Məhkəmə qərarları › İş №2-1(103)-4511/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4511/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4511/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması barədə qərarın ləğv edilməsi, müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa olunması və ödənilməmiş fərqin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10570/2025 nömrəli, 21 avqust 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun barəsində əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3/-10377/2024 nömrəli qərarının ləğv edilməsi, müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa olunması və ödənilməmiş fərqin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin hesablama qaydası iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İddiaçı hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ləğv edilməli və müdaxilədən əvvəlki pensiya məbləği bərpa edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti adlanmaqla xx.xx.2022-ci il tarixli qanunla ləğv olunan ikinci cümləsi (Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır) 10 mart 2017-ci il tarixli Qanun ilə əlavə edilmiş və Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması qaydasım tənzimləyir. Odur ki, 10 mart 2017-ci il tarixli Qanun qüvvədə olduğu müddətdə 9-cu maddəyə əsasən yaşa görə pensiya hüququ yaranmış şəxslərə pensiya məhz qeyd edilən qaydada təyin edilməlidir və normanın (45-ci maddənin ikinci cümləsi) xx.xx.2022-ci il tarixli qanunla ləğv olunması həmin şəxslərə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına səbəb olmur. Bu qayda (artıq qeyd edilən qaydada təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasının yolverilməzliyi) keçid müddəalarında nəzərdə tutulmuş, nəzərdə tutulmasa belə, hüququn ümumi prinsipləri baxımından (qanunun özündə nəzərdə tutulmuş hallar istisna olmaqla) fərqli qaydanın tətbiqi istisna olunur. O ki, qaldı sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasına, müvafiq tənzimləmə məhz Qanunun 37.3.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, işləyən əmək pensiyaçılarına münasibətdə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud sığorta kapitalı əsasında yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (37.3.2-1-ci maddə isə Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin pensiyasının yenidən hesablanması üçün müraciəti şərtləndirir). Odur ki, ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi pensiyanın təyin edilməsini qaydasını müəyyən etdiyindən həmin normanın ləğvi ilə bağlı keçid müddəaları sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması şərtlərini müəyyənləşdirə, yəni normanın tənzimləmədiyi münasibətlərin ulktraaktivliyini şərtləndirə bilməz. Çünki ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz (yalnız) pensiyanın təyin edilməsi qaydasını tənzimləyir. Pensiyanın təyin edilməsi və yenidən hesablanması isə fərqli hüquqi hallar və tənzimləmədir. Yuxarıda qeyd edildiyi kimi norma tənzimləmədiyi münasibətlərə və faktlara münasibətdə ultraaktiv ola (yaşana) bilməz. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, “iddiaçının müraciəti əsasında onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 9 dekabr 2023-cü il tarixdən əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 713,53 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, əmək pensiyalarının 1 yanvar 2025-ci il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar hazırda iddiaçının əmək pensiyasının aylıq məbləği 758,93 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlaması üçün əsasdır. İddiaçı barəsində aparılan inzibati icraat zamanı Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında 09 dekabr 2023-cü il tarixdən əmək pensiyasının yenidən hesablanaraq 631 manat (xx.xx.2024-cü il tarixinə indeksləşdirilmə nəzərə alınmaqla 702,06 manat) məbləğində müəyyən edilməli olduğu halda, 713,53 manat (xx.xx.2024-cü il tarixinə indeksləşdirilmə nəzərə alınmaqla 793,45 manat) məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. Belə ki, Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş müddəasına əsasən Qanunun 9-cu maddəsinə uyğun olaraq, yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırıldı. Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin, həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Bu məsələ ilə bağlı nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə asılı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqana) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilik aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən Keçid müddəaları əlavə olunur. Həmin Keçid müddəalarının nəzərə alınmaması isə onun deklarativ xarakter daşımasına gətirib çıxarar. Eyni zamanda, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanma” ifadəsi adından da göründüyü kimi, ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. İddiaçıya xx.xx.2022-ci il tarixdən əvvəl xx.xx.2021-ci il tarixdə pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 96 aya (25409,28:96 ay (65 il-63 il=24 ay+(144 ay-72 ay))) bölünməli olduğu halda, 72 aya bölünmüşdür. Bu göstərilənlərlə əlaqədar olaraq İddiaçı təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli 3-17-1/3-3-10377/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 702,06 manat məbləğində müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Əlavə olaraq qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona 10 iyul 2024-cü il tarixində məktub göndərilməklə 25 iyul 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Ona dair mülahizələrin dinlənilməsi üçün Mərkəzi Filiala 23 iyul 2024-cü il tarixində nümayəndəsi iştirak etmişdir. Qəbul zamanı nümayəndəyə qanunvericiliyin tələbləri bildirilmiş və mülahizələrini dinlənərək tərtib edilmiş akt birgə imzalanmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Pensiyanın təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olundğu kimi hüquqa və haqqədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10570/2025 nömrəli, 21 avqust 2025-ci il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddianın təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyanın yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3/-10377/2024 nömrəli qərarının ləğv edilməsi, İddiaçı müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa olunması və ödənilməmiş fərqin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan etirazla eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki; - İddiaçıya xx.xx.2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya təyin edildikdən sonra əmək fəaliyyətinə davam etmiş, fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. - Cavabdehin 8.01.2024-cü il tarixli 3-17-1/3-3-89/2024 qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən (əmək pensiyası təyin olunduqdan sonra 6 il işlədiyinə görə) iddiaçının əmək pensiyası yenidən hesablanmış, əmək pensiyasının məbləği 366,67 manatdan 713,53 manata artırılmışdır. - Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/3-3/-10377/2024 nömrəli qərarı ilə 45-ci maddə tətbiq edilməklə, 8.01.2022-ci il tarixli, 3-17-1/3-3-89/2024 nömrəli qərarın etibarsız hesab edilməsi əsası ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış və əmək pensiyasının məbləği 793,45 manatdan 702,06 manata azaldılmışdır. İddiaçı hazırda cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3/-10377/2024 nömrəli qərarını mübahisələndirir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyə nəzər saldıqda aydın olur ki, xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə dəyişməz olmuş, 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Keçid müddəaları xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə əmək pensiyası (yaxud yenidən hesablama) hüququ yaranan, lakin həmin tarixdə deyil, sonradan əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması barədə qərar qəbul edilən şəxslərə yeni normanın şamil edilməməsini nəzərdə tutur. Nə qədər ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ xx.xx.2022-ci ilə qədər deyil, həmin tarixdən sonra yaranmışdır, deməli, iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir, qüvvədən düşmüş norma deyil. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq və işin hallarına qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, işin istinad olunan hallarından görünür ki, cavabdeh iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasının əsasını “Əmək pensiyaları haqqında” Qanununa 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə və həmin Qanunun keçid müddəalarına istinadla əsaslandırır. Cavabdehin mövqeyinə görə iddiaçının pensiyası, yığılmış pensiya kapitalına əsasən yenidən hesablanarkən səhvə yol verilmiş və “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi tətbiq edilməli olduğu, yəni pensiya kapitalı 96-ya bölünməli olduğu halda 72-yə bölünmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğu imperativ qaydada müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya kapitalı müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; hansı ki, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Hazırda mübahisənin yaranma səbəbi iddiaçının fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalının hesablanması zamanı qanunvericiliyin tətbiqi ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (xx.xx.2017-ci ildən qüvvəyə minən redaksiya) 45-ci maddəsinə əsasən Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (normanın birinci cümləsi). Buraya gözlənilən pensiya ödənişi müddəti, yəni 144 ay (12 il) daxildir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır (normanın ikinci cümləsi). Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır (normanın üçüncü cümləsi). 13 may 2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsinə dair 530-VİQD nömrəli Qanun qəbul edilmiş (həmin Qanun 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş) və Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Qanunun 45-ci maddəsinə dəyişiklik edilməsi ilə bağlı 530-VİQD nömrəli Qanununun Keçid müddəalarının 2.2-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Qanunvericiliyin tələbindən görünür ki, cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının hesablanmasına əsas olmuş keçid müddəaları 13 may 2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklər edilməsinə dair 530-VİQD nömrəli Qanun qəbul edilənə kimi təyin edilmiş əmək pensiyalarına tətbiq edilmişdir. İşin hallarından da məlum olduğu kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2017-ci il tarixdə təyin edilmiş, bu səbəbdən keçid müddəalarının onunla bağlı tətbiq edilməsi qanunvericiliyin tələbinə uyğundur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya) 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). ƏPQ-nin 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Yəni ƏPQ-nin 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: - xx.xx.2017-ci il tarixədək 144; - xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. İşdən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-89/2024 qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən (əmək pensiyası təyin olunduqdan sonra 6 il işlədiyinə görə) iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Lakin sonradan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3/-10377/2024 nömrəli qərarı ilə 8.01.2022-ci il tarixli, 3-17-1/3-3-89/2024 nömrəli qərarın etibarsız hesab edilmiş, xx.xx.2017-xx.xx.2022-ci illərdə qüvvədə olmuş 45-ci maddənin 2-ci cümləsini tətbiq edərək, gözlənilən pensiya ödənişi müddəti aylarının sayını güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırmışdır. ƏPQ-nin 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. Gözlənilən pensiya ödənişi müddəti pensiyaya çıxan şəxsin orta hesabla pensiya alacağı illərin sayını ifadə edir. Bu müddət statistik göstəricilərə əsaslanaraq müəyyən edilir və ölkədəki orta ömür uzunluğu, pensiyaya çıxma yaşı və digər demoqrafik faktorlarla əlaqəlidir. Bu göstərici əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur: 1. Pensiya kapitalının hesablanması – İşləyən şəxsin topladığı pensiya kapitalı onun gözlənilən pensiya ödənişi müddətinə bölünərək aylıq pensiya məbləği müəyyən edilir. 2. Pensiya sisteminin dayanıqlılığının təmin edilməsi – Dövlət və ya pensiya fondları pensiya ödənişlərini planlaşdırarkən, gözlənilən ömür uzunluğunu nəzərə alaraq sistemin maliyyə dayanıqlığını təmin edirlər. 3. Fərdi pensiya planlaşdırılması – Şəxslər pensiyaya çıxdıqda, onların yığılmış pensiya kapitalının nə qədər müddətə çatacağını hesablamaq üçün bu göstəricidən istifadə olunur. Qanunvericiliyin tələbindən göründüyü kimi, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Keçid müddəaları xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə əmək pensiyası (yaxud yenidən hesablama) hüququ yaranan, lakin həmin tarixdə deyil, sonradan əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması barədə qərar qəbul edilən şəxslərə yeni normanın şamil edilməməsini nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, iddiaçıya əmək pensiyası xx.xx.2017xx.xx.2022-ci il tarixlərdə, yəni xx.xx.2017-ci il tarixdə təyin edilmişdir. Bu səbəbdən cavabdeh inzibati orqan haqlı olaraq həmin vaxtı qüvvədə olan qanunun normasını ona münasibətdə tətbiq etmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin iddiaçının əmək pensiyasının xx.xx.2022-ci il tarixdən sonra yenidən hesanlanmasına istinad etməsi qanunvericiliyin tələbinə uyğun deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə cavabdeh kimi göstərilən inzibati orqanın hərəkətlərində hər hansı qanunsuzluq olmamış, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10570/2025 nömrəli, 21 avqust 2025-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10570/2025 nömrəli, 21 avqust 2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması barədə qərarın ləğv edilməsi, müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa olunması və ödənilməmiş fərqin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar