Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-452/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X29 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil Əhrəman oğlunun, Cavabdehin nümayəndəsi X24 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X48nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X16 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınması” haqqında iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7032/2023 nömrəli, 27 iyul 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X48nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 10d/3161d №li torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən "10d/3161d” saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisindəki sahəsi 0,12 ha olan 10d/3161d saylı bağ sahəsi uzun müddət onun və ailə üzvlərinin istifadəsində olmuşdur. O, həmin bağ sahəsinin ətrafına öz vəsaiti hesabına hasar çəkmişdir. 2007-ci ildə o, ərizə ilə Bakı şəhəri, X15 Birliyinin direktoruna müraciət edib Şüvəlan qəsəbəsi ərazisindəki sahəsi 0,12 ha olan 10d/3161d saylı bağ sahəsinin uzun müddət istifadəsində olmasını və həmin bağ sahəsini öz vəsaiti hesabına hasarlamasını nəzərə alıb həmin bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. Bundan sonra o, Bakı şəhəri, X15 Birliyi tərəfindən bağ növbəsinə qəbul olunmuş və Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 75 saylı Sərəncamına əsasən Bakı şəhəri, X15 İdarəsi tərəfindən Şüvəlan massivində yerləşən 10d/3161d saylı bağ sahəsinin ona icarəyə verilməsinə dair 02 mart 2007-ci il tarixli 39999 saylı icarə müqaviləsi bağlanmışdır. Lakin həmin müqavilənin rəisin imzası ilə imzalanmış və möhürü ilə təsdiq edilmiş surəti ona təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən ləğv olunmuş Bağlar Təsərrüfatı İdarəsinin arxivləri Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təhvil verilmişdir. O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə müraciət edərək qeyd olunan icarə müqaviləsinin bağlanmış hesab edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsindən ona müvafiq sənəd verilməsini xahiş etmişdir. Oradan isə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Bağlar Təsərrüfatı idarəsi ləğv olunmuş və bununla bağlı həmin idarənin arxivləri Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təhvil verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə Bağlar Təsərrüfatı İdarəsinin səlahiyyətləri verilməmişdir, onların icarə müqaviləsi bağlamaq və sair hüquqları yoxdur. Ona ayrılmış bağ sahəsi ilə bağlı tərtib edilmiş icarə müqaviləsi naməlum səbəbdən Bağlar Təsərrüfatı İdarəsinin rəisinin imzası və möhürü ilə təsdiq edilmədiyindən həmin müqavilənin verilməsi mümkün deyildir. Bundan sonra o, cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “vəzifəli şəxsin hərəkətləri (hərəkətsizliyindən) şikayətə" dair - Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən Şüvəlan massivində yerləşən 10d/3161d saylı bağ sahəsinə dair tərtib olunmuş xx.xx.2007-ci il tarixli 39999 saylı icarə müqaviləsinin təsdiq olunmuş surətinin ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə zamanı nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia predmetini dəyişərək Bakı şəhəri, Şüvəlan massivində yerləşən 10d/3161d saylı bağ sahəsinə dair İddiaçı adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli icarə müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 may 2008-ci il tarixli, 2(005)- 1114/2008 saylı qətnaməsi ilə iddia təmin edilərək, X15 və İstismarı Birliyi ilə İddiaçı arasında Şüvəlan ərazisindəki 10d/3161d saylı bağa dair tərtib edilmiş xx.xx.2007-ci il tarixli 39999 saylı icarə müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2008ci il tarixində qanuni qüvvəsini almışdır. O, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “10d/3161d” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciəti təmin olunmamış və bu barədə ona 27 yanvar 2023-cü il tarixli, 3-2133-30/2-2564/2023,**********64 saylı imtina məktubu ünvanlanmışdır. Hesab edir ki, imtina məktubunda qeyd olunanların heç bir əsası yoxdur. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Həmçinin torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyindən bağın naturada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən ərazidə heç bir bağçılıqyoldaşlığın ayrıc aktı mövcud deyil, koordinatlarla şərti göstərilən torpaq sahəsinin 347 kv. metr hissəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Torpaq sahəsinə digər fiziki şəxslərin (X13 və X20) müraciətləri qeydə alınmışdır. Həmçinin, xx.xx.2007-ci il tarixli, 39999 saylı müqavilə səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya **********64 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7032/2023 nömrəli, 27 iyul 2023-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə etirazla eyni məzmunda əsaslandırılmışdır və bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Həmçinin torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyindən bağın naturada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən ərazidə heç bir bağçılıqyoldaşlığın ayrıc aktı mövcud deyil, koordinatlarla şərti göstərilən torpaq sahəsinin 347 kv. metr hissəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Torpaq sahəsinə digər fiziki şəxslərin (X13 və X20) müraciətləri qeydə alınmışdır. Həmçinin, xx.xx.2007-ci il tarixli, 39999 saylı müqavilə səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də qismən əsaslı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: - İddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyəti X8 İnkişafı və İstismarı Birliyinə ünvanlanmış və xx.xx.2007- ci il tarixdə Birlik tərəfindən qeydə alınmış ərizədən (surəti) görünür ki, İddiaçı uzun müddət ərzində istifadə etdiyi Şüvəlan qəsəbəsi ərazisindəki sahəsi 0,12 ha olan bağı öz vəsaiti hesabına hasarladığının nəzərə alınmaqla bağlar ərazisindəki 10d/3161d saylı bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. - Bakı şəhər İcra Hakimiyyəti X8 İnkişafı və İstismarı Birliyinin İddiaçı ünvanlanmış xx.xx.2007-ci il tarixli məktubunda (surəti) göstərilmişdir ki, İddiaçı 41098 say nömrəsi ilə bağ növbəsinə qəbul edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısı X8 İnkişafı və İstismarı Birliyi ilə X7 arasında bağlanmış “Şüvəlan ərazisindəki 10d/3161d nömrəli bağın istifadəyə verilməsi haqqında” 39999 №-li xx.xx.2007-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi ərazisində 0,12 ha torpaq sahəsi olan 10d/3161d №-li bağ sahəsi X1 istifadəsinə verilmişdir. - Bakı şəhər X15 və İstismarı Birliyinin şöbə müdiri X34, mühəndis X35 və Şüvəlan (Şimal DRES) bağlar massivindəki 2546 a saylı ( müqavilə № 34681) bağın sahibi X25, 2544 a saylı (müqavilə № 34692) bağın sahibi X18 iştirakları ilə tərtib olunmuş xx.xx.2007ci il tarixli aktın surətindən müəyyən olunur ki, Şüvəlan bağlar sahəsində X2 adına bağ sahəsi təhkim olunması barədə X19 daxil olmuş ərizəsini yerində yoxlamaq üçün onun istifadə etdiyi Şüvəlan bağlar massivindəki 0,12 ha torpaq sahəsi olan 10d/3161 saylı bağ yerində olublar. Əraziyə baxışdan və onun üç nəfər qonşusunun - X25, X36 və X18 təsdiqindən müəyyən olunmuşdur ki, həqiqətən də vətəndaş X10 üzun müddətdir ki, birliyin boş balansında olan 10d/3161d saylı bağ istifadə edir və həmin bağ sahəsini hasara almış və bu sahəyə qonşuları ilə birlikdə öz vəsaitləri hesabına yol çəkmişdirlər. Ona görə də tərəflərindən bu akt tərtib olunmuşdur və aktın doğruluğunu imzaları ilə təsdiq etmişirlər. - Bakı şəhəri 7 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixdə təsdiq olunmuş Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 9a/3165a, 49a/3200a, 10d/3161d, 29/3180 və 10/3161 saylı Bağ sahəsinin bölgü sxemin surətindən müəyyən olunur ki, X21, X10, X30, X22 bölgü ilə razı olduqlarını, şikayət, etiraz və əlavələrinin olmadığını bildirmişlər. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1114/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, X15 və İstismarı Birliyi ilə X21 arasında Şüvəlan ərazisindəki 2544b saylı bağa dair tərtib edilmiş xx.xx.2007-ci il tarixli 39994 saylı icarə müqaviləsi və X15 və istismarı Birliyi ilə İddiaçı arasında Şüvəlan ərazisindəki 10d/3161d saylı bağa dair tərtib edilmiş xx.xx.2007-ci il tarixli 39999 saylı icarə müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qətnamədə aparılmış qeydə əsasən 2(005)-1114/2008 saylı xx.xx.2008-ci il tarixli qətnamə xx.xx.2008-ci il tarixdə qüvvəyə minmişdir. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı (etibarnamə üzrə nümayəndəsi X11) ünvanlanmış **********32 №-li, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, keçmiş X15 və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixli, 75 saylı Sərəncamı ilə Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər), Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 10d/3161d saylı bağ sahəsinin icarəyə verilməsinə dair İddiaçı adına xx.xx.2007-ci il tarixli, 39999 nömrəli müqavilə tərtib edilmişdir. Lakin müqavilə (hər iki nüsxəsi) səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Arxiv qovluğunda keçmiş X15 və İstismarı Birliyi ilə İddiaçı arasında Şüvəlan ərazisindəki 10d/3161d saylı bağa dair tərtib edilmiş xx.xx.2007-ci il tarixli 39999 saylı icarə müqaviləsinin bağlanmış hesab edilməsi barədə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(005)-1114/2008 nömrəli qətnaməsi mövcuddur. - DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X11 ünvanlanmış **********10 №-li, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla şərti göstərilən torpaq sahəsinin 347 kv. metr hissəsi X5 adına **********18- 11301 reyestr nömrəsi ilə Şüvəlan qəsəbəsi, 49a/3200a saylı bağ evi kimi xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 49a(49a/3200a) saylı bağ sahəsinə dair X12 adına verilmiş “Xəzər” bağçılıq yoldaşlığının üzvlük kitabçası mövcuddur. - DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 04/2856 inventar №-li texniki pasportun surətindən müəyyən olunur ki, Bakı şəhəi, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 49a/3200a ünvanında yerləşən bağ evinə dair X4 adına texniki pasport tərtib edilmişdir. Texniki pasportdan müəyyən olunur ki, faktiki torpaq sahəsi 0,12 ha, tikintialtı sahə 0,00275 ha, digər sahələr 0,11725 ha təşkil edir. - Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X48 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 49a/3200a ünvanında istifadəsində olan 0,0015 ha torpaq sahəsi üzərində yerləşən bağ evi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (**********8-11301 reyestr №-li) X4 adına qeyd edilmişdir. - X16 tərəfindən Bakı şəhəri 23 saylı notariat kontorunda verilmiş və notarial qaydada təsdiq olunmuş **********844 saylı ərizədən müəyyən olunur ki, X16 İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 10d/3161d saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmir. İşin faktiki hallarından görünür ki, iddiaçı hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısı X8 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış “Şüvəlan ərazisindəki 10d/3161d nömrəli bağın istifadəyə verilməsi haqqında” 39999 №li müqaviləyə istinad etməklə, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən "10d/3161d” saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında, iddia tələbinə etirazında və apellyasiya şikayətinin dəlillərində o hallara istinad etmişdir ki, torpaq sahəsi qonşu sahələrlə ümumi hasar daxilində yerləşir, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyindən bağın naturada yerləşməsini müəyyən etmək mümkün olmamışdır, elektron kadastr məlumatına əsasən göstərilən ərazidə heç bir bağçılıq yoldaşlığın ayrıc aktı mövcud deyil, koordinatlarla şərti göstərilən torpaq sahəsinin 347 kv.metr hissəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür, torpaq sahəsinə digər fiziki şəxslərin (X13 və X20) müraciətləri qeydə alınmışdır, həmçinin, xx.xx.2007-ci il tarixli, 39999 saylı müqavilə səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin ayrıc aktının mövcud olmaması dəlili ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan bu halı əsaslandıra bilməmiş, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, torpaq sahəsinin ayrıcının olmaması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasına daxil deyil. Bu səbəbdən həmin imtina əsası iddiaçının iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istisna edə bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Göründüyü kimi, bağ sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil etməsi, ayrıc aktından kənarda yerləşməsi iddiaçının idarəsindən asılı olan hal deyil, iddiaçı buna görə məsuliyyət daşımır. Cavabdeh qeyd olunan uyğunsuzluqla əlaqədar sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Ümumi hasar daxilində yerləşmə dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, sözügedən hal iddianın təmin edilməməsinə əsas verə bilməz. Məhkəmə kollegiyası həmçinin cavabdehin xx.xx.2007-ci il tarixli, 39999 saylı müqavilənin səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən X15 və istismarı Birliyi ilə İddiaçı arasında Şüvəlan ərazisindəki 10d/3161d saylı bağa dair tərtib edilmiş xx.xx.2007-ci il tarixli 39999 saylı icarə müqaviləsinin bağlanmış hesab edilməsi qət edildiyindən, cavabdeh orqan tərəfindən qeyd olunan əsas həmin müqavilənin etibarlılığını şübhə altına alan digər əsasların müəyyən olunmadığı təqdirdə, iddiaçının müqaviləyə əsaslanan hüququnun qeydiyyata alınmasından imtina üçün yetərli əsas sayıla bilməz. Apellyasiya şikayətinin “torpaq sahəsinin 347 kv.metr hissəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür” dəlilini əsaslı hesab edən kollegiya qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində iş üzrə araşdırma aparılarkən imtina əsaslarının araşdırılması məqsədilə mübahisəli torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi və onun bir hissəsinin iş üzrə üçüncü şəxs X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməmiş, həmçinin, iş üzrə mütəxəssis rəyləri alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3665/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, həmin torpaq sahəsinin naturada harada yerləşməsinin, həmin bağ sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə aidiyyəti qurumun mütəxəssisləri cəlb olunmaqla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X48 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi əsasında verilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6534 nömrəli ekspert rəyində aşağıdakılar müəyyən edilmişdir: Qərardadın birinci sualı üzrə: Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə eks olunmadığından və həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən, bağın dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. Faktiki bağ sahəsi qonşu bağlarla ümumi hasar daxilində yerləşir, ara sərhədləri şərtidir. Ümumi ərazidə 530.0 kv.m artıq torpaq sahəsi mövcuddur. Bağ sahəsinin bölgüsü ********** saylı, xx.xx.2016-ci il tarixli müraciət əsasında tərtib olunmuş bölgü sxeminə uyğun aparıldı (notarial qaydada imzalarla təsdiq edilmiş bölgü sxeminin surəti iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmişdir). Göstərilən torpaq sahəsi (bağ sahəsi) faktiki olaraq 1200.0 kv.m təşkil edir (üzərində natamam tikili mövcuddur). Faktiki göstərilən 1200,0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Məlumat üçün bildirilir ki, təqdim olunmuş bölgü sxeminə sonradan məhkəmə qətnaməsi əsasında düzəliş olunaraq 2544b saylı bağ sahəsi bölgü sxeminə əlavə olunub (bölgü sxemi ********** saylı müraciət əsasında tərtib olunub). İddiaçının nümayəndəsində həmin düzəliş olunmuş bölgü sxeminin notarial qaydada təsdiq edilmiş surəti yoxdur. Qeyd olunan bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından bağın naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmadı. Qərardadın ikinci və üçüncü sualları üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ümumi ərazi bağçılıq- yoldaşlıqlar üçün ayrılmış ərazilərdir. Lakin heç bir bağçılıq-yoldaşlıq ayrıc aktı daxilə düşmür. Ərazinin bir hissəsi (təqribən 347,0 kv.m) X11 aid **********1811301 reyestr nömrəsi ilə üst-üstə düşür. İş üzrə əldə edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinin sübuti əhəmiyyəti ilə bağlı kollegiya qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması kimi başa düşülür. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrıayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, sözügedən ekspert rəyinin mötəbərliyini şübhəyə alan məqamlar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, iddia olunan torpaq sahəsinin bir hissəsi, yəni 347,0 kv.m olmaqla X4 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur və həmin çıxarış ləğv edilməmişdir, iddiaçının iddia tələbi həmin hissəyə münasibətdə təmin edilə bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən, iddia olunan torpaq sahəsinin 347 kv.m-lik hissəsinin X4 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Birinci instansiya məhkəməsi araşdırma zamanı 3-cü şəxsin Bakı şəhəri 23 saylı notariat kontorunda verilmiş və notarial qaydada təsdiq olunmuş **********844 saylı ərizəsinə istinad etsə də, həmin ərizənin məzmununda qeyd edilir ki, X16 İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 10d/3161d saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmir, lakin bu hal qüvvədə olan çıxarışın nəzərə alınmaması anlamına gələ bilməz. Əgər qeyd edilən hal mövcuddursa, ilk öncə 3-cü şəxsin sözügedən 347 kvm hissəyə dair reyestr məlumatları dəyişməli, bir sözlə həmin hissədə qeyd (çıxarış) ləğv edilməli idi. Hazırki mübahisəyə baxılan zamanı qeyd edilən hal araşdırma predmeti ola bilməz. Göründüyü kimi, hüquqmüəyyənedici sənədlərinə əsasən ayrılmış bağ sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də, işin araşdırılması zamanı müəyyən olundu ki, bağ sahəsinin faktiki sahəsi daha azdır- ərazinin bir hissəsi (347,0 kv.m) X11 aid **********1811301 reyestr nömrəsi ilə üst-üstə düşür. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, X11 aid hissə çıxıldıqdan sonra yerdə qalan hissəyə, yəni 853,0 kv.m-ə münasibətdə İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir, şikayətin dəlili qərarın ləğvinə əsas verir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri qismində 50 manatın 30 manatı cavabdehin, 20 manatı isə iddiaçının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, şikayət qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7032/2023 nömrəli, 27 iyul 2023-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X8 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış “Şüvəlan ərazisindəki 10d/3161d nömrəli bağın istifadəyə verilməsi haqqında” 39999 №li müqavilə ilə ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 853,0 kv.m ölçüdən ibarət “10d/3161d” saylı bağ sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7032/2023 nömrəli, 27 iyul 2023-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X8 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış “Şüvəlan ərazisindəki 10d/3161d nömrəli bağın istifadəyə verilməsi haqqında” 39999 №li müqavilə ilə ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində faktiki 853,0 kv.m ölçüdən ibarət “10d/3161d” saylı bağ sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manatın 30 (otuz) manatı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X48nin 1 saylı Bakı Ərazi İdarəsindən, 20 (iyirmi) manatı isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-452/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-452/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver