hakimiyyətinin 15 iyun 1994-cü il tarixli, 862 nömrəli qərarına əsasən İddiaçı ayrılmış olan bağ sahəsinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan-ölçüsü və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş 08/140 saylı, 2008-ci il tarixli ayrıc aktına uyğun olaraq AR Fövqəladə Hallar Nazirliyinə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi barədə 2-1(103)-3190/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardad qəbul etmişdir. Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 10/4793 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1175,0 kv.m təşkil edir (şərti sərhədli). Torpaq sahəsinin üzərində tikili yoxdur. Sahə mübahisəlidir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi **********1531 nömrəli (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı daxilində, bütöv hissəsi isə xx.xx.2008-ci il tarixli, 7/1691/4 saylı sərəncamla Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin sanatoriyasının tikintisi üçün ayrılmış sahə daxilində yerləşir. Göstərilən torpaq sahəsinə digər fiziki şəxs və qurumların müraciətləri olmuşdur. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsi Fövqaladə Hallar Nazirliyinin sanatoriyasının tikintisi üçün ayrılmış sahəyə düşür. Birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsbedən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda bunları etməmiş, yerləşdiyi yer məlum olmayan və sxematik xəritədə göstərilməyən bağ sahəsinə münasibətdə Bakı şəhər İcra Hakimiyyətinin 15 iyun 1994-cü il tarixli, 862 nömrəli qərarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə uyğun olması əsası ilə iddianı təmin edərək, icra edilmək keyfiyyətinə malik olmayan əsassız qərar qəbul etmişdir. İnzibati-Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki iş üzrə inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğu öz təsdiqini tapmış, iddiaçı isə bunun əksini iddia etsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-266/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması”na dair iddia tələbi təmin edilməsin. İddiaçıdan aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar