Məhkəmə qərarları › İş №2-1(103)-452/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-452/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-452/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair plan-cizginin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3044/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron RİH başçısının 04 iyul 1996-iı il tarixli, 236 nömrəli sərəncamına və Abşeron rayon 1№-li Zeytun sovxozu İstehsalı Müəssisəsinin 30 sentyabr 1999-cu il tarixli, 06 №-li əmrinə əsasən ona Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.m. torpaq sahəsinin döngə nöqtələrinin naturadakı vəziyyətinin müəyyənləşdirilərək mərzçəkmə planının tərtib olunması və plan cizginin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 04 iyul 1996-ci il tarixli 236 nömrəli sərəncamına əsasən sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. Abşeron rayonu 1 №-li Zeytun sovxozu X4 Müəssisəsinin 30 sentyabr 1999-cu il tarixli, 06 №-li əmrinə əsasən ona fərdi yaşayış evinin tikintisi üçün Yeni Suraxanı qəsəbəsində 1000 kv.m torpaq sahəsi ayrılmışdır. Uzun illərdir ki, qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsindən fasiləsiz olaraq istifadə edir. Qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” 13 yanvar 2008-ci il, 2866 №-li sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazi hüdudları daxilindədir. Ayrılmış torpaq sahəsini dövlət reyestrində qeydiyyata aldırmaq məqsədi ilə ilk növbədə Abşeron rayon Dövlət Arxivinə müraciət etmişdir. Adıçəkilən idarənin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Abşeron RİH arxiv fondu üzrə 30 sentyabr 1999-cu il tarixli, 06 №-li əmri X7 filialında mövcuddur. “Mərzçəkmə qaydaları və mərz nişanlarının nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171№-li, 6 oktyabr 2010-cu il tarixli qərarına uyğun olaraq iddiaçıya ayrılmış torpaq sahəsinin mərzçəkmə planının tərtib olunması və torpaq sahəsinin döngə nöqtələrinin naturadakı vəziyyətinin müəyyənləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, idarəyə daxil olunmuş müraciətə aidiyyəti üzrə baxılmış, Abşeron rayon İcra Hakimiyyəti və onun tabeliyində olmuş qurumlar tərəfindən vətəndaşlara verilmiş torpaq sahələrinin ayrıc aktları, baş planları və koordinatları Suraxanı rayon İcra Hakimiyyətinə təhvil verilmədiyindən iddiaçıya ayrılmış torpaq sahəsinə cizginin verilməsi mümkün deyildir. Cavabdehin imtinası qanunsuzdur, onun qanuni hüquqlarını məhdudlaşdırır və hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-3044/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon 1 nömrəli Zeytun Sovxozunun xx.xx.1999-cu il tarixli 06 nömrəli əmri ilə İddiaçı ayrılmış, Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən 1000 kv.m torpaq sahəsinə dair plan-cizginin verilməsi öhdəliyi Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinə dair plan-cizgi verilməsi tələbinə dair iddia tələbi məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilərək, Abşeron rayon 1 nömrəli Zeytun Sovxozunun xx.xx.1999-cu il tarixli 06 nömrəli əmri ilə Suraxanı rayonu ərazisində iddiaçıya ayrılmış 1000 kv.m torpaq sahəsinə plan-cizginin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmə inzibati işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə və digər hüquq normalarına istinad etmədən qərar qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Suraxanı rayonu, X9 ərazisində ayrılmış 600 kv.m torpaq sahəsi Abşeron rayon 1 nömrəli Zeytun Sovxozunun xx.xx.1999-cu il tarixli 06 nömrəli əmri ilə ayrılmasına baxmayaraq, cizginin verilməsi öhdəliyi cavabdeh Suraxanı RİH-ə həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Əlavə olaraq, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı cizginin (ayrıc aktının) verilməsi tələbinə dair iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməli idi. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Abşeron rayon 1 nömrəli Zeytun Sovxozunun xx.xx.1999-cu il tarixli 06 nömrəli əmri ilə Suraxanı rayonu ərazisində İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinə plan-cizginin verilməsi öhdəliyinin cavabdeh Suraxanı RİH-ə həvalə edilməsini əsassız hesab edərək, apellyasiya şikayətinin verilməsi və qərarın ləğv edilməsi qanunamüvafiq hesab olunur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Abşeron rayon 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 1000,0 kv.m torpaq sahəsinə dair cizgi aktının verilməsinə köməklik göstərilməsi haqqında ərizənizə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Surətini təqdim etdiyiniz Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivindən çıxarışda sözügedən torpaq sahəsinin Abşeron RİH başçısının 236 nömrəli sərəncamına əsasən ayrıldığı qeyd olunduğu və surətini təqdim etdiyiniz sənədlərə əsasən 1 nömrəli Zeytun sovxozu direktoru tərəfindən həmin torpaq sahəsinə dair akt tərtib olunaraq Sizə verildiyi müəyyən edildiyindən, eləcə də bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığından müraciətinizin müsbət həlli səlahiyyətlərimiz xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş Abşeron rayon 1 nömrəli Zeytun Sovxozunun xx.xx.1999-cu il tarixli 06 nömrəli əmrinin arxiv arayışından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 №-li sərəncamına əsasən Suraxanı r-n, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən sovxoza məxsus ərazidə fərdi ev tikmək üçün aşağıdakılara hər birinə 1000 kvm. torpaq sahəsi ayrılmışdır:...İddiaçı... Əsas: sovxoz həmkarlar təşkilatının 04 №-li 30 sentyabr 1999-cu il tarixli protokolu. Əsas: F.79, s.1a, s.v.

96. Həmin məktuba Abşeron rayon İcra Hakimiyyəti başçısının «1 №-li Zeytun sovxozuna fərdi yaşayış evləri tikintisi üçün həyətyanı torpaq fondu ayrılması haqqında» xx.xx.1996-cı il tarixli 236 nömrəli sərəncamının da təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi dörd tərəfdən metal torla sərhədlənmişdir. Faktiki sahəsi 1150.0 kv.m təşkil edir. Torpaq sahəsinin yol tərəf kənarından, 5 metr aralı məsafədən magistral su boru xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki sahə Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında 1 nömrəli X1 Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sözügedən torpaq sahəsi “Sənaye, nəqliyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” olmaqla dövlət mülkiyyətindədir. Sahənin qeydiyyatı və hər hansı üst-üstə düşmə ilə bağlı məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (28 oktyabr 2008-ci il tarixdə 1-ci cümlə çıxarılmışdır). 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 65-ci maddəsinin 7-ci bəndinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 8-ci bəndinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. İşin faktiki hallarına görə Abşeron rayon 1 nömrəli Zeytun Sovxozunun xx.xx.1999-cu il tarixli 06 nömrəli əmrinə əsasən İddiaçı fərdi ev tikmək üçün 1000 kv.m torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçı torpaq sahəsinin cizgisinin ona verilməsini tələb edir. Göründüyü kimi, torpaq sahəsi iddiaçıya ayrılsa da, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Qeyd olunan əmr ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən həmin əmrin surəti məhkəməyə təqdim edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Lakin iddiaçı ona ayrılmış torpaq sahəsinə dair cizginin hazırlanaraq ona verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Bu da iddiaçının qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən torpaq ayrılan və ondan sonrakı dövrlərdə torpağa sahiblik və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında cizginin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Eyni zamanda qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla həmin hüquqların həyata keçirilməsinə maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdedin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə r a r a a l d ı:

Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3044/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar