Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4527/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8587/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 3140 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin iyul-sentyabr 1992ci il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildirilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin yanvar-dekabr 1992-ci il, mart-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında X4 xidməti barədə məlumat aşkar edilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı statusu və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xx.xx.1992ci il tarixdən - xx.xx.1992-ci il tarixədək zabit qismində (kiçik-leytenant hərbi rütbəsində) həqiqi xidmətdə olmuşdur. Müharibə iştirakçısıdır. Məlumat üçün bildirilmişdir ki, 1-ci Qarabağ müharibəsi dövründə 1992-ci ilin iyul-sentyabr aylarında aktiv döyüşlərdə iştirak etmişdir. Xidmət etdiyi N №-li hərbi hissənin şəxsi heyəti həmin müddətdə aktiv döyüş aparan mövqelərdə olmuşdur. Hərbi biletimdə Dağlı Qarabağda gedən döyüşlərdə iştirakı barədə qeydlərdə mövcuddur. Onunla eyni xidmət edən hərbi hissədə xidmət etmiş zabitlərə döyüş aparan mövqelərdə olduqları və döyüşlərdə iştirak etdikləri üçün müharibə veteranı adı verilmişdir. Lakin həmin hüquqdan kənarda qalmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cii maddəsinə əsasən. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bununla bağlı 2 halda Müdafiə Nazirliyinə müraciət edilmişdir. İlkin müraciətimi cavablandıran cavabdeh (Müdafiə Nazirliyi) ünvanına göndərilmiş xx.xx.2024-cü il tarixli 3-25-2/2-H849520/2024 №-li (ünvanına çatma xx.xx.2024-ci il) məktuba əsasən müvafiq sənədlərin Müdafiə Nazirliyinin “Veteran adlarının və vəsiqələrin verilməsi ” komissiyasına poçt vasitəsilə göndərilməsini tələb etmişdir. İddiaçı tərəfindən məktubda tələb olunan sənədlər notarial qaydada təsdiq olunaraq 2024-cü ilin oktyabr ayında məktubla yuxarıda adı çəkilən komissiyanın ünvanına göndərilmişdir. İnzibati orqanının bu vaxtadək (5 aydan artıq keçməsi) müraciətin təmin etməməsini dolayısı yolla imtina kimi hesab edir.
5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, hazırkı iddiaya baxılmasının mümkünsüz sayılmasına əsas olan amil (cavabdeh tərəfindən iddiaçının müraciəti üzrə rəy verilməməsi) tərəfimizdən göstərildiyindən, iddianın mahiyyətinə münasibətimiz bildirilmir. Məlum olduğu kimi, iddianın mümkünlüyü ilə bağlı məsələyə baxılıb müvafiq akt qəbul edildikdən sonra onun mahiyyətinə münasibət bildirilməsi mümkündür. Aşağıdakılara əsasən, iddiaya baxılması mümkünsüz hesab edilməlidir: Mövcud qanunvericiliyə görə müharibə veteranı adı və vəsiqəsi müvafiq dövlət orqanlarının nəzdində yaradılan aidiyyəti komissiyaların rəyi əsasında verilir və ya verilməsindən imtina edilir. İddiaçı isə müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın rəyini almadan - komissiya tərəfindən iddiaçının müraciəti ilə bağlı təmin və ya imtinaya dair akt qəbul edilmədən “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə iddia tələbi ilə birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan' Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçının ona “müharibə veteranı” adının verilməsi ilə bağlı müraciətinə dair rəy isə Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmişdir. imtina xarakterli cavab məktubunu almadığı halda iddiaçının “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə birbaşa məhkəməyə müraciət etməsi yuxarıda istinad edilən Əsasnamənin tələbinə ziddir. Əsasnamənin qeyd olunan tələbindən aşkar müəyyən olunur ki, “müharibə veteram” adı və müvafiq vəsiqə aidiyyəti orqanın nəzdində yaradılmış komissiya (hazırkı halda Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”) tərəfindən təqdim olunan rəy əsasında verilir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8587/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Müdafiə Nazirlyi tərəfindən zabit kimi xidmətə cəlb edilərək kiçik-leytenant rütbəsində döyüş əməliyyatı keçirilən ərazilərə xidməti ezamiyyətə göndərilməsinin məqsədi, orada döyiis təminatı tapşırığını yerinə yetirib-yetirməməsi ilə bağlı məlikəmə icraatında tam və hərtərəfli araşdırma aparılmamışdır. Odur ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş və prosessual hüquq normaları pozulmuşdur.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
10. Məhkəmədə cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etdi.
11. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasın iddiaçının iştirakı olmadan keçirilməsi mümkün hesab edildi.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
13. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır. 3.2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1.2-ci maddələrinə əsasən)
19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
20. Belə ki, iddiaçı 1-ci Qarabağ müharibəsi dövründə 1992-ci ilin iyul-sentyabr aylarında aktiv döyüşlərdə iştirak etdiyindən ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsini tələb edir.
21. Odur ki, işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsi sorğu göndərilmiş və sorğuya əsasən təqdim edilmiş xidməti kartadan məlum olmudur ki, xx.xx.1968-ci il təvəllüdlü X4 xidmət kartasından görünür ki, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilə qədər SSR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş,1991-ci ildə Bakı Dənizçilik Məktəbini bitirərək kiçik leytenant hərbi rütbəsini almışdır. Azərbaycan ordusunda xidmət etməyib.
22. İş materiallarına əsasən kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin yanvar-dekabr 1992-ci il, mart-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və xidməti kartasında X4 xidməti barədə məlumat aşkar edilməmişdir.
23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlı deyildir. Belə ki, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Ona görə də cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina olunması qanuni və əsaslı olmuşdur.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas sayıla bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar hərtərəfli araşdırlmış, onlara düzgün hüquqi qiymət verilmiş, əsaslı olaraq iddia təmin edilməmişdir.
26. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
27. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8587/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 28.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8587/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.