Məhkəmə qərarları › İş №2-1(103)-453/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-453/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-453/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-233/2023 saylı, xx.xx.2023- cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi göstərilməklə “Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi ilə Ə.Nəvai küçəsinin kəsişməsində yerləşən 447,5 kv.m torpaq sahəsinə görə və “Tüncəli” İM-nin 11 saylı texniki xidmət məntəqəsinin avadanlığının sökülməsinə görə 500.000 kompensasiyasının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək iddia tələbinin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə qarşı yönəldilməklə dəyişdirdiyini bildirmiş, Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin cavabdehlərin sırasından çıxarılaraq üçüncü şəxslər qismində tanınmasını və Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi ilə Ə.Nəvai küçəsinin kəsişməsində yerləşən 447,5 kv.m torpaq sahəsinə görə və “Tüncəli" İM-nin 11 saylı texniki xidmət məntəqəsinin avadanlığının sökülməsinə görə 500 000 (beş yüz min) kompensasiyanın cavabdeh Bakı şəhəri İcra Hakimiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin inzibati iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası İqtisad İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli 001795 qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”si ilə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi ilə Ə.Nəvai küçəsinin kəsişməsində yerləşən 447,5 kv.m torpaq sahəsinə və Azərbaycan Respublikası İqtisad İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli 001794 qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”si ilə “Tüncəli” İM-nin 11 saylı texniki xidmət məntəqəsinin avadanlığına xüsusi mülkiyyət hüququ əldə etmişdir. İddiaçıya xəbər vermədən mülkiyyətində olan torpaq sahələri üzərində olan tikililər sökülmüş, heç bir kompensasiya ödənilməmişdir. Bununla bağlı dəfələrlə cavabdehə müraciət etsə də heç bir cavab verilməmişdir. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə qəbul etdiyi qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin üçüncü şəxslər qismində iştiraklarına xitam verilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-233/2023 saylı, xx.xx.2023- cü il tarixli qərarı ilə iddiа tələbi təmin edilmiş və Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi ilə Ə.Nəvai küçəsinin kəsişməsində yerləşən 447,5 kv.m torpaq sahəsinə görə və “Tüncəli” İM-nin 11 saylı texniki xidmət məntəqəsinin avadanlığının sökülməsinə görə 500 000 (beş yüz min) manat kompensasiyanın İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. İşin apellyasiya icraatı zamanı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi ilə Ə.Nəvai küçəsi kəsişməsində yerləşən 447,5 kv.m torpaq sahəsinə görə 1 980 300 AZN (bir milyon doqquz yüz səksən min üç yüz) manat kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə ” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmiş və iddia tələbinin “Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi ilə Ə.Nəvai küçəsi kəsişməsində yerləşən 447,5 kv.m torpaq sahəsinə görə 1 980 300 AZN (bir milyon doqquz yüz səksən min üç yüz) manat kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” kimi qəbul edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbayca Respublikası Qanunun 29.5-ci maddəsinə əsasən özəlləşdirmə prosesində bağlanan əqdlərin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və özəlləşdirilmiş obyekt üzərində alıcının mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədilə dövlət əmlakının alıcılarına özəlləşdirilən müəssisə və obyektlərə, onların, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə verilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 3-cü maddəsinə əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Qanunun 3.2-ci bəndində göstərilmişdir ki, torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Həmin Qanunun 52.6-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan hər hansı şəxs alan orqanın və ya qrupun, habelə onların vəzifəli şəxslərinin torpağın alınması ilə əlaqədar hüququn verilməsi və ya kompensasiyanın ödənilməsi, yaxud köçürülmə və digər məsələlərlə bağlı müvafiq olaraq qərarlarından, hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı orqana və (və ya) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci madəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 157.9-cu maddəsinə görə, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 248.1-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir:: 248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; 248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən, torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlətin hüquqları alınmamış hər hansı torpağın alınmasından imtina etdiyi hallar və torpağın alınmasından imtina hesab edilən hallar istisna olmaqla, bu hüquq qanunla müəyyən olunmuş qaydada digər şəxslərə keçə bilər. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi ilə Ə.Nəvai küçəsinin kəsişməsində yerləşən 447,5 kv.m torpaq sahəsinin üzərində yerləşən “Tüncəli” İM-nin 11 saylı texniki xidmət məntəqəsinin avadanlığı söküntüyə məruz qalmış, iddiaçıya bu günə qədər həmin əmlaka görə kompensasiya ödənilməmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə iş üzrə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi ilə Ə.Nəvai küçəsinin kəsişməsində yerləşən 447,5 kv.m torpaq sahəsinin hazırkı bazar qiyməti nə qədər təşkil edir?

2. İddiaçı mülkiyyətində olmuş “Tüncəli” İM-nin 11 saylı texniki xidmət məntəqəsinin avadanlığının hazırkı bazar qiyməti nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məlumatı ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Məlumatda qeyd edilmişdir ki, “2-1(103)-453/2024 №-li mülki iş üzrə tərəfinizdən xx.xx.2024-cü il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq və məhkəmə-tikinti-texniki ekspertizalarının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: - Ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün qərardadda qeyd edilən əmlaka ekspert baxışının keçirilməsi barədə məhkəməyə 11 sentyabr 2024-cü il tarixli, 9/74xxxx/7090/2024 №-li vəsatət göndərilmiş, baxışın keçirilməsi xx.xx.2024-cü il tarixə, saat 14:00-a təyin edilmişdir. Vəsatətə cavab olaraq Mərkəzə xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli məktub daxil olmuşdur. Qeyd edilən tarixdə tədqiqat obyekti olan, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi ilə Ə.Nəvai küçəsinin kəşisməsində yerləşən 447,5 m2 torpaq sahəsinə baxış keçirilmişdir. Qeyd olunan xüsusatlarla müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi ilə Ə.Nəvai küçəsinin kəşisməsində yerləşən 447,5 m2 torpaq sahəsinə yaxın ərazidə yerləşən oxşar şəraitli analoji torpaq sahəsininin satışına dair elan olmadığına görə qiymətləndirmə aparmaq mümkün olmadı. Tədqiqat obyekti olan “Tüncəli” İM-nin 11 saylı texniki xidmət məntəqəsinin avadanlığı baxış təqdim edilməyərək, vəsatət təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında təlimat”ın 3.2.3cü bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina imtina edilərək 2-1(103)-453/2024 №-li mülki iş Sizə göndərilir.” İş materiallarında olan X1” MMC-nin qiymətləndirilmə rəyinə əsasən müəyyən olunur ki, hazırda Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi ilə Ə.Nəvai küçəsinin kəsişməsində yerləşən 447.5 kv.m torpaq sahəsinin bazar qiyməti 1 980 300 AZN (bir milyon doqquz yüz səksən min üç yüz manat) təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə müvafiq torpaq sahəsinə görə və “Tüncəli” İM-nin 11 saylı texniki xidmət məntəqəsinin avadanlığının sökülməsinə görə 500 000 (beş yüz min) manat kompensasiyanın iddiaçıya ödənilməsi qərara alınmış, iddiaçı tərəfindən qərardan apellyasiya şikayəti verilməmiş, kompensasiya məbləği mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəqiqləşdirilmiş iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi ilə Ə.Nəvai küçəsinin kəsişməsində yerləşən 447,5 kv.m torpaq sahəsinə görə və “Tüncəli” İM-nin 11 saylı texniki xidmət məntəqəsinin avadanlığının sökülməsinə görə 500 000 (beş yüz min) manat kompensasiya İddiaçı ödənilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1.-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası İPM-nin: 12.1. məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 233/2023 saylı, xx.xx.2023- cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-233/2023 saylı, xx.xx.2023- cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi ilə Ə.Nəvai küçəsinin kəsişməsində yerləşən 447,5 kv.m torpaq sahəsinə görə və “Tüncəli” İM-nin 11 saylı texniki xidmət məntəqəsinin avadanlığının sökülməsinə görə 500 000 (beş yüz min) manat kompensasiyanın İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar