Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-451/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9690/2023 saylı, 09 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019 tarixli, **********187403 saylı qərarının ləğv olunmasını xahiş etmişdir . İddia ərizəsində qeyd edilmişdir ki, səyyar vergi yoxlaması fərdi sahibkarın və onun nümayəndəsinin, vəkilinin və mühasibinin iştirakı olmadan keçirilmişdir. Bundan əlavə, yoxlama zamanı verilən ekspert rəyi mötəbər deyildir. Belə ki, iddiaçının icarəyə götürdüyü obyektin vəziyyəti (pəncərələrinin olmaması), obyektə gələn müştərinin sayının az olması (yaxınlıqda digər böyük restoranların olması səbəbindən) nəzərə alınmamış, nəticədə qeyd edilən hallara görə icarə haqqının daha aşağı olması qəbul edilməmiş, əsassız olaraq bazar qiyməti tətbiq edilməklə əlavə vergilər hesablanmışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı yoxlama zamanı nümayəndəsinin (həmçinin özünün) iştirakının təmin edilmədiyini qeyd etsə də, həm 7.12.2018-ci il tarixli, **********170897 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərar, həm də 7.12.2018-ci il tarixli, **********170900 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" tələbnamə fərdi sahibkar tərəfindən şəxsən imzalanmışdır. Bundan əlavə, vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi obyektə xx.xx.2019-cu il tarixdə baxış keçirilmiş və baxış zamanı vergi ödəyicisinin icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi obyektin sahəsinin 145.8 kvadrat metr olmasına baxmayaraq, icarə müqaviləsində olan sahə azaldılaraq 48.0 kvadrat metr yazılmaqla, vergi orqanındakı qeydiyyat məlumatlarının saxtalaşdırıldığı müəyyən olunmuşdur. Həmçinin yoxlanılan dövrdə icarə qiymətlərinin bazar qiymətlərindən 30 faizdən çox aşağı olduğu müəyyən edildiyindən iş üzrə xx.xx.2019-cu il tarixli **********180769 saylı "Ekspertizanın təyin edilməsi haqqında" qərar çıxarılmış və keçirilmiş ekspertiza barədə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinin eksperti tərəfindən xx.xx.2019-cu il tarixli “ekspert rəyi” tərtib olunaraq yoxlamaya təqdim edilmişdir. İddiaçı iddia ərizəsində ekspert rəyi ilə müəyyən olunmuş daşınmaz əmlakın icarə məbləğinin qərəzli və əsassız olduğunu, mənbəyi bəlli olmayan məlumatlardan istifadə edilməklə yazıldığını, obyektin zirzəmidə yerləşməsinin və obyektin texniki göstəricilərinin zəif olmasının rəydə nəzərə alınmadığını əsas gətirsə də, ekspertizanın keçirilməsi zamanı ekspert tərəfindən sərbəst formada obyektə baxış keçirilmiş, obyektin zirzəmidə yerləşməsi və obyektin texniki göstəriciləri barədə məlumatlar rəydə qeyd olunmaqla nəzərə alınmışdır. Eyni zamanda, ekspert rəyinə əlavə edilmiş icarə haqlarına dair reklam məlumatlarından biri 2015-ci ilin avqust ayına, biri 2016-cı ilin iyun ayına, ikisi 2017-ci ilin mart və avqust ayına, eləcə də digəri isə 2018-ci ilin fevral ayına aid olub yoxlama dövrünü əhatə edir. Həmin məlumatlardan görünür ki, qeyd olunan obyektlər üzrə 1 kvadrat metrin icarə haqqı 2015-ci il üzrə 23.0 manat, 2016-cı il üzrə 20.90 manat, 2017- ci il üzrə 28.4 manat və 22.70 manat və 2018-ci il üzrə isə 20.0 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, ekspert rəyi ilə isə yoxlanılan dövr üzrə obyektin aylıq icarə haqqı 2500.0 manat götürülməklə 1 kvadrat metr üçün 17.15 manat (2500.0 manat / 145.8 kv.m) müəyyən olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-102/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli (hakim E.Ə.Əliyev) qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019 tarixli, **********187403 saylı qərarı ləğv edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1888/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)- 1922/2022 nömrəli iş üzrə, xx.xx.2022-ci il tarixli qərarı ilə (K.N.Bədəlov /məruzəçi/, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2022-ci il tarixli qərarı ləğv edilməsi və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1520/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9690/2023 saylı, 09 avqust 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri X6 üzrə Baş İdarəsinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019 tarixli, **********187403 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9690/2023 saylı, 09 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Ali Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərarın qəbulu zamanı müəyyən illər üzrə vergi hesablanarkən Vergi Məcəlləsinin 85.4 və 55.1.5-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019 tarixli, **********187403 saylı qərarı ilə 2015-ci ilin sadələşdirilmiş vergisi, 2015-2016-cı illərin ödəmə mənbəyində vergisi hesablanarkən Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbi (Vergi orqanlarının vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququ vardır), eyni zamanda, 2016-2017-ci illərin sadələşdirilmiş vergisi hesablanarkən Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələbi (hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən haldır) nəzərə alınmamış, əsassız olaraq 3 illik müddət ötürülməklə əlavə vergilər hesablanmış, həmçinin artıq ödəmələr nəzərə alınmadan maliyyə sanksiyası azaldılmış məbləğə münasibətdə tətbiq edilmişdir. Bundan əlavə, işə baxan aşağı instansiya məhkəmələri iddia tələbini təmin edərkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 38-ci maddəsindəki prosessual müddətlərin tələblərinin gözlənilməməsinə istinad etmişlər. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olan redaksiyasına əsasən, yoxlamanın keçirilmə müddəti və uzadılma müddəti müvafiq olaraq 30 gün , 90 gün olaraq göstərilmişdir. Vergi orqanı hesab edir ki, “gün” dedikdə təqvim günü deyil, iş günü nəzərdə tutulur. Eyni zamanda, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Qanunla edilən dəyişikliyə əsasən, “gün” sözü “iş günü” ilə əvəz edilmişdir. Vergi orqanı Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 38.4-cü maddəsi ilə əlaqəli şəkildə təhlil edilməli olduğunu, eyni zamanda qanunvericilikdə edilən dəyişikliyin dəqiqləşdirmə xarakterli olduğunu iddia etsə də, qeyd olunmalıdır ki, Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Odur ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində qanunvericinin hüquqi marağı mübahisəli qərarın qəbul edildiyi vaxt tam aydın təsbit olunmamışdır. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yalnız 38.2-ci maddəsinin tələblərinin düzgün tətbiq edilməməsi ilə bağlı məqama, yəni yoxlama müddətləri ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməməsi halına istinad etməklə iddianın təmin edilməsi ilə razılaşmır. Belə ki, İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən, ... inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da məhkəmə həmin inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir. Göründüyü kimi, inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda inzibati akt digər əsaslar üzrə yoxlanılmadan ləğv edilə bilər. Hazırkı iş üzrə isə, işə baxan aşağı instansiya məhkəmələri iddia tələbini təmin edərkən vergi orqanı tərəfindən inzibati icraatın qaydalarının pozulmasına (inzibati icraatla bağlı müddətlərin pozulması) istinad etsə də, yoxlama müddətlərinə riayət edilməməsinin mübahisələndirilən qərara təsirini əsaslandırmamışlar. Digər tərəfdən, işə baxan birinci instansiya məhkəməsi əgər vergi orqanı tərəfindən müddətlərə riayət edilməməsi halını qərarın ləğvi üçün kifayətedici əsas kimi hesab edirdisə, bu halda nə səbəblə vergilərin düzgün hesablanıb-hesablanmaması ilə bağlı ekspertiza təyin etməsi (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı) aydın deyildir. Yox, əgər, vergilərin hesablanmasının qanuniliyinin müəyyən edilməsi zəruri idisə, mötəbər ekspert rəyinin əldə edilməsi təmin edilməli idi. Beləliklə, birinci instansiya məhkəməsi ziddiyyətli məhkəmə araşdırması həyata keçirmiş, işə baxan apellyasiya instansiyası məhkəməsi də bu hallara qiymət veməmişdir. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi yoxlamanın müddətlərinə riayət edilməməsinin qərarın qəbuluna təsir edib-etməməsi halını yoxlamalı və qiymətləndirməli, qeyd olunan formal əsasın qərarın ləğvi üçün kifayət olmadığı nəticəsinə gəldiyi halda, təkrar ekspertiza keçirməklə (notarial müqavilələr əsasında keçirilməsi məqsədəmüvafiqdir) icarə haqqı ilə bağlı məsələni həll etməlidir. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Göründüyü kimi yuxarı instansiya məhkəməsinin göstərişi ondan ibarətdir ki, səyyar vergi yoxlaması üçün Vergi Məcəlləsində müəyyən edilmiş müddətə əməl edilməməsinin hazırda mübahisələndirilən qərara təsiri müəyyən edilsin. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Qanunun istinad edilən normalarından göründüyü kimi, qanunsuz inzibati akt o vaxt qəbul edilmiş hesab edilir ki, həmin akt - 1) inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş olsun; 2) maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş olsun. Vergi Məcəlləsinin (mübahisələndirilən qərarın qəbul edildiyi zaman qüvvədə olan redaksiyası): 38.2-ci maddəsinin tələbinə görə, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. 38.4-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2) Göründüyü kimi səyyar vergi yoxlamasının müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməsi şərti isə barəsində yoxlama aparılan vergi ödəyicisinin iş rejiminin gözlənilməsini tələb edir və həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi qanunverici bunu həmin normada birbaşa göstərərdi. Bu barədə hüquqi mövqe hazırkı iş üzrə kassasiya instansiya məhkəməsinin qərarında da əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətlərlə bağlı qeyd olunanlar, eyni ilə səyyar vergi yoxlamasının dayandırılmasına (təxirə salınmasına) və yoxlama müddətinin uzadılmasına (artırılmasına) da aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsinə əsasən «Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz». Həmin maddənin X hissəsinə əsasən «Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər». Birbaşa qüvvədə olan həmin normalara əsasən, Konstitusiyanın 71-ci maddəsinin İX hissəsinin nəzərdə tutduğu şəxslərdən fərqli olaraq dövlət orqanları, həmin orqanların vəzifəli şəxslərinin timsalında, yalnız o fəaliyyəti həyata keçirə və yalnız o hərəkətləri icra edə bilərlər ki (həm də müəyyən edilmiş qaydada və hüdudlarda), bunlar qanunda bilavasitə nəzərdə tutulmuş olsun. Qanunverici (yoxlamanın keçirildiyi dövrə münasibətdə) vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq səyyar vergi yoxlamasının müddətini (habelə, bu müddətin uzadılmasının və ya dayandırılmasının əsaslarını) Vergi Məcəlləsində dəqiq müəyyən etmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Beləliklə, mübahisələndirilən qərar “İnzibati icraat haqqında” Qanunun 61-ci maddələrinə görə qanunsuzdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən qüvvədə olan normalara görə, vergi orqanı tərəfindən yoxlama müddətlərinə riayət edilməmiş, bu isə yuxarıda qeyd edilənlərə əsasən qanunsuz inzibati aktın qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə qeyd edir ki, bu pozuntu formal prosessual pozuntu olmamaqla birbaşa icraatın aparılması ilə bağlı müəyyən edilmiş şərtlərin pozulması ilə nəticələnmiş, bu isə “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbinə görə qanunsuz inzibati aktın qəbul edilməsi ilə nəticələnmişdir. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli “Səyyar vergi yoxlaması aktı” müddəti ötürüldüyündən VM-nin tələblərinə zidd olaraq müddətinin artırılması və dayandırılması barədə qanunvericiliyin tələblərinə riayət edilməyərək, səyyar vergi yoxlamasının müddəti xx.xx.2019-cu il tarixdə bitməsinə baxmayaraq yoxlamanın müvəqqəti dayandırılması haqqında 1.02.2019-cu ildə, daha sonra xx.xx.2019-cu ildə, daha sonra xx.xx.2019-cu ildə, daha sonra xx.xx.2019-cu ildə, xx.xx.2019-cu ldə, daha sonra xx.xx.2019-cu ildə qərarlar qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə isə yoxlama müddətinin uzadılması ilə bağlı qərar çıxarılmışdır. Həmçinin VM-nin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində 49.1.1-ci maddəyə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarmalıdır. Lakin vergi orqanı Vergi Məcəlləsinin 49.1-ci maddəsinin tələblərini pozaraq, xx.xx.2019-cu il tarixli **********187403 saylı “vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixdə bitdikdən 180 gün sonra vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” qərar çıxarıldığından, VM-nin 49.5-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisələndirilən qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərarın qəbulu zamanı müəyyən illər üzrə vergi hesablanarkən Vergi Məcəlləsinin 85.4 və 55.1.5-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019 tarixli, **********187403 saylı qərarı ilə 2015-ci ilin sadələşdirilmiş vergisi, 2015-2016-cı illərin ödəmə mənbəyində vergi hesablanarkən Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbi (Vergi orqanlarının vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququ vardır), eyni zamanda, 2016-2017-ci illərin sadələşdirilmiş vergisi hesablanarkən Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələbi (hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən haldır) nəzərə alınmamış, əsassız olaraq 3 illik müddət ötürülməklə əlavə vergilər hesablanmış, həmçinin artıq ödəmələr nəzərə alınmadan maliyyə sanksiyası azaldılmış məbləğə münasibətdə tətbiq edilmişdir. Bundan başqa iş materiallarında olan icarə müqaviləsindən görünür ki, tərəflər arasında icarə müqaviləsi bağlanarkən icarədar (mülkiyyətçi) - X5 mülkiyyətində olan 145.8 kv.m qeyriyaşayış obyektinin 48 kv.m hissəsini iddiaçıya icarəyə vermişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən aparılmış yerində müayinə protokolundan müəyyən edilir ki, (İİ cild, iş v. 68-69) yerində müayinə keçirilərkən (xx.xx.2020-ci il tarixdə) qeyriyaşayış obyekti iki mərtəbəli olmuş, birinci mərtəbə zirzəmi – sahəsi 48 kv., ikinci mərtəbə mənzil – sahəsi 70.5 kv.m-dir. İkinci mərtəbədə yerləşən mənzilin mülkiyyətçisi X2r (Çıxarış təqdim edilmişdir). Yerində müayinə keçirilərkən hər iki mərtəbənin fəaliyyət göstərdiyi müəyyən edilmiş, lakin vergi orqanı tərəfindən ikinci mərtəbənin hazır olmadığı bildirilmişdir. Göründüyü kimi, iddiaçı ilə Aliyə Qasımova arasında bağlanmış icarə müqaviləsində 48 kv.m sahənin iddiaçıya icarəyə verilməsinə, həmçinin vergi orqanı tərəfindən səyyar vergi yoxlaması keçirilən zaman ikinci mərtəbənin hazır olmaması, fəaliyyət göstərməməsinə baxmayaraq vergi orqanı mübahisələndirilən qərarı qəbul edərkən 145.8 kv.metr sahəyə görə icarə haqqı hesablamışdır. Vergi orqanı tərəfindən qərar qəbul edilərkən istinad edilmiş ekspert rəyində də, qeyri-yaşayış obyektinin sahəsi 145.8 kv.metr kimi göstərilmişdir. Lakin nəzərə alınmamışdır ki, mənzil kimi göstərilən ikinci mərtəbəyə dair iddiaçı ilə həmin sahənin mülkiyyətçisi arasında hər hansı icarə müqaviləsi mövcud olmamış, zirzəmi mərtəbəsində yerləşən sahəyə dair icarə müqaviləsi isə 48 kv.m sahə ilə bağlı olmuşdur. Həmçinin qeyd edildiyi kimi, yoxlama zamanı ikinci mərtəbə hazır olmamış, fəaliyyət göstərməmişdir. İş üzrə təqdim edilmiş bütün mütəxəssis və ekspert rəylərində də, icarə haqqı hesablanarkən yalnız zirzəmi sahəsi deyil, ikinci mərtəbə adlanan mənzil də nəzərə alınmışdır. Bundan başqa cavabdeh inzibati orqan səyyar vergi yoxlaması zamanı adıçəkilən icarə müqaviləsində göstərilən icarə haqlarını deyil, “Azərekspertiza Birliyinin mütəxəssisləri tərəfindən müəyyən olunmuş qiymətləri əsas götürməklə və Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə istinad etməklə icarəyə verilmiş daşınmaz əmlakın dəyəri kimi hesab edərək, cəmiyyət tərəfindən yuxarıda göstərilən vergilərin azaldılması nəticəsinə gəlmişdir. Halbuki qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “...Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. ... Bu müddəalarla bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. Belə ki, Vergi Məcəlləsinin 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4cü maddəsinin, eləcə də qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyata aid 14.5-ci maddəsinin müddəalarının tətbiqi mümkün olmadıqda, vergi orqanı malın (işin, xidmətin) bazar qiymətini bu maddənin tələblərinə uyğun olaraq müəyyən edir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Həmin maddənin tətbiqi nəticə vermədikdə, sonrakı mərhələ kimi Vergi Məcəlləsinin 14.6.3-cü maddəsi müəyyən edir ki, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: sonrakı (təkrar) satış qiymətinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir (14.6.3.1-ci maddə); dəyərin toplanması üsuluna əsasən bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır (14.6.3.2-ci maddə); malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir (14.6.3.3-cü maddə). Ekspertin cəlb edilməsinə gəldikdə, Vergi Məcəlləsinin 44cü maddəsində və “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsində ekspertizanın keçirilməsi qaydası və bununla bağlı bir sıra təminatlar, o cümlədən ekspertin müqavilə əsasında cəlb edilməsi, müqavilədə səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyətinin nəzərdə tutulmasının mümkünlüyü, ekspertizanın maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı əsasında təyin edilməsi təsbit edilmiş, habelə ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanının həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini tanış etməyə və həmin şəxsin ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək və ekspertin rəyi ilə tanış olmaq daxil olmaqla Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borclu olduğu nəzərdə tutulmuşdur. Sözügedən Məcəllənin yuxarıda şərh olunan prosesin bütün mərhələlərinə şamil edilən və tutulmalı olan verginin müəyyən edilməsində vergi ödəyicisinin fəal iştirakının təzahürlərindən biri olan 14.8-ci maddəsinə əsasən isə vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır. Hazırkı işdən görünür ki, vergi orqanı 24 dekabr 2018-ci il tarixdə səyyar vergi yoxlamasına başlamış, 12 aprel 2019-cu il tarixdə isə ekspertiza keçirilməsi barədə qərar qəbul etmişdir. Lakin cavabdeh ekspertiza təyin edənədək daşınmaz əmlakın icarəsi üçün bazar qiymətinin müəyyənləşdirilməsinə ehtiyac olmasının müəyyən olunması istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır. Vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə qeyri-yaşayış obyektinin (bir hissədə isə mənzilin) bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Cavabdeh tərəfindən aparılan inzibati icraatda və iş materiallarında iddiaçı kimi fəaliyyət göstərən və iddiaçının əmlakına uyğun əmlakın icarəsi barədə heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. İnzibati orqanın qərarında onun bazar qiymətinin tətbiq etməsinin hər hansı konkret əsası barədə sənədlər, faktlar və ya sübutlar göstərilməmişdir. Konstitusiya Məhkəməsinin 13 mart 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. Əks yanaşma tərəflər arasında müqavilə azadlığı çərçivəsində bağlanmış və tələb və təklif əsasında müəyyən edilmiş qiymətin mötəbərliliyi prezumpsiyasına ziddir. Qeyd edildiyi kimi, əgər vergi orqanı mülki hüququnun subyektlərinin müqavilə azadlığından suiistifadəsinə istinad edirsə, bunu mötəbər sübutlarla təsdiq etməlidir. Həmçinin ekspertizanın keçirilməsi ilə bağlı Vergi Məcəlləsinin 44-cü maddəsində və “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsində qeyd edilmiş yuxarıda sadalanan prosedurlara əməl edilməsi müəyyən edilmir. Beləliklə, cavabdeh inzibati orqan həmin qanunvericiliyin və konstitusiya məhkəməsinin qərarında göstərilən tələblərə riayət etmədən birbaşa ekspert rəyi təyin etməklə həmin norma və qərarın müddəalarını pozmuşdur. Digər tərəfdən istinad edilən Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən qərarında “ekspert rəyi”, “ekspertlə bağlanan müqavilə”, “ekspertə məsuliyyət barədə xəbərdarlıq” ifadələrinin işlədilməsi onu göstərir ki, aparılmış ekspertiza “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun aparılmalı, cavabdeh istinad etdiyi rəy ekspert rəyi olmalı, aparılmış tədqiqat ekspertiza tədqiqatı olmalıdır. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun:
11. Ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının vətəndaşı məhkəmə eksperti ola bilər. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra - şəhadətnamə) almalıdır. Məhkəmə ekspertizası idarələrində fəaliyyət göstərən ekspertlərə dövlət məhkəmə eksperti şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən və özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs özəl məhkəmə eksperti şəhadətnaməsini almaq üçün müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə yanaşı aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidir: 1) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini; 2) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu; 3) xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu. Şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs şəhadətnamə almaq üçün həmin siyahıda olmayan sənəd təqdim etdikdə, həmin sənədin siyahıya daxil edilməsi məsələsi araşdırılır və bu sənəd siyahıya daxil edildiyi halda ona şəhadətnamə verilməsi üçün əsas qismində çıxış edir. Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməlidir. Təlimin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Müvafiq icra hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirir. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər 11-3. Müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatları Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələri) məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdir. Bu halda məhkəmə ekspertizası həmin şəxslərlə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə ekspertləri arasında bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş edən şəxslərin hesabına həyata keçirilir. Müqavilədə ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması barədə məlumatlandırıldığı onun imzası ilə təsdiq edilməlidir.
23. Məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər. Məhkəmə-tibb (məhkəməpsixiatriya), məhkəmə-ballistik, məhkəmə partlayış-texniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin məhkəmə ekspertizaları yalnız məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilir. Sadalanan normalardan göründüyü kimi, özəl ekspertiza faəliyyəti göstərmək üçün ekspert müvafiq tələblərə cavab verməli, müsahibədən keçməli, şəhadətnamə aldıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilməlidir. Yalnız bundan sonra şəxs ekspertiza aparmaqda və ekspert rəyi verməkdə səlahiyyətli şəxs ola bilər. Əks halda bu ekspert rəyi deyil, mütəxəssis rəyi hesab edilir və bu ekspert rəyini əvəz etmir. Baxılan işdə cavabdeh qərar qəbul edərkən istinad etdiyi rəyin ekspert rəyi, rəyi verən müəssisənin isə Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilməsi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası (Azərbaycan Respublikası TSP və ya Palata) mənfəətə iddiası olmayan, Azərbaycan Respublikasının milli iqtisadiyyatının inkişafına yardım edən müstəqil, qeyri-dövlət ictimai təşkilatdır. Azərbaycan Respublikası TSP hüquqi şəxsdir, ayrıca mülkiyyətə malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, vəzifələr daşıya bilər, məhkəmə, arbitraj və münsiflər məhkəməsində iddiaçı və cavabdeh ola bilər. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nəzdində 1994-cü ildə yaradılmış «Azərekspertiza» Birliyi çoxsahəli təşkilatdır. Öz Nizamnaməsini rəhbər tutaraq Birlik, hüquqi və fiziki şəxslərin sifarişi ilə və müvafiq orqanlarιn tapşırığına əsasən aşağıdakι işləri yerinə yetirir: - Daşınmaz, daşınar əmlakın və malların qiymətləndirilməsi. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən mübahisəli qərar qəbul edilərkən qeyriyaşayış obyektinin icarə haqqı müəyyən edilərkən istinad edilən rəyin verilməsi zamanı Vergi Məcəlləsinin 44-cü maddəsində, “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsində və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun sadalanan normalarında nəzərdə tutulmuş ekspertizanın keçirilməsi qaydalarına, o cümlədən ekspertin müqavilə əsasında cəlb edilməsi, müqavilədə səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyət barədə xəbərdarlıq edilməsi və s. yuxarıda sadalanan prosedurlara əməl edilməsi müəyyən edilmir. Bu isə təqdim edilən rəyin eskpert rəyi olmaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9690/2023 saylı, 09 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9690/2023 saylı, 09 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.