Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4520/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı, Cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün müdafiəsi ilə əlqədar əlillik təyin olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2-1(112)-7665/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ona əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixli, J00240625EQT saylı göndəriş əsasında Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün müdafiəsi ilə əlqədar orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı arayışında əks olunan xəstəliklərə əsasən ona əsas diaqnoz kimi F62.0 diaqnozu (Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi) qoyulmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçıya təyin olunan həmin diaqnozu əlilliyin təyinatına əsas versə də, cavabdeh əsassız olaraq diaqnozun əlillik təyin etmədiyi mövqeyidən irəli çıxmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Hazırki iddia tələbinin hüquqi əsasını və diaqnozun əlillik təyin etdiyi aşağıdaki qanunvericilik və normativ hüquqi aktlar təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1-ci yarımbəndində F62.0 kod altında nəzərdə tutulan fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi xəstəliyi əlilliyin təyin edilməsinə əsas verir. Bundan əlavə qeyd olunmalıdır ki, əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar və ya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar yaranması “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə uyğun olaraq hərbi-həkim komissiyasının rəyinə əsasən müəyyən edilir. Odur ki, əlilliyi ümumi səbəblərlə müəyyən edilmiş şəxs əlilliyinin xüsusi səbəblərdən hər hansı birindən yaranmasını mübahisələndirirsə, hərbi-həkim komissiyasının rəyinə istinad etməlidir, həmin rəy olmadan əlilliyin səbəbinin göstərilən səbəblərdən biri ilə əvəz edilməsinə yol verilmir. Bununla belə, onu da vurğulamaq zəruridir ki, xəstəlik, pozuntu və çatışmazlığın hərbi-həkim komissiyasının rəyində göstərilən səbəbi o halda əlilliyin səbəbi ilə eyniləşdirilə bilər ki, həmin xəstəlik, pozuntu və çatışmazlıqla əlaqədar orqanizmin funksiyalarının 30 faizdən artıq pozulması müəyyən edilsin, yəni həmin xəstəlik əlilliyin müəyyən edilməsinə əsas versin. Əks halda, hərbi-həkim komissiyasının rəyində göstərilənlər əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınmır və əlilliyin səbəbinin həmin rəydəki səbəblə müəyyən edilməsi istisna edilir. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat’ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 01,12.2023cü il tarixli, 12893 saylı rəyindən görünür ki, iddiaçının yaralanmasının nəticəsi - diaqnoz “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Bu işin təkzib olunmaz halıdır. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci bəndinə görə şəxsin əlilliyinin səbəblərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə əsasən müəyyən edilir. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Mingəçevir PND xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonar yaranan davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi ilə Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 16 yanvar 2020-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2-1(112)-7665/2025 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Çingiz Şahin oğluna əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixli, J00240625EQT saylı göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütovlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və məhkəmə-tibbi ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirlər ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə və MHHK qərarında qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F62-Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.7-ci bəndinə əsasən Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; kompensasiya dövründə adaptasiya imkanları; sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MTE PAB əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən, Bakı İnzibati Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2-1(112)-7665/2025 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, vətəndaş barəsində göndərilmiş axırınıcı göndəriş xx.xx.2024-cü il tarixlidir. Həmin göndəriş ilə vətəndaşa F62 - fəlakətdən sonra psixoloji pozuntularla bağlı diaqnoz qoyulmuşdur. Göndərişdə göstərilən diaqnozun əlamətlərinin və ağırlaşmların mövcudluğu yoxlanılır, bu isə bizdə Forma-88-ə əsasən aparılır. Forma-88-də isə əsas diaqnozdan ibarət olmaqla, orada başqa heç bir ağırlaşma və ya digər xəstəlik kimi qeydlər aparılmamışdır. Həmçinin bildiririk ki, F 0.7, 43, 62 bu tipli diaqnozlarda biz qiymətləndirməni instrumental müayinələrə və göndərişdə olan “status local” hissəsinə əsasən aparırıq. Birinci instansiya məhkəməsi isə göndərişin əksinə olaraq ancaq ekspertizanın rəyinə əsaslanmışdır. Ona görə inzibati orqan göndərişə əsasən hesab edir ki, indiki halda şəxsə əliliyin təyini qanunsuzdur. Belə ki, göndərişdə olan məlumatlar vətəndaşa əlilliyin təyini üçün kifayət etmir. Sadəcə şəxsdə müvafiq xəstəliyin olması ekspert tərəfindən müəyyən edilmişdir. Lakin xəsətəliyin olması şəxsə əliliyin təyin edilməsi üçün əsas deyildir. Orqanizmin funksiyalarının fəaliyyətini pozulması halı minimum 35%-dən yuxarı olmalıdır ki, əlillik təyin edilə bilsin. Ümumiyyətlə ekspert rəyində şəxsin orqanizmin funksiyalarının hansı hissədə və hansı faizdə pozulması barədə heç bir şey qeyd olunmamışdır. Bu səbəbdən sonuncu göndərişdə olan natamamlığa əsaslanaraq şəxsə əlilliyin təyinindən imtina əsaslıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qarşı tərəf heç bir yoxlama aparmadan imtina vermişdir. Bir insanın üzünə baxmaqla onun xəstəliyini aşkar etmək mümkün deyil. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin həkim psixiatr komissiyasının xx.xx.2023-cü il tarixli, 1422 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli, 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi F 62.0. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin həkim psixiatr komissiyasının xx.xx.2024-cü il tarixli, 4479 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun Qas mzadə Çingiz Şahin oğlu Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, tez tez dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi ilə F 62.0. İş materiallarında olan “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-388/2025 saylı qərarında qeyd edilmişdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 5385 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Çoxsaylı kariyes” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 3818/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Mülayim dərəcədə ifadə olunmuş dissosiativ (konversion) pozuntu, özünü kəsmələrlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 5080/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4479 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 11515/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxu pozuntusu, əsəbilikdən şikayətlənmişdir. Dərmanlardan Novarin, Tizercin, Depakin qəbul etdiyini söyləmişdir. Zahirən səliqəli, düşüncəsi aydın olmuşdur. Bələdliyi bütün növlərdə qorunmuşdur. Emosional labil izlənilmişdir. Mühakimə və analiz qabiliyyəti situasiyaya uyğun müşahidə edilmişdir. Özünü asaraq intihar etmək istədiyini, lakin atasının mane olduğunu söyləmişdir. Özünə və ətrafa qarşı xəsarəti olmamışdır. Qıcolmalardan şikayət etsə də, izahatını verə bilməmişdir. Ekspertiza üçün əhəmiyyətli instrumental (EEQ,MRT) müayinə nəticələri təqdim etməmişdir. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 6358 nömrəli Travma haqqında arayışda absurd olaraq xəsarət kimi psixi diaqnoz qeyd olunmuşdur. Ailəli, 3-cü sinifdə oxuyan və 3 yaşında iki övladı olduğunu söyləmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra yüngül ifadəli şəxsiyyət dəyişikliyi. Ailə-məisət adaptasiyası" kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Mingəçevir PND-nın xx.xx.2024-cü il tarixli, J00240625EQT saylı göndərişi əsasında xx.xx.2025-ci il tarixdə iddiaçı əyani müayinə olunmuş və diaqnoz diaqnozun əlillik əlaməti təyin etməməsi əsas ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Həmin göndərişdə iddiaçının diaqnozu – “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi ilə” qeyd edilmişdir. İş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 1590 saylı rəyindən görünür ki, iddiaçıda Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihar fikirləri (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli,11 saylı Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:
7. Psixi və davranış pozuntuları ... 7.7.1. fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi – F62.0 Mingəçevir PND-nın J0024062EQT nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, intihat fikirləri, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu göstərilmişdir. Meyarlarda həmin diaqnozun qiymətləndirilməsi ilə bağlı iki bənd mövcuddur: 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski; 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması. İş materiallarında olan tibbi sənədlərdən, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından müəyyən edilir ki, iddiaçıda intihar cəhdləri (fikirləri) mövcuddur. Bu hal, cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi zamanı da qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçının hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra yüngül ifadəli şəxsiyyət dəyişikliyi. Ailə-məişət adaptasiyası" kimi müəyyənləşdirilmişdir. Meyarların istinad olunan bəndindən (7.1.1.1) göründüyü kimi, iddiaçının fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski qeyd eidlmişdir. İddiaçıda ailə-məişət dezaptasiyasının olması cavabdehin əyani müayinəsi zamanı müəyən edilmişdir, həmçinin iddiaçının özünə zərər yetirmə riski (intihar fikirləri) işdə olan digər tibbi sənədlərlə də təsbiq edilmişdir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Cavabdeh apellyasiya şikayətində həmçinin ona istinad edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən cavabdehin ixtisaslı tibbi rəyini əsas götürməməklə inzibati orqanın sərbəst qiymətləndirmə səlahiyyətinə müdaxilə etmişdir. Bu arqument nə Konstitusiya, nə də prosessual normalarla uzlaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin müddəaları məhkəməyə işin bütün halları üzrə müxtəlif sübutlarla o cümlədən məhkəmə-tibbi ekspertizası ilə - dəqiq fakt mənzərəsi formalaşdırmaq səlahiyyəti verir. Məhkəmə inzibati orqanın rəyini sadəcə digər sübutlarla yanaşı qiymətləndirir və bu rəyin normativ aktlara, tibbi faktlara və məntiqə uyğun olubolmamasını yoxlayır. İnzibati orqanın qərarına “immunitet” verən heç bir norma mövcud deyil, əksinə, həmin qərarlar inzibati akt kimi məhz məhkəmə nəzarətinə açıqdır. Əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Belə yanaşma qanunvericiliyin müddəalarının mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi). Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ:
Cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2-1(112)-7665/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov