Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-453/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlundan və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2-1(112)-7510/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Dövlət Sosial X4 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 1974-1978-ci illərdə Şəmkir rayonunun Bayramlı (keçmiş Kolxozkənd kəndində) fəaliyyət göstərmiş “M.F.Axundov adına kolxozunda” işləməyinə dair illərin sığorta stajına hesablanması vəzifəsinin qoyulması tələbi irəli sürmüşdür. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizə əsasında əsl cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı kimi nəzərə alınmış və Gəncə İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli qərardadı ilə (iş 2-1(114)-1120/2021) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 03.05.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1974-1978-ci illərdə Şəmkir rayonu, Bayramlı kəndində (keçmiş Kolxozkənd kəndi) fəaliyyət göstərmiş “M.F.Axundov adına kolxoz”da işlədiyinə dair illərin sosial sığorta stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin hazırlıq icraatı üzrə iclasında iddia tələbi İddiaçı 1974- 1978-ci illərdə Şəmkir rayonu, Bayramlı kəndində fəaliyyət göstərmiş M.F.Axundov adına kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəqiqləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2-1(112)-7510/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2-1(112)-7510/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyini iddia etdiyi dövrlərə dair əmək fəaliyyətini təsdiq edən əmək kitabçası yoxdur. Qeyd olunan səbəbdən İddiaçı işlədiyini iddia etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda qeyd olunmuşdur ki, arxiv arayışı o halda əsaslı sübut olaraq nəzərə alına bilər ki, həmin dövrlər əmək kitabçası və digər sənədlərdə (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə əmrləri və s.) qeyd olunsun. Lakin təqdim olunan əmək kitabçasında və sadalanan sənədlərdə iddiaçının yuxarıda göstərilən dövrlərdə “M.F.Axundov adına kolxoz”da işləməsinə dair qeydlər mövcud deyil. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2-1(112)-7510/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin Şəmkir filialının 19 yanvar 2021-ci il tarixli arayışına əsasən, Şəmkir rayonu, Bayramlı kəndində yaşayan İddiaçı həqiqətən “M.F.Axundov” adına kolxozda işləyərkən 1974-cü ildə 53 adam günü, 1975-ci ildə 84 adam günü, 1976-cı ildə 55 adam günü, 1977ci ildə 184 adam günü, 1978-ci ildə 209 adam günü yerinə yetirib. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin Şəmkir filialı tərəfindən vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, Şəmkir rayonu ərazisində fəqliyyət göstərmiş sabiq “M.F.Axundov” adına kolxozun 1974-1978ci illərə dair əmək haqqı kitablarında müəyyən olunmuş adam günü norması barədə qeydiyyatlar olmadığı üçün həmin illərdə müəyyən olunmuş adam günü norması barədə məlumatın verilməsi mümkün deyildir. Məlumat üçün bildirilmişdir ki, Şəmkir rayonu ərazisində fəaliyyət göstərmiş kolxozlarda müəyyən olunmuş minimum adam günü norması hər kolxozun özünün heyət iclasının qərarı ilə ayrı-ayrı illər üzrə ayrı-ayrı rəqəmlər təsdiq edilirdi. Məsələn: kişilər üçün 160, 180, 200, 220, 240; qadınlar üçün 100, 120, 150, 160, 180. Qadınlar həmin ildən fizioloji məzuniyyətdə olubsa 112 gün güzəşt əlavə olunurdu. Arxiv arayışı hazırlanarkən mövcud şəxsi hesab kitablarında qeyd olunmuş rəqəmlərə əsaslanılıb. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin Şəmkir filialının Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına sorğusuna cavab olaraq bildirilmişdir ki, Şəmkir filialında mühafizə olunan Şəmkir rayonu ərazisində fəaliyyət göstərmiş “M.F.Axundov” adına kolxozun kolxozçularına aid əmək haqqı kitablarına əsasən İddiaçı 1974-1978-ci illərdə “M.F.Axundov” adına kolxozda işləməsi aşağıdakı kimi müəyyən olundu: 1974-cü ildə 53 adam günü, 1975-ci ildə 84 adam günü, 1976-cı ildə 55 adam günü, 1977-ci ildə 184 adam günü, 1978-ci ildə 209 adam günü yerinə yetirib. Kolxoz dövründə əmək kitabları tərtib edilmədiyi üçün İddiaçı kolxoza işə qəbul, işdən azad olma və məzuniyyət əmrlərinin verilməsi mümkün deyildir. “M.F.Axundov” adına kolxozun 1974-1978-ci illərə dair əmək haqqı kitablarında müəyyən olunmuş adam günü norması barədə qeydiyyatlar olmadığı üçün həmin illərdə müəyyən olunmuş adam günü norması barədə məlumat verilməsi mümkün deyildir. Bildirilmişdir ki, Şəmkir rayonu ərazisində fəaliyyət göstərmiş kolxozlarda müəyyən olunmuş minimum adam günü norması hər kolxozun özünün heyət iclasının qərarı ilə ayrı-ayrı illər üzrə ayrı-ayrı rəqəmlər təsdiq edilirdi. Məsələn: kişilər üçün 160, 180, 200, 220, 240; qadınlar üçün 100, 120, 150, 160, 180. Qadınlar həmin ildən fizioloji məzuniyyətdə olubsa 112 gün güzəşt əlavə olunurdu. Arxiv arayışı hazırlanarkən mövcud şəxsi hesab kitablarında qeyd olunmuş rəqəmlərə əsaslanılıb. Şəmkir rayonunun “M.F.Axundov” adına kolxozuna yaxın olan “İnqilab” adına kolxozun əmək kitablarında həmin illərin qadınlar üçün müəyyən olunmuş minimum adam günü norması 180 gün qeyd edilmişdir. - İddiaçı əmək kitabçaçının təsdiq edilmiş surətindən görünür ki, o, 15.08.1984- 15.09.2002-ci il tarixlərdə Şiştəpə kənd orta məktəbində müəllim işləmişdir. İddiaçı 1979- 1984-cü illərdə Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunda ingilis və alman dili ixtisası üzrə təhsil almışdır. - Birinci instansiya məhkəməsində aparılmış icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, 1969-cu ildən Şəmkir rayonunun “M.F.Axundov” adına kolxozda kolxozçu, daha sonra baş iqtisadçı işləyib. İddiaçı 1970-ci illərdə onunla birlikdə həmin kolxozda kolxozçu işləyib. - Birinci instansiya məhkəməsində aparılmış icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Ələkbərova (Rüstəmova) Şəlalə Ələsgər qızı bildirdi ki, 1974-1976-cı illərdə Şəmkir rayonunun “M.F.Axundov” adına kolxozda kolxozçu işləyib. İddiaçı onunla birlikdə həmin kolxozda kolxozçu işləyib. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1, 2, 8-ci hissələrini, 69-cu maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1, 3-cü bəndlərini, SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 12.1, 23.2-ci maddələrini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2.2-ci bəndini, “SSRİ vətəndaşlarının pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı 1974-1978-ci illərdə Şəmkir rayonu, Bayramlı kəndində fəaliyyət göstərmiş M.F.Axundov adına kolxozda işlədiyi illərin 3 il 2 ay kimi sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçının işlədiyi kolxoza yaxın olan kolxozda adam günü norması 180 gün olduğundan, iddiaçının 1974-1978-ci illər üzrə (1974-cü ildə 53 adam günü, 1975-ci ildə 84 adam günü, 1976-cı ildə 55 adam günü, 1977-ci ildə 184 adam günü, 1978-ci ildə 209 adam günü yerinə yetirməsi nəzərə alınaraq) sığorta stajı aşağıdakı kimi müəyyən edilməlidir: 1974-cü il üçün 53 yerinə yetirilmiş adam günü x 12 ay / 180 adam günü norması = 3,5 ay olmaqla (yuvarlaqlaşdırılaraq) 4 ay kimi nəzərə alınmalı; 1975-ci il üçün 84 yerinə yetirilmiş adam günü x 12 ay / 180 adam günü norması = 5,6 ay olmaqla (yuvarlaqlaşdırılaraq) 6 ay kimi nəzərə alınmalı; 1976-cı il üçün 55 yerinə yetirilmiş adam günü x 12 ay / 180 adam günü norması = 3,6 ay olmaqla (yuvarlaqlaşdırılaraq) 4 ay kimi nəzərə alınmalı; 1977-ci il üçün 184 yerinə yetirilmiş adam günü 180 adam günü norması yerinə yetirildiyi üçün (yuvarlaqlaşdırılaraq) 12 ay kimi nəzərə alınmalıdır; 1978-ci il üçün 209 yerinə yetirilmiş adam günü 180 adam günü norması yerinə yetirildiyi üçün (yuvarlaqlaşdırılaraq) 12 ay kimi nəzərə alınmalıdır; Beləliklə, iddiaçının 1974-1978-ci illərdə Şəmkir rayonu ərazisində fəaliyyət göstərmiş Şəmkir rayonu “M.F.Axundov” adına kolxozda kolxozçu işlədiyi dövr cəmi 38 ay (3 il 2 ay) kimi nəzərə alınmalı, iddiaçının 01.01.2006-cı il tarixədək stajı 26 il (22 il 10 ay cavabdeh tərəfindən nəzərə alınmış müddət + 3 il 2 ay cavabdeh tərəfindən nəzərə alınmayan, iddiaçının Şəmkir rayonu “M.F.Axundov” adına kolxozda kolxozçu işlədiyi dövr üzrə hesablanan müddət) olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi hüququ yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Baxılan iş üzrə iddiaçının əmək kitabçasında göstərilməsə də, onun 1975-1989-cu illərdə işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən müəssisələrə məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Şəmkir filialının 19.01.2021-ci il tarixli arayışı ilə də bir daha təsdiqlənmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının 1974-1978-ci illərdə Şəmkir rayonu, Bayramlı kəndində fəaliyyət göstərmiş M.F.Axundov adına kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasına dair nəticəyə gəlmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, ümumi iş stajının sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını işlədiyi dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Bu hüquq onun qazanılmış hüququ olduğundan, cavabdehin istinad etdiyi maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq İddiaçı 1974-1978ci illərdə Şəmkir rayonu, Bayramlı kəndində fəaliyyət göstərmiş M.F.Axundov adına kolxozda işləməsi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Şəmkir filialının 19.01.2021-ci il tarixli arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçının əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçının 62 yaşının tamam olduğu 01.01.2021-ci il tarixə tələb olunan sığorta stajı 25 ildən çox (26 il (22 il 10 ay cavabdeh tərəfindən nəzərə alınmış müddət + 3 il 2 ay cavabdeh tərəfindən nəzərə alınmayan, iddiaçının Şəmkir rayonu “M.F.Axundov” adına kolxozda kolxozçu işlədiyi dövr üzrə hesablanan müddət)) olduğundan onun yaşa görə əmək pensiyasının təyin edilməsi hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2-1(112)-7510/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-453/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-453/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver